Məhkəmə qərarları › İş №1(060)-377/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-377/2025

12.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-377/2025 12.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 7-da qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib özündə saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,789 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2024-cü il tarixdə saat 14:25-də ünvan 1 ünvanının qarşısında Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən saxlanılaraq, Sumqayıt ŞPİ-nə gətirilmiş və orada üzərinə şəxsi axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu həmin psixotrop maddə aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 14:25 radələrində o tanışları Roza və Nərminlə birlikdə ünvan 3 ünvanının qarşısında olduğu zaman polis əməkdaşları onlara yaxınlaşaraq, özlərini təqdim edib onun və Rozanın narkotik vasitələrin qəbulu və üzərlərində gəzdirilməsində şübhəli bilindikləri üçün onları saxladıqlarını bildirərək Sumqayıt ŞPİ-nə dəvət etmiş, etiraz etmədən onlarla birlikdə Sumqayıt ŞPİ-nə getmişlər. Pİ-də xidməti otaqların birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, ona hüquq və vəzifələri barədə bildiriş, hüquqlarının müdafiə etməsi üçün vəkil təqdim olunmuşdur. Bundan sonra ona üzərində hər hansı qanunla qadağan olunmuş əşyanın olub-olmaması olduğu təqdirdə təqdim etməsi təklif olunmuş, o, əynində olan şalvarın cibindən 01 ədəd bükümü çıxararaq təqdim etmişdir. Qeyd edir ki, təqdim etdiyi bükümdə metamfetamin olmuş, həmin maddəni saxlanıldığı gün Sumqayıt şəhəri ərazisində tanımadığı şəxsdən 40 manata almışdır. Bundan sonra həmoi büküm tərəzidə çəkilmiş, çəkisi müəyyən edildikdən sonra qablaşdırılmışdır. Bundan başqa üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilmiş 01 ədəd mobil telefon da götürülmüşdür. İdarədə olarkən ona Rozanın üzərinə şəxsi axtarış keçirilərkən onun da üzərindən metamfetamin aşkar olunaraq götürüldüyü məlum olmuşdur. Onun Rozanın üzərində metamfetamin olması barədə məlumatı olmamış, özü də ona bu barədə heç nə deməmişdir. Qeyd edir ki, üzərindən aşkar edilmiş psixotrop maddəni satmaq niyyəti olmamış, o, narkotik vasitələrin satışı ilə ümumiyyətlə məşğul olmamışdır. Saxlanılarkən ona qarşı heç kim heç bir psixi və ya fiziki zor tətbiq etməmiş, heç bir hüququ pozulmamışdır. Saxlanılarkən üzərində metamfetamin olmasından Roza və Nərminin məlumatları olmamış, özü də onlara bu barədə heç nə deməmişdir. O, Roza Mürsəlovaya narkotik maddələr satmamış, pay verməmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhərində Əliağa adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə məlumat daxil olmuş, məlumat əsasında həmin gün saat 14:25-də Təqsirləndirilən şəxs tanışları Roza Mürsəlova və Nərmin Əliyeva ilə birlikdə ünvan 4 ünvanının qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilmiş, xidməti otaqların birində videokamera ilə Əliağa Mirzəyevin üzərinə şəxsi axtarış keçirilmişdir. Ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsi üçün vəkil təqdim edilmişdir. Onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində qanunla qadağan olunmuş əşyanın olub-olmaması, olduğu təqdirdə təqdim edilməsi təklif olunmuş, o, əynində olan şalvarın cibində saxlamış olduğu bir ədəd bükümü təqdim etmişdir. Aşkar olunan həmin büküm tərəzidə çəkilmiş, çəkisi müəyyən edilmiş, qablaşdırılıb götürülmüşdür. Əliağanın üzərinə şəxsi axtarış keçirilən zaman 01 ədəd mobil telefon da aşkar edilmiş və qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən təziq göstərilməmiş, o, könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən heç bir müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı əməliyyat məlumatları olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmə iclasında tərəflərin fikri dinlənilməklə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş əməliyyat müvəkkili Şahid3 ifadəsi elan edilməklə tədqiq edilmiş, məlum olmuşdur ki, sonuncu da ibtiai istintaq zamanı Şahid1la eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli (saat 14:00) qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsilə ********* saylı qərarı ilə cinayət işi başlanmış, icraata qəbul edilməklə istintaqı aparılmışdır. (i.v.1); “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 03 may 2024-cü il tarixdə, saat 14:25-də Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 20); Təqsirləndirilən şəxs 05 may 2024-cü il tarixdə CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v 54-55); “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında 05 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiləndirilməsi ilə bağlı həmin tarixdə, saat 12:25-də ifadəsi alınmışdır. (i.v.63-65); Təqsirləndirilən şəxs 05 may 2024-cü il tarixdə saxlanıldığı Sumqayıt ŞPİ-nin X6 dərhal azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.66-67); “Şəxsi axtarış keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi haqqında” 03 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanının qarşısında Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən həmin tarixdə saat 14:25-də saxlanılaraq ŞPİ-nə gətirilmiş, xidməti otaqların birində onun üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməmişdən əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarını müdafiə edən Müdafiəçi təqdim olunmuş, daha sonra videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, o, etiraz etməmişdir. Bundan sonra üzərində qanunla qadağan olunmuş əşyanın olub-olmaması, olduğu təqdirdə təqdim edilməsi təklif olunur. O, əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu bir ədəd şəffaf rəngli sellofan bükümü təqdim edir. Həmin büküm açıldıqda içərisində ağ rəngli kristal halda olan metamfetaminə bənzər maddə olduğu aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi maddənin metamfetamin olduğunu və bu gün gündüz saatlarında Sumqayıt şəhəri ərazisindən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 40 manata aldığını bildirmişdir. Onun üzərindən 1 ədəd Samsung markalı mobil telefon akşar edilmiş və iş üçün əhəmiyyət kəsb etdiyindən götürülərək qablaşdırılmışdır. (i.v. 26-27); “Mobil telefona baxış keçirilməsi haqqında” 19 may 2024-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən “Samsung” markalı mobil telefon aparatıdır. Həmin mobil telefon aparatına baxış keçirilərkən, iş üçün sübut əhəmiyyətli telefon danışıqları sms mübadiləsi səs yazıları fotoşəkillər videogörüntülər müəyyən edilməmişdir. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-6/2461 nömrəli, 04 may 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №124” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,789 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respubliksaının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. (i.v.45-47); AR Səhiyyə Nazirliyi Respublika X7 X10 X2 barədə 111 nömrəli, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opiodlərin, kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan Asılılq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.98); Məhkəmə istintaqı zamanı tədqiq edilən diskə baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitə daşıyaraq üzərində saxlaması öz təsdiqini tapmışdır. DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 100-101); “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” 07 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri öz qüvvəsində saxlanılmış, Ağamirzəyevin əməlində CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə onun barəsində cinayət təqibinin başlanması rədd edilmiş və bununla bağlı material ayrılaraq Sumqayıt şəhər prokurorluğuna göndərilmişdir. X4 əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanılması rədd edilmiş, Sumqayıt ŞPİ-nin İŞ-də X5 barəsində CM-in 234.1-ci maddəsi ilə ********* saylı cinayət işinin istintaqının aparılması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən üzərindən aşkar olunmuş metamfetaminin təmiz çəlisi ekspert rəyinə əsasən 0,789 qram əsas götürülmüş və həmin maddənin maddi sübut kimi tanınması nəzərə alınmışdır. Maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən götürülmüş tətqiqatdan sonra qalıq qalmış 0,739 qram metamfetaminin saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına verilməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkətinin keçirilməini əks etdirən 01 ədəd DVR-R formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin istintaq materiallarında saxlanılması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefon iş üzrə sübut əhəmiyyəti kəsb etmədiyindən onu ailə üzvlərinə qaytarılması nəzərə alınmışdır. Cinayət işi üzrə şəxsi axtarış və disk baxış keçirilməsi haqqında protokollar, təqsirləndirilən şəxsin, şahidlərin dindirmə protokolları, ekspert rəyləri və digər sənədlər sübut əhəmiyyətli olduğundan sübut növü kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sumqayıt şəhər prokuroruna göndərilmişdir.(i.v. 114-119); Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda göstərilən əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM144-146). CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 5-ci bəndinə narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan başa çatmış hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il tarixli 28 iyun tarixli Qanunun 1.0.8-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair, 1.0.9-cu maddəsində qanunsuz əldə edilməsinin izahları verilmişdir. Saxlama - bu həmin maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi qiymətləndirilməlidir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarın görə siyahıya” əsasən narkotik vasitə heroinin 0.15 qram daxil olmaqla yuxarı hədləri xeyli miqdarın minimum həddindən artıq miqdar hesab edilir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və hesab edir ki, təqsirləndirilən şəxsi cəmiyyətdən tam təcrid etmədən yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla cəzanın məqsədlərinə çatmaq mümkündür. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, ibtidai istintaq zamanı 03 may 2024-cü il tarixdən 05 may 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, tədqiqatdan sonra qalıq qalmış 0,739 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD-R” formatlı disk iş materiallarında saxlanılmalı (CPM-132), 65 manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 7 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli sonuncunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sumqayıt şəhərinin və Abşeron rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə iclaslarında Təqsirləndirilən şəxs hüquqlarını müqavilə əsasında Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi müdafiə etmişdir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM həmin məcəllənin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 may 2024-cü il tarixdən 05 may 2024-cü il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müəyyən edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt Şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 8ünvanını tərk etməmək, Sumqayıt şəhəri və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın . Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, qalıq çəkisi 0,739 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video görüntünü əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar