Məhkəmə qərarları › İş №1(060)-379/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-379/2021

14.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-379/2021 14.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-X2, təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1990-cı ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Sumqayıt şəhəri 10-cu mikrorayon, ev 26, mənzil 38-də qeydiyyatda olan, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 57, mənzil 36-da yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 16.02.2021-ci il tarixdə saat saat 11 radələrində yaşadıqları ünvan 1 ünvanında qaynanası Zərərçəkmiş şəxs Sevdım qızı ilə aralarında olan əmlak mübahisəsi ilə bağlı yaranmış münaqişə zamanı sonuncunu əli ilə bədəninin müxtəlif nahiyyəsindən və dolabın siyirməsi ilə sol əlindən vuraraq ona sol əlin İ daraq sümüyünün proksimal hissəsinin yerdəyişməyən sınığı, sol əlin və sağ körpücükaltı nahiyyənin qançırı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan qəsdən sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Eldəniz Mehdiyevlə 2013-cü ildə ailə qurmuş və birgə nigahdan bir qız övladı var. 2015ci ildə həyat yoldaşı Eldəniz məhkəmə hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdən sonra o, 4 il valideyinləri ilə yaşamışdır. Eldəniz 2019-cu ilin avqust ayında azadlığa buraxıldıqdan sonra onlar Eldənizin valideyinləri Azadə və Əlinin israrı ilə sonuncuların Sumqayıt şəhəri, 9-cu mikrorayondakı evinə köçərək, həmin vaxtdan Eldənizin valideynləri və qardaşı Ariflə birlikdə yaşamağa başlamışlar. Orada yaşadıqları müddətdə Eldəniz müxtəlif yerlərdə fəhləlik edərək hər ay atasına komunal xərcləri ödəmək üçün 150 manat vermiş, həmçinin həftədə bir neçə dəfə evə bazarlıq etmişdir. Həmin vaxtlar Eldənizin valideyinləri onlardan razılıq etmişlər. Lakin 2020-ci ilin yay aylarından etibarən Eldəniz iş tapmadığından atasına ayda 70 manat verməyə başlamış, bu isə valideynlərini qane etmədiyindən onlardan evdən çıxmağı tələb etmişlər. Eldəniz isə valideynlərinin mənzilində onun da yaşamaq hüququ olduğunu bildirərək evdən çıxmaqdan imtina etmişdir. Bu səbəbdən Eldənizin valideyinləri onların evdən çıxması üçün Sumqayıt şəhər məhkəməsinə müraciət etmiş və məhkəmə prosesi zamanı hakim Eldənizə həmin evdən ona 7000 manat pay düşdüyünü bildirmiş, lakin Eldəniz buna etiraz edərək, pul istəmədiyini evdə yaşamaq hüququnun təmin olunmasını istəmişdir. Daha sonra isə Eldəniz məhkəmə proseslərinə çağırılmamış, məhkəmə icraçıları Eldənizi məhkəməyə çağırıb qətnamə barədə məlumat verən zaman Eldənizə məlum olmuşdur ki, məhkəmə onların evdən çıxarılmağı barədə qətnamə qəbul etmişdir. Belə ki, 16.02.2021ci il tarixdə saat 11:00 radələrində Eldəniz məhkəmə icraçıları tərəfindən çağırılması ilə əlaqədar evdən çıxaraq məhkəməyə getmişdir. Eldəniz evdən getdikdən sonra qayınanası Azadə məhkəmənin qərarı olduğunu bildirib ondan əşyalarını da götürüb evdən çıxmasını tələb etmişdir. O, qayınanası Azadəyə uşaqla soyuq havada gedə biləcəyi yer olmadığını dedikdə qayınanası “mən bilmirəm, cəhənnəm olun gedin” ifadələrini söyləmişdir. Bu səbəbdən onunla qayınanası arasında mübahisə yaranmış və Azadə onun üzərinə hücum edib əllərini cırmaqlamışdır. O isə qayınanası Azadəni əli ilə vurub kənara itələyib öz otağına keçərək qapını bağlayıb arxadan tutmuşdur ki, qayınanası aça bilməsin. Mübahisə zamanı digər otaqda yatan qayını Arif yuxudan durub ona yaxınlaşmış və əllə bir neçə dəfə baş nahiyyəsindən vurmuşdur. O da bu səbəbdən Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzi sisteminə telefonla baş vermiş hadisə barədə məlumat vermişdir. Bundan bir neçə dəqiqə sonra isə əri Eldəniz və qayınatası Əli evə gələn zaman onların arasında mənzilin çöl tərəfdə dəhlizində mübahisə yaranmış, lakin o, həmin mübahisəni görməmişdir. Hadisə zamanı qayınanası Azadə onu əl nahiyyələrindən, qaynı Arif isə əllə baş nahiyyəsindən vuraraq xəsarətlər yetirmişlər. Mübahisə vaxtı özünü müdafiə etmək üçün Azadəni əli ilə vurub özündən itələmişdir. Aralarındakı münaqişə zamanı dolabın siyirməsi ilə Azadənin əlindən vurmuşdur ki, Azadə ondan əl çəksin. Münaqişə təxminən 8-10 dəqiqə çəkmişdir. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək hazırda zərərçəkmiş şəxslə barışdığını, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını, əməlindən səmimi peşman olduğunu bildirərək barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, oğlu Eldəniz, sonuncunun arvadı Ceyran və azyaşlı qızı ilə birlikdə onlarda yaşayırlar. Eldəniz və Ceyran onlarla yola getmədiyindən o, Eldənizdən dəfələrlə ailəsini də götürüb evdən çıxmasını tələb etmişdir. Lakin Eldəniz yaşadıqları mənzildə payının olduğunu bildirərək evdən çıxmaqdan imtina etmişdir. Bu səbəbdən də o və əri Əli oğlanları Eldəniz gilin evdən çıxarılması üçün Sumqayıt şəhər məhkəməsinə müraciət etmişlər. Sumqayıt şəhər məhkəməsinin 18.11.2020-ci il tarixli qətnaməsinə əsasən oğlu Eldənizin 7000 manat kompensasiya ödənilməsi şərti ilə ailə üzvləri ilə birlikdə evdən çıxarılması barədə qətnamə qəbul olunmuşdur. Lakin, Eldəniz ailəsi ilə evdən çıxmaqdan imtina edərək, onu və ərini hədələmişdir. Belə ki, 16 fevral 2021-ci il tarixdə, saat 11:00 radələrində o, evdə olarkən Ceyran məhkəmənin onların evdən çıxarılması barədə qətnamə qəbul etdiyindən xəbər tutub onun ünvanına söyüşlər işlətmişdir. O da gəlinindən onu söyməməyi tələb edərkən gəlini Ceyran onun üstünə hücum edib əllə bədəninin müxtəlif nahiyyələrindən vurmuşdur. Sonra Ceyran yerdə olan şkafın siyirməsini qaldırıb başına vurmaq istəyərkən o, sol qolunu qabağa vermiş və siyirmə qol nahiyyəsindən dəyərək ona xəsarət yetirmişdir. Mübahisə vaxtı evdə olan və digər otaqda yatan oğlu Arif səsə oyanıb dəhlizə çıxıb Ceyranı ondan ayırmışdır. Bundan sonra Ceyran DİN-nin 102 xidmətinə zəng vurmuşdur. Hadisədən bir neçə dəqiqə sonra ona məlum olmuşdur ki, mənzilin çölündə oğlu Eldənizlə əri Arif arasında mübahisə yaranmış, mübahisə zamanı Eldəniz Əlini vurmuşdur və Əlinin vəziyyəti pisləşdiyindən təcili tibbi yardım avtomaşını gəlib əri Əlini xəsətəxanaya aparmışdır. Mübahisə zamanı özü və oğlu Arif Ceyrana əl qaldırmamış və ona heç bir xəsarət yetirməmişlər. Əksinə Ceyran onu döyərək xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ona vurulmuş maddi zərəri ödədiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək sonuncunun barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının 16.02.2021-ci il tarixli 196 nömrəli rəyindən görünür ki, X2 bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sol əlin İ daraq sümüyünün proksimal hissəsinin yerdəyişməyən sınığı, sol əlin və sağ körpücükaltı nahiyyənin qançırı. Qeyd olunan xəsarətlər küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 1 gün əvvəl olmaqla 16.02.2021-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərərvurmaya aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi tam sübuta yetirilir, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Zərərçəkmiş şəxs ərizə verərək, Təqsirləndirilən şəxs qarşı şikayətinin olmamasını, ona vurulmuş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslə barışdığının nəzərə alınaraq sonuncunun barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmədə ərizə verərək, Zərərçəkmiş şəxs ilə barışdığına görə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 29.03.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Cinayət işinin materiallarından görünür ki, Sumqayıt şəhər polis idarəsinin İstintaq şöbəsinin müstəntiqinin 06.05.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməli və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 20 may 2021-ci il tarixli (iş № 1(060)-379/2021) qərarını icra edərək, 20 may 2021-ci il tarixli 506/2021 saylı orderə əsasən vəkil Müdafiəçi2 onun vəkili təyin etmişdir. Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 8 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 8 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar