Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-383/2022 23.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakı ilə, 10.08.1993-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 27, mənzil 56-da qeydiyyatda olan, Sumqayıt şəhəri, Xəzər bağları yaşayış massivi fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 21 oktyabr 2021-cı il tarixdə, saat 22:20 radələrində Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən “Dörd qardaş” restoranının yanında Zərərçəkmiş şəxs ünvanına söyüş söyməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı sifət nahiyəsindən yumruqla vuraraq sol almacıq qövsünün yerdəyişən sınığı ilə müşayiət olunmuş, sol almacıq nahiyyəsinin qançır şişkinliyi, alt dodağın selikli qişasının səthi əzilmiş-cırılmış yarası və qansızması, sağ bazunun qançırı kimi zərərçəkmiş şəxsin həyatı üçün təklükəli olmayan və bu Məcəllənin 126-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərərvurmaya aid xəsarət yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, 21 oktyabr 2021-ci il tarixdə, saat 20 radələrində tanışı Sənana məxsus “Hyundai Elantra” markalı avtomobili ondan götürmüşdür ki, Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivində yaşayan nənəsigilə gedib ona baş çəksinlər. Anası Dürdanə və qardaşı Pərvin də onunla birlikdə olmuşdur. Nənəsigildə bir qədər oturduqdan sonra geri qayıtmışlar. Saat 22:20 radələrində Sumqayıt şəhəri, 6-cı mikrorayonda yerləşən “Dörd Qardaş” restoranı istiqamətində hərəkətdə olduğu zaman ondan irəlidə bir nəfər şəxsin velosipedlə hərəkətdə olduğunu görüb onu ötüb keçmək qərarına gəlmiş və ötüb keçən zaman həmin şəxsə “cənab Prezident velosiped üçün və piyadalar üçün yol ayırıb, öz yolunla hərəkət et” deyəndə həmin şəxs “mən heç kimi hərləmirəm” demişdir. Ona əhəmiyyət verməyib öz yoluna davam etmiş, bir qədər irəlidə işıqforun qırmızı işığında avtomobili dayandırmışdır. Arxasınca gələn həmin velosipedi idarə edən, sonradan adının Anar olduğunu bildiyi şəxs avtomobilin şüşəsini döyüb ondan şüşəni aşağı salmasını xahiş edəndən sonra o, şüşəni aşağı salmış və nə istədiyini soruşmuşdur. Anar bundan sonra “o boyda erməni başı kəsmişəm” deyəndə, ona avtomobildə anasının olduğunu və çıxıb getməsini demişdir. Anar yenidən ona “sənə bayaq da dedim, indi də deyirəm ki, heç kimi hərləmirəm” demişdir. O, yenə Anara əhəmiyyət verməmiş və çıxıb getməsini demişdir. Lakin Anar ona “ağıllı ol başın qaçmasın” deyəndə əsəbləşib avtomobildən düşmüş və təkrarən çıxıb getməsini demişdir. Bu zaman Anar sinəsindən tutub onu küçə söyüşləri ilə söyməyə başlamış, o, əsəblərini cilovlaya bilməyib Anarın sinəsindən tutub onu kənara itələmiş və nəticədə Anar yerə yıxılmışdır. Həmin vaxt qardaşı və anası da avtomobildən düşmüşlər ki, onları sakitləşdirsinlər. Lakin Anar söyüş söyməkdə davam etmişdir. O, ayağı ilə həmin şəxsə badalaq ataraq yerə yıxmışdır. Lakin Anar yenə də söyüş söyməkdə davam etdiyindən sifətinə yumruqla zərbə vurmuşdur. Daha sonra ətrafda olan tanımadığı şəxslər, qardaşı və anası onları ayırmışlar. Bundan sonra onlar avtomobilə əyləşib çıxıb getmək istəyən zaman Anar velosipedini götürüb avtomobilin qabağına qoymuşdur ki, hərəkət edə bilməsinlər. Anası avtomobildən düşüb velosipedi kənara çəkmişdir. Sonra Anar özü avtomobilin qabağında oturmuş və öz mobil telefonu ilə avtomobilin şəklini çəkmişdir. Ətrafda olan şəxslər Anarı yerindən qaldırıb kənara çəkmişlər. Onlar da həmin yerdən uzaqlaşmışlar. Hadisə 21 oktyabr 2021-ci il tarixdə, saat təxminən 22:20–də Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən “Dörd qardaş” restoranının yanında baş vermişdir. Hadisə zamanı orada o, qardaşı Pərvin, anası və tanımadığı şəxslər olmuşdur. Mübahisə təxminən 3-4 dəqiqə davam etmişdir. Mübahisənin səbəbi Anarın ona yol verməyib, daha sonra ünvanına nalayiq küçə söyüşləri söyməsi olmuşdur. Pərvin mübahisə zamanı Anara xəsarət yetirməmiş, əksinə onları ayırmışdır. Anara yalnız o, xəsarət yetirmişdir. Əməlindən peşimandır, zərərçəkmiş şəxslə barışmışdır. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, zərərçəkmiş şəxslə barışmışdır. Özünü təqsirli bilir. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, 21 oktyabr 2021-ci il tarixdə, saat 22:20 radələrində özünə məxsus velosipedlə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən “Dörd qardaş” restoranının yanı ilə “Göyərçin” parkı istiqamətində hərəkətdə olarkən, işıqfora çatmamış arxadan gələn avtomobilin sürücüsünün siqnal verdiyini eşitmişdir. Daha sonra həmin avtomobilin sürücüsü avtomobili onun yanında saxlamış, onunla kobud danışmağa, daha sonra isə onu nalayiq küçə söyüşləri ilə söyməyə başlamışdır. Söyüş söydüyündən o da onun cavabını qaytarmışdır. Bundan sonra sürücü, sonradan adının Mahir olduğunu bildiyi şəxs avtomobildən düşərək onun yaxasından tutub dartışdırmağa başlamışdır. Avtomobildən qabaq oturacaqdan düşən digər bir cavan oğlan, sonradan adının Pərvin olduğunu bildiyi şəxs isə idarə etdiyi velosipedə təpik zərbəsi vurmuşdur. Nəticədə o, velosipeddən düşmüş, Mahir onun yaxasından tutub sifətinə yumruqla zərbə vuraraq onu səkiyə tərəf dartmışdır. Mahirin yanında olan Pərvin də sifətinə yumruq zərbəsi vurmuş və nəticədə o, yerə yıxılmışdır. Daha sonra Mahirin idarə etdiyi avtomobildən düşən bir nəfər yaşlı qadın da onu söyməyə başlamışdır. Səsküyə toplaşan tanımadığı şəxslər onu onların əlindən almışlar. O, ayağa qalxıb velosipedini Mahirin idarə etdiyi avtomobilin qabağına qoymuşdur ki, heç yerə getməsinlər və niyə onu döydüklərini, eyni zamanda velosipedini düzəltmələrini deyərək avtomobilin qabağında əyləşmişdir. Avtomobildən düşən qadın velosipedi götürüb kənara atmış və sonra onlar çıxıb getmişlər. Özünə məxsus mobil telefonla avtomobilin arxa hissəsində olan qeydiyyat nişanını, yəni **-BV-*** nömrəsini çəkmişdir. Ətrafda olan şəxslər onu yolun kənarına aparmışlar. Hadisə 21 oktyabr 2021-cı il tarixdə, saat 22:20 radələrində Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən “Dörd qardaş” restoranının yanında baş vermişdir. Mübahisənin səbəbi Mahirin heç bir səbəb olmadan onu nalayiq küçə söyüşləri ilə söyməsi olmuşdur. Hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, təqsirləndirilən şəxslə barışmışdır. Ona qarşı şikayəti və tələbi yoxdur. Onun barəsində olan işə xitam verilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB X3 29.10.21-ci il tarixli, 1425 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs sol almacıq qövsünün yerdəyişən sınığı ilə müşayiət olunmuş, sol almacıq nahiyyəsinin qançırşişkinliyi, alt dodağın selikli qişasının səthi əzilmiş-cırılmış yarası və qansızması, sağ bazunun qançırı xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən yaranmışdırlar, onun tibbi yardıma müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən 21.10.2021-ci il tarixda əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aiddir.(i.v. 31-33) İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 24.12.2021-ci il tarixli tələbnamədən və Nəsimi rayon məhkəməsinin 21.12.2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi rayon Məhkəməsinin 21.12.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il, 06 ay, 10 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir və məhkumluğu ödənilməmişdir. (i.v. 54-55) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 129) Sumqayıt ŞPİ-nin “Təhlükəsiz Şəhər” Xidmətinin Sumqayıt şəhəri, S.Vurğun küçəsində quraşdırılmış videogörüntü kamerasında qeydə alınmış görüntülərin köçürüldüyü 01 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir.(i.v.130-136) Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, əməlindən peşman olmasını, və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.1.1, 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 8 (səkkiz) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 48 (qırx səkkiz) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından 48 (qırx səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin 1 saylı Sumqayıt filialında olan hesabına köçürülsün. («Kapital Bank» 1 saylı Sumqayıt filialı hesab AZ50AİİB400600C**********214 VÖEN **********) Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM Azər İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-383/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-383/2022
23.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver