Məhkəmə qərarları › İş №1(060)-386/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-386/2021

18.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-386/2021 18.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx xxx 1973-cü ildə Lerik rayonu Çayrud kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Lerik rayonu Çayrud kəndində qeydiyyatda olan və Bakı şəhəri Sabunçu rayonu Maştağa kəndi M.Hüseynzadə küçəsi ərazisində yerləşən fərdi evdə yaşayan, barəsində bşaqa yerə getməmək haqqında “iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui istifadə edib, sonuncunun mərhum oğlu Maarif Bəkirovun ölüm səbəbinin yenidən araşdırılmasında köməklik göstərəcəyini yalan vəd verib aldadaraq, vahid qəsdlə 23 avqust 2019-cu il tarixdə Abşeron rayonu Novxanı qəsəbəsi ərazisində yerləşən “ABU Petrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında 2000 (iki min) manat, 24 avqust 2019-cu il tarixdə Şahid2 vasitəsilə 1000 (bir min) manat və 2019-cu ilin avqust ayının sonlarında Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində yerləşən “Dostlar” çay evinin qarşısında 3500 (üç min beş yüz) manat məbləğlərində olmaqla, ümumilikdə 6500 (altı min beş yüz) manat pulu alıb ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda zərər vurub dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui istifadə edib, sonuncunun qohumlarına təqaüd düzəldəcəyində köməklik göstərəcəyini yalan vəd verib aldadaraq, vahid qəsdlə 2019-cu ilin sentyabr ayının ortalarında Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində yerləşən “Dostlar” çay evinin qarşısında 3500 (üç min beş yüz) manat, 2019-cu ilin sentyabr ayının sonlarında bir neçə gün fərqlə Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində yerləşən “Dostlar” çay evinin qarşısında 2000 (iki min) və 500 (beş yüz) manat məbləğlərində olmaqla, ümumilikdə 6000 (altı min) manat pulu alıb ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda zərər vurub dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Şahid2 ortaq dostlarının vasitəsilə tanımış, Şahid2 vasitəsilə də Zərərçəkmiş şəxs tanımışdır. Təxminən 2019-cu ilin yay aylarında Sənanla söhbətləri zamanı Sənan dayısı oğlunu iş görərkən tok vurub öldürdüyünü, lakin valideyinlərinin oğullarının ölümü ilə razılaşmadıqlarından və bunun qəsdən törədildiyini ehtimal etdiklərindən, həmin məsələnin yenidən araşdırılmasını istədiklərini bildirmiş, həmçinin dayısına hər hansı kömək edə bilib-bilməyəcəyini soruşmuşdur. Həmin vaxtlar ona pul lazım olduğundan Sənana yüksək vəzifədə işləyən tanışlarının olduğunu, onlarla söhbət edib nəticəsini sonradan deyəcəyini bildirmişdir. Bunu Sənana deməkdə məqsədi ondan və ya dayısından müəyyən məbləğdə pul alıb şəxsi ehtiyaclarını ödəmək, sonradan isə aldığı pulu geri qaytarmaq olmuşdur. Bundan sonra təxminən 2019-cu ilin avqust ayının əvvəllərində Sənanla təkrar görüşdükdə ona dayısına müəyyən məbləğdə pul müqabilində köməklik edə biləcəyini bildirmiş, Sənan isə dayısı Ələmdarla onu 2019-cu ilin avqust ayının əvvəllərində Abşeron rayonu Xırdalan şəhəri ərazisində görüşdürmüş, görüşləri zamanı Ələmdara 20 günə oğlunun dəqiq ölüm səbəbini tanışlarının vasitəsilə yenidən araşdırıb deyəcəyini, bu iş üçün müəyyən məbləğdə pul lazım olacağını bildirmişdir. Əldəmdar onunla razılaşdığından onunla görüşüb ayrılmış, sonra isə Ələmdara zəng vurub oğlunun dəqiq ölüm səbəbini müəyyən etmək üçün 4000 manat pul lazım olduğunu bildirmiş və həmin pulun 2000 manatını ona çatdırması üçün Sənana verməsini istəmiş, Ələmdar istədiyi pulu verməyə razılaşdığından 23.08.2019-cu il tarixdə saat təxminən 12 radələrində Abşeron rayonu Novxanı qəsəbəsi ərazisində ABU Petrol YDM-nin yaxınlığında onlarla görüşmüşdür. Həmin vaxt Ələmdar 2000 manat pulu Sənana vermiş, Sənan isə həmin pulu Ələmdarın yanında sayıb ona vermiş, həmin günün axşamı yenidən Ələmdara zəng vuraraq ondan əlavə olaraq 1000 manat da pul istəmişdir. Həmin pulu yenidən Sənana verməsini, Sənanın isə pulu ona çatdıracağını bildirmiş, daha sonra Sənana zəng vuraraq Ələmdardan pulu alıb ona verməsini istəmişdir. Sənan isə həmin vaxt ailəsi ilə birlikdə Şamaxı rayonuna gedəcəyini bildirdiyindən, bundan sonra Sənana Ələmdardan pulu alıb özündə saxlamasını, sonradan onunla görüşüb pulu ondan götürəcəyini bildirmiş, Sənan onunla razılaşmışdır, həmin günü axşam saatlarında Ələmdar zəng vurub pulu Sənana verdiyini bildirmiş, bundan sonra Sənan da zəng vuraraq pulun onda olduğunu bildirdiyindən, səhəri gün Bakı Şamaxı yolunun Sulutəpə qəsəbəsi ərazisindən keçən hissəsində saat təxminən 14 radələrində Sənanla görüşüb 1000 manat pulu ondan almış və orada Ələmdara zəng vuraraq pulun ona çatdığını bildirmişdir. Aradan bir neçə gün keçdikdən sonra Ələmdara zəng vuraraq onunla görüşmək istədiyini bildirmiş, bundan sonra Ələmdarla Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində yerləşən 585 saylı marşrut avtobuslarının dayanacağında, «Dostlar» çay evinin qarşısında görüşmüş, həmin vaxt Ələmdara oğlunun ölüm səbəbinin araşdırılması üçün, habelə özünün yol xərclərini ödəmək üçün ondan ümumilikdə 3500 manat pul istəmiş, Ələmdar həmin pulu da verməyə razılaşaraq, istədiyi pulu bir neçə günə düzəldib ona vermək üçün vaxt istəmişdir. Təxminən 2019-cu ilin avqust ayının sonlarında günorta saat təxminən 14 radələrində Ələmdarla yenidən Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində yerləşən «Dostlar» çay evinin qarşısında görüşmüş, həmin vaxt Ələmdar tək gəlmiş, orada Ələmdar ona 3500 manat pulu vermiş, pulu aldıqdan sonra Ələmdarla söhbətləri əsasında təqaüd də düzəldə bildiyini, özünə təqaüd düzəltmək istəyən olarsa ona məlumat verməsini istəmişdir. Ələmdar isə maraqlanıb ona cavab verəcəyini bildirmiş, bundan sonra Ələmdarla görüşüb ayrılmışdır. Bir neçə gün sonra Ələmdar ona zəng vuraraq onunla görüşmək istədiyini, onda üç nəfərin pulu olduğunu, həmin şəxslərə təqaüd düzəltmək istədiyini bildirmiş, aralarındakı danışıq zamanı Ələmdara ümumilikdə üç nəfərin təqaüdünü 6000 manat pul verərsə düzəldə biləcəyini bildirmişdir. Aralarında razılığa gəldikdən sonra təxminən 2019-cu ilin sentyabr ayının ortalarında, yenidən Ələmdarla Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində yerləşən 585 saylı marşrutun dayandığı «Dostlar» çay evinin qarşısında günorta saat təxminən 15 radələrində görüşmüş, həmin vaxt Ələmdar ona 3500 manat pul vermişdir. Daha sonra ikinci dəfə təxminən 2019-cu ilin sentyabr ayının sonlarında günorta saat 12 radələrində Ələmdarla yenidən Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində yerləşən «Dostlar» çay evinin qarşısında görüşüb, bu dəfə ondan 2000 manat pul almış, aradan bir neçə gün keçdikdən sonra yenidən eyni ərazidə Ələmdarla görüşərək bu dəfə ondan 500 manat pul almış, Ələmdardan oğlunun ölüm işinin yenidən araşdırılması üçün 6500, tanışlarına təqaüd düzəltmək üçün isə 6000 manat pul almışdır, həmin pulu şəxsi ehtiyaclarına və qızı gəlin köçərkən ona cehiz əşyaları almağa sərf etmiş, aldığı puldan nə Şahid2, nə də digər şəxsə vermişdir. Hazırda əməlindən peşmandır, ailəlidir. Məhkəmə iclası gedən ərəfədə zərərçəkmiş şəxsə 5000 manat pul ödəmişdir, qalan ziyanı da ödəyəcəkdir. Məhkəmədən göstərilənləri nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxsin ona isnad edilən cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, tədqiq edilmiş iş materialları ilə də təsdiq olunur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, mərhum oğlu X6 06.06.2017-ci il tarixdə Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazisində usta işlədiyi ünvanda ölmüş, oğlunun ölümü ilə bağlı prokrorluq orqanlarında araşdırma aparılmış və oğlu Maarif Bəkirovun elektrik cərəyanı vurması nəticəsində ölməsi müəyyən edilmişdir. Lakin bununla razılaşa bilməmiş, oğlunun həyat yoldaşı Tamella və Tamellanın qohumları tərəfindən öldürülməsi şübhəsi onda qaldığından, oğlunun həqiqətən də hansı şəraitdə ölməsini dəqiq öyrənmək istəmişdir. Bu barədə bacısı oğlu Şahid2 da söhbətləri əsasında bildirmiş, Sənan isə Fəzail adlı tanışının olduğunu, Fəzailin oğlunun həqiqətən də hansı şəraitdə öldüyünü araşdıraraq müəyyən etmək iqtidarında olduğunu bildirmişdir. Bu səbəbdən oğlunun ölümünün dəqiq təfərrüatlarını öyrənmək istədiyindən Fəzaillə görüşməyə razılıq vermişdir. Təxminən 2019-cu ilin avqust ayının əvvəllərində saat 12 radələrində Abşeron rayonu Xırdalan şəhəri ərazisində bacısı oğlu Sənanın iştirakı ilə Fəzail Kazımovla görüşmüş, görüşləri zamanı Fəzail 20 günə oğlunun dəqiq ölüm səbəbini müəyyən edib, ona deyəcəyini və bu iş üçün ondan nə qədər pul alacağını bir nəfər yüksək vəzifədə işləyən tanışından öyrənərək ona deyəcəyini bildirdiyindən, onunla razılaşmışdır. Həmin günü yaşadığı ünvana qayıdandan sonra Fəzail ona zəng vurub oğlunun dəqiq ölüm səbəbini müəyyən etmək üçün ondan 4000 manat pul alacağını bildirmiş, həmçinin həmin pulun 2000 manatını səhəri gün ona çatdırması üçün Sənana verməsini istəmiş, onunla razılaşmışdır. 23.08.2019-cu il tarixdə saat təxminən 12 radələrində Abşeron rayonu Novxanı qəsəbəsi ərazisində yerləşən ABU Petrol YDM-nin yaxınlığında Sənanın vasitəsilə Fəzaillə görüşüb ona 2000 manat pul vermiş, pulu Sənana vermiş, Sənan isə pulu alıb saydıqdan sonra orada Fəzailə vermişdir. Fəzail də pulu alıb cibinə qoyduqdan sonar çıxıb getmiş, həmin günün axşam saatlarında Fəzail yenidən ona zəng vuraraq əlavə 1000 manatda pul istəmiş, həmin pulu da Sənana verməsini demişdir. Onunla razılaşdığından həmin gün axşam saatlarında Bakı–Quba yolunun Sulutəpə qəsəbəsi ərazisindən keçən hissəsində Sənanla görüşmüş, orada 1000 manat pulu Fəzailə verməsi üçün Sənana vermişdir. Sonradan Fəzail ona zəng vuraraq pulun ona çatdığını bildirmişdir. Aradan bir neçə gün keçdikdən sonra Fəzail ona zəng vuraraq onunla görüşmək istədiyini bildirmiş, Fəzaillə Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində yerləşən 585 saylı marşrut avtobuslarının dayanacağında «Dostlar» çay evinin qarşısında görüşmüş, həmin vaxt Fəzail ondan oğlunun ölüm səbəbinin araşdırılması üçün, habelə özünün yol xərcləri üçün ümumilikdə 3500 manat pul istəmiş, həmin pulu da verməyə razılaşmış, ancaq istədiyi pulu düzəldə bilməsi üçün bir neçə gün vaxt istəmişdir. Bundan sonra qohum tanışlarından bir miqdar borc alıb, bir qədər də özü həmin pulun üstünə pul qoyub Fəzailin istədiyi məbləği düzəltmiş, təxminən 2019-cu ilin avqust ayının sonlarında günorta saatlarında Fəzaillə Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində yerləşən «Dostlar» çay evinin qarşısında görüşüb pulu Fəzailə vermişdir. Həmin vaxt Fəzail ora tək gəlmiş, Fəzaillə söhbətləri zamanı o, işlərin bir neçə günə yekunlaşdığını bildirmiş, həmçinin istəyən şəxslərə təqaüd də düzəldə bildiyini, özünə təqaüd düzəltmək istəyən şəxs olarsa, ona məlumat verməsini istəmişdir, cavabında Fəzailə bununla maraqlanacağını, istəyən olarsa ona məlumat verəcəyini bildirmişdir. Daha sonra Fəzaillə görüşüb ayrılmış, Fəzailə verdiyi pulların böyük əksəriyyətini qohumlarından, əsasən də həyat yoldaşının Ağsu rayonunda yaşayan qohumlarından borc aldığından, həmin şəxslərin pullarını qaytarmaq üçün 11.09.2019-cu il tarixdə Sumqayıt şəhəri ərazisində yerləşən Beynəlxalq Bankdan həyat yoldaşının adına 2000 manat məbləğində kredit götürmüş, digər qohumlarından isə 4000 manat borc pul alaraq, Fəzailə vermək üçün borc pul aldığı şəxslərin pullarını qaytarmaq üçün hazırlamışdır. Ancaq sonradan borc pul aldığı şəxslərdən aldığı pulu geri qaytarmamış, həmin pulu qohumlarına təqaüd düzəltməsi üçün Fəzailə vermək qərarına gəlmiş, bu barədə Fəzailə dedikdə o, üç nəfər qohumuna təqaüd düzəltmək üçün ondan ümumilikdə 6000 manat pul istəmiş, həmin pulun hamısını bir dəfəyə Fəzailə vermək istəmədiyindən, birinci dəfə təxminən 2019-cu ilin sentyabr ayının ortalarında Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində yerləşən 585 saylı marşrutun dayandığı «Dostlar» çay evinin qarşısında günorta saatlarında Fəzaillə görüşərək ona qohumlarına təqaüd düzəltməsi üçün 3500 manat pul vermişdir. Sonradan yenidən təxminən 2019-cu ilin sentyabr ayının sonlarında Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində yerləşən 585 saylı marşrutun dayandığı «Dostlar» çay evinin qarşısında Fəzaillə görüşərək ona bu dəfə 2000 manat, aradan bir neçə gün keçdikdən sonra 2019-cu ilin sentyabr ayının sonlarında eyni ilə həmin ərazidə, yəni «Dostlar» çay evinin qarşısında Fəzaillə görüşərək bu dəfə ona 500 manat pul vermişdir. Pulu Fəzailə verərkən o 2020-ci ilin yanvar ayınadək tanışlarının təqaüdlərini alacağını söz versə də, verdiyi vədinə əməl etməmiş, nə də aldığı pulları geri qaytarmamışdır. Təqsirləndirilən şəxs ümumilikdə 12500 manat məbləğində pul vermiş, həmin pulun 6500 manatını mərhum oğlu Maarif Bəkirovun ölüm səbəbinin yenidən araşdırılmasında köməklik göstərməsi üçün, 6000 manatını isə pul borclu olduğu qohumlarına təqaüd düzəltməsində köməklik göstərməsi üçün Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs verdiyi pul ona məxsus olmuş, həmin pulun bir hissəsini həyat yoldaşının qohumlarından borc alıb Fəzailə vermiş, bir hissəsini həyat yoldaşının adına Azərbaycan Beynəlxalq Bankından kredit şəklində götürüb vermiş, qalan pul isə özünə məxsus olmuş, sonradan həyat yoldaşının qohumlarından aldığı pulu düzəldib geri qaytarmağa hazırlaşarkən, Fəzail istəyən olarsa təqaüd düzəldə biləcəyini ona dediyindən, qohumlarına yaxşılıq edəcəyini fikirləşərək onlara təqaüd düzəltməsi üçün 6000 manat pulu Fəzailə vermək qərarına gəlmişdir. Fəzail isə həmin pulu da dələduzluq yolu ilə ələ keçirmiş, axırda məcbur olub pul borclu olduğu şəxslərin pulunu özü qaytarmış, Fəzail tərəfindən aldadılmağı barədə onlara heç bir məlumat verməmişdir. Təqsirləndirilən şəxs təqaüd düzəltməsi üçün pul verdiyi şəxslər həyat yoldaşının Ağsu rayonunda yaşayan Anar, Bayram və Elxan adlı qohumları olmuş, həmin şəxslərlə Təqsirləndirilən şəxs görüşməmiş, Təqsirləndirilən şəxs mərhum oğlu Maarif Bəkirovun ölüm səbəbinin yenidən araşdırılmasını, eləcə də qohumlarına təqaüd düzəldilməsini yüksək vəzifədə işləyən tanışlarının vasitəsilə həyata keçirəcəyini bildirsə də, ancaq konkret kiminsə adını çəkməmişdir. Təqsirləndirilən şəxs 12500 manat pulu hissə hissə vermişdir. Məhkəmə gedən ərəfədə ona dəymiş ziyandan 5000 manat ödəniş edilmişdir. Dəymiş ziyanın tam ödənilməsini tələb edir. İş materiallarında olan Zərərçəkmiş şəxs 07.09.2021-ci il və 28.09.2021-ci il tarixli ərizələrindən görünür ki, o 07.09.2021-ci Təqsirləndirilən şəxs ona verdiyi 3000 manat, 28.09.2021-ci ildə verdiyi 2000 manat pulu qəbul etmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində Zərərçəkmiş şəxs göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə iclasında Şahid2 göstərdi ki, Zərərçəkmiş şəxs dayısıdır. Təqsirləndirilən şəxs isə təxminən iki il əvvəl Bakı şəhəri 20 yanvar Metrostansiyasının yaxınlığında yerləşən çay evlərinin birində tanımışdır. Təqsirləndirilən şəxsla söhbətləri zamanı o, yuxarı vəzifələrdə işləyən tanışlarının olduğunu bildirmişdir. Təxminən 2019-cu ilin yay aylarında anası Vəsilə Bəkirovaya təqaüd düzəltmək istədiyindən Fəzailə müraciət etmiş, Fəzaillə 2019-cu ilin may ayının əvvəllərində Abşeron rayonu Xırdalan şəhəri ərazisində yerləşən köhnə bazarın yaxınlığında görüşmüş, Fəzailə istəyi barədə dedikdə o bunun üçün ondan 3000 manat pul istəmiş, sonradan 2000 manata razılaşmışlar. Ağsu rayonunda olarkən Fəzail zəng vuraraq pulu istədiyindən, anası Fəzaillə görüşərək ona 1000 manat pul vermişdir. Həmin vaxtlar dayısı Ələmdar 2017-ci ildə ölmüş oğlunun işinin yenidən araşdırılması üçün adam axtardığından, Fəzailin yüksək vəzifələrdə işləyən tanışlarının olduğunu deməsini xatırlayaraq bu barədə dayısı Ələmdara demişdir. Dayısı Ələmdar isə həmin şəxslə onu görüşdürməsini xahiş etdiyindən, bu barədə Fəzailə demiş, Fəzail də dayısı ilə görüşməyə razılıq verdiyindən Abşeron rayonu Novxanı qəsəbəsi ərazisində dayısı Ələmdarla Fəzaili görüşdürmüşdür. Həmin vaxt dayısı Ələmdar oğlunun ölüm işinin yaxşı araşdırılmadığını, yenidən araşdırma aparılması üçün yüksək vəzifədə işləyən, güclü şəxslərin lazım olduğunu bildirmişdir. Fəzail isə belə tanışlarının olduğunu bildirərək işin yenidən araşdırılması üçün müəyyən məbləğdə pul lazım olduğunu demişdir. Fəzail bunun üçün 4000 manat pul istəmiş, həmin pulun 2000 manatını isə əvvəldən verilməli olduğunu bildirmiş, qalan 2000 min manat pulun isə iş yekunlaşdıqdan sonra verilməsini istəmişdir. X7 razılaşdığından Fəzail çıxıb getmişdir. Bir neçə gündən sonra 2019-cu ilin avqust ayında dayısı zəng vuraraq Fəzaillə Abşeron rayonu Xırdalan şəhəri ərazisində görüşəcəklərini bildirərək onunla getməsini istəmiş, bundan sonra dayısı ilə getmiş, Fəzaillə görüşdükdə dayısı Ələmdar ona dəsmalın arasında pul vermiş, o da öz növbəsində həmin 2000 manat pulu sayıb Fəzailə vermişdir. Fəzail isə həmin pulu tanışına verəcəyini bildirərək qəbul etmiş, bundan sonra isə çıxıb getmişdir. Aradan bir neçə gün keçdikdən sonra dayısı Ələmdar zəng vuraraq Fəzailin ondan əl çəkmədiyini, qalan pulu da istədiyini bildirmiş, dayısından 1000 manat pulu alıb Fəzailə vermiş, daha məsələ həll olunana qədər Fəzailə pul verməməsini dayısından istəsə də, sonradan dayısı Ələmdarın Fəzailə əlavə də pul verdiyini öyrənmiş, bu barədə Fəzailə zəng vurub soruşduqda o dayısı Ələmdardan pul aldığını təsdiq etmişdir. Fəzail dayısı Ələmdardan aldığı puldan ona heç bir məbləğdə pul verməmiş, Fəzailə anasına təqaüd düzəltməsi üçün pul versə də o vədinə əməl etməmiş, ancaq aldığı pulu geri qaytaracağına söz verdiyindən, bununla bağlı heç bir hüquq mühafizə orqanına müraciət etməmişdir. İş materiallarında olan “Azərbaycan Respublikası Mərkəzi Bankı”nın kredit cədvəlindən görünür ki, Zərərçəkmiş şəxs həyat yoldaşı Şahid1 adına 2500 manat kredit götürmüşdür.(i.v 17) İş materiallarında olan Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-ə ünvanlandığı elektron müraciətdən görünür ki, oğlunun ağır ölüm hadisəsindən sonra bacısı oğlu Sənan ona bildirmişdir ki, Fəzail adlı bir insan tanıyır ki, bütün bu hadisəni araşdıracaq, əsas təqsirkarların tapılmasına yardımçı olacaq, ancaq ona 6500 manat pul lazımdır. O da borc xərc tapıb bu pulu vermişdir. Hətta bacısı oğlu demişdir ki, o bütün işləri düzüb qoşur, yuxarıda adamı var, onlardan 6000 manat pensiya üçün almışdır. Cəmi 12500 manat pullarını mənimsəmişdir. O da övladı ölmüş bir insan kimi bütün qaranlıq qalmış məqamlara işıq gətirmək üçün məcburiyyətdən bu pulu vermişdir. Əllərində olan hər şeyi satmışlar. Uzun müddət keçməyinə baxmayaraq onlar nə ölüm işinin açılmasına köməklik göstərmiş, nə də pensiyanı düzəltmişlər. Başa düşmüşdür ki, onlar dələduzluq edib onların düşdükləri vəziyyətdən istifadə edərək etibarlarını qazanıb pullarını mənimsəmişlər. Hazırda iflic halına düşmüşlər. Borc yiyələri üstlərinə gəlir, yaşlı insanlardırlar, oğullarının dərdi bir yana, bu dələduzların onlara etdiklərini heç düşmən onlara etməzdi.(i.v 28) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhər Nizami rayon Məhkəməsinin 20.04.2012-ci il il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Prezidentinin 14.10.2013-cü il 3186 saylı “Əfv” fərmanına əsasən cəzadan azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir.(i.v 50-51) İş materiallarında olan “Məcburi gətirmə barədə” 19.12.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən ibtidai istintaq orqanına məcburi gətirilməsi qərara alınmışdır.(i.v 58) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya- Kommunikasiya İdarəsinin 03.02.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs məlumatları axtarış-uçot sənədlərinə əsasən “Giriş-çıxış və qeydiyyat” İAMAS-ın “Sərhədkeçməyə məhdudiyyət altsisteminə “Saxla” statusu ilə daxil edilmişdir.(i.v 71) İş materiallarında olan Sumqayıt ŞPİ 4-cü PB-nin 17.03.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 17.03.2021-ci il tarixdə keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri ərazisində tutularaq Sumqayıt ŞPİ-nin MSYnə təhvil verilmişdir.(i.v72) İş materiallarında olan “Könüllü özünü təqdim etmə haqqında” 17.03.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17.03.2021-ci il tarixdə saat 18:00-da onunla və yaxın qohumları ilə aparılan profilaktik tədbirlər nəticəsində Sumqayıt ŞPİ-nin 4-cü PBnə könüllü gəlmişdir.(i.v 73) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-117/2021 saylı 19.03.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində istintaq müddətinin sonunadək, yəni 09.05.2021-ci il tarixədək həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət və təqdimat təmin edilməmiş, o dərhal məhkəmə zalından həbsdən azad edilmişdir.(i.v 96-97) İş materiallarında olan “Həbs qətimkan tədbirinin seçilməsi barədə” 19.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir.(i.v 98-99) İş materiallarında olan Lerik rayon, Çayrud kənd inzibati ərazi dairəsinin 29.04.2021ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs qeydiyyat yeri üzrə müsbət xarakterizə edilir və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 136) İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında və əməlin tövsif edilməsi haqqında” 09.05.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən 178.2.2 və 178.2.4-cü maddəsinə tövsif edilmiş, onun əməlində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.3-cü maddələrinin əlamətləri olmadığından barəsində həmin xüsusatlar üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikası CM-nin 312-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmişdir.(i.v 148-158) Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmuu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin ona istinad edilən ictimai təhlükəli əməlləri törətməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuş, o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.14 və 59.2ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi dəymiş ziyanın qismən ödənilməsi, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını müəyyən etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də islah oluna bilər və ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5 tərəfindən 20 (iyirmi) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 120 (yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. İşdə olan 17.03.2021-ci il tarixli protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 17 mart 2021-ci il tarixdən 19 mart 2021-ci il tarixədək tutularaq saxlanmış və tutulub saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilən cəzadan çıxılmalıdır. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs dəymiş ziyan tam ödənilməmiş, o isə ziyanın tam ödənilməsini tələb edir. Ona görə də, məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı mülki mühakimə üsulu qaydasında mülki iddia ilə məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. İş üzrə maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 mart 2021-ci il tarixdən 19 mart 2021-ci il tarixədək həbsdə saxlanıldığı iki gün ona təyin edilən cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Sabunçu Rayon Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər Sabunçu rayon Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Bakı şəhəri Sabunçu rayonu Maştağa kəndi M.Hüseynzadə küçəsi ərazisində yerləşən fərdi evi tərk etməmək, Bakı şəhəri hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı mülki mühakimə üsulu qaydasında mülki iddia ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2. və 178.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil X3 tərəfindən göstərilmiş hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün. ("xxxx" ASC-nin Sumqayıt filialı hesab AZ03TURA******************** VÖEN **********) Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar