Məhkəmə qərarları › İş №1(060)-382/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-382/2025

05.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-382/2025 05.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1990-cı ildə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsili, subay, məhkumluğu olan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2a yaşayan barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə olan metamfetamini xeyli miqdarda əldə edib özündə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 0,342 qram çəkidə qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə “heroin” əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt ŞPİ-nin Cinayət Axtarış Şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında 14 fevral 2025-ci il tarixdə saat 17:05-də həmin şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Corat qəsəbəsi, Nəsimi küçəsi, Şorun üstü adlanan ərazidə piyada hərəkətdə olan zaman saxlanılaraq orada üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cinində saxladığı sarı rəngli dəmir qutunun içərisindən həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 13 yaşlı azyaşlı övladı var, lakin övladı anasının himayəsindədir. O, narkotik vasitə olan marixuanadan, heroindən, psixotrop maddə olan metamfetamindən 4-5 ildir ki, müxtəlif üsullarla, o cümlədən inyeksiya yolu ilə istifadə etmişdir. Saxlanılarkən evdə olmuşdur. Belə ki, onu kirayədə yaşadığı evdə tutmuşlar, həmin vaxt o, narkotik vasitə heroindən iynə vurmaq üsulu ilə istifadə etmişdir. 14 fevral 2025-ci il tarixdə dəqiq saatı xatırlamır, Narkotiki istfadə edib qurtardıqdan dərhal sonra onu polis əməkdaşları tutmuşlar. Lakin, həmin vaxt üzərində narkotik olmamış, olanları istifadə etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitə və psixotrop maddələrdən gün ərzində 2 dəfə olmaqla, ayda təxminən 60 dəfə inyeksiya üsulu ilə istifadə etmişdir. Belə ki, restoran və kafelərdə ofisiant işləməklə əldə etdiyi qazancla narkotik əldə etmişdir. Qeyd edir ki, Fikrət adlı şəxsi tanımış, o, həmin şəxsin evində saxlanılmamışdan 4-5 ay öncəyədək kirayədə yaşamışdır. Fikrət narkotik vasitə istifadəçisi olmuşdur. Saxlandığı gün Fikrət də Polis əməkdaşları tərəfindən tutulmuş, sonuncunun üzərindən narkotik vasitə aşkar edilsə də, onu PB-dən buraxmışlar. Qeyd edir ki, Fikrətin evində yaşadığı müddətdə sonuncu ona dəfələrlə narkotik vasitə təşkil etmiş və birlikdə həmin narkotikdən istifadə etmişlər. Fikrət bu müddət ərzində ona təmənnasız olaraq təxminən 25-30 dəfə narkotik vasitə təşkil etmişdir. Fikrətə narkotikə görə pul verməmişdir. Corat qəsəbəsində narkotik istifadəçisi çox olduğundan Fikrət həmin şəxslərdən narkotik vasitə əldə etmişdir. Qeyd edir ki, tutulduğu gün inyeksiya üsulu istifadə etdiyi heroini Corat qəsəbəsində yaşayan Anar adlı şəxsdən almışdır. Bildiyi qədərilə Anar da artıq tutulmuşdur. PB-də olarkən o, hüquqlarının müdafiəsi üçün vəkillə təmin edilmiş, vəkillə təklidə ünsiyyətdə olmuşdur. Saxlanılarkən və PB-də olarkən ona qarşı polis əməkdaşları tərəfindəın hər hansı fiziki və ya psixi zorakılıq edilməmiş, döyülməmişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs sərbəst ifadə verdikdən o cümlədən verilmiş suallara cavab verdikdən sonra əvvəllər verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadələrin müəyyən hissələri arasında ziddiyyətlər olduğu nəzərə alınaraq ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə gecə saatlarında narkotik vasitə almaq üçün Corat qəsəbəsi ərazisində gəzən zaman təsadüfən rastlaşdığı, əvvəllər tanıdığı Fikrət adlı şəxslə görüşmüş, Fikrət onun narkotik vasitə alüdəçisi olduğunu bilmişdir. O, Fikrətdən ona narkotik vasitə olan “heroin” verməsini xahiş etmiş, sonuncu da ona istifadə etmək məqsədi ilə 20 manat pul müqabilində 01 ədəd bükümdə narkotik vasitə “heroin” vermiş, həmin heroini əynində olan qara rəngli cins şalvarının sol yan cibində olan sarı rəngli dəmir qutunun içərisinə yerləşdirib evə getmişdir. Həmin gün saat 17:05 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, Şorun üstü adlanan ərazidə piyada hərəkət edən zaman biri qadın olmaqla 4 nəfər mülki geyimli şəxslər küçədə ona yaxınlaşıb onu yaxalamış, özlərini təqdim edib polis əməkdaşları olduqlarını deyib, ona nədə şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşlarından biri tutulduğu andan əlində mobil telefon vasitəsi ilə videoçəkiliş aparmış, ona hüquq və vəzifələrini izah edib, üstünü yoxlayacaqlarını bildirmişlər. O, etiraz etməmiş, ona üzərində qanunla qadağan olunmuş hər hansı narkotik vasitə, yaxud psixotrop maddə olub-olmadığını soruşmuş, o, üzərində narkotik vasitə olan “heroin” bükümü olduğunu deyib əynində olan qara rəngli cins şalvarın sol yan cibindən sarı rəngli dəmir qutunu çıxarıb təqdim etmişdir. Dəmir qutunu açdıqda içərisində balaca kəsik pambıq, 01 ədəd sınıq ampula və qara rəngli sellofan kəsiyinə bükülmüş vəziyyətdə 01 ədəd bükümdə olan kütlə aşkar olunmuşdur. Sonra qadın polis əməkdaşı tərəfindən üst-başı yoxlanılış, əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 01 ədəd 1 mllik birdəfəlik şpris və əynindəki qırmızı rəngli qış gödəkçəsinin sol yan cibindən 01 qutu “limon duzu” aşkar olunmuş, əlavə olaraq üzərindən heç bir əşya, yaxud, predmet aşkar olunmamışdır. Həmin bükümdə olan maddə büküldüyü sellofan kəsiyi ilə birlikdə elektron tərəzidə çəkilmişdir. Çəkiliş mobil telefon vasitəsi ilə aparıldığı üçün çəklişi aparan polis əməkdaşı çəkilişin texniki səbəbdən dayanacağını demiş, yenidən texniki nazasızlıq aradan qaldırılaraq dayandığı yerdən davam etmişdir. Üzərindən aşkar olunan bütün əşya və predmetlər xüsusi qaydada qablaşdırılmışdır. Video çəkliş dayandırılmışdır. Əməliyyat müvəkkilləri onu müvafiq sənədləşmə aparılması üçün onu birbaşa Sumqayıt ŞPİ-nə aparmışlar. Pİ-də xidməti otaqların birində hüquqlarının müdafiəsi məqsədi ilə ona vəkil təyin edilmiş, vəkilin iştirakı ilə yenidən video çəkilişlə üzərindən aşkar olunaraq götürülmüş zərfə baxış keçirilmişdir. Təhqiqatçı hüquq və vəzifələri barədə bildirişi ona təqdim etikdən sonra o, bildirişlə tanış olub imzalamışdır. Sonra qadın polis əməkdaşı yenidən üzərinə şəxsi axtarış keçirmiş, lakin üzərindən əlavə heç bir predmet aşkar olunmamışdır. Üzəri möhürlənmiş həmin bağlama MEM-ə göndərilməsi üçün götürülmüşdür. Saxlanılarkən və Pİ-də olarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı psixi və ya fiziki zor tətbiq edilməmişdir. Saxlanılarkən üzərində mobil telefon olmamışdır. Narkotik vasitəni aldığı Fikrət adlı şəxs təxminən 30-35 yaşlarında, orta bədən quruluşlu, balaca boylu, üzü saqqalı olmuşdur. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olduğunu, bir daha narkotik vasitələrdən və ya psixotrop maddələrdən istifadə etməyəcəyinə söz verərək barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün dolayısı ilə etirafedici ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Sumqayıt ŞPİ-nin Cinayət Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, bu səbəbdən əməliyyat qrupu yaradılmışdır. Belə ki, 14 fevral 2025-ci il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs ola biləcəyi yerdə, yəni, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Nəsimi küçəsində yaşadığı ünvanın yaxınlığında “pusqu” qurulmuş, ətraf ərazini müşahidə altına götürmüşlər. Saat 17:05 radələrində onlar Muradovanın yaxınlaşdığını görüb fasiləsiz video çəkiliş aparmaqla onu saxlamışlar. O, özünü təqdim edərək Nahidəyə nədə şübhəli olduğunu bildirmiş, ona hüquq və vəzifələrini izah etmiş, üst-başını yoxlayacaqlarını bildirmişlər. O, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya, predmet, yaxud, narkotik vasitə varsa təqdim etməsini təklif etmiş, sonuncu üzərində narkotik vasitə bükümü olduğunu bildirib əynində olan şalvarının cibindən 01 ədəd dəmir qutunu çıxarıb təqdim etmişdir. Qutu açıldıqda xatırladığı qədərilə içərisində 01 ədəd sınıq ampul, pambıq kəsiyi və 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. Sonra qadın polis əməkdaşı tərəfindən Muradovanın üst-başı yoxlanılmış, şalvarının cibindən 01 ədəd 1 ml-lik birdəfəlik şpris və 01 qutu “limon duzu” aşkar olunmuşdur. Axtarış davam etdirilsə də, Muradovanın üzərindən başqa heç bir əşya və ya predmet aşkar olunmamışdır. Aşkar olunmuş büküm elektron tərəzidə çəkilmiş, çəkisi müəyyən edilmişdir. Sonra həmin büküm, limon duzu qutusu, şpris və sınıq ampul qablaşdırılaraq götürülmüşdür. Sonrakı prossesual sənədləşmənin aparılması məqsədi ilə video çəkiliş dayandırılaraq Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nə gətirilmiş, xidməti otaqlardan birində təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini bir daha izah etməklə, hüquqlarını müdafiə etməsi məqsədi ilə vəkil təqdim edilmişdir. Vəkilin iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Çəkilişdə iştirak edən qadın polis əməkdaşı tərəfindən şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş, lakin sonuncunun üzərindən qanunla qadağan olunmuş hər hansı predmet aşkar olunmamışdır. Daha sonra təhqiqatçı onun tərəfindən şübhəli şəxs Muradovanın üzərindən aşkar olunaraq götürülmüş bağlamanı Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsi üçün götürmüşdür. Təqsirləndirilən şəxs saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki təziqə və ya işgəncəyə məruz qalmamışdır. Məhkəmə iclasında Şahid1 ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən Nahidə Muradavoya qarşı heç bir təhdid edilməmişdir. Sonuncu saxlanılarkən özü üzərində olan narkotik vasitəni könüllü olaraq onlara təqdim etmiş, o da təqdim edilmiş narkortik vasitəni qanunamüvafiq qaydada videoçəkilişlə qablaşdıraraq götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin İTŞ-nın YYÇ-nın PİTB-nın inspektoru, polis leytenantı Şahid2 şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq edərək analoji ifadə vermişdilər. Məhkəmə iclasında tərəflərin fikri dinlənildikdən sonra ibtidai istintaq zamanı şahid qismində dindirilmiş kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid4 və kiçik əməliyyat müvəkkili və polis serjantı Şahid3 ifadələri elan edilərək tədqiq edilmiş, müəyyən edilmişdir ki, həmin şəxslər də ibtidai istintaq zamanı Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadələr vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 15 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış (saat 17:00) və icraata qəbul edilməklə istintaqı aparılmışdır. (i.v.1); “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 14 fevral 2025-ci il tarixdə, saat 17:05 radələrində Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.20); 16 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 65-66); “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 14 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır. (i.v.75-78); Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-39/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs 14 fevral 2025-ci il tarixdən hesablanmaqla barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v.86-88); “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması” haqqında 14 fevral 2025-ci il tarixli protokoldan görünür ki, baxış zamanı həmin tarixdə saat 17:05-dən saat 17:18-dək olan müddət ərzində Sumqayıt ŞPİ-nin Cinayət Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, Sumqayıt ŞPİ-nin İTŞ-nın YYÇnin PİTB-nın inspektoru, polis leytenantı Şahid2, kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid4 və video çəkilişi aparan CAŞ-ın kiçik əməliyyat müvəkkili, polis serjantı Samid Mehdiyevnin iştirakları ilə Təqsirləndirilən şəxs həmin şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 4 ünvanın yaxınlığında piyada hərəkətdə olarkən saxlanılması və orada üstünün yoxlanılması müəyyən olunur. Çəkiliş baş əməliyyat müvəkkili Şahid1 çıxışı ilə başlayır. Şahid1 özünü təqdim edəndən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs sonra polis əməkdaşları özlərini təqdim edirlər. Şahid1 şübhəli şəxsə saxlanılma səbəbini izah edir. Bundan sonra Şahid1 Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet vardırsa könüllü təqdim etməsini təklif edir, sonuncu əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd sarı rəngli dəmir qutunu çıxardıb əməliyyat müvəkkilinə təqdim edir, həmin dəmir qutu açıldıqda içərisində qara rəngli sellofan kəsiyinə bükülm üş vəziyyətdə 01 ədəd bükümdə içərisində narkotik vasitə heroinə bənzər kütlə, balaca pambıq kəsiyi və 01 ədəd sınıq ampula aşkar olunur. Təqsirləndirilən şəxs üstü qadın polis əməkdaşı Aslanova tərəfindən yoxlanılır, Muradovanın əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 01 ədəd 1 ml-lik birdəfəlik şpris və əynindəki qırmızı rəngli qış gödəkçəsinin sol yan cibindən 01 qutu limon duzu aşkar olunur, sonrakı yoxlama zamanı onun üzərindən əlavə heç bir əşya, predmet aşkar olunmur. Şahid1 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş sarı rəngli dəmir qutunun içərisindəki qara rəngli bükümdəki kütləni, büküldüyü sellofan kəsiyi ilə birlikdə elektron tərəzidə çəkisini ölçüldükdə çəkisinin 0,34 qram, 01 qutu limon duzuna bənzər kütləni qutu ilə birlikdə ölçdükdə çəkisinin 11,86 qram olması müəyyən edilir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş içərisində narkotik vasitə heroinə bənzər kütlə olan 01 ədəd qara rəngli büküm, 01 qutu limon duzuna bənzər maddə, 01 ədəd 1 ml-lik birdəfəlik şpris və 01 ədəd sınıq ampula məhkəmə ekspertiza mərkəzinə göndərilməsi üçün zərfə qoyaraq qablaşdırır, qablaşdırılmış zərfin üstü DİN-in 124 nömrəli möhürü ilə möhürlənir. Təqsirləndirilən şəxs sualları cavablandıraraq üzərindən aşkar olunan narkotik vasitəni gecə, səhərə yaxın 2 ildən çox tanıdığı Corat qəsəbə sakini, Fikrət adlı şəxsdən öz şəxsi istifadəsi üçün 20 manata aldığını bildirir. Bundan sonra video çəkiliş dayandırılır. (i.v. 8-9) “Şəxsi axtarış keçirilməsi və təqdim olunan əşyaların götürülməsi” protokolda qeyd edilənlər “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması” haqqında 14 fevral 2025-ci il tarixli protokolda göstərilənlərlə eyni məzmun təşkil etmişdir. (i.v. 28-29) ƏN MEM-nin 6/705 nömrəli məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N “124” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunan Heroinə bənzər kütlə; S.Qənbərov “imza” və digər ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 ədəd qara rəngli siqaret kəsiyinə bükülmüş təmiz çəkisi 0,342 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd, Heroinin təmiz çəkisi 0,342 qram, təhqiqata sərf edildi 0,100 qram, qalıq 0,242 qram. (i.v. 39-45); AR Səhiyyə Nazirliyi Respublika X3 Hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə 2174 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. O, xx.xx.2024-cü il tarixindən Sumqayıt şəhər Narkoloji Dispanserində “F19.2” diaqnozu ilə dispanser qeydiyyatındadır. (i.v.138-139) Məhkəmə istintaqı zamanı tədqiq edilən disklərə baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitə daşıyaraq üzərində saxlaması öz təsdiqini tapmışdır. DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 10 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasını çəkib qurtarmışdır. (i.v. 169-170, i.v. 124-131); CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2003-cü il tarixli Plenum qərarının 7ci bəndinə görə cinayət Məcəlləsinin 18.1-ci maddəsində cinayətlərin residivi əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi kimi təsbit edildiyindən, residivin müəyyən olunması zamanı şəxsin əvvəllər məhkum olunub-olunmaması, olunubsa, məhkumluğunun ödənilibödənilməməsi və yaxud götürülüb-götürülməməsi yoxlanılmalı, Cinayət Məcəlləsinin 83cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və yaxud ödənilmiş məhkumluqlar, habelə böyük ictimai təhlükə törətməyən (istər əvvəl, istər yeni törədilmiş) cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar isə Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayətlərin residivini yaradan hallar kimi nəzərə alınmamalıdır. Odur ki, hazırkı cinayət işi üzrə CM-nin 18.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması nəzərə alınmamalıdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, məhkəməkimyəvi ekspertizasının və məhkəmə-narkoloji ekspertizasının rəyi sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 0,342 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış, kimyəvi tədqiqatlardan sonra qalıq qalmış 0,242 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış, Sumqayıt ŞPİnin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, sonuncunun barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, 02 ədəd “DVD-R” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v.141-151); Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun dolayısı ilə etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək, 4-5 ildir narkotik vasitə istifadə etdiyini, saxlanılarkən özündə olan heroini inyeksiya etməklə artıq istifadə etdiyini, lakin polis əməkdaşları tərəfindən tutularkən üzərində narkotik vasitə olmaması barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o, məsuliyyətdən boyun qaçırmaq məqsədilə bu məzmunda ifadə vermişdir. İfadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini ittihamda göstərildiyi qaydada törətməsi məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri, ekspert rəyi ilə təsdiq edilir. Onun məhkəmə istintaqında göstərdiyi hallar araşdırılsa da, öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində əməlini etiraf etmiş, iş materiallarında olan digər sübutlarla ziddiyyət təşkil etməyən, işin hallarına uyğun ifadə vermişdir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, bu məzmunda ifadə vermək Təqsirləndirilən şəxs kimi qanunla ona verilmiş hüquqlarından istifadə etməklə seçdiyi müdafiə vasitəsidir və o, bununla məsuliyyətdən yayınmağa cəhd etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində xx.xx.2025-ci il tarixdə saxlanılmamışdan öncə atıq özündə olan narkotik vasitəni istifadə etdiyini bildirmişdir. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs özünün qeyd etdiyi kimi polis əməkdaşları tərəfindən saxlanılarkən narkotik vasitənin təsiri altında olmasını nəzərə alaraq onun sonradan hadisənin baş vermə mexanizmini unutmasını istisa etmir. Bundan başqa, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən və Pİ-nə gətirilərkən ona qarşı hər hansı fiziki və ya psixi zor tətbiq edilməmiş, döyülməmişdir. Bu səbədən məhkəmə həmin ifadələri səmimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs ibtidai isatintaq zamanı müdaifəçi ilə təmin edilmiş, Pİ-də şəxsi axtarış keçirilməmişdən öncə vəkilin onunla konfidensial ünsiyyət saxlaması üçün imkan yaradılmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərində məhz saxlanılarkən narkotik vasitənin olmaması barədə verdiyi ifadəsi özünün uydurma mexanizm əsasında qurduğu təxəyyülünün məhsuludur. Halbuki o, məhkəmə iclasında sərbəst ifadə verməmişdən öncə özünü elan edilmiş ittihamla təqsirli bildiyini, son sözündə isə əməlindən səmimi peşman olduğunu, bir daha narkotik vasitədən istifadə etməyəcəyinə söz vermişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi hər bir hal məhkəmə tərəfindən yoxlanılsa da, öz təsdiqini tapmamışdır. CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 5-ci bəndinə narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan başa çatmış hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il tarixli 28 iyun tarixli Qanunun 1.0.8-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair, 1.0.9-cu maddəsində qanunsuz əldə edilməsinin izahları verilmişdir. Saxlama - bu həmin maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarın görə siyahıya” əsasən heroinin 0.15 qram daxil olmaqla yuxarı hədləri şəxsi istehlak miqdarından artıq miqdar hesab edilir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlindən peşman olmasını, bir azyaşlı övladının olmasını CM-nin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, cəza cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olmalı, əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi həmin şəxsdə qəsdən cinayət törədilmənin vərdişə çevirilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da həmin şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyinə və onun şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətməklə, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmişdir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinin miqdarını, əvvəllər də CMnin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində məhkəmənin hökmü ilə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsinə baxmayaraq, islah olmamasını, məhkumluğu ödənilmədiyi müddətdə yenidən eyni kateqoriyalı cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halı, məsuliyyəti ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəza təyin etməyi qanuni və ədalətli hesab edir və beləliklə cəzanın məqsədlərinə çatmaq mümkündür. Məhkəmənin cəza təyin edərkən cəzanın həm də ümumi xəbərdarlıq (başqa şəxslər tərəfindən cinayətin törədilməsinin qarşısının alınması) məqsədinə xidmət etməsi faktını da nəzərə alır. Belə ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs yüngül həddə cəzanın təyin edilməsi cəzanın xəbərdarlıq təsirinin bu qəbildən olan şəxslər üzərindəki effektivliyini azaldacaq, cəzanın həmin şəxsləri cinayətdən çəkindirmək hədəsinə xələl gətirəcəkdir. Qeyd olunan hədəf qrupu isə sadə vətəndaşlardır. Cəzanın ümumi xəbərdarlıq təsirinin bu qəbildən olan şəxslər üzərində zəifləməsi isə, təkcə cinayətkarlıqla mübarizə üçün deyil, həmçinin milli və dövlət maraqları üçün də təhlükəlidir. Təqsirləndirilən şəxs CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 14 fevral 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən xaslanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və onun xx.xx.2024-cü il tarixindən Sumqayıt şəhər Narkoloji Dispanserində “F19.2” diaqnozu ilə dispanser qeydiyyatında olması nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 10 iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından vəkil Müdafiəçi 110 (bir yüz on) manat məbləğində pul ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin məcəllənin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 14 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və onun xx.xx.2024-cü il tarixindən Sumqayıt şəhər Narkoloji Dispanserində “F19.2” diaqnozu ilə dispanser qeydiyyatında olması nəzərə alınsın. Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE**********000208850Regional hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, qalıq çəkisi 0,242 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video görüntünü əks etdirən 02 (iki) ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 110 (bir yüz on) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs təqdim edildiyi andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar