Məhkəmə qərarları › İş №1(060)-387/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-387/2024

22.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-387/2024 22.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Cəbrayıl rayonunun Horovlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, İİ qrup əlil, əvvəllər məhkum edilməmiş, Cəbrayıl rayonunun Horovlu kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, PÇ14 inzibati binasında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 177.2.3- 2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 06 may 2023-cü il tarixdə saat 04:25 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Sumqayıt şəhəri, Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin H.Z.Tağıyev çeşidləmə stansiyasının 41 km-nin 8-ci piketində ümumi dəyəri 216 manat 50 qəpik olan ЗА SP, 5A-7A SP, 9A SP izosahələrə gedən 15 metr 9x1 markalı SBZPU və 7a/9a, 3a/5a yoldəyişənlərə gedən 20 metr 28x1 markalı SBZPU rabitə kabellərini söküb-aparmaq istəyərkən, Xaçmaz X7 Baş Sumqayıt X5 X9 Manqasının polis nəfəri, polis serjantı Şahid tərəfindən aşkar edilərək ifşa olunması səbəbindən bilavasitə oğurluğa yönəlmiş əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək dəmir yolu xətlərinə münasibətdə oğurluğa cəhd etmiş, yəni dəmir yolu xətlərinə münasibətdə özgənin əmlakını gizli olaraq talamağa cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun öncədən oğurluq etmək fikri və niyyəti olmamışdır. 06 may 2023-cü il tarixdə gecə saatlarında içki qəbul etmiş və evlərinin yaxınlığında olan dəmir yol xəttinin yanında olan kabelləri oğurlamaq qərarına gəlmişdir. Bunun üçün özü ilə balta götürmüş və həmin kabelləri kəsərək evlərinə aparmışdır. Kəsdiyi kabellər isə işlək vəziyyətdə olmamışdır. Kabelləri kəsərək evlərinə aparmış və yatmışdır. Səhər açılan zaman o evdən çağıraraq oğurluq etməsini bildirmişlər, o da etdiyi əməli etiraf edərək kabelləri təqdim etmişdir. O, hadisəni içkini təsiri altında bilmədən törətmişdir. Törətdiyi əməldən peşmandır, hər hansı zərər vurmuşsa onu gələcəkdə ödəməyə hazırdı. Mülki iddianın isə təmin edilməsinə etiraz etmir. Göstərilən halların nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadələri arasında qismən ziddiyyət yarandığı üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində, H.Z.Tağıyev stansiyasında yerləşən dəmir yolu xətlərinin ərazisində yaşayır. Faktiki olaraq heç bir yerdə rəsmi olaraq işləmir, maddi vəziyyətinin zəif olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. 06 may 2023-cü il tarixdə saat təxminən 4-5 radələrində o, yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, çeşidləmə stansiyasının PÇ 14 nömrəli binanın qarşısında Dəmir Yolu xətləri ərazisindən keçən kabelin bir qismini özü ilə evdən aparmış balta ilə kəsmiş, kabeli aparmaq istəyərkən qarşısına polis əməkdaşı çıxmış, ondan həmin yerdə nə etdiyini, kabeli hardan apardığını soruşduqda hər şeyi olduğu kimi etiraf etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidin ifadələri, ekspert rəyi və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Xaçmaz st. XPŞ-nin Baş Sumqayıt st. XPB-nin PPXM-nın polis nəfəri Şahid ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixədək H.Z.Tağıyev çeşidləmə stansiyasında xidmətdə olarkən saat 04:25 radələrində xidməti ərazini gəzdiyi vaxt 14 nömrəli Tağıyev dəmir yol sahəsinə məxsus inzibati binanın təxminən 50-60 metr məsafəliyində, dəmir yol ərazisində bir nəfər tanımadığı şəxsin əlində kabel ilə hərəkət etdiyini görmüş, ona yaxınlaşıb özünü təqdim etmiş, onun kimliyini soruşmuş, əlindəki kabelin haradan əldə etdiyini maraqlanmışdır. Həmin şəxs özünü Sumqayıt şəhəri, H.Z.Tağıyev stansiyası ərazisində yaşayan Təqsirləndirilən şəxs olduğunu qeyd etmiş, əlindəki kabeli biraz əvvəl satmaq məqsədilə dəmir yolu stansiyasının ərazisindən kəsdiyini bildirərək etiraf etmişdir. O da dərhal bu barədə Baş Sumqayıt Xətt X4-Hissəsinə məlumat vermiş, araşdırma aparılması üçün həmin şəxsi əlindəki kabel ilə birlikdə sonradan Baş Sumqayıt Xətt Polis Bölməsinə dəvət etmişdir. Məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Nümayəndə1 ifadəsində göstərmişdir ki, o, "xxxx" QSC-nin İnfrastruktur Departamentinin işarəvermə və rabitə işçisi vəzifəsində çalışır. 06 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs "xxxx" QSC-nin H.Z.Tağıyev çeşidləmə dəmir yolu stansiyasının 41-ci km-nin, 8-ci piketi ərazisindən 15 metr 9x1 markalı SBZPU və 20 metr 28x1 markalı, SBZPU kabellərin oğurlanmasına cəhd edilməsində maddi ziyanın ümumilikdə 216 (iki yüz on altı) manat 50 (əlli) qəpik dəyərində hesablanması düzgündür. Lakin, Məhkəmə Ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/3792 nömrəli rəyi ilə dəymiş ziyanın 210,00 manat olması mümkün deyil. Bundan əlavə zərərçəkmiş şəxs "xxxx" QSC mülki iddia ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində onlara 216 (iki yüz on altı) manat 50 (əlli) qəpik ziyan dəyməsini bildirmişlər. Həmin zərərin və 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə 246 (iki yüz qırx altı) manat 50 (əlli) qəpik məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs tutularaq onlara ödənilməsini xahiş etmişlər. Həmçinin elektron məhkəmə sistemi vasitəsi ilə məhkəməyə müraciət ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və mülki iddialarını müdafiə etdiklərini bildirmişlər. Cinayət işinin 65-ci vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında 18 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında axtarış elan edilmiş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş və sonuncu tapılanadək iş üzrə icraat dayandırılmışdır. Cinayət işinin materiallarında olan 3 saylı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutularaq həmin tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Cinayət işinin 21-ci vərəqəsində olan "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, 06 may 2023-ci il tarixdə Bakı-Yalama dəmir yolu mənzilinin H.Z.Tağıyev çeşidləmə stansiya ərazisindən keçən işlək vəziyyətdə olan 20 metr uzunluğunda olan 28x1 SPBZu markalı və 15 metr uzunluğunda olan 9x1 SPBZu markalı işarəvermə kabellərinin oğurlanması nəticəsində AYD-yə dəymiş ziyanın məbləği 216,50 manat təşkil edir. Cinayət işinin 24--ü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/3798 saylı məhkəməəmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş nümunə əsasında 20 metr uzunluğunda 28x1 markalı, SBZPu və 15 metr uzunluğunda 9x1 tipli SBZPu tipli kabellərin istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 210,00 manat müəyyən edilir. O cümlədən: 20 metr uzunluğunda 28x1 SBZPu kabel-150, 00 (20x7,50 man) manat, 15 metr uzunluğunda 9x1 tipli SBZPu kabel-60,00 (15 x 4 man) Cinayət işinin 23-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 89-91-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 “X3 Məhkəmə Psixiatrik və Psixoloji ekspertizasının” xx.xx.2023-cü il tarixli, 3239 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli əqli gerilik (F 70.0, yəni psixi və davranış pozuntularının beynəlxalq 10-cu baxışında kodu müəyyən edilir.) müəyyən edilir. Lakin, Təqsirləndirilən şəxs cinayət törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəl iliyini dərk etmək, öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilmiş və cinayət törədən zamanı fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət işinin 36-cı vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər 03 nömrəli şəhər Xəstəxanasının xx.xx.2023-cü il tarixli, 213 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs, Sumqayıt şəhər 3 nömrəli xəstəxanasının poliklinika şöbəsində psixiatrik kabinetdə ambulator və dispanser müşahidəsindədir. Dianoz: naməlum səbəbli oliqofreniyanın kəskin təzahür edən debillik dərəcəsi, psixopatabənzər davranışla. Cinayət işinin materiallarına əlavə edilmiş elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlildir. Cinayət işinin 70-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, ümumi dəyəri 216 (iki yüz on altı) manat 50 (əlli) qəpik olan 15 metr 9x1 markalı SBZPU və 20 metr 28x1 markalı SBZPU kabelləri maddi sübut kimi tanınmış və saxlanılması üçün Xaçmaz st. X7 saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin 72-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün etirafı, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidin ifadələri, ekspert rəyi, video görüntülər və digər iş materialları ilə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 29, 177.2.3-2-ci maddəsi ilə tövsif edilmişdir, o həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 29, 177.2.3-2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının CM-nin 177-ci maddəsinin Qeydinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-29, 177.2.3-2-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə məhkum edilməsini, anlaqlılığı istisna etməyən psixi pozuntusunun olmasını (yüngül dərəcəli əqli gerilik), “naməlum səbəbli oliqofreniyanın kəskin təzahür edən debillik dərəcəsi, psixopatabənzər davranışla” diaqnozu ilə psixiatrik kabinetdə ambulator və dispanser müşahidəsində olmasını, həmçinin İİ qrup əlilliyini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, ilk dəfə məhkum edilməsini, anlaqlılığı istisna etməyən psixi pozuntusunun olmasını (yüngül dərəcəli əqli gerilik), “naməlum səbəbli oliqofreniyanın kəskin təzahür edən debillik dərəcəsi, psixopatabənzər davranışla” diaqnozu ilə psixiatrik kabinetdə ambulator və dispanser müşahidəsində olmasını, həmçinin İİ qrup əlilliyini, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3-2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 sentyabr 2024-cü il tarixdən hazırki tarixədək həbsdə saxlanıldığı 01 (bir) ay 20 (iyirmi) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 03 (üç) ay 10 (on) gün müddət ona təyin olunacaq cəzadan çıxlmaqla üzərində qəti azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilərək dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, PÇ14 inzibati binasını tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin, həmçinin Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxsə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Xaçmaz St. X7 maddi sübutların saxlama kamerasında saxlanılan 20 metr uzunluğunda 28x1 markalı SBZPU və 15 metr uzunluğunda 9x1 markalı SBZPU markalı rabitə kabelləri hökm qanuni qüvvə mindikdən sonra "xxxx" QSC-yə qaytarılmalıdır. Mülki iddianı araşdıraraq məhkəmə hesab edir ki, mülki iddia baxılmamış saxlanılmalı və mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması zərərçəkmiş şəxsə izah edilməlidir. Belə ki, iş üzrə təqsirləndirilən şəxsə elan edilmiş ittihamdan görünür ki, oğurlanmasına cəhd edilmiş kabellərin dəyəri 216 (iki yüz on altı) manat 50 (əlli) qəpik təşkil edir. Həmin kabellər isə hazırda Xaçmaz St. X8 saxlanılır və hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş şəxs "xxxx" QSC-yə qaytarılacaq. Zərərçəkmiş şəxs "xxxx" QSC isə mülki iddia ilə müraciət edərək Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində onlara 216 (iki yüz on altı) manat 50 (əlli) qəpik ziyan dəyməsini bildirmişlər. Lakin, mülki iddiada və ya iş materiallarında olan digər sənədlərdə dəymiş zərər deyilərkən həmin ziyanın məhz kabellərin dəyəri olması, yaxud onların kəsilməsi nəticəsində əlavə hər hansı formada digər zərərin dəymiş olması göstərilməmiş və ya bununla bağlı hər hansı sənəd (sübut) məhkəməyə təqdim edilməmişdir. Zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı dəymiş zərər kimi kabellərin dəyərini nəzərdə tutursa, qeyd edildiyi kimi həmin kabellər onlara qaytarılacaq. Mülki iddiaçı digər formada zərər nəzərdə tutmuşsa bunu mülki iddiada dəqiq göstərməmiş və təsdiq edici sənədləri təqdim etməmişdir. Göründüyü kimi mülki iddia tələbi qeyri-müəyyəndir. Mülki iddiaçının nümayəndəsi məhkəmə iclaslarında iştirak etmədiyi üçün bu qeyri-müəyyənliyin aradan qaldırılması mümkün olmamışdır. Qeyd edilən səbəbdən də məhkəmə mülki iddianın baxılmamış saxlanılmasını məqsədə müvafiq edir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 177.2.3- 2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 sentyabr 2024-cü il tarixdən hazırki tarixədək həbsdə saxlanıldığı 01 (bir) ay 20 (iyirmi) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 03 (üç) ay 10 (on) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, PÇ14 inzibati binasını tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin, həmçinin Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Xaçmaz St. X7 maddi sübutların saxlama kamerasında saxlanılan 20 metr uzunluğunda 28x1 markalı SBZPU və 15 metr uzunluğunda 9x1 markalı SBZPU markalı rabitə kabelləri hökm qanuni qüvvə mindikdən sonra "xxxx" QSC-yə qaytarılsın. "xxxx" QSC-nin təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddiası baxılmamış saxlanılsın və mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması zərərçəkmiş şəxsə izah edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 19 saata görə 114 (yüz on dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar