Məhkəmə qərarları › İş №1(060)-386/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-386/2025

14.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-386/2025 14.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, X5 katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1998-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsili, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında fərdi yaşayış evində qeydiyyatında olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə heroini əldə edərək saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni, 01 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 0,251 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə “heroin” əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə daxil olmuş əməliyyat məlumatı əsasında 24 fevral 2025-ci il tarixdə saat 19:42-də həmin bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 3-cü mikrorayonda yerləşən 4 saylı Notariat ofisinin yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılaraq orada üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılan zaman əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd qızılı rəngli siqaret kağızı bükümündə 0,251 qram çəkidə həmin narkotik vasitə “heroin” aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə olan heroindən 4-5 aydır ki, yandırıb tüstüsünü udma yolu ilə istifadə etmişdir. O, əvvəllər məhkum edilməmişdir. O, xx.xx.2025-ci il tarixdə axşam saat 19 radələrində şəxsi işi ilə bağlı Sumqayıt şəhəri, Corat qəsəbəsinə getmiş, orada olan zaman təsadüfən rastlaşdığı, əvvəllər tanıdığı şəxslə görüşüb söhbət edən zaman narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Həmin şəxsin də narkotik vasitə istifadəçisi olduğunu görüb ona narkotik vasitə olan “heroin" verməsini xahiş etmişdir. Həmin şəxs də ona 5 (beş) manat pul müqabilində 01 (bir) ədəd bükümdə narkotik vasitə “heroin” vermiş, həmin heroin bükümünü alıb əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. Oradan Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisinə gəlmişdir. Həmin tarixdə saat 19:40 radələrində Sumqayıt şəhəri, 3-cü mikrorayon, 4 saylı Notariat ofisinin yaxınlığında piyada hərəkət edən zaman 3 (üç) nəfər mülki geyimli şəxslər küçədə ona yaxınlaşıb onu yaxaladılar, onun narkotik vasitələrin və psixotrop madddələrin qanunsuz əldə olunması, saxlanılması və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirmişdilər. Həmin polis əməkdaşlarından biri tutulduğu andan əlində mobil telefon vasitəsi ilə videoçəkiliş aparmışdır. Daha sonra polis əməkdaşları ona Azərbaycan Respublikası CPM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrini bildirib videoçəkiliş aparılmaqla üstünü yoxlayacaqlarını demişdilər. O, etiraz etməmiş, sonra, üst-başını yoxlamağa başlamazdan qabaq polis əməkdaşı ona üzərində qanunla qadağan olunmuş hansı narkotik vasitə, yaxud, psixotrop maddə olub-olmadığını soruşmuş, o, özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirib üzərində narkotik vasitə olan “heroin” bükümü olduğunu deyib əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən həmin qızılı rəngli siqaret kağızına bükülmüş vəziyyətdə olan 01 (bir) ədəd bükümü çıxardıb polis əməkdaşına təqdim etmiş, həmin büküm möhürlənib qablaşdırılmışdır. Daha sonra Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin inzibati binasına aparılmış, orada vəkilin iştirakı ilə yenidən video çəkiliş aparılmalqa üzərindən aşkar olunmuş bükümün əməliyyat müvəkkilindən götürülməsinə başlanılmışdır. Bölmədə əməliyyat müvəkkili tərəfindən təqdim edilmiş bağlamanı açıb ona yenidən baxış keçirmiş, daha sonra onu yenidən xüsusi qaydada möhürləyib qablaşdırmışdır. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, müharibə iştirakçısı olmasının nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PBnin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi və satışı barədə qərəzsiz və etibarlı mənbədən Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat Bölmə rəhbərliyinə məruzə edildikdən sonra onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış, qrupa o, həmçinin daha 02 (iki) nəfər polis əməkdaşı, Sumqayıt ŞPİ-nın 3-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 və əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 daxil edilmişdir. Daxil olmuş əməliyyat məlumatı əsasında 24 fevral 2025-ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs ola biləcəyi yerdə, yəni, Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən 4 saylı Notariat ofisinin yaxınlığında “pusqu" qurub ətraf ərazini müşahidə altına götürmüşdülər. Bir qədər sonra Təqsirləndirilən şəxs yaxınlaşdığını görüb həmin ərazidə sonuncunu 24 fevral 2025-ci il tarixdə saat 19:42-də əməliyyat müvəkkili, polis baş leytanantı Şahid3 tərəfindən fasiləsiz video çəkiliş aparılmaqla piyada hərəkətdə olarkən saxlamış, onun saxlanılmasının səbəbini izah edərək ona hüquq və vəzifələrini izah etmiş, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya, predmet, yaxud, narkotik vasitə olubolmamasını soruşanda sonuncu üzərində narkotik vasitə bükümü olduğunu bildirib əynində olan tünd göy rəngli cins şalvarının sağ balaca yan cibindən qızılı rəngli siqaret kağızına bükülmüş vəziyyətdə olan 01 (bir) ədəd bükümü çıxardıb ona təqdim etmişdir. Daha sonra aşkar olunmuş büküm onun tərəfindən elektron tərəzi ilə ölçülərkən çəkisinin 0,33 qram olması müəyyən olunmuşdur. Həmin büküm onun tərəfindən 01 (bir) ədəd içərisi boş olan ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmış, Sonrakı prossesual sənədləşmənin aparılması məqsədi ilə video çəkiliş dayandırılaraq şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanıldığı yerdən Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə gətirilmiş, özünün seçdiyi vəkil dəvət edildikdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Sonra təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin sonuncunun üzərindən qanunla qadağan olunmuş hər hansı əşya, yaxud, predmet aşkar olunmamışdır. Daha sonra təhqiqatçı onun tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bağlamanı götürüb ona təkrarən baxış keçirir və onu yenidən müvafiq qaydada qablaşdırıb Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsi üçün götürmüşdür. Sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təhqiqatçının və eləcə də müdafiəçinin suallarını cavablandıraraq, saxlanılarkən polis əməkdaşları tərəfindən heç bir fiziki təziqə və ya işgəncəyə məruz qalmadığını, üzərindən aşkar olunmuş narkotik vasitə heroinə bənzər kütləni xx.xx.2025-ci il tarixdə saxlanılmamışdan yarım saat qabaq Sumqayıt şəhərində, Corat qəsəbəsində olarkən əvvəllər tanımadığı şəxsdən 5 (beş) manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını bildirmişdi. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən şahid Sumqayıt ŞPİ-nın 3-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 və əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o, Şahid2 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 21-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarix, saat 19:42də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 83-84-cü vərəqəsində olan “qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X4 xx.xx.2025-ci il tarix, saat 11:30 radələrində müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 8-9-cu vərəqəsində olan xx.xx.2025-ci il tarixli “əməliyyat axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılması” haqqında protokola və həmin baxış zamanı qeydə alınmış video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, X1 Sumqayıt şəhəri, 3-cü mikrorayon, 4 saylı Notariat ofisinin yaxınlığında piyada hərəkətdə olarkən saxlanılması və orada üstünün yoxlanılması müəyyən olunur. Çəkiliş Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 çıxışı ilə başlayır. Əməliyyat müvəkkili Şahid1 özünü təqdim edəndən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs, sonra polis əməkdaşları özlərini təqdim edirlər. Əməliyyat müvəkkili Şahid1 şübhəli şəxs Təqsirləndirilən şəxs nəyə görə saxlanıldığını izah edir. Bundan sonra əməliyyat müvəkkili Şahid1 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet, yaxud narkotik vasitə, psixotrop maddə vardırsa könüllü təqdim etməsini deyir, şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ balaca yan cibindən 01 (bir) ədəd qızılı rəngli siqaret kağızına bükülmüş vəziyyətdə olan 01 (bir) ədəd bükümü çıxardıb əməliyyat müvəkkilinə təqdim edir, sonuncu tərəfindən 01 (bir) ədəd qızılı rəngli kağıza bükülmüş vəziyyətdə olan büküm açıldıqda içərisində narkotik vasitə heroinə bənzər kütlələr aşkar olunur. Daha sonra yoxlama davam etdirilir, bu zaman saxlanılan şəxs Təqsirləndirilən şəxs əynindəki həmin şalvarın sol yan cibindən 02 (iki) ədəd 1 manatlıq pul əskinazı aşkar olunur, lakin sübut əhəmiyyəti kəsb etmədiyi üçün özünə geri qaytarılır, sonrakı yoxlama zamanı sonuncunun üzərindən əlavə heç bir əşya, yaxud, predmet aşkar olunmur. Daha sonra əməliyyat müvəkkili Şahid1 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 (bir) ədəd bükümün Çin istehsalı olan elektron tərəzi ilə ölçüldükdə çəkisinin 0,33 qram olması müəyyən olunur. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üstü əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən yoxlanılır, lakin sonrakı yoxlama zamanı sonuncunun üzərindən əlavə heç bir əşya, predmet aşkar olunmur. Sonra əməliyyat müvəkkili Şahid1 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 (bir) bükümdəki kütləni, büküldüyü sellofan kəsiyi ilə birlikdə 01 (bir) ədəd ağ rəngli içərisi boş olan zərfə qoyaraq qablaşdırır, qablaşdırılmış zərfin üstü DİN-in 127 nömrəli möhürü ilə möhürlənir, daha sonra polis əməkdaşları və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanır. Sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əməliyyat müvəkkili Şahid1 suallarını cavablandıraraq üzərindən aşkar olunan narkotik vasitə heroinə bənzər kütləni saxlanılmamışdan yarım saat qabaq Sumqayıt şəhəri, Corat qəsəbəsindən tanımadığı şəxsdən 5 (beş) manata öz şəxsi istifadəsi üçün aldığını bildirir. Daha sonra əməliyyat müvəkkili, polis kapitanı Şahid1 saxlanılan şəxs Təqsirləndirilən şəxs sonrakı sənədləşmə aparılması üçün onu Polis Bölməsinə aparacağını deyib, sonra video çəkiliş dayandırılır. Cinayət işinin 28-29-cu vərəqəsində olan 24 fevral 2025-ci il tarixli “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması” haqqında protokoldan və protokola əlavə edilmiş 01 ədəd DVD diskdə videogörüntüyə keçirilmiş baxışdan görünür ki, diskə daxil olaraq içərisindəki videogörüntüyə baxdıqda müəyyən edilir ki, təhqiqatçı özünü təqdim edəndən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs, sonra polis əməkdaşları və vəkil özlərini təqdim edirlər. Təhqiqatçı şübhəli Təqsirləndirilən şəxs nəyə görə saxlanıldığını bir daha izah edir və ona Azərbaycan Respublikası CPM-in 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, ona bu barədə bildirişi təqdim edir, şübhəli şəxs hüquq və vəzifələrinin ona aydın olduğunu bildirib təqdim olunmuş bildirişi imzalayıb heç bir etirazının olmadığını deyir. Bundan sonra təhqiqatçı Təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 3-cü PB-nın əməkdaşları tərəfindən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin əldə edilməsi, saxlanlıması, üzərində gəzdirilməsi və istifadəsində şübhəli olduğunu üçün saxlanılıb 3-cü PB-ya gədirdiklərini deyib yanında dayanan şəxslərin həmin əməkdaşlar olub-olmadığını soruşur, şübhəli şəxs onu saxlayan polis əməkdaşlarının hazırda yanında dayanan şəxslər olduğunu deyir. Daha sonra təhqiqatçı əməliyyat müvəkkili Şahid1 tərəfindən təqdim edilmiş bağlamanı göstərib şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bağlamanın həmin bağlama olub-olmadığını soruşur, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bağlamanın məhz həmin bağlama olduğunu deyib içərisindəki narkotik vasitə heroini şəxsi istifadəsi üçün saxlanıldığı tarixdən yarım saat qabaq Sumqayıt şəhəri, Corat qəsəbəsində olarkən 5 (beş) manata aldığını və üzərində saxladığını bildirir. Daha sonra təhqiqatçı O.Rzayev şübhəli şəxsin üzərindən aşkar olunmuş və əməliyyat müvəkkili tərəfidən təqdim edilmiş bağlamanı açıb içərisindəki bükümə bir daha baxış keçirir və onu yenidən xüsussi qaydada qablaşdıraraq möhürləyib Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsi üçün götürür. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarışı davam etdirilir, lakin sonuncunun üzərindən əlavə heç bir əşya, predmet aşkar olunmur. Sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təhqiqatçının və vəkilin suallarını cavablandıraraq, saxlanılarkən polis əməkdaşları tərəfindən heç bir fiziki təziqə və ya işgəncəyə məruz qalmadığını, üzərindən aşkar olunmuş kustar üsulla hazırlanmış narkotik vasitə heroaınə bənzər kütləni saxlanılmamışdan yarım saat qabaq Sumqayıt şəhəri, Corat qəsəbəsində olarkən tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 5 (beş) manata aldığını bildirir. Bundan sonra video çəkiliş dayandırılır. Cinayət işinin 40-41-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 6/863 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N “124” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunan Heroinə bənzər kütlə; O.Rzayev “imza” və digər ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd qızılı rəngli siqaret kəsiyinə bükülmüş təmiz çəkisi 0,251 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə “Heroin”-dir. Qeyd, Heroinin təmiz çəkisi 0,251 qram, təhqiqata sərf edildi 0,05 qram, qalıq 0,201 qram. Cinayət işinin 39-cu vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat müəyyən edilmişdir. Cinayət işinin 109-110-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 1500 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs oğluda Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 89-90-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə əməliyyat axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması, baxış və götürmə aparılması ilə bağlı videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD diskdə videogörüntünün maddi sübut kimi hesab edilmiş və videogörüntü cinayət işinin materiallarında saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,251 qram olan narkotik vasitə olan “heroin” cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və ekspertiza təhqiqatına sərf edilmiş kütlələr çıxmaqla təhqiqatdan sonra qalıq qalmış 0,201 qram çəkidə narkotik vasitə olan “heroin” saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin 106-cı vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 158-ci vərəqəsində olan vəsiqə və medallarından surətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır və o, Vətən müharibəsi iştirakçısı, Xocavəndin azad olunmasına görə, Cəbrayılın azad olunmasına görə medallarl ilə təltif edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan, xeyli miqdarda narkotik vasitə heroini qanunsuz olaraq əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamında nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən peşman olmasını və vətən müharibəsi iştirakçısı olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzanı yüngülləşdirən halları, özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, vətən müharibəsi iştirakçısı olmasını, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhəri İcra və Probasiya şöbəsinə məlumat vermədən saat 23.59-dan növbəti gün, saat 07.00dək yaşadığı ünvan 1 ünvanında fərdi yaşayış evini tərk etməmək, Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 1500 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə təyin olunmalı və Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyata olması nəzərə alınsın. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanımış və hazırda Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,201 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına haqq ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli qərarına (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia və müsadirə olunmalı əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən, xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23.59-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloki dispanserə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,201 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 08 saata görə 88 (səksən səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin bitdiyi gündən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar