Məhkəmə qərarları › İş №1(060)-38/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-38/2023

23.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-38/2023 23.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 08 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Salyan Rayon Məhkəməsinin qərarı ilə 03 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd bükümdə ümumi çəkisi 0,409 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşımaqla üzərində saxlamış, Sumqayıt ŞPİ-nin 4-cii PB-nin əməkdaşları tərəfindən 03 may 2022-ci il tarixdə, saat 18:45-də Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, M.Hüseynzadə küçəsində yerləşən “Nehrəm" marketin qarşısında keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirilmiş və onun üzərinə şəxsi axtarış keçirilən zaman həmin narkotik vasitə heroin əynindəki qara rəngli şalvarın sağ arxa cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o, əvvəllər də narkotik maddə istifadə etdiyinə görə məhkum olunmuşdur. Lakin polis əməkdaşları onu saxlayarkən onun üzərində heç bir narkotik maddə olmamışdır. Belə ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 14 radələrində yaşadığı evdə yuxudan duraraq yaşadığı Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə ərazisində yerləşən marketdən siqaret almaq üçün mənzildən çıxaraq binanın blokundan həyətə çıxanda Cabir, Elnur və İbadət adlı polis əməkdaşları onu saxlayaraq avtomobilə mindirib polis bölməsinə aparmışlar. Orada həmin polis əməkdaşları, əsasən də İbadət adlı polis əməkdaşı ona fiziki təzyiq və təsir göstərərək, yəni onu döyərək ona narkotik maddə vermiş və bildirmişdir ki, çəkiliş aparılan zaman həmin narkotik maddənin özünə məxsus olduğunu bildirsin. O, da məcbur qalaraq həmin polis əməkdaşlarının təklifi ilə razı olmuşdur. Həmin vaxt çəkiliş zamanı hətta onun qulağının şiş olması açıq aydın görsənmişdir. Buna görə də onun barəsində başqa qətimkan tədbiri seçərək həbs etməmişlər və o, döyülməsi ilə bağlı Sumqayıt şəhər prokurorluğuna şikayət etmişdir. Bundan əlavə, ittiham aktında qeyd olunmuşdur ki, guya polis əməkdaşları onu xx.xx.2022-ci il tarixdə saat 18.45 radələrində Sumqayıt şəhəri, 7-8.12-ci məhəllə ərazisi, M.Hüseynzadə küçəsində yerləşən “Nehrəm” marketin qarşısında yolun kənarında küçədə olan zaman saxlamışlar, əslində isə polis əməkdaşları onu yaşadığı Sumqayıt şəhəri, 7-8- 12-ci məhəllə, ev 4-ün blokunun qarşısında saxlayıblar. Polislər onu saxlayan zaman üzərində telefon olmamışdır. O, narkotik maddələrin istifadəçisi olsa da polis əməkdaşları onu saxlayan zaman üzərində narkotik maddə olmamışdır. Təqsirləndirilən şəxs qeyd olunanların nəzərə alınaraq barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Təqsirləndirilən şəxs elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, ev 4, mənzil 7 ünvanında qeydiyyatda olmaqla yaşayır. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə 8 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Salyan rayon məhkəməsinin qərarı ilə 3 gün vaxtından əvvəl şərti azad edilmişdir. Təxminən iki il olar ki, narkotik vasitə olan kakosu çəkməklə istifadə edir. Narkotikə olan tələbatını ödəmək üçün müxtəlif yerlərdən tanımadığı şəxslərdən narkotik vasitə alır. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Novxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manata bir bükümdə narkotik vasitə olan kakosu alıb şəxsi istifadəsi üçün üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 18.45 radələrində Sumqayıt şəhəri, 7-8.12-ci məhəllə ərazisi, M.Hüseynzadə küçəsində yerləşən “Nehrəm” marketin qarşısında yolun kənarında küçədə olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və onu narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirib Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinə dəvət etmişlər. O etiraz etməmiş, özü polis əməkdaşları ilə birlikdə Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinə gəlmişdir. Bölmənin inzibati otaqların birində üzərinə videoçəkiliş ilə şəxsi axtarış keçiriləcəyi bildirildikdə, o buna etiraz etməmiş, ona hüquq və vəzifələri barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər Regional vəkil bürosunun vəkili X2 təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş ilə üzərinə şəxsi axtarış keçiriləcəyini bildirərək üzərində qanunla qadağan edilmiş əşyanın olub olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilmişdir. O əynində olan qara rəngli şalvarın sağ arxa cibində saxladığı bir ədəd qara rəngli siqaret kağızında bükümü təqdim etmişdir. Həmin kağız büküm açılan zaman içində qəhvəyi rəngli spesifik iyə malik toz halında narkotik vasitəyə bənzər maddə olduğu müəyyən olunmuşdur. Sorğu zamanı aşkar edilmiş həmin toz halında olan kütlənin narkotik vasitə kakos olmasını, həmin narkotiki xx.xx.2022-ci il tarixdə səhər saatlarında Novxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manata bir bükümdə alıb şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Sonra isə həmin maddə üzərində olan kağız büküm ilə birlikdə onun iştirakı ilə elektron tərəziyə qoyularaq çəkilmiş, xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Məhkəmədə şahid Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik istifadəçisi və buna görə məhkum olunan şəxs kimi tanımışdır. Onun ailə üzvlərinin və qonşuların Ramidin narkotikdən istifadə etməklə həyətdə yaşayan insanların, uşaqların əxlaqına, tərbiyəsinə pis təsir etməsi barədə şikayətəri polisə daxil olurdu. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və üzərində gəzdirməsi barədə qərəzsiz və etibarlı mənbədən məlumat daxil olmuşdur. Məlumat raport vasitəsi ilə bölmə rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat qrupu təşkil olunmuş və qrupun daxilinə iştirak etməsi üçün o da əlavə edilmişdir. Həmin gün, yəni xx.xx.2022-ci il tarixdə saat 18:45 də Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə ərazisində “Nehrəm” marketin qarşısında, M.Hüseynzadə küçəsində yolun kənarında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirilməsi ilə bağlı şübhəli şəxs qismində saxlanıldığını bildirmişlər. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs 4-cü PB-nə getməli olacaqları bildirilmiş, o etiraz etməmiş və birlikdə Sumqayıt ŞPİ-nin 4-cü PB-nin inzibati binasına gəlmişlər. Sumqayıt şəhər Pİnin 4-cü PB-də təhqiqatçı Kənan Hacıyev saxlanılan şəxs Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi ilə məşğul olduğundan şübhəli şəxs qismində saxlanıldığını bildirib ona hüquq və vəzifələri haqqında bildiriş təqdim etmiş, hüquqlarının müdafiə etməsi üçün vəkil təyin etmişdir. Video çəkilişlə təhqiqatçı Ramidə üzərində qanunla qadağan edilmiş hər hansı bir predmet varsa təqdim etməsini bildirdikdə, Təqsirləndirilən şəxs özü əynində olan şalvarının arxa cibindən 01 ədəd bükümü çıxardaraq təqdim etmişdir. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş qəhvəyi rəngli maddə “kakos”dur, həmin maddəni xx.xx.2022-ci il tarixdə səhər saatlarında Novxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manata öz şəxsi istifadəsi üçün almışdır. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 bükümdə spesifik iyə malik olan qəhvəyi rəngli narkotik maddəyə bənzər maddəni elektron tərəziyə qoyub çəkisini müəyyən etmiş, Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş başqa əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq möhürlənmiş, protokollaşdırılıb iştirakçılar tərəfindən imzalanmışdır. Ramid Baxşıyevin məhkəmə iclasında ona təsir və ya təzyiq göstərilməsi barədə dedikləri və narkotik maddənin ona məxsus olmaması barədə dedikləri həqiqətə uyğun deyil. Həmçinin tərəflərindən keçirilən əməliyyat tədbirində İbadət adlı polis əməkdaşı iştirak etməmişdir. Təqsirləndirilən şəxsin bu barədə dedikləri özünü müdafiə xarakteri daşıyır. Məhkəmədə Şahid2 oğlu ifadəsində Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək anoloji ifadə verdi və əlavə olaraq bildirdi ki, nə o, nə də ki, digər polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxsə qarşı hər hansı bir təsir və ya təzyiq göstərilməmiş, İbadət adlı polis əməkdaşı keçirilmiş əməliyyat tədbirində iştirak etməmişdir. Təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıyır. Məhkəmənin təşəbbüsü ilə şahid qismində dəvət olunaraq dindirilmiş X4 ifadəsində göstərdi ki, o Təqsirləndirilən şəxs əvvəllər xidmət etdiyi ərazinin sakini, narkotik istifadəçisi kimi tanımış, onunla ədavəti və ya düşmənçiliyi olmamışdır. Belə ki, o, 2017-ci ildən 2020-ci ilə kimi Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsində baş əməliyyat müvəkkili vəzifəsində işləmişdir. Hazırda Ağstafa RPŞ-də işləyir. Təqsirləndirilən şəxs yaşadığı 7-8-12-ci məhəllə onun xidməti ərazisi olmuşdur. R.Baxşıyevin barəsində həmin ərazidə yaşayan şəxslər dəfələrlə şikayət etmişlər, həmçinin o, ailə üzvləri ilə də narkotik əldə etmək üstündə bir neçə dəfə münaqişə yaratmışdır. Ramidin barəsində daxil olmuş şikayətlərin çoxu onun narkotik maddələrin istifadəçisi olması və buna görə yaşadığı əraziyə narkomanların gəlməsi və sair olmuş, 2020-ci ildə Təqsirləndirilən şəxs narkotik maddə istifadəçisi olması ilə bağlı əməliyyat tədbiri qurmuş, həmin vaxt R.Baxşıyev saxlanılaraq bölməyə gətirildikdə üzərindən narkotik maddə çıxmış, buna görə R.Baxşıyev məhkəmə qərarı ilə məhkum olunmuşdur. Lakin o R.Baxşıyevin hazırki cinayət işi üzrə polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirində iştirak etməmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də şahidlər Şahid2 və Şahid1 ifadələrində göstərdikləri bir daha təsdiq olunmuşdur. Həmin görüntülərdə Təqsirləndirilən şəxs qulağında şişgin olması barədə məhkəmədəki ifadəsində bildirdiyi hal təsdiq olunmamış, yəni onun qulağında və ya görünən bədən, üz nahiyəsində hər hansı xəsarət olması sezilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 may 2022-ci il tarixli, 6/2553 №li məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №128” dairəvi möhür əksi olan, “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,409 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (Heroinin təmiz çəkisi-0,409 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-0,359 qram). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 2513 saylı saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan ASLİLİQ SİNDİROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə təqsirləndirilən şəxs tərəfindən anten məlumatlarının əldə olunması barədə verilmiş vəsatət təmin olunmamışdır. Ona görə ki, təqsirləndirilən şəxs məhkəmə iclasında ifadəsində polis əməkdaşlarının onu Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, M.Hüseynzadə küçəsində yerləşən “Nehrəm" marketin qarşısında deyil, yaşadığı Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə bina 4-ün blokunun küçəyə çıxışında saxladığını bildirmiş və həmin vaxt onun üzərində mobil telefonun olmadığını göstərmişdir. Vəsatəti təmin etməyərkən məhkəmə bina 4 və “Nehrəm" marketin Sumqayıt şəhəri 7-8-12-ci məhəllə ərazisində yerləşdiyini də nəzərə almışdır. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər prokurorunun böyük köməkçisi Ramiz Ağazadə tərəfindən qəbul olunmuş 13 yanvar 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Ramid Baxşıyev tərəfindən Sumqayıt şəhər prokurorluğuna ünvanlanmış müraciət üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi ilə özünü müdafiə xarakteri daşıyır və ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə yanaşı məhkəmədə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sübutların məcmusu ilə təkzib edilir. Odur ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu üzərindən narkotik maddə aşkar olunmaması, polis əməkdaşları tərəfindən döyülməsi və digər xüsusatlara dair ifadəsi işin faktiki halları ilə uyğunsuzluq təşkil etdiyindən sübut kimi qəbul edilməməli, təqsirləndirilən şəxs qismində ibtidai istintaqda vermiş olduğu ifadə sübut kimi qiymətləndirilməlidir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatlar oz təsdiqini tapmamışdır. İşin qeyd edilən halları bir daha təsdiq edir ki, təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədilə məhkəmə iclaslarında səmimi olmamış, törətdiyi cinayət əməlini etiraf etməmişdir. Məhkəmə bir daha qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan məhkəmə aktlarının surətindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tələbnaməsindən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs qəsdən törətdiyi cinayətə görə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 08 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Salyan Rayon Məhkəməsinin qərarı ilə 03 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilmədən yenidən qəsdən hazırki cinayəti törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Beləliklə, məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, onun əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməsi, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixli qərarla barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək MSY-dən azad olunmuşdur. İş materiallarından görünür ki, məhkəmədən yayındığı üçün Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs axtarışı elan olunaraq, barəsində həbs qətimkan tədbiri seçilmişdir. Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinin xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2022-cü li tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutularaq Sumqayıt şəhər polis idarəsinin MSY-nə təhvil verilmiş və saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına aparılmışdır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza müddətinə daxil edilməklə çıxılmalı və qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, qeydiyyatda olduğu ərazi üzrə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,359 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 65 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 25 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 150 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o qeydiyyatda olduğu ərazi üzrə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda alınsın. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,359 qram narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 65 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 25 saat hüquqi yardıma görə cəmi 150 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar