Məhkəmə qərarları › İş №1(060)-383/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-383/2023

12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-383/2023 12.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1978-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Sumqayıt şəhəri 17-ci mikrorayon, ev 54, mənzil 16-da qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi fərdi evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq, 11 (on bir) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,065 qram, 0,024 qram, 0,032 qram, 0,033 qram, 0,031 qram, 0,022 qram, 0,028 qram, 0,026 qram, 0,021qram, 0,025 qram, 0,020 qram birlikdə ümumi təmiz çəkisi 0,327 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin və digər 5(beş) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,026 qram, 0,026 qram, 0,038 qram, 0,022 qram, 0,021 qram birlikdə ümumi təmiz çəkisi 0,133 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini satış məqsədi ilə əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə saat 15:00-da Sumqayıt şəhəri, Corat qəsəbəsi, Həsənağa Salayev küçəsi ərazisində yerləşən “Hikmət” marketin yaxınlığında saxlanılıb Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirildikdən sonra, xidməti otaqların birində üzərində şəxsi axtarış aparılarkən, onun əynində olan göy rəngli gödəkçənin sol yan cibindən ağ rəngli, “FİNE” markalı siqaret qutusunun içərisində, 10 ədəd siqaret kağızına bükülmüş halda, 1 ədəd ödəniş çeki kağızına bükülmüş halda 11 büküm görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan, ayrı-ayrılıqda təmiz çəkiləri 0,065 qram, 0,024 qram, 0,032 qram, 0,033 qram, 0,031 qram, 0,022 qram, 0,028 qram, 0,026 qram, 0,021qram, 0,025 qram, 0,020 qram birlikdə ümumi təmiz çəkisi 0,327 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroini və 5 (beş) ədəd siqaret kağızma bükülmüş halda görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan, ayrı-ayrılıqda təmiz çəkiləri 0,026 qram, 0,026 qram, 0,038 qram, 0,022 qram, 0,021 qram, birlikdə ümumi təmiz çəkisi 0,133 qram kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, taksi fəaliyyəti ilə məşğuldur. Eyni zamanda 15 ildir narkotik vasitə və psixatrop maddə istifadəçisi olduğunu qeyd edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 15:00 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, “Hikmət” marketin yaxınlığında gəzərkən 2 (iki) nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşı, yəni Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nin əməkdaşları olduqlarını, onu narkotik vasitələrin qəbulunda, üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün saxladıqlarını bildirib, üzərinə şəxsi axtarış keçirilməsi məqsədi ilə onu Sumqayıt şəhəri Pİ-nin 1-ci PBnə dəvət etmişlər. O, etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə 1-ci PB-nə getmiş, Bölmədə olarkən xidməti otaqların birində hansı səbəbdən saxlanıldığı ona bildirilməklə yanaşı hüquq və vəzifələrinin izahı barədə bildiriş ona təqdim edilmiş, hüquqlarının müdafiəsi üçün vəkil seçməsi məqsədi ilə Şimal Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim olunmuşdur. O, hüquqlarının vəkil siyahısında adı olan X2 tərəfindən müdafiə olunmasını istədiyini bildirmiş, vəkil X2 təmin olunduqdan sonra onun icazəsi və vəkilin iştirakı ilə video çəkilişlə onun üzərinə şəxsi axtarış başlanılmışdır. Öncə təhqiqatçı polis mayoru Faiq Mirzəyev özünü təqdim etdikdən sonra o, özünü təqdim etmişdir. Bundan sonra onu saxlayıb polis bölməsinə gətirən və şəxsi axtarışda iştirak edən polis əməkdaşları özlərini təqdim etmişlər. Təhqiqatçı onun üzərində hər hansı bir narkotik vasitə və ya qanunla qadağan olunmuş maddə vardırsa təqdim etməsini xahiş etmiş, o, əynində olan göy rəngli gödəkçənin sol yan cibində saxlamış olduğu 1 ədəd FİNE markalı siqaret qutusunu təqdim etmiş və qutunun içərisində 16 büküm narkotik vasitə və psixatrop maddə olduğunu bildirmişdir. Həmin siqaret qutusu açılan zaman siqaret qutusunun içərisində saxlamış olduğu 11 ədəd narkotik vasitə heroin və 5 ədəd psixatrop maddə metamfetamin bükümləri aşkar olunmuşdur. O, üzərindən aşkar olunmuş 11 büküm qəhvəyi rəngli maddə kütləsinin “kakos”, yəni narkotik vasitə olan heroin və 5 büküm ağ rəngli kristal şəkilli maddə kütləsinin “şüşə”, yəni psixatrop maddə olan metamfetamin olduğunu, həmin maddələri xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində İnşaatçılar metrosunun yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 50 manata aldığını və üzərində saxladığını bildirmişdir. Həmin vaxt onun üzərindən aşkar olunmuş 11 ədəd narkotik vasitə heroin bükümləri birlikdə elektron tərəziyə qoyulub çəkilən zaman bükümlərin ümumi çəkisinin 1,56 qram, 5 büküm metamfetamin kütləsi isə birlikdə elektron tərəziyə qoyulub çəkilən zaman ümumi çəkisinin 0,54 qram olması müəyyən edilmişdir. Onun üzərindən aşkar olunmuş həmin 16 büküm Azərbaycan Respublikasının ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılmışdır. Həmçinin şəxsi axtarış zamanı onun üzərindən aşkar olunmuş 1 ədəd mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs saxlanılarkən, ona qarşı heç bir psixi və ya fiziki zor tətbiq edilmədiyini, heç bir hüququ pozulmadığını, tutulduğu anadək hər hansı şəxsə narkotik vasitə və ya psixotrop maddə satmadığını bildirmişdir. Təqsirləndirilən şəxs bundan başqa məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq bildirmişdir ki, o üzərində aşkar olunan, növləri yuxarıda qeyd olunan narkotik vasitəni əldə edərkən vahid büküm halında əldə etmiş, sonra onu həmin gün yaşadığı Sumqayıt şəhərində yerləşən mənzilində 11 və 5 ədəd olmaqla gözəyarı olmaqla ayrı-ayrı bükümlərə bölmüş və üzərində saxlayaraq gəzdirdiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ifadəsində narkotik vasitəni müxtəlif vaxtlarda tanıdığı şəxslərlə bir yerdə qəbul etdiyini, onların ehtiyacı olduğu anlarda özündə olan narkotik vasitələrdən həmin şəxslərə verdiyini, əvəzində həmin şəxslərdən heç bir maddi nemət əldə etmədiyini bildirmişdir. Lakin özünün ehtiyacı olduğu halda isə narkotik vasitəni yalnız pulla aldığını, narkotik vasitə verdiyi şəxslərdən heç vaxt ehtiyacı olduğu halda belə narkotik vasitə əldə etmədiyini qeyd etmişdir. Bundan başqa ifadəsində narkotik vasitəni çoxlu sayda bükümlərə bölməklə üzərində daşımaqda məqsədini narkotik qəbuluna ehtiyacı yarandığı və bədənində ağrılar hiss etdiyi zaman asanlıqla istifadə edə bilməsi ilə izah etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, ona qarşı düşmənçilik münasibəti olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi barədə qərəzsiz və etibarlı mənbədən Sumqayıt ŞPİ-nin 1-ci PB-nə əməliyyat məlumatı daxil olmuş, məlumat onun raportu vasitəsi ilə bölmə rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat qrupu təşkil olunmuş və qrupda iştirak etməsi üçün o da, qrupa əlavə edilmişdir. Təqsirləndirilən şəxs ola biləcəyi yerdə, yəni Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisinə gedilmiş və xx.xx.2022-ci il tarixdə saat 15:00-da Təqsirləndirilən şəxs küçə ilə hərəkətdə olan zaman Corat qəsəbəsi, Həsənağa Salayev küçəsi ərazisində yerləşən “Hikmət” marketin yaxınlığında saxlanmışdır. O, eləcə də, digər xidmət yoldaşı özlərini təqdim edərək, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirilməsi, istifadəsi ilə bağlı şübhəli şəxs qismində saxlanıldığını bildirib, sonuncudan, özünü təqdim etməsini xahiş etmişlər. Saxlanılan şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmiş, sonuncuya istintaq hərkətinin keçirilməsi üçün onlarla birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə getməli olduğu, ondan etirazının olub-olmamasını soruşduqda, etirazının olmadığını bildirərək onlarla birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə getmişdir. Sumqayıt şəhər Pİ-nin 1-ci PB-də xidməti otaqlardan birində təhqiqatçı özünü təqdim edərək, hansı səbəbdən saxlanılmasını Təqsirləndirilən şəxs bir daha izah etməklə yanaşı hüquq və vəzifələri barədə bildiriş və eləcə hüquqlarının müdafiəsi məqsədi ilə vəkil seçməsi üçün “Şimal” vəkil bürosunun vəkillərinin siyahısını sonuncuya təqdim etməklə Təqsirləndirilən şəxs hüquqlarının vəkil siyahısında adı olan X2 tərəfindən müdafiə olunmasını istədiyini bildirmiş, vəkillə təmin olunduqdan sonra saxlanılan şəxs Təqsirləndirilən şəxs icazəsi və vəkilin iştirakı ilə video çəkilişlə şəxsi axtarış istintaq hərəkəti başlanılmışdır. Sonra təhqiqatçı şəxsə üzərində hər hansı bir narkotik vasitə və ya digər qanunla istifadəsi qadağan edilmiş əşyalar vardırsa təqdim etməsini xahiş etmiş, Təqsirləndirilən şəxs öz növbəsində əynində olan gödəkçənin sol yan cibindən 1 ədəd siqaret qutusunu çıxardıb təqdim edərək, siqaret qutusunun içərisində 16 büküm olduğunu bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs 1 ədəd qara rəngli sensor ekran mobil telefonu da cibindən çıxardıb təqdim etmişdir. Təhqiqatçı, Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutusunun içərisindəki bükümləri masanın üzərinə boşaldıb saydıqda həmin bükümlərin sayının 16 ədəd olması müəyyən edilmişdir. Təhqiqatçı, həmin bükümlərin 5 ədədinin digər 11 ədəd bükümdən fərqli büküldüyünü bildirib səbəbini soruşduqda, Təqsirləndirilən şəxs həmin bükümlərin 5 bükümünün “şüşə”, yəni psixatrop maddə metamfetamin, 11 bükümünün isə “kakos”, yəni narkotik vasitə heroin olduğunu, bu səbəbdəndə 5 bükümün digər 11 bükümdən fərqli formada bükdüyünü bildirmişdir. Təhqiqatçı tərəfindən, 11 büküm narkotik vasitə heroinə bənzər kütlələr birlikdə elektron tərəzi vasitəsi ilə çəkildikdə, ümumilikdə çəkisi 1,56 qram, 5 büküm psixatrop maddə metamfetaminə bənzər kütlələri elekton tərəzi vasitəsi ilə çəkdikdə isə həmin bükümlərin birlikdə ümumi çəkisinin 0,54 qram olması müəyyən edilmişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qeyd olunan narkotik vasitələri siqaret qutusuna yığıb zərfə qoyaraq qablaşdırmışdır. Həmçinin şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçinin suallarını cavablandıraraq saxlanılarkən polis əməkdaşları tərəfindən heç bir fiziki və ya pisixi təziqə məruz qalmadığını, heç bir hüququ pozulmadığını bildirmişdir. Eləcə də Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd samsung markalı mobil telefon da, zərfə qoyularaq xüsusi qaydada qablaşdırılıb götürülmüş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, ancaq sonuncunun üzərindən əlavə heç bir şey aşkar olunmamışdır. Həmçinin E.Qəhramanov Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixatrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə bir neçə əməliyyat məlumatları daxil olduğunu qeyd etmişdir. Məhkəmədə şahid qismində dindirilən Sumqayıt ŞPİ-nin 1-ci PB-nin kiçik inspektoru, polis serjantı Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə verdilər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 28 dekabr 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 27 dekabr 2022-ci il tarixdə, saat 15:00 dəqiqədə Təqsirləndirilən şəxs Sumqayıt ŞPİnin 1-ci PB-nin təhqiqatçısı, polis mayoru Faiq Mirzəyev tərəfindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 15); 29 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. (i.v. 48-49). Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 27 dekabr 2022-ci il tarixdən hesablanmışdır.(i.v.70-72). Azərbaycan Respublikası ƏN-nin MEM-i tərəfindən verilmiş məhkəmə fiziki- kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/7176 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün JVel25” dairəvi möhür əksləri olan, “vət.Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş..” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə olan bir ədəd üzərində “FİNE” yazısı olan siqaret qutusunun içərisində 11 (on bir) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,065 qram, 0,031 qram, 0,021 qram, 0,024 qram, 0,022 qram, 0,025 qram, 0,032 qram, 0,028 qram, 0,020 qram, 0,033 qram, 0,026 qram ümumi təmiz çəkisi 0,327 qram olan qəhvəyi rəngli maddə kütləsi xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 5(beş) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,026 qram, 0,038 qram, 0,021 qram, 0,026 qram, 0,022 qram ümumi təmiz çəkisi 0,133 qram olan ağ rəngli kristal şəkilli maddə kütləsi xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixatrop maddəmetamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş“Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitəmin siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbycan Respublikasının Qanunu ilə təsdiq edilmiş“Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. (i.v. 33-37) “Şəxsi axtarışın keçirilməsi barədə” 27 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarışa başlamadan öncə ona hüquq və vəzifələri barədə bildiriş təqdim olunmuş, daha sonra hüquqlarının müdafiəsini təmin edəcək Sumqayıt Şimal Vəkil Bürosunun vəkili X2 təqdim olunmuş, Təqsirləndirilən şəxs təqdim edilmiş vəkilə heç bir etiraz etməmişdir. Daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif edilmişdir. Təqsirləndirilən şəxs özü əynində olan göy rəngli gödəkçənin sol yan cibində saxlamış olduğu 1 ədəd FİNE markalı siqaret qutusunu təqdim etmişdir. Həmin siqaret qutusu açılan zaman siqaret qutusunun içərisində 16 ədəd bükümlərin olduğu müəyyən edilmişdir. Həmin bükümlər açılan zaman 10 ədəd gümüşü rəngli siqaret kağızına, 1 ədəd ağ rəngli kağız bükümlərin hər birində qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan “heroin”ə bənzər maddələrin, 5 ədəd ağ rəngli siqaret kağızı bükümü açılan zaman həmin bükümlərin hər birinin içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə olan “Metamfetamin”ə bənzər maddələrin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş qəhvəyi rəngli maddələrin “kakos”, ağ rəngli maddələrin “şüşə” olduğunu, həmin maddələri dünən Bakı şəhəri, Yasamal rayonu ərazisində İnşaatçılar metrosunun yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 50 manata aldığını və üzərində saxladığını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 10 ədəd gümüşü rəngli siqaret kağızı, 1 ədəd ağ rəngli kağız bükümlərin içərisində olan qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan “heroin”ə bənzər maddələr birlikdə elektron tərəziyə qoyulub çəkilən zaman bükümlərdəki maddələrin ümumi çəkisinin 1,56 qram, 5 ədəd ağ rəngli siqaret kağızına bükülmüş içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə olan “Metamfetamin”ə bənzər maddələr birlikdə elektron tərəziyə qoyulub çəkilən zaman bükümlərdəki maddələrin ümumi çəkisinin 0,54 qram olduğu müəyyən olunmuş və aşkar olunmuş həmin maddələr Azərbaycan Respublikasının ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılmış və DİN-nin 125 saylı möhürü ilə möhürlənmişdir. (i.v 23-24). Məhkəmə istintaqı zamanı tədqiq edilən diskə baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitə daşıyaraq üzərində saxlaması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X4 Şəxsi tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 370 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.102-103). Cinayət işi üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 0.327 qram olan, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0.217 qram olan narkotik vasitə heroin və ilkin təmiz çəkisi 0.133 qram olan, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0.083 qram olan psixatrop maddə metamfetamin maddi sübut kimi tanınaraq saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 01 ədəd DVD-R formatlı disk cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. (i.v. 80). 10 yanvar 2023-cü il tarixli “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus korpusu mavi rəngli, sensor ekranlı “Samsung” markalı mobil telefona baxış keçirilmişdir. Həmin mobil telefon açıb içərisinə daxil olan zaman içərisində olan nömrələrin və zəng siyahısının silinmiş vəziyətdə olduğu müəyyən edilmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir məlumat aşkar edilməmişdir. (i.v. 85) "xxxx" MMC-dən daxil olmuş LGL- 1094/23 və "xxxx" MMC-də daxil olmuş LGL- 5434/23 nömrəli məktublardan görünür ki, texniki səbəblərdən sorğuların cavablandırılmasında müvəqqəti olaraq gecikmələr yarandığından Təqsirləndirilən şəxs istifadəsində olan 055 *** ** ** və 077 *** ** ** mobil telefon nömrələrinə daxil olan, çıxan zənglərin və SMS mətnlərin siyahısının, hmçinin göstərilən mobil nömrə sahibinin anket məlumatlarının və qeyd olunan mobil nömrənin anten əhatə dairəsi haqqında məlumatların götürülərək ələ keçirilməsi mümkün olmamışdır. (i.v. 107-108). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 91); İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. (i.v. 106). “sübutların qiymətləndirilməsi haqqında” 27 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, məhkəmə fiziki- kimyəvi ekspertizasının 6/7176 nömrəli xx.xx.2022-ci il tarixli rəyi, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 370 saylı rəyi sübut növü kimi qiymətləndirilmiş, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ilkin təmiz çəkisi 0.327 qram olan, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0.217 qram olan narkotik vasitə heroin və ilkin təmiz çəkisi 0.133 qram olan, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0.083 qram olan psixatrop maddə metamfetamin maddi sübut kimi tanınmış, Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, 01 ədəd “DVD-R” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v. 122-130); Təqsirləndirilən şəxs narkotik vasitəni vahid büküm halında almasına baxmayaraq yaşadığı mənzildə qeyd olunan sayda bükümlərə bölməklə üzərində saxlamışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində narkotik vasitəni çoxlu sayda bükümlərə bölməkdə məqsədini narkotik qəbuluna ehtiyacı yarandığı və bədənində ağrılar hiss etdiyi zaman asanlıqla istifadə edə bilməsi ilə izah etsə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən müxtəlif adda narkotik vasitələri bükümlər formasında üzərində saxlaması sonuncunun izahatında göstərdiyi hallar ilə ziddiyyət təşkil edir. Belə ki, xırda bükümlərə böldüyü ümumilikdə 15 büküm narkotik vasitəni evdən çıxarkən yenidən özü ilə götürərək üzərində saxlaması həmin narkotik vasitənin satış məqsədi ilə üzərində gəzdirilməsini sübut edən hallardandır. Bundan başqa nəzərə alsaq ki, Təqsirləndirilən şəxs taksi fəaliyyəti ilə məşğul olur, daimi iş yeri və qazancı yoxdur özündə olan narkotik vasitənin tanıdığı narkotik istifadəçilərinə hər hansı əvəzli və ya qazanc əldə etmək niyyəti olmadan verməsi ağlabatan görsənmir. Bundan başqa məhkəmə təqsirləndirilən şəxsin narkotik vasitəni çoxlu sayda bükümlərə bölməklə üzərində daşımaqda məqsədinin narkotik vasitə qəbuluna ehtiyacı yarandığı və bədənində ağrılar hiss etdiyi zaman asanlıqla istifadə edə bilməsi ilə izah etməsini eyni zamanda ona görə ağlabatan hesab etmir ki, Təqsirləndirilən şəxs dediyi ilə razılaşsaq bu cür hallarda şəxsin istifadə üçün bir gündə 16 bükümə deyil, yalnız 1 və ya 2 bükümə ehtiyacı ola bilər, lakin cinayət işinin materiallarından və təqsirləndirilən şəxsin öz ifadəsindən görünür ki, o ayrı-ayrı bükümlərə böldüyü qeyd olunan narkotik maddələri özü ilə birlikdə götürürək üzərində saxlamışdır. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsi, narkotik vasitənin satışı ilə məşğul olmaması barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətdən boyun qaçırmaq məqsədilə məhz bu məzmunda ifadə verir. İfadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini ittihamda göstərildiyi qaydada törətməsi məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri, ekspert rəyi ilə təsdiq edilir. Onun göstərdiyi hallar araşdırılsa da, öz təsdiqini tapmır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Göründüyü kimi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatlar öz təsdiqini tapmamışdır. İşin qeyd edilən halları bir daha təsdiq edir ki, təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədilə məhkəmə iclaslarında səmimi olmamışdır. Məhkəmə bir daha qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-nın əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən 11 (on bir) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,065 qram, 0,024 qram, 0,032 qram, 0,033 qram, 0,031 qram, 0,022 qram, 0,028 qram, 0,026 qram, 0,021qram, 0,025 qram, 0,020 qram birlikdə ümumi təmiz çəkisi 0,327 qram olan kustar üsulla hazırlanmış narkotik vasitəheroin və digər 5 (beş) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,026 qram, 0,026 qram, 0,038 qram, 0,022 qram, 0,021 qram, birlikdə ümumi təmiz çəkisi 0,133 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs cəzasının əvvəli 27 dekabr 2022-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Cinayət işi üzrə məhkəmə fiziki-kimyəvi ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 55 (əlli beş) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut-Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0.217 qram olan narkotik vasitə heroin və aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0.083 qram olan psixatrop maddə metamfetamin məhv edilməli, şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 11 (on bir) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 66 (altmış altı) manat məbləğində pul ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinsin və o, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 27 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, narkomaniyadan məcburi müalicə təyin olunsun və onun ərazi narkoloji dispanserində qeydiyyatda olduğu nəzərə alınsın. Təqsirləndirilən şəxs 55 (əlli beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0.217 qram olan narkotik vasitə heroin və qalıq çəkisi 0.083 qram olan psixatrop maddə metamfetamin məhv edilsin. Şəxsi axtarış keçirilməsini özündə əks etdirən 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 66 (altmış altı manat) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar