Məhkəmə qərarları › İş №1(060)-379/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-379/2023

11.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-379/2023 11.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X1, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx xxxxxx 1991-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, ev 195E-də qeydiyyatda olmaqla ünvan 3 yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 20 dekabr 2022-ci il tarixdə saat 23:00 radələrində orta dərəcəli sərxoş vəziyyətdə Sumqayıt şəhəri, 8-ci mikrorayon, ünvan 1 ünvanında yerləşən Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasının dəhlizində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, cəmiyyət içində bərqərar olunan etik davranış qaydalarına riayət etməyərək öz şəxsiyyətini digər şəxslərdən üstün tutub ictimai asayişi və bölmənin iş rejimini 20 dəqiqə pozmaqla polis əməkdaşlarının gözü qarşısında heç bir əsaslı səbəb olmadan ucadan nalayiq ifadələr işlədə-işlədə inzibati binanın dəhlizində xidməti otaqların qapılarına yumruq və təpiklə vurmuş, daha sonra həmin vaxt yaranmış səs-küyə bölmənin digər əməkdaşlarının dəhlizə çıxaraq onu nizam-intizama dəvət etmələrinə məhəl qoymadan öz cinayətkar davranışlarını davam etdirməklə şəxsiyyətini başqa şəxslərin şəxsiyyəti fövqündə qoyub, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş ümumi əxlaq normalarından kənara çıxmaqla ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinatsızhq göstərərək dəhlizdə divara bərkidilmiş Azərbaycan Respublikasının Dövlət Gerbi həkk olunmuş şüşəni sındırıb, zərər çəkmiş hiquqi şəxs Sumqayıt ŞPİ-nin 1-ci PB-nə ümumilikdə 413 (dörd yüz on üç) manat maddi ziyan vurmaqla qərəzli xuliqanlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, İİ Qarabağ müharibəsində könüllü olaraq müharibədə iştirak etmiş, həmin vaxt Şuşaya kimi getmiş, ayağından və əllərindən xəsarətlər almış, ancaq heç bir tibb müəssisəsinə müraciət etməmişdir. Müharibədən sonra o, müxtəlif dövlət qurumlarına müharibədə iştirakı və qaziliyini təsdiqlətmək üçün müaraciət etmiş, ancaq hərbi biletində və qeydiyyat yerində problemlər olduğundan sənədləri təsdiqlənməmişdir. 20 dekabr 2022-ci il tarixdə saat 18:00 radələrində yemək yeyən zaman 500 (beş yüz) qram armud arağı içmiş, bundan sonra 02 (iki) litr piyvə içmiş, bundan sonra bütün olanlar yadına düşmüş və o, 102 xidmətinə zəng edərək icra hakimiyyətini yandıracağını demişdir. Bir neçə dəqiqə sonra Sumqayıt ŞPİ-nin 1-ci PB-dən ona zəng gəlmiş, o, özündə olmadığından onlarla aqressiv danışaraq saat 23:00 radələrində bölməyə getmiş, bölmədə isə olanları tam xatırlamır. Xatırladığı qədərilə bölmədə qeyri qanuni hərəkətlər etmiş və bədəninin müxtəlif nahiyyələrini bölmədə olan qapıya, divara və şüşəyə vurmuş, buna görə sol qolundan, sifət nahiyəsindən və başından xəsarətlər almışdır. Əməlindən peşman olmasını və İİ Qarabağ müharibəsi iştirakçısı olduğunu nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin rəis müavini vəzifəsində xidmət ecir. 20 dekabr 2022-ci il tarixdə saat təxminən 23:00 radələrində xidməti otağında olan zaman bölmənin dəhlizində səs-küy gəldiyini eşitmiş, bir nəfər şəxs ucadan nalayiq ifadələr işlətmiş, o, xidməti otaqdan bayıra çıxmış və sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs qapıları yumruq və təpiklə vura-vura dəhlizboyu irəlilədiyini görmüşdür. Həmin vaxt bölmənin əməkdaşları onun yaratdığı səs-küyə görə xidməti otaqlardan dəhlizə çıxmışlar. Polis əməkdaşları Təqsirləndirilən şəxs nizam-intizama dəvət etsələr də, sonuncu öz qanunsuz hərəkətlərini davam etdirmiş, sonuncu xidməti otaqların qapılarını zədələmiş, bundan sonra divara həkk edilmiş Azərbaycan Respublikasının gerbi olan şüşəni yumruqla vurub qırmışdır. Həmin vaxt digər polis əməkdaşları onu sakitləşdirməyə çalışmış, o da bu hərəkətlərini telefonu ilə videoya çəkməyə başlamışdır. Təqsirləndirilən şəxs sakitləşmədiyini görəndən sonra qandal tətbiq edilərək baş verə biləcək digər qanunsuz hərəkətlərin qarşısı alınmış, sonuncunun qanunsuz hərəkətləri nəticəsində bölmənin iş rejimi 20 dəqiqə dayanmışdır. Hadisə zamanı heç kimin xəsarət almadığını, sadəcə olaraq Təqsirləndirilən şəxs özü əl və ayaqları ilə şüşə və qapıları vurduğundan ola bilsin ki, əlindən və ayağından xəsarətlər aldığını, hadisə zamanı bölməyə ümumilikdə 413 (dörd yüz on üç) manat maddi ziyan dəydiyini və maddi ziyanın təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 ifadəsində göstərmişdir ki, 20 dekabr 2022-ci il tarixdə saat 23:00 radələrində bölmədə əməliyyat qrupunda olan zaman xidməti otağında bölmənin dəhlizində ucadan səs-küy gəldiyini eşitmişdir. Həmin vaxt bölmədə 14 nömrəli xidməti otağının qapısına təpik dəydiyini eşitmiş, bu zaman o otaqdan bayıra çıxmış və qapının taxtasının zədələndiyini görmüşdür. Həmin vaxt sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs ucadan söyüş söyərək dəhlizdə hərəkət edirdi. O, sərxoş vəziyyətdə idi. Onun yaratdığı səs-küyə bölmədə olan əməkdaşlar xidməti otaqlardan dəhlizə çıxmışlar. Onlar Cənnəti nizam-intizama dəvət etsələr də o, buna məhəl qoymadan qeyri adekvat hərəkətlərini davam etdirmişdir. Cənnət hərəkətlərini davam etdirib bölmənin dəhlizində olan gerb həkk olunmuş şüşəni qırmış, daha sonra xidməti otaqların qapılarını təpikləməyə başlamışdır. Onlar Cənnəti təkidlə nizam intizama dəvət etsələr də, o daha da aqresivləşib söyüş söymüş, divarları yumruqlamağa və təpikləməyə başlamışdır. Onun bu hərəktləri təxminə 20 dəqiqə davam etmiş, daha sonra onu zərərsizləşdirmişlər. Təqsirləndirilən şəxs bu hərəkətləri nəticəsində bölmənin iş rejimi 20 dəqiqə dayanmışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 01 fevral 2023-cü il tarixli, 223 ömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hər hansı bir xroniki pisixi xəstəliyin əlamətləri müəyyən edilmir. Onda üzvi emosional-ləbil pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilmiş qeyri-psixotik pozuntular o dərəcədə ifadə olunmayıb ki, o qərarda göstərilən əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır, Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22ci maddələrinin təsiri altına düşmür, yoxlanılan şəxs hal-hazırda da öz hərəktələrini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs bu iş üzrə ifadə vermək iqtidarındadır, yəni öz psixi əziyyətinə görə iş üzrə psoessual fəaliyyət qabiliyyətlidir. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin video görüntüsü özündə əks etdirən 01 (bir) ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İHB-nın Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan A/2075 nömrəli, xx.xx.2022-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, xx.xx.2022-ci il tarixdə 00:05 radələrində müayinə zamanı Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoşluğu aşkar edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin məktubundan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində 413 manat maddi ziyan müəyyən edilmişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, inzibati bainanın 14 nömrıli otağının qapısında 10x10 sm diametrdə batıq izi, dəhlizin divarında qurulmuş üzərində gerb əksi olmuş şüşə lövhənin sınığı aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3cü maddəsi ilə təqsirli bilinərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü 01 (bir) il 10 (on) ay 05 (beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 (bir) il 10 (on) ay 05 (beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası Təqsirləndirilən şəxs 01 (bir) il sınaq müddəti ilə şərti müəyyən edilmiş və xx.xx.2016-cı ildə cəza müddəti başa çatmışdır. O, məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 186, 221.3 və 315-ci maddələrinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddələrlə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə şahidlərin ifadəsi ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat sərf etmişdir. Ona görə də, 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək həbsdə olduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, iş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işində saxlanılmalı və zərərçəkmiş hüquqi şəxsə təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 3 ünvanını tərk etməmək, Abşeron rayonu, bakı və Sumqayıt şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işində saxlanılsın. Zərərçəkmiş hüquqi şəxsə təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ******************** VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar