Məhkəmə qərarları › İş №1(060)-379/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-379/2024

08.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-379/2024 08.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Rafiq oğlunun sədrliyi, Bəşirov Şahin Məmmədsala oğlunun katibliyi, Dövlət ittihamçısı, Mülki iddiaçının nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə, 1968-ci il yanvarın 13-də Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikasıının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, Yenikənd kəndində qeydiyyatda olan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 256.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasıı Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 243 nömrəli qərari ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarının sənaye ovu qaydaları”nın 2-ci bəndinin 2.5.1-ci hissəsinin tələbini pozaraq, yəni balıqovlama bileti olmadan qanunsuz balıq tutmaq məqsədilə 08 dekabr 2023-cü il tarixdə saat 08:30-da Sumqayıt şəhəri Novxanı qəsəbəsi istiqamətində Xəzər dənizinə gələrək, orada özü ilə gətirdiyi “Yamaha-80” markalı mühərriklə təchiz edilmiş özüüzən nəqliyyat vasitəsi hesab edilən bort nömrəsi ABB 1315, reyestr nömrəsi 315 olan 01 ədəd taxta qayıqdan, 01 ədəd rezin kombinezon, 02 ədəd 20 litrlik yanacaq qabı və uzunluğu 12 metr, eni 3 metr olan, açıq bej rəngli, sapının diametri 0,70 mm, dəliklərinin daxili ölçüsü 130x130 mm olan, 2 qatlı neylon sintetik kimyəvi liflərindən istehsal olunmuş tordan istifadə edərək, saat 17:50dək olan müddət ərzində 69 ədəd hər biri 11 manat olmaqla 759 manat dəyərində siyənək, 10 ədəd hər biri 33 manat olmaqla 330 manat məbləğində ziyad (kütüm) balıqlarını qanunsuz tutmaqla balıq ehtiyatlarına xeyli miqdarda, yəni 1089 (bir min səksən doqquz) manat məbləğində ziyan vurmuş və həmin tarixdə saat 17:50-də Su NPİ-nin Sumqayıt XPM-nin əməkdaşları tərəfindən ekoloji cinayətləri törədənlərə qarşı keçirilmiş mübarizə xarakterli tədbirlər nəticəsində Təqsirləndirilən şəxs saxlanılmış və yoxlama zamanı ondan “Yamaha-80” markalı mühərriklə təchiz edilmiş özüüzən nəqliyyat vasitəsi hesab edilən bort nömrəsi ABB 1315, reyestr nömrəsi 315 olan 01 ədəd taxta qayıq, 02 ədəd 20 litr ölçüdə olan yanacaq qabı, 01 ədəd rezin kombinezon, 01 ədəd uzunluğu 12 metr, eni 3 metr olan, açıq bej rəngli, sapının diametri 0,70 mm, dəliklərinin daxili ölçüsü 130x130 mm olan, 2 qatlı neylon sintetik kimyəvi liflərindən istehsal olunmuş tor, 69 ədəd siyənək, 10 ədəd ziyad (kütüm) balıqları aşkar edilərək müvafiq qaydada götürülmüşdür. İş üzrə məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmədiyi üçün Xəzər dənizində balıq tutmaqla məşğul olur və bununla ailəsinə qida əldə edir. Belə ki, 08 dekabr 2023-cü il tarixdə növbəti dəfə balıq tutumaq üçün saat 08:30-da Sumqayıt şəhər, Novxanı qəsəbəsi istiqamətində Xəzər dənizinin sahilinə gəlmiş və tanışı Şahid1 məxsus “Yamaha-80” markalı mühərriklə təchiz edilmiş 1 ədəd taxta qayıqdan, 2 ədəd 20 litrlik yanacaq qabından və 1 ədəd rezin kombinezondan istifadə edərək Xəzər dənizinə girmiş və özü ilə götürdüyü 1 ədəd toru suda qurub gözləməyə başlamışdır. Bir neçə sat sonra toru sudan çıxarıb yoxlayarkən çoxlu sayda siyənək və ziyad balıqları tutduğunu görmüş və toru yığaraq tutduğu balıqlarla birlikdə sahilə çıxmışdır. Bu zaman Su NPİ-nin Sumqayıt XPM-nin əməkdaşları onu saxlamış və sorğu zamanı o, polis əməkdaşlarına Sumqayıt şəhəri, Novxanı qəsəbəsi istiqamətində Xəzər dənizində torla balıq tutmaq üçün rəsmi icazəsi, yəni balıqovlama bileti olmadığını bildmişdir. Bundan sonra polis əməkdaşları tanışı Şahid1 məxsus “Yamaha-80” markalı mühərriklə təchiz edilmiş 1 ədəd taxta qayığı, 1 ədəd rezin kombinezonu, 2 ədəd 20 litrlik yanacaq qabını və 1 ədəd toru və həmin torun vasitəsi ilə qanunsuz tutduğu siyənək və kütüm balıqlarını aşkar edib maddi sübut kimi götürmüşlər. Aşkar edilmiş balıqovlama vasitələrinə və tutduğu siyənək və kütüm balıqlarına baxış keçirilərkən müəyyən edilmişdir 69 ədəd siyənək balığı, 10 ədədi isə kütüm balıqı tutmuşdur. Daha sonra polis əməkdaşları Xəzər dənizinin sahilində, video çəkiliş apararaq sənədləşdirmişlər. Hazırda o, törətdiyi əməldən peşman olduğunu və mülki iddianı tam olaraq ödədiyini, həmçinin barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. İş üzrə mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında ifadə verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə Su NPİ-nin Sumqayıt xətt polis şöbəsinin əməkdaşları Xəzər dənizində ekoloii cinayətləri törədənlərə qarşı keçirdikləri tədbir zamanı şəxsiyyəti sonradan müəyyən edilmiş Təqsirləndirilən şəxs Sumqayıt şəhəri Novxanı qəsəbəsi istiqamətində Xəzər dənizində tor ilə balıqovlama bileti olmadan qanunsuz 69 ədəd siyənək və 10 ədəd ziyad balıqlarını tutub Xəzər dınizindən çıxarkən saxlanılmışdır. Azərbaycan Respublikasıı Nazirlər Kabinetinin 6 sentyabr 1999cu il tarixli, 146 saylı qərarı ilə təsdiq edilmiş cədvələ əsasən dəymiş ziyan yaşından, ölçüsündən və çəkisindən asılı olmayaraq 1 ədəd siyənək balığı üçün ziyanın miqdarı şərti maliyyə vahidinin 1,10 manat 10 əmsalına vurulması yolu ilə və 1 ədəd ziyad balığı üçün ziyanın miqdarı şərti maliyyə vahidinin 1,10 manat 30 əmsalına vurulması yolu ilə hesablanır. Belə olan halda 1 ədəd siyənək balığına görə dəymiş ziyan 11 manat və 1 ədəd ziyad balığına görə dəymiş ziyan 33 manat təşkil edir. 69 ədəd siyənək balığına görə dəymiş ziyan isə 759 manat və 10 ədəd ziyad balığına görə dəymiş ziyan 330 manat təşkil edir. Belə olan halda dəymiş ziyan 1089 manat müəyyən olunmuşdur. Onu da qeyd edim ki, Təqsirləndirilən şəxs tərəfindən iş üzrə mülki iddia tam həcmdə ödənildiyi üçün təmsil etdiyi orqanın ondan heç bir tələb və şikayəti yoxdur. Bu səbəbdən mülki iddia tələbinə xitam verilməsini məhkəmədən xahiş edərək, ərizə təqdim edilmişdir. İş üzrə məhkəmə iclasında şahid qismində dindirilmiş Su NPİ-nin Abşeron və Sumqayıt XPM-nin rəisi vəzifəsini müvəqqəti icra edən Şahid3 ifadəsində bildirmişdir ki, 08 dekabr 2023-cü il tarixdə Su nəqliyyatında polis idarəsinin Sumqayıt xətt polis məntəqəsinin polis nəfəri Şahid2 ilə birlikdə xidməti ərazidə qanunsuz balıq tutanlara qarşı mübarizə xarakterli tədbir keçirilərkən, təxminən saat 17 radələrində Sumqayıt şəhəri Novxanı qəsəbəsi istiqamətində Xəzər dənizində balıq tutmaqla məşğul olan Təqsirləndirilən şəxs saxlanılmışdır. Bundan sonra video çəkilişlə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs “Yamaha-80” markalı mühərriklə təchiz edilmiş 01 ədəd taxta qayıq, 02 ədəd yanacaq qabı, 01 ədəd rezin kombinezon, 01 ədəd tor, 69 ədəd siyənək və 10 ədəd kütüm balıqları aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs 69 ədəd siyənək 10 ədəd kütüm balıqlarını tor vasitəsilə Xəzər dənizindən tutduğunu etiraf etmişdir. Baxış keçirilməsi ilə əlaqədar müvafiq protokol tərtib edilmiş və həmin protokol tədbir iştirakçıları tərəfindən imzalanmışdır. İş üzrə məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid3 ilə oxşar məzmunlu ifadə vermişdir. İş üzrə məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun tanışıdır. Belə ki, bort nömrəsi ABB1315 seriya nömrəsi 315 olan “Yamaha-80” markalı mühərriklə təchiz edilmiş 01 ədəd taxta qayıq X4 adına olsa da etibarnamə əsasında ona məxsusdur. Tanışı Təqsirləndirilən şəxs maddi durumu ağır olduğu üçün həmin qayığı ona balıq ovlayaraq qida əldə etməsi üçün vermişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17:50-də Su NPİ-nin Sumqayıt XPM-nin əməkdaşları tərəfindən saxlanılmışdır. O, həmin qayığı Təqsirləndirilən şəxs idarə etməsi üçün etibarnamə ilə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikasıı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş 14 dekabr 2023-ci il tarixli balıq ehtiyatlarına vurulmuş ziyan barədə mütəxəssis arayışından görünür ki, Təqsirləndirilən şəxs ovladığı balıqlar bioloji əlamətlərinə görə vətəgə əhəmiyyətli 69 ədəd siyənək və 10 ədəd ziyad (kütüm) balıqlarıdır. Azərbaycanr Respublikasıı Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 146 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq ehtiyatlarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiqedilmə qaydaları və qeyri qanuni balıq ovuna cərimələr”in 10-cu bəndində və bu qərara əlavə edilən Azərbaycan Respublikasıının NK-nin xx.xx.2005-ci il tarixli, 119 nömrəli qərarına əsasən ölçüsündən və çəkisindən asılı olmayaraq, 79 ədəd balığ qanunsuz ovlanmaqla balıq ehtiyatlarına vurulmuş ziyan şərti maliyyə vahidinin (11 manat) əmsallara (dərəcələrə) vurulması yolu ilə hesablanır. 69 ədəd siyənək balığı, hər biri 11 manat olmaqla 759 manat, 10 ədəd ziyad (kütüm) balığı, hər biri 33 manat olmaqla 330 manat, ümumilikdə balıq ehtiyatlarına 1089 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan Azərbaycan Respublikasıı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/6391 №-li məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, “Azərbaycan Respublikasıı DİN Nəqliyyatda Baş Polis İdarəsi Zərflər üçün” dairəvi möhür əksi olan bağlamada olan açıq bej rəngli torun sapının diametri -0,70 mm, dəliklərin daxili ölçüsü 130 x 130 mm, 2 qatlı neylon sintetik kimyəvi liflərindən istehsal olunmuş torlardır. İş materiallarında olan Azərbaycan Respublikasıı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətinin 20 dekabr 2023-cü il tarixli, 3-14-21/2-930/2023 nömrəli məktubundan görünür ki, xx.xx.2023-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi Təqsirləndirilən şəxs balıq və digər su bioresurslarının sənaye ovuna balıqovlama bileti verilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özü üzən nəqliyyat vasitəsindən istifadə etməklə Xəzər dənizi ərazisindən balıqovlama bileti olmadan qanunsuz balıq tutaraq balıq ehtiyyatlarına xeyli miqdarda ziyan vurmaqla Azərbaycan Respublikası CM-nin 256.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı özünün və şahidlərin ifadələri ilə tamamilə sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-nin 256.2.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, ona görə də o, həmin maddədə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. İş materiallarında olan Azərbaycan Respublikasıı DİN BƏSİİ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1968-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkum olunmamış şəxsdir. CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən, təqsirkarın şəxsiyyətini, törətmiş olduğu əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs öz əməlini etiraf etməsini və törətdiyi əməldən peşman olmasını, yaşadığı yerdən müsbət xarakterizə edilməsini, vurulmuş maddi ziyanı ödəməsini və ona qarşı şikayət, tələb olmamasını məhkəmə iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halın olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq, ona ittiham olunduğu maddəinin sanksiyasında nəzərdə tutulan cəza növü islah işləri cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Təqsirləndirilən şəxsə təyin ediləcək islah işləri cəzasını o, iş yeri üzrə çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən əlavə cəza kimi o, balıq ovlama fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməlidir. Cinayət işi materialından göründüyü kimi, Təqsirləndirilən şəxs balıq ehtiyyatlarına vurduğu zərər 1089 manat müəyyən olunmuş və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi mülki iddia ərizəsi verərək həmin məbləğin tutulmasını xahiş etmişdir. Bundan sonra yəni ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs balıq ehtiyyatlarına vurduğu zərəri könüllü olaraq ödəmiş və bununla əlaqədar olaraq mülki iddiaçının nümayəndəsi məhkəmə iclasında ərizə təqdim edərək iddiadan imtina etmişdir. CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut olan saxlanması üçün Su NPİ-nin Abşeron və Sumqayıt XPM-nin rəisi vəzifəsini müvəqqəti icra edən, polis kapitanı Şahid3 təhvil verilmiş 02 ədəd (20 litrlik) yanacaq qabı, 01 ədəd rezin kombinezon və uzunluğu 12 metr, eni 3 metr ölçüdə olan 01 ədəd tor dövlət nəfinə müsadirə edilməlidir, həmçinin fiziki şəxs (VÖEN **********) X2 təhvil verilmiş balığların satışından əldə edilən məbləğ dövlət nəfinə keçirilməlidir. İş üzrə digər maddi sübut olan “Yamaha-80” markalı mühərriklə təchiz edilmiş bort nömrəsi ABB 1315, reyestr nömrəsi 315 olan 01 ədəd taxta materialdan olan qayıq ilə bağlı məsələni həll edərkən məhkəmə aşağıdakıları qeyd edir: İş materiallarında olan üzmə vasitəsinin qeydiyyat vəsiqəsinin surətindən görünür ki, iş üzrə maddi sübut olan “Yamaha-80” markalı mühərriklə təchiz edilmiş bort nömrəsi ABB 1315, reyestr nömrəsi 315 olan 01 ədəd taxta materialdan olan qayıq X6 məxsusdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.2.2-cı maddəsi dövlətin ətraf mühitin mühafizəsi sahəsində yaranan ictimai münasibətləri cinayətkar qəsdlərdən qorumaqla bu obyektə vurulan zərərə görə cinayət məsuliyyəti müəyyən etmiş və göstərilən əməlin törədilməsinə görə həmin maddədə cərimə, islah işləri, azadlıqdan məhrum etmə və azadlığın məhdudlaşdırılması növündə cəza müəyyən edilmişdir. Yəni, həmin maddənin sanksiyasında əmlak müsadirəsi əlavə cəza növü kimi nəzərdə tutulmamışdır, başqa sözlə, təqsirkar şəxs barəsində əmlak xarakterli məhrumiyyətlərin tətbiqi qanunverici tərəfindən zəruri sayılmamışdır. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin qanunsuz balıq ovu zamanı istifadə etdiyi mühərrikli qayıq cinayətin törədilməsinin aləti kimi çıxış etmişdir və cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd edilən müddəasının hərfi mənasına görə müsadirə olunmalıdır. Lakin məhkəmə hesab edir ki, qanunun həmin normasını tətbiq etməklə hazırkı cinayətin aləti olan “Yamaha-80” markalı mühərriklə təchiz edilmiş bort nömrəsi ABB 1315, reyestr nömrəsi 315 olan 01 ədəd taxta materialdan olan qayığın dövlət nəfinə keçirilməsi həmin qayığın qanuni sahibi olan şəxsin məcburi qaydada xüsusi mülkiyyətindən məhrum edilməsi demək olardı. Belə olduğu təqdirdə, məhkəmə hesab edir ki, fiziki şəxsin əldə edilmə mənbəyi mübahisələndirilməyən əmlakından məcburi qaydada məhrum edilməsi məsələsi həll olunduğundan, bu cür məhrumetmənin cinayət-hüquqi anlamda cinayət cəzası kimi və ya cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş qaydada xüsusi müsadirə kimi tətbiq edilməsinin elə də böyük əhəmiyyəti yoxdur. Belə ki, hər iki müsadirə tədbiri şəxsin öz əmlakından faktiki olaraq məhrum edilməsi ilə nəticələnir ki, bu da fiziki şəxsin fundamental hüquqlarından sayılan mülkiyyət hüququnun pozulmasına səbəb olur. Ona görə də, Məhkəmə hesab edir ki, bu cür müsadirənin hətta Cinayət Prosessual Məcəllənin 132.1, 132.1.1, 132.1.4-cü maddələri əsasında həyata keçirilməsi belə qərarı verən orqanı şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi, eləcə də, İnsan Hüquqlarının və X5 haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit edilmiş mülkiyyət hüququnu gözləmək və müsadirəni yalnız bu aktlarla yol verilən hallarda tətbiq etmək vəzifəsindən azad etmir. CPM-nin 2.2 və 2.3-cü maddələrində Azərbaycan Respublikası Konstitusiyasının normalarının Azərbaycan Respublikasının bütün ərazisində ali hüquqi qüvvəyə malik olduğu və birbaşa qüvvədə olduğu, həmçinin, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə bu Məcəllədən fərqli digər qaydalar müəyyən olunduğu halda, beynəlxalq müqavilənin qaydalarının tətbiq edildiyi təsbit edilmişdir. Cinayət törətmiş şəxsin istifadə etdiyi, faktiki olaraq X7 məxsus olan əmlakın müsadirəsinin cinayət-prosessual hüquq tədbiri kimi hansı hallarda tətbiq edilməli olduğu, başqa sözlə bu cür müsadirə vasitəsilə şəxsin mülkiyyət hüququna müdaxiləyə hansı hallarda yol verildiyini İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “İsmayılov Rusiyaya qarşı” iş üzrə 06 noyabr 2008-ci il tarixli qərarından görmək olar. Həmin işdə Rusiya hökuməti İsmayılovun iddiasına qarşı etirazlarlarında qaçaqmalçılığın predmetini təşkil edən pul vəsaitinin maddi sübut kimi tanınmasına və bu cür predmetlərin müsadirəsinə nəinki milli prosessual qanunvuriciliyin, hətta “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” BMT Konvensiyasının 12-ci maddəsinin yol verdiyinə istinad edirdi. Həqiqətən də, Avropa məhkəməsi maddi sübut kimi tanınmış cinayətin predmetinin müsadirəsinə Rusiyanın Cinayət-Prosessual Məcəlləsinin 81-ci maddəsinin 3cü hissəsinin 1-ci bəndinin yol verdiyini, yəni bu cür hallarda 1 saylı Protokolun 1-ci maddəsinin tələbi baxımından mülkiyyətin toxunulmazlığına müdaxilənin qanuni olduğunu etiraf edirdi. Bununla belə, Avropa Məhkəməsi milli məhkəmə tərəfindən İsmayılova məxsus pul vəsaitinin məcburi qaydada dövlət nəfinə alınması ilə onun Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə təminat verilən mülkiyyətin müdafiəsi hüququnun pozulması haqqında nəticəyə gəldi. Məhkəmə belə nəticəyə gələrkən İsmayılovun müsadirə olunmuş pul vəsaitini qanuni yolla əldə etməsinə əsaslanıb onun haqqında olan işi əvvəllər baxmış olduğu müsadirə tədbirinin cinayət yolu ilə əldə edilmiş, qeyri-qanuni olaraq əldə edilən hesab olunmuş və yaxud qanuna zidd fəaliyyət üçün nəzərdə tutulmuş əmlaka tətbiq olunduğu digər işlərdən fərqləndirdi (İsmayılov Rusiyaya qarşı iş üzrə qərarın 36-cı bəndi). Məhkəmə əlavə olaraq, həm də onu qeyd etdi ki, “ərizəçi əvvəllər məhkum edilməmiş və baxılan hadisəyə qədər hər hansı bir cinayətdə şübhəli bilinməmiş və yaxud təqsirləndirilməmişdi. Ərizəçi barəsində müsadirə tədbirinin tətbiq edilməsi ilə hakimiyyətin çirkli pulların yuyulması, narkotik alveri, terrorçuluğun maliyyələşdirilməsi, vergiləri ödəməkdən boyun qaçırma kimi hər hansı bir başqa hüquqa zidd fəaliyyətin qarşısını almağa çalışdığını göstərən heç bir dəlil də yoxdur. Onun daşıdığı pullar qanuni yolla əldə edilmişdi və bu vəsaitin Rusiyaya gətirilməsi gömrük orqanına bəyan edilməsi şərti ilə yolverilən idi. Deməli, ona istinad edilən yeganə kriminal davranış aktı həmin əmlakın gömrük orqanına bəyan edilməməsi olmuşdu” (qərarın 37-ci bəndi). Bunları, eləcə də İsmayılov barəsində tətbiq olunmuş müsadirə tədbirinin zərərə görə maddi kompensasiya kimi çıxış etmədiyini nəzərə alan Avropa Məhkəməsi baxılan işdə ərizəçinin qaçaqmalçılıq əməlinə görə artıq cəzalandırılmasına – sınaq müddəti ilə azadlıqdan məhrumetmə cəzasına şərti məhkum olunmasına baxmayaraq, məqsədi onu “çəkindirmək, cəzalandırmaq” olan və bu səbəbdən əlavə sanksiya kimi çıxış edən müsadirəyə məruz qaldığını hüquq pozuntusu kimi qeyd etdi və cəza ilə yanaşı müsadirənin də tətbiq edilməsini onun üzərinə ifrat yükün (cəzanın) qoyulması kimi qiymətləndirdi. Göründüyü kimi, Avropa Məhkəməsi müsadirənin prosessual-hüquq qaydaları əsasında xüsusi müsadirə şəklində tətbiq olunduğu hallarda da, onun mümkünlüyünü müsadirə predmetinin cinayət yolu ilə əldə olunması, qeyri-qanuni fəaliyyət üçün nəzərdə tutulması kimi faktorlarla şərtləndirmişdir. Avropa Məhkəməsinin göstərilən qərarının hazırkı işlə müqayisəsindən belə nəticəyə gəlmək olur ki, maddi sübut kimi tanınaraq götürülmüş “Yamaha-80” markalı mühərriklə təchiz edilmiş bort nömrəsi ABB 1315, reyestr nömrəsi 315 olan 01 ədəd taxta materialdan olan qayıqın müsadirə olunması, Cinayət Məcəlləsinin 256-cı maddəsində nəzərdə tutulmadığı halda, onun faktiki olaraq əmlak xarakterli ikinci sanksiyaya məruz qalmasına səbəb ola bilər. Deməli, göstərilən prosessual tədbirin tətbiqi hazırkı iş üzrə təqsirləndirilən şəxsi ifrat yükə məruz qoyacaqdır. Məhkəmə, həmçinin nəzərə alır ki, iş üzrə cinayətin predmeti olan balıqlar maddi sübut kimi tanınmaqla tez xarab olan ərzaq malı hesab edilməklə fiziki şəxs (VÖEN **********) X1 əsasları ilə təhvil verilmiş, bundan əldə ediləcək gəlir dövlət nəfinə keçiriləcək. Bundan əlavə, təqsirləndirilən şəxs Dövlət balıq ehtiyatlarına vurulan ziyana görə verilmiş mülki iddianın predmetini təşkil edən 1089 manat məbləğində pulu da tam həcmdə ödəmişdir. Dövlət balıq ehtiyatlarına vurulmuş 1089 manat ziyan Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına tam ödənildiyindən verilmiş mülki iddia üzrə icraata xitam verilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, hazırkı iş üzrə maddi sübut olan “Yamaha-80” markalı mühərriklə təchiz edilmiş bort nömrəsi ABB 1315, reyestr nömrəsi 315 olan 01 ədəd taxta materialdan olan qayıq faktiki sahibi X7 qaytarılmalıdır. İş üzrə məhkəmə xərci olan 154 (yüz əlli dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də 60 (altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nın 351-354, 356 və 358ci maddələrini rəhbər tutub, Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikasıı CPM-nın 351-354, 356 və 358-ci maddələrini rəhbər tutub, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 256.2.2-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 46.2-ci maddəsinə əsasən 1 (bir) il müddətinə balıq ovlama fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə aylıq qazancından 20 faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzasının əvvəli hökm üzrə tutmaların aylıq qazancına yönəldildiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci olan 154 (yüz əlli dörd) manat manat məbləğində ekspertiza tədqiqatının dəyəri məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Maddi sübut- Su NPİ-nin Abşeron və Sumqayıt XPM-nin rəisi vəzifəsini müvəqqəti icra edən, polis kapitanı Şahid3 təhvil verilmiş 02 ədəd (20 litrlik) yanacaq qabı, 01 ədəd rezin kombinezon və uzunluğu 12 metr, eni 3 metr ölçüdə olan 01 ədəd tor hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilsin və həmçinin fiziki şəxs (VÖEN **********) X2 təhvil verilmiş (69 ədəd siyənək və 10 ədəd ziyad) balığların satışından əldə edilən məbləğ dövlət nəfinə keçirilsin. Digər maddi sübut olan “Yamaha-80” markalı mühərriklə təchiz edilmiş bort nömrəsi ABB 1315, reyestr nömrəsi 315 olan 01 ədəd taxta materialdan olan qayıq faktiki sahibi X7 qaytarılsın. Mülki iddia üzrə 1089 manat zərərin Təqsirləndirilən şəxs tərəfindən ödənilməsi və mülki iddiaçının nümayəndəsinin iddiadan imtinası qəbul olunmaqla mülki iddia üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına ödənilsin. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılsın. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar