Məhkəmə qərarları › İş №1(060)-387/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-387/2023

07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-387/2023 07.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx xxxxxxx 1982-ci ildə Şabran rayonu, Taxtalar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, Azərbaycan Dəmir Yolları QSC-nin Biləcəri Lokomotiv manevr deposunda maşinist köməkçisi işləyən, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Sumqayıt şəhəri, "Xəzri" yaşayış massivində yerləşən fərdi tikilidə yaşayan, barəsində "başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs dəmir yol xətlərinə münasibətdə oğlurluq, yəni dəmir yol xətlərinə münasibətdə özgənin əmlakını gizli olaraq talama məqsədilə 08 fevral 2022-ci il tarixdə saat 20:15 radələrində "xxxx" QSC-nin Sumqayıt şəhəri, H.Z.Tağıyev çeşidləmə stansiyasının ərazisindən dəmir yolu xətlərinə aid, yəni 71,55 manat dəyərində 05 (beş) ədəd yararlı xarici yay, 26,64 manat dəyərində 04 (dörd) ədəd daxili yay, 397,44 manat dəyərində 01 (bir) ədəd yararlı avtoqoşqu, eləcə də hər 1 kq-ı 0,354 manat omaqla 495 kq, yəni 48 kq çəkidə 04 (dörd) ədəd yararsız xarici yay, 33 kq çəkidə 06 (altı) ədəd yararsız daxili yay, 180 kq çəkidə 15 (on beş) ədəd yararsız zərbəyumşaldıcı paz, 204 kq. çəkidə 01 (bir) ədəd yararsız avtoqoşqu, 30 kq çəkidə 01 (bir) ədəd yararsız buks avadanlığı, cəmi 670,86 (altı yüz yetmiş manat səksən altı qəpik) manat dəyərində özgənin əmlakını qanunsuz olaraq götürüb həmin yerdən 25 metr məsafəyə gizlətməklə dəmir yol xətlərinə münasibətdə oğurluq etmiş, yəni dəmir yol xətlərinə münasibətdə özgənin əmlakını gizli olaraq talamışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin177.2.3-2ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 08 fevral 2022-ci il tarixdə saat 19:30 radələrində yaşadığı evdən bir qədər məsafədə yerləşən H.Z.Tağıyev çeşidləmə stansiyası ərazisindən keçərkən yararsız vaqonlar olan ərazidə, dəmir yolu xətlərinin yanında, yerdə dəmir yolu xətlərinə aid olan dəmir detalları görmüş, maddi vəziyyəti ağır olduğu üçün həmin detalları gizlin götürüb metal qəbulu məntəqələrindən birinə təhvil verib pul əldə etmək qərarına gəlmişdir. Buna görə də o, əvvəl ətrafa baxmış, hər hansı bir şəxsin yaxınlıqda olmamasında əmin olduqdan sonra yerdə olan detalları, sonradan həmin yerdən aparması üçün hissə-hissə yığaraq təxminən 25 metr məsafəyə, olduğu yerdən bir qədər kənara daşımağa başlamışdır. Bir qədər həmin detallardan kənara yığaraq hərəkətini davam etmək istəyərkən ona polis əməkdaşları yaxınlaşmış, bu vaxt o, polis əməkdaşlarını görüb ifşa olunduğunu başa düşmüş, hərəkətlərini dayandırmış, sonra etdiyi əməli polis əməkdaşlarına etiraf etmişdir. Hal-hazırda götürdüyü əmlaklar zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-yə qaytarmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Əməlindən peşman olmasını və himayəsində olan 01 (bir) azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, o, "xxxx" QSC-nin Sumqayıt texniki xidmət məntəqəsinin rəisi vəzifəsində işləyir. "xxxx" QSC-nin verdiyi etibarnaməyə əsasən o zərərçəkmiş hüquqi şəxsin, yəni "xxxx" QSC-nin nümayəndəsi kimi iştirak etmək hüququ verilmişdir. 02 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Sumqayıt şəhərində yerləşən H.Z.Tağıyev çeşidləmə stansiyası ərazisindən 05 (beş) ədəd yararlı xarici yay, 04 (dörd) ədəd daxili yay, 01 (bir) ədəd yararlı avtoqoşqu, eləcə də 04 (dörd) ədəd yararsız xarici yay, 06 (altı) ədəd yararsız daxili yay, 15 (on beş) ədəd yararsız zərbəyumşaldıcı paz, 01 (bir) ədəd yararsız avtoqoşqu, 01 (bir) ədəd yararsız buks avadanlığının oğurlmanması nəticəsində ADY QSC-yə 670,86 (altı yüz yetmiş manat səksən altı qəpik) manat maddi ziyan dəymişdir. Hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən götürmüş əmlaklar "xxxx" QSC-yə qaytarılmışdır, ona qarşı heç bir şikayət və tələbləri yoxdur və onun barəsində cəza təyin edilməsini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirdi. İş materiallarında olan zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-nin sədrinin birinci müavini Əlirza Süleymanov tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ərizəsindın görünür ki, Təqsirləndirilən şəxs tərəfindən tərəfindən götürmüş əmlaklar "xxxx" QSC-yə qaytarılmışdır, ona qarşı heç bir şikayət və tələbləri yoxdur, onun barəsində cəza təyin edilməsini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirərək məhkəmə iclaslarını onların iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Xaçmaz st. XPŞ-nin Baş Sumqayıt st. XPB-nin H.Z.Tağıyev çeşidləmə stansiyasının Xətt Polis məntəqəsinin polis nəfəri vəzifəsində işləyir. Polis baş serjantıdır. Belə ki, xx.xx.2022-ci il tarixdə o, H.Z.Tağıyev çeşidləmə stansiyasında xidmətdə olduğu zaman saat 20:15 radələrində xidməti ərazisini gəzərkən H.Z.Tağıyev çeşidləmə stansiyası ərazisində, yararsız qatarların durduğu yerdən bir qədər məsafədə bir nəfər şəxsin ətrafa baxaraq özünü şübhəli aparmasını görmüş, həmin şəxs dəmir yolu xətlərindən təqribən 25 metr məsafəyə dəmir yolu xətlərinə aid olan qırıntı dəmirləri daşımışdır. Buna görə də o, dərhal həmin şəxsə yaxınlaşmış, orada nə etdiyini ondan soruşmuş, həmin şəxsin olduğu yerdə xeylaq dəmir detal yığdığını görmüşdür. Bu vaxt həmin şəxs cavab olaraq etiraf edib dəmir yolu xətlərinə aid olan detalları gizli götürərək aparıb metal qəbulu məntəqələrinə satmaq istədiyini bildirmişdir. Buna görə də o, dərhal bu barədə rəhbərliyə məlumat vermiş, bir qədər sonra hadisə yerinə təhqiqatçı gələrək baxış keçirmiş, həmin detalları maddi sübut kimi götürmüş, ifşa olunmuş şəxs Baş Sumqayıt st. XPB-nə dəvət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/1577 nömrəli, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, "xxxx" QSC İnfrasturuktur Departamentinin xx.xx.2022-ci il tarixli, 146976 nömrəli arayışına əsasən ekspertiza təyini haqqında göstərilən malların 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 668,88 manat müəyyən edilir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında proyokoldan görünür ki, təhqiqatçi Nəzər Həbibov tərəfindən Sumqayit şəhəri, H.Tağiyev qəsəbəsində yerləşən H.Z.Tağiyev çeşidləmə stansiyasi ərazisində xx.xx.2022-ci il tarixdə keçirilmiş baxiş zamani Təqsirləndirilən şəxs H.Z.Tağiyev çeşidləmə stansiyasi ərazisindən oğurlandiği 09 (doqquz) ədəd xarici yay, 10 (on) ədəd daxili yay, 15 (on beş) ədəd yumuşaldici paz, 02 (iki) ədəd avto qoşqu və 01 (bir) ədəd buks avadanliqlarini təqdim etmişdir. İş materiallarinda olan Zərərçəkmiş şəxs QSC-nin 09 fevral 2022-ci il tarixli, 146976 №-li məktubundan görünür ki, 09 (doqquz) ədəd xarici yay, 10 (on) ədəd daxili yay, 15 (on beş) ədəd yumuşaldici paz, 02 (iki) ədəd avto qoşqu və 01 (bir) ədəd buks avadanliqlarinin ümumi dəyəri 670,86 (alti yüz yetmiş manat səksən alti qəpik) manat təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, 05 (beş) ədəd yararlı xarici yay, 04 (dörd) ədəd yararlı daxili yay, 01 (bir) ədəd yararlı avtoqoşqu, 04 (dörd) ədəd yararsız xarici yay, 06 (altı) ədəd yararsız daxili yay,15 (on beş) ədəd yumuşaldici paz, 01 (bir) ədəd yararsız avtoqoşqu və 01 (bir) ədəd yararsız buks avadanliğı olan dəmir barmaqlıqlar maddi sübut kimi tanınmaqla Xaçmaz st. XPŞ-nin anbarına təhvil verilmişdir. İş materiallarında olan qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan 21 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan doğum şəhadətnamələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 01 (bir) azyaşlı və 01 (bir) yetkinlik yaşına çatmayan uşağı vardır. İş materiallarında olan Şabran rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxs tərəfindən verilmiş 322 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs narkoloji və psixi-nevroloji kabinetində dispanser qeydiyyatında yoxdur. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 2260 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan Sumqayıt Tibb Mərkəzi PHŞ Sumqayıt şəhər 3 nömrəli xəstaxanası tərəfindən verilmiş 190 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər 3 nömrəli xəstaxanasının poliklinika şöbəsində psixiatrik kabinetdə ambulator və dispanser müşahidədə yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 01 (bir) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı tam ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən, səmimi etirafını və himayəsində 01 (bir) yetkinlik yaşına çatmayan uşağının olmasını isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmcinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş və onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında özünün etirafı, cinayət işi üzrə toplanmış materiallar, zərərcəkmiş şəxs və şahid ifadəsi, ekspertiza rəyi və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli qərarı 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının secilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükəlilik törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-ci maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü və həddini təyin edərkən belə nəticəyə gəlir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, habelə törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını, himayəsində 01 (bir) azyaşlı və 01 (bir) yetkinlik yaşına çatmayan uşaqlarının olmasını və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alınaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası sınaq müddəti ilə şərti təyin edilərək islah olunmasını qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan və Xaçmaz st. XPŞ-də saxlanılan 05 (beş) ədəd yararli xarici yay, 04 (dörd) ədəd yararli daxili yay, 01 (bir) ədəd yararli avtoqoşqu, 04 (dörd) ədəd yararsiz xarici yay, 06 (alti) ədəd yararsiz daxili yay,15 (on beş) ədəd yumuşaldici paz, 01 (bir) ədəd yararsiz avtoqoşqu və 01 (bir) ədəd yararsiz buks avadanliği olan dəmir barmaqliqlar zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-nə qaytarılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 50.00 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349,351-353, 356, 358, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K ME T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası Təqsirləndirilən şəxs 01 (bir) il sınaq müddəti ilə şərti müəyyən edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun, sınaq müddəti ərzində onun davranışı üzərində nəzarətin həyata keçirilməsi Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Xaçmaz st. XPŞ-də saxlanılan 05 (beş) ədəd yararli xarici yay, 04 (dörd) ədəd yararli daxili yay, 01 (bir) ədəd yararli avtoqoşqu, 04 (dörd) ədəd yararsiz xarici yay, 06 (alti) ədəd yararsiz daxili yay,15 (on beş) ədəd yumuşaldici paz, 01 (bir) ədəd yararsiz avtoqoşqu və 01 (bir) ədəd yararsiz buks avadanliği olan dəmir barmaqliqlar zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-nə qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 50.00 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən, elan olunduğu andan, 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar