Məhkəmə qərarları › İş №1(060)-382/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-382/2021

01.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-382/2021 01.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxx 1978-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Sumqayıt Şəhər Məhkəməsinin 28.11.2019-cu il tarixli hökmü ilə əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsilə təqsirli bilinib 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ali təhsilli, subay, fərdi əməklə məşğul olan, Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 30, mənzil 18-də qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 05 noyabr 2018-ci il tarixdən başlayaraq 11.08.2008-ci il təvəllüdlü X2, 12.09.2010-cu il təvəllüdlü X4 və 12.06.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 120,00 olmaqla, cəmi 360,00 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs ödənilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli, 2(060)-10329/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsinə görə 12 noyabr 2019-cu il tarixdə Sumqayıt Şəhər Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh növü tətbiq edilməsinə və bundan sonra qətnaməni könüllü icra etməsi üçün ona yenidən vaxt verilməsinə dair bildiriş göndərilərək məsuliyyəti elan olunmaqla rəsmi qaydada 04.03.2020-ci il və 12.08.2020-ci il tarixlərdə xəbərdarlıq olunmasına baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 17 noyabr 2020-ci il tarixə kimi, cəmi 8640,00 manat məbləğində aliment borcunu tələbkara ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, yaşadığı ərazidə mebel sexlərinin birində işəmuzd fəhlə kimi işləyir, aylıq gəliri təxmiən 250-300 manat təşkil edir, Zərərçəkmiş şəxs ilə 04.12.2007-ci rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, həmin nikahdan 11.08.2008-ci il təvəllüdlü Xanlar, 12.09.2010-ci il təvəllüdlü Nigar və 12.06.2014-cü il təvəllüdlü Fərhad adlı uşaqları vardır, Zərərçəkmiş şəxs ilə münasibəti pozulduqdan sonra ayrılaraq nikahı pozulmuş və sonuncu uşaqların saxlanmasına dair ondan alimentin tələbi ilə bağlı Şumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 19 dekabr 2018-cı il tarixli, 2(060)-10329/2018 saylı qətnaməsinə əsasən, ondan 05 noyabr 2018-ci il tarixdən başlayaraq 11.08.2008-ci il təvəllüdlü X2, 12.09.2010-ci il təvəllüdlü X4 və 12.06.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 120,00 manat, cəmi 360,00 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Qətnamə üzrə icra vərəqəsi icra olunması üçün Sumqayıt şəhəri üzrə İcra idarəsinə göndərilmiş, icra məmuru tərəfindən ona könüllü icra müddəti təyin edilmiş, amma qətnamənin icrasını təmin edə bilməmişdir. Buna səbəb daimi iş yerinin olmaması, yalnız işəmuzd fərdi qaydada fəhləliklə məşğul olması olmuşdur. İcra məmuru tərəfindən barəsində iki dəfə inzibati protokol tərtib edilərək baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və sonuncu dəfə həmin məhkəmənin 12.11.2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 10 (on) gün müddətində inzibati qaydada həbs seçilmiş, inzibati həbsdən sonra icra məmuru tərəfindən tələbin icrası üçün ona yenidən müddət verilməsinə baxmayaraq aliment üzrə yaranmış borcu yenə ödəyə bilməmiş və cinayət məsuliyyətinin daşıması barədə icra məmuru tərəfindən xəbərdarlıq edilmişdir. İcra zamanı aliment üzrə heç bir ödəniş apara bilməmiş və icra qurumu tərəfindən göndərilmiş təqdimatda, yəni 17.11.2020ci il tarixədək aliment üzrə borcu 8640,00 manat təşkil etmişdir. Alimenti icra etməməsinin səbəbi keçmiş arvadı Zərərçəkmiş şəxs uşaqlarla onun görüşməsinə imkan yaratmaması və aliment məbləğinin çox yüksək olması olmuşdur. Törətdiyi əməl cinayət olmasını başa düşür, əməlindən peşimandır. Məhkəmə qətnaməsinə hörmətlə yanaşır və icrasından yayınmır, sadəcə maddi vəziyyəti pis olduğundan, işləmədiyindən və göstırdiyi digər səbəbdən heç bir ödəniş edə bilməmişdir. Odur ki, barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli, 2(060)-10329/2018 saylı qətnaməsinə əsasən, Təqsirləndirilən şəxs 05 noyabr 2018-ci il tarixdən başlayaraq 11.08.2008-ci il təvəllüdlü X2, 12.09.2010-cu il təvəllüdlü X4 və 12.06.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 120,00 olmaqla, cəmi 360,00 manat sabit pul məbləğində aliment tutulub ona ödənilməsi qət edilmiş, məhkəmə qətnəməsi icra olunması üçün aidiyyəti üzrə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmiş, icra idarəsinin icra məmurları tərəfindən icra işi başlanaraq, borcluya icra olunması üçün könüllü müddət verilmiş, Təqsirləndirilən şəxs tərəfindən öhdəliyin yerinə yetirilməməsi səbəbindən məcburi icra tədbirləri həyata keçirilmiş, qətnamə üzrə qət edilmiş aliment pulu borclu Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq ödənilmədiyindən icra məmuru tərəfindən inzibati protokol tərtib edilib inzibati məsuliyyətə cəlb olunması üçün təqdimatla məhkəməyə müraciət olunmuş, Sumqayıt Şəhər Məhkəməsinin 12.11.2019-cu il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmiş, daha sonra icra məmuru tərəfindən borcluya qətnaməni icra etmək üçün yenidən müddət verilməsinə baxmayaraq bir daha imkansızlığını əsas gətirib aliment üzrə heç bir ödəniş etməmiş, icra məmurunun alimentin ödənilməməsi ilə bağlı Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimatla müraciət edərkən Təqsirləndirilən şəxs tərəfindən 8640,00 manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır. Təqsirləndirilən şəxs fərdi əmək fəaliyyəti ilə məşğul olur, sadəcə qərəzli olaraq alimenti ödəməkdən yayınır, bir ata kimi öz övladları ilə maraqlanmır. Təqsirləndirilən şəxs aliment borcunun alınması üçün kömək göstəriləməsini xahiş edir. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir, aliment ödənilməsə ciddi tədbir görülməsini tələb edir. Məhkəmədə şahid qismində dindirilən Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Şahid1 göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-10329/2018 saylı, 19.12.2018-ci il tarixli qətnaməsi ilə 05.11.2018-ci il tarixdən başlayaraq 11.08.2018-ci il təvəllüdlü X2, 12.09.2010-cu il təvəllüdlü X4 və 12.06.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Təqsirləndirilən şəxs hər ay hər uşaq üçün 120 manat olmaqla, ümumilikdə 360 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmiş, qətnamə əsasında verilmiş icra vərəqəsi 17.01.2019-cu il tarixdə icraata daxil olmuş və həmin tarixli qərarla icraata başlanılmış, borclu tərəfindən tələb təmin edilmədiyindən məcburi icra tədbirləri həyata keçirilmiş, həmçinin tələbin təmin edilməsi istiqamətində tədbirlərin görülməsi məqsədilə 04.04.2019cu il tarixdə borclu idarəyə dəvət olunmuş, borcun ödənilməsi ondan tələb edilmiş, lakin icra məmurunun qanuni tələbini yerinə yetirmədiyindən barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 04.04.2019-cu il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmiş, borclu 26.04.2019-cu il tarixdə idarəyə çağırılmış borcluya məhkəmə qərarının mahiyyəti və icrasının məcburiliyi bildirilmiş, borclunun iş axtaran kimi qeydiyyatda olubolmamasının müəyyən edilməsi, həmçinin işlə təmin olunmasına köməklik göstərilməsi məqsədilə 30.07.2019-cu il tarixdə Sumqayıt Şəhər Məşğulluq Mərkəzinə sorğu verilmiş və Təqsirləndirilən şəxs mərkəzdə iş axtaran kimi qeydiyyatda olmadığı müəyyən olunmuş, Sumqayıt Şəhər Məhkəməsinin 18.09.2019-cu il tarixli qərardadı ilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış, borclu üzərinə götürdüyü müddətdə borcun ödənilməsinə təşəbbüs göstərməmiş, bununla bağlı qeydiyyatda olduğu və faktiki yaşadığı ünvan 1 ünvanına baxış keçirilmiş və bu barədə 16.10.2019-cu il tarixdə müvafiq akt tərtib olunmuşdur. Yenidən tələbin təmin edilməsi istiqamətində tədbirlərin görülməsi məqsədilə 12.11.2019-cu il tarixdə borclu idarəyə dəvət olunmuş, borcun ödənilməsi Təqsirləndirilən şəxs tələb edilmiş, lakin icra məmurunun qanuni tələbini yerinə yetirmədiyindən barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 12.11.2019-cu il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra 09.12.2019-cu il tarixdə idarəyə dəvət olunaraq yaranmış aliment borcunu ödəməsi tələb olunmuş və aliment borcunu ödəmədiyi təqdirdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi üzrə cinayət məsuliyyətinə cəlb olunacağı barədə ona bildiriş təqdim olunmuş, keçən müddət ərzində borclu Təqsirləndirilən şəxs icra sənədi üzrə tələbi yerinə yetirməməklə yanaşı, tələbkarın qanunla qorunan və məhkəmə qərarı ilə bərpa edilən hüquqlarının pozulmasına səbəb olan əməl törətmiş, görülmüş qanuni tədbirlərə baxmayaraq icra sənədi üzrə borclu heç bir ödəniş etməmiş və 17.11.2020-ci il tarixədək 8640,00 manat aliment borcu yaranmışdır. Bu səbəbdən borclu tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Şahid2 Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin məlumatından və Sumqayıt şəhər Məhkəməsinin 28.11.2019-cu il tarixli, 1(060)-530/2019 saylı hökmündən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 28.11.2019-cu il tarixli, 1(060)-530/2019 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 10 (on) ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və 23.10.2020-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. (i.v.85-86,104) Cinayət işinin materiallarına əlavə edilən məhkəmə qətnaməsinin icrası ilə bağlı Təqsirləndirilən şəxs adına ünvanlanmış tələbin könüllü icra edilməsinə dair bildirişdən, Sumqayıt Şəhər Məhkəməsinin inzibati xəta haqqında 12 noyabr 2019-cu il tarixli qərarından və digər sənədlərdən görünür ki o, həqiqətən Sumqayıt Şəhər Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli, 2(060)-10329/2018 saylı qətnaməsini qərəzli olaraq icra etməmişdir. (i.v.13-15, 57, 64-65, 83-84) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli, 2(060)-10329/2018 saylı qətnaməsinə əsasən, 05.11.2018-ci il tarixdən başlayaraq 11.08.2018-ci il təvəllüdlü X2, 12.09.2010-cu il təvəllüdlü X4 və 12.06.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Təqsirləndirilən şəxs hər ay hər uşaq üçün 120 manat olmaqla, ümumilikdə 360 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. (i.v.12-15) İş materiallarında olan xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. (i.v.68) Məhkəmə aşağıda göstərilən prosessual normaların tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmişdir. Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərətərfli, tam və obyektiv araşdırmaq daxildir (maddə 8.0.3). Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. CPM-nin 28.4.2-ci maddəsi cinayət-mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər və andlı iclasçılar cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsini istisna edən halların dairəsi isə CPMnin 125.2-ci maddəsində göstərilmişdir. CPM-nin 125.7-ci maddəsi cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyri-mümkünlüyü üzrə məsələnin həllini bir vəzifə olaraq icraatı aparan orqanın, o cümlədən məhkəmənin üzərinə qoymuşdur. Həmin Məcəllənin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutlann mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplamlmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinyət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, icra işindəki məlumatları, icra ilə bağlı görülən tədbiləri nəzərə almışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası məhkəmələrinin fəaliyyəti yalnız ədalət mühakiməsinin və qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məhkəmə nəzarətinin həyata keçirilməsinə yönəldilmişdir. Məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatların, siyasi partiyaların, ictimai birliklərin, digər hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edir, Konstitusiyada və bu Qanunda nəzərdə tutulmuş digər vəzifələri həyata keçirirlər. Həmin Qanunun 5-ci maddəsinə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Cəfərov (Jafarov) Azərbaycana qarşı (ərizə № 17276/07) 11 fevral 2010-cu il tarixli qərarında Hornsbi Yunanıstana qarşı, 19 mart 1997-ci il tarixli qərarının, 40-cı bəndinə istinad edərək bir daha bildirmişdir ki, 6-cı maddənin 1-ci bəndi hər kəs üçün, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən, məhkəməyə və ya məhkəmə funksiyasını həyata keçirən digər orqana müraciət etmək hüququnu təmin edir; bununla da həmin bənd “məhkəmə araşdırması hüququnu” təsbit edir, məhkəməyə müraciət hüququ, yəni mülki işlərlə bağlı məhkəmədə iddia qaldırmaq hüququ isə bu hüququn bir aspektidir. Lakin iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. 6-cı maddənin 1-ci bəndi işdəki tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı; 6-cı maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı, halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır. Həmçinin Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (Burdov Rusiyaya qarşı iş üzrə 7 may 2002-ci il tarixli Qərar, §35). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair» 02.10.2012ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə İXMin müvafiq maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Beləliklə, Təqsirləndirilən şəxs təqsiri məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və digər sübutlarla tam sübuta yetirilir, onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, bu maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası CM-in 18.4.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs etdiyi əmələ görə peşman olmasını və yaşayış yerindən müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyri-mümkün hesab edir. Ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyası həddində, azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 09 (doqquz) saat vaxt sərf etmişdir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 54 (əlli dörd) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 01 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilərək Azərbaycan Respublikası ƏN-nin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına təhvil verilməsi Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 54 (əlli dörd) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün. ("xxxx" ASC-nin Sumqayıt filialı hesab AZ03TURA******************** VÖEN **********) Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar