Məhkəmə qərarları › İş №1(060)-382/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-382/2024

04.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-382/2024 04.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əkbərli Nicat Mais oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət verən şəxs X1 iştirakları ilə Xüsusi ittiham qaydasında X1 şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 xüsusi ittiham qaydasında şikayətlə Sumqayıt şəhər məhkəməsinə müraciət edərək qanuna müvafiq olaraq X7, X10 və X4 azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ona qarşı 22 fevral 2024-cü il tarixdə, 23 fevral 2024-cü il tarixdə və 27 fevral 2024-cü il tarixlərində Xəzər TV-ə yayımlanan “Təsir Dairəsi” adlanan verlişdə açıq-aydın surətdə heç bir sübut olmadan və heç bir əsas olmadan X11, X14 böhtan, yəni yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən böhtanlarla, həmçinin onu nüfuzdan salan böhtanlar və açıq aydın ağır və xüsusilə ağır cinayətdə ittihamlar etmişlər. Ona qarşı Xəzər TV-ə yayımlanan “Təsir Dairəsi” adlanan verlişdə şərəf və ləyaqətini ləkələyən böhtanlarla, həmçinin onu nüfuzdan salan böhtanlarla və açıq aydın ağır və xüsusilə ağır cinayətdə ittihamlardan sonra doğmalarının, yaxınlarının və tanışlarının ona qarşı tamamən münasibətləri kəskin surətdə pisləşmiş və onlar da həmin böhtanlara və ittihamlara inanmışlar. Belə ki, qeyri rəsmi uşaq dünyaya gətirməyində ona böhtanlar atılmış, onun şərəfi və namusunu ləkələyən böhtanlar ataraq guya evində yad kişi onu zorlamış, həmçinin qaynanası X2 o, öldürmüşdür. Qeyd edir ki, ona atılan böhtanlar və ağır cinayətdə ittiham olmağı əsassızdır. Bir ana kimi və bir qadın kimi onu və doğmalarını çox sarsıntılara salmış, o, bunlarla bağlı başqaları tərəfindən əsassız yerə narahatçılıqlara məruz qalmışdır. Bildirmək istəyir ki, onun X15 ilə rəsmi nigahı olmuş və oğlu X12 rəsmi nigahdan sonra dünyaya gəlmişdir. Mənzilində onu heç kimsə zorlanmamış, əks halda o, bununla bağlı çoxdan hüquq mühafizə orqanlarına şikayətlər edərdi. X5 COVİD -19 xəstəliyindən kliniki xəstəxanada rəhmətə getmişdir. Ümumiyyətcə qaynanası vəfat etməmişdən qabaq o, səkkiz ilə yaxındır ki, onu görməmişdir. X9 ilə münasibətləri çox yaxşı olmuş, belə ki, o, qaynanasının universitetdə tələbəsi olmuşdur. Bu böhtanlar Xəzər TV-ə yayımlanan kütləvi informasiya vasitəsində açıq-aydın surətdə heç bir sübut olmadan və heç bir əsas olmadan X11, X14 və X8 böhtan, yəni yalan olduğunu bilə-bilə şərəf və ləyaqətimi ləkələyən böhtanlarla, həmçinin məni nüfuzdan salan böhtanlar və məni açıq aydın ağır və xüsusilə ağır cinayətdə ittihamlar etmişlər. Bununla əlaqədar öz təsdiqini tamamilə tapmış disk yazısıda mövcuddur və qeyd olunan faktlar ona edilən böhtan, yəni yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən böhtanlar, həmçinin onu nüfuzdan salan böhtanlar və onu açıq aydın ağır və xüsusilə ağır cinayətdə edilən ittihamlar da öz əksini tapmışdır. Həmin diski sübut kimi baxılması üçün məhkəməyə təqdim edir. Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 147.2-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma— iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 148-ci maddəsinə görə təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 şikayətin məzmununa uyğun ifadə verərək xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi və məhkəmə baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Arzu Musayeva verilmiş suala cavab olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verdiyi şəxslərin qeydiyyat və yaşayış ünvanları barədə heç bir məlumata malik olmadığını bildirdi. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin məhkəmənin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayətə əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, ilkin olaraq aşağıda sadalananlara əsasən məhkəmə hesab edir ki, şikayət Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun deyildir, həmçinin şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsi mümkün deyildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Cinayət-Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən Xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zəzər çəkmiş şəxsin şikayəti əsasında Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirlən şəxslə barışdıqda ona xitam verilir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli Qərarının 11-ci bəndində göstərilir ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrində göstərilən yuxarıda sadalananlar göstərilməlidir. Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə Məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlanılmalıdır. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikasının əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda, 302.1.7-ci maddəsinə əsasən isə şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Cinayət mühakimə icraatında tərəflərin çəkişmə prinsipi cinayət mühakimə icraatında ittiham və müdafiə tərəfinin çəkişməsi əsasında həyata keçirilməsini nəzərdə tutmaqla hər bir tərəfin məhkəmədə təmsil olunmasını və məhkəmədə öz mövqeyini müdafiə etmək üçün bərabər hüquqlara və imkanlara malik olmalarını ehtiva edir. Bu prinsipə görə ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyatini, cinayəti tərətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübüt edir, müdafiə tərəfi isə əksinə cinayət təqibi ilə bağlı iərəli sürülmüş ittihamı təkzib edir və ya CPM-də təsbit edilmiş digər funksiyaları yerinə yetirir. Göründüyü kimi xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Arzu Musayevanın xüsusi ittiham qaydasında şikayətinin məhkəmənin hazırlıq iclasında yoxlanılması zamanı şikayətin məzmununun Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Belə ki, məhkəməyə daxil olan materiallarda şikayətin ərizəsinin məzmununda adları qeyd olunan şəxslərin həqiqətən də şikayət edən şəxsə böhtan atmasını (yəni, yalan olduğunu bilə-bilə, hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma), təhqir etməsini (yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma ) təsdiq edəcək hər hansı mötəbər sübutlar şikayətə əlavə olunmamış, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edilməsi qeyd olunmamışdır. Əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prossesual qanuna uyğun olaraq şikayət ərizəsində qeyd edilən əməlin kimlər tərəfindən törədilməsi haqqında məlumatlar (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) qeyd olunmamış, şikayət ərizəsinin “xahiş etdim” hissəsində X11, X14 və X3 Cinayət Məcəlləsinin konkret olaraq hansı maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi qeyd edilməmişdir. Ərizənin sonunda tarix yerində xx.xx.1980-cı il qeyd edilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, qeyd olunanlara əsasən xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293-cü, 302-ci və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X11, X14 və X3 qanuna müvafiq olaraq azadlıqdan məhrumetmə ilə bağlı cəza təyin edilməsinə dair X6 tərəfindən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Sumqayıt şəhər məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar