Məhkəmə qərarları › İş №1(060)-382/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-382/2022

19.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-382/2022 19.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Rafiq oğlunun sədrliyi, Bəşirov Şahin Məmmədsala oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, xx xxxx 1979-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01(bir) ədəd bükümdə təmiz çəkisi 1,364 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroini əldə edib daşıyaraq, üzərində saxlamış, 12.01.2022-ci il tarixdə, saat 17:50-də Sumqayıt şəhəri, Köhnə Kotec qəsəbəsi ərazisində yerləşən 8 saylı tam orta məktəbin qarşısında Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-yə gətirilib xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01(bir) ədəd bükümdə təmiz çəkisi 1,364 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, onun bədənində ağrılar olduğu üçün bir neçə ildir ki, narkotik vasitə heroindən, arabir isə “Patı”, “Şüşə” adlandırılan metamfetamindən istifadə edir. O, narkomaniya xəstəliyindən müalicə almaq istəsə də ona kömək edən olmamışdır. Hətta bir neçə ay əvvəl qanunsuz narkotik vasitələrin saxlanması və gəzdirməsində təqsirli bilindiyi üçün Sumqayıt Şəhər məhkəməsinin hökmü ilə məhkum edilmişdir. Bu iş üzrə isə 12.01.2022-ci il tarixdə, saat 17:50 radələrində Sumqayıt şəhəri, K.Kotec qəsəbəsi, 8 saylı tam orta məktəbin yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğu üçün saxladıqlarını bildirib onu Sumqayıt ŞPİ-yə dəvət etmişlər. Polis İdarəsində vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olubolmaması, varsa həmin əşyanı təqdim etməsi təklif edilmiş və o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümü çıxararaq polis əməkdaşlarına təqdim etmiş, həmin büküm açıldıqda narkotik vasitə olan heroin aşkar edilmişdir. Polis əməkdaşları ondan soruşarkən o, həmin narkotik maddəni 12.01.2022-ci il tarixdə günorta saatlarında Sumqayıt şəhəri, Daş bazarı ərazisində tanımadığı şəxsdən 25 manata aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Hazırda o etdiyi əməldən peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 vermiş olduğu ifadəsində göstərmişdir ki, o, Sumqayıt ŞPİ-nin X1 əməliyyat müvəkkili vəzifəsində işləyir. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və üzərində gəzdirməsi barədə məlumat daxil olduğundan həmin məlumatın yoxlanılması üçün tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmiş və Şahid2 ilə birlikdə 12.01.2021-ci il tarixdə, saat 17:50 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Köhnə Kotec qəsəbəsi ərazisində yerləşən 8 saylı tam orta məktəbin qarşısında saxlanılmışdır. O, saxlanıldıqdan sonra ona polis əməkdaşları olduqlarını və onun narkotik vasitələrin istifadəsi və üzərində gəzdirməsində şübhəli olduğu üçün saxlanıldığını bildirib üzərinə şəxsi axtarış keçirilməsi üçün ŞPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməmiş və onlarla birlikdə Sumqayıt ŞPİ-nə getmişdir. İdarədə xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, daha sonra müdafiəçinin iştirakı ilə onun üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Baxış keçirilməmişdən öncə isə Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya, predmet varsa təqdim etməyi təklif edilmiş və o, əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd büküm çıxararaq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən çıxan bükümün içərisində “kakos” olduğunu, 12.02.2022-ci il tarixdə günorta saatlarında Sumqayıt şəhəri, Daş bazarı ərazisində tanımadığı şəxsdən 25 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Aşkar edilmiş maddə sellofanla birlikdə tərəzidə çəkilmiş və 1,75 qram olması müəyyən olunmuşdur. Daha sonra aşkar olunmuş 1 ədəd büküm qablaşdırılaraq götürülmüş, videoçəkiliş yekunlaşdıqdan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Məhkəməyəqədər icraat zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında dindirilmiş Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 13 yanvar 2022-ci il tarixli 6/218 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Vətəndaş Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,364 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 15 yanvar 2022-ci il tarixli 204 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dindirib, iş materiallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq, təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, həmçinin yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilən sübutlara əsaslanaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinməlidir. Belə ki, məhkəmə istintaqı zamanı sübut olundu ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,364 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroini əldə edib daşıyaraq, üzərində saxlamış, 12.01.2022-ci il tarixdə, saat 17:50-də Sumqayıt şəhəri, Köhnə Kotec qəsəbəsi ərazisində yerləşən 8 saylı tam orta məktəbin qarşısında Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-yə gətirilib xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01(bir) ədəd bükümdə təmiz çəkisi 1,364 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Göstərilən hərəkəti ilə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir və ona həmin maddənin sanksiyası hədləri daxilində cəza təyin edilməlidir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 fevral 2022-ci il tarixli, 1(105)-94/2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-691/2021 saylı, 11 noyabr 2021-ci il tarixli hökmü Təqsirləndirilən şəxs təyin olunmuş cəzaya münasibətdə dəyişdirilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-691/2021 saylı, 11 noyabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs 07 sentyabr 2021-ci il tarixdən 09 sentyabr 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hazırki qərarla ona təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddət azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli 4(060)-23/2022 saylı qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu tarixdən, yəni 12 yanvar 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin müddəalarına uyğun cəza təyin edilməli, cəzanın əvvəli 12.01.2022-ci il tarixdən hesablanmalı və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 fevral 2022-ci il tarixli, 1(105)-94/2022-ci il tarixli qərarı ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası yeni hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən, təqsirkarın şəxsiyyətini, törətmiş olduğu əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 fevral 2022-ci il tarixli, 1(105)-94/2022-ci il tarixli qərarı ilə təyin edilmiş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddət azadlıqdan məhrumetmə cəzası hazırki hökm üzrə təyin ediləcək cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 12.01.2022-ci il tarixdən hesablanmalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 17-ci bəndinə əsasən məhkumun təqsirli bilindiyi cinayətlərin bir hissəsi birinci hökm çıxarılanadək, digər hissəsinin isə həmin hökm çıxarıldıqdan sonra törətdiyi müəyyən olunduqda ikinci hökm üzrə cəza ilk növbədə birinci hökm çıxarılanadək törədilmiş cinayətlərin məcmusu üzrə, sonra CM-nin 66.5-ci maddəsində müəyyən edilən qaydada təyin edilir, daha sonra birinci hökm çıxarılandan sonra törədilən cinayətlər üzrə cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Axırda isə CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq hökmlərin məcmusu üzrə qəti cəza müəyyən edilir.... Həmin qərarın 17-ci bəndinin 3-cü hissəsində göstərilir ki, CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 1,314 qram təşkil edən narkotik vasitə heroin qanuna müvafiq qaydada məhv edilməlidir. İş üzrə məhkəmə xərci olan 81 (səksən bir) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Azərbaycan Respublikası CPM-in 198.1-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs üzərinə qoyularaq ondan tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müaliə tədbiri tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs ibtidai istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 37 (otuz yeddi) saat vaxt sərf etmişdir. Ona görə də 222 (iki yüz iyirmi iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nın 351-354, 356 və 358-ci maddələrini rəhbər tutub, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 fevral 2022-ci il tarixli, 1(105)- 94/2022-ci il tarixli qərarı ilə təyin edilmiş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 12.01.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 1,314 qram təşkil edən narkotik vasitə heroin qanuna müvafiq qaydada məhv edilsin. İş üzrə məhkəmə xərci olan 81 (səksən bir) manat məbləğində ekspertiza tədqiqatının dəyəri məhkum Təqsirləndirilən şəxs üzərinə qoyularaq ondan tutulub dövlət büdcəsinə keçirilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 tərəfindən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi xidmətə görə ona 222 (iki yüz iyirmi iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq ("xxxx" ASC-nin Sumqayıt filialı, № AZ 03TURA********************, VÖEN:**********) hesabına ödənilsin. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılsın. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar