Məhkəmə qərarları › İş №1(060)-384/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-384/2021

16.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-384/2021 16.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Rafiq oğlunun sədrliyi, Bəşirov Şahin Məmmədsala oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə, xx.xx.1983-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, məhkum olunmuş, ailəli, orta təhsilli, İİİ qrup əlil, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında video konfrans vasitəsiylə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,185 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 03 mart 2021-ci il tarixdə saat 01:00 radələrində Sumqayıt şəhəri 18-ci məhəllə ərazisində yerləşən “Fəxri” marketin arxasında Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirildikdən sonra, xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılarkən əynində olan qırmızı rəngli gödəkcənin sağ yan cibindən 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 1,185 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, o, əvvəllərdə bir neçə dəfə məhkum olunmuşdur. Buna baxmayaraq o, bədənində ağrılar olduğu üçün narkotik vasitədən istifadə edirmiş. Təxminən 2021-ci ilin mart ayında “20 Yanvar” metro stansiyanın yaxınlığında olarkən tanımadığı şəxsdən 20 manat pul verməklə bir ədəd sellofan bükümdə “kakos” adlandırılan və narkotik vasitə olan heroin almışdır. Beləki, 03.03.2021-ci il tarixdə saat 01:00 radələrində Sumqayıt şəhəri 18-ci məhəllə ərazisində yerləşən “Fəxri” marketin yaxınlığında hərəkət edərkən, bir nəfər mülki geyimli, dörd nəfər isə polis formasında olan əməkdaşlar ona yaxınlaşaraq narkotik tərkibli maddələrin qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə və istifadə etməkdə şübhəli olduğunu bildirmişlər. Lakin saxlanıldığı ərazidə üzərinə şəxsi axtarış keçirilməsi üçün şərait olmadığından, üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt ŞPİ-nin 3-cü PB-nə aparmışlar. Bölmə də çəkiliş etməklə üzərindən şəxsi axtarış keçirilmiş və əynində olan qırmızı rəngli gödəkcənin sağ yan cibində saxladığı bir ədəd sellofan bükümdə “kakos” adlandırılan və narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan sonra aşkar edilmiş narkotik vasitə qablaşdırılmış və üzərində iştirakçılar tərəfindən imzalanmışdır. Hazırda o etdiyi əməldən peşman olmasını, himayəsində az yaşlı uşağının olmasını və özünün ağ ciyər vərəmi xəstəliyindən əziyyət çəkməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 vermiş olduğu ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin 3-cü PB-nə Rüfət adlı şəxsin narkotik tərkibli maddələrin əldə edilməsi, saxlanması, qəbulu, eləcədə üzərində gəzdirməsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Rüfət adlı şəxsin şəxsiyyətinin müəyyən olunması və onun narkotik maddələrin saxlanması, qəbulu ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə bölmənin əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar qəbul edilmiş və keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Rüfət adlı şəxsin 03.03.2021-ci il tarixdə saat 01:00 radələrində Sumqayıt şəhəri 18-ci məhəllə ərazisində yerləşən “Fəxri” marketin arxasında saxlanmışdır. Həmin şəxsə özlərini təqdim etdikdən sonra, ona narkotik maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə və istifadə etməkdə şübhəli olduğu üçün saxlanıldığı izah olunmuşdur. Yerində baxış keçirilməsi mümkün olmadığı üçün Təqsirləndirilən şəxs bölməyə dəvət olunmuş və video çəkliş aparılmaqla onun üzərinə şəxsi axtarış aparılmışdır. Hətta baxış keçirilməmişdən öncə Rüfət əynində olan qırmızı rəngli gödəkcənin sağ yan cibində saxladığı bir sellofan bükümdə bükülünü çıxarıb təqdim etmişdir. Həmin sellofan bükümün içərisinə baxış keçirdikdə həmin sellofan bükümün içərisində başqa bir sellofan bükümdə qəhvəyi rəngli, tozşəkilli maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs qəhvəyi rəngli, tozşəkilli maddənin kakos adlandırılan və narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş sellofan bükümdəki qəhvəyi rəngli, tozşəkilli maddə elektron tərəzidə çəkilmiş, həmin maddənin ümumi çəkisi müəyyən edildikdən sonra zərfə qoyularaq qablaşdırılmış və götürülmüş, həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması ilə bağlı protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 və Şahid3 məhkəmə iclasında dindirilmiş Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının 03 mart 2021-ci il tarixli 6/868 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №127” dairəvi möhür əksi olan, “vət. Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş zərfin içərisində bir ədəd sellofan bükümdə təmiz çəkisi 1,185 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi – 1,185 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq 1,135 qram təşkil edir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 29 aprel 2021-ci il tarixli 1323 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.02.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs İİİ qrup əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tərtib edilmiş 06.01.2021-ci il tarixli tələbnamə – arayışdan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19.05.2017-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 fevral 2018-ci il tarixli qərarına əsasən onun cəzası 3 il 9 aya endirilmişdir. Bundan sonra o, 17.06.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dindirib, iş materiallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq, təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, həmçinin yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilən sübutlara əsaslanaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinməlidir. Belə ki, məhkəmə istintaqı zamanı sübut olundu ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,185 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 03 mart 2021-ci il tarixdə saat 01:00 radələrində Sumqayıt şəhəri 18-ci məhəllə ərazisində yerləşən “Fəxri” marketin arxasında Sumqayıt ŞPİ-nin 3cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirildikdən sonra, xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılarkən əynində olan qırmızı rəngli gödəkcənin sağ yan cibindən 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 1,185 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Göstərilən hərəkəti ilə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir və ona həmin maddənin sanksiyası hədləri daxilində cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən, təqsirkarın şəxsiyyətini, törətmiş olduğu əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs öz əməlini etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, himayəsində bir az yaşlı uşağının olmasını və ağ ciyər vərəmi xəstəliyindən əziyyət çəkməsini (İİİ qrup əlil) məhkəmə iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivi müəyyən edilmişdir. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran və cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 1,135 qram təşkil edən narkotik vasitə heroin Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən qanuna müvafiq qaydada məhv edilməlidir. İş üzrə məhkəmə xərci olan 65 (altımış beş) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Azərbaycan Respublikası CPM-in 198.1-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs üzərinə qoyularaq ondan tutulub dövlət büdcəsinə keçirilməlidir. Həmçinin Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 5 (beş) saat, məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nın 351-354, 356 və 358-ci maddələrini rəhbər tutub, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli onun tutulduğu 03 mart 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 1,135 qram təşkil edən narkotik vasitə heroin Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən qanuna müvafiq qaydada məhv edilsin. İş üzrə məhkəmə xərci olan 65 (altımış beş) manat məbləğində ekspertiza tədqiqatının dəyəri məhkum Təqsirləndirilən şəxs üzərinə qoyularaq ondan tutulub dövlət büdcəsinə keçirilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə göstərdiyi hüquqi xidmətə görə ona 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq ("xxxx" ASC-nin Sumqayıt filialı, № AZ 03TURA********************, VÖEN:**********) hesabına ödənilsin. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılsın. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar