Məhkəmə qərarları › İş №1(060)-388/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-388/2021

07.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-388/2021 07.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X1 Məhkəmə iclas katibliyi dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1960-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Sumqayıt şəhər 18 saylı MİS-də bağban işləyən, evli, məhkum olunmayan, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 01.05.2021-ci il tarixdə saat təxminən 18 radələrində Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 10/8, mənzil 58 ünvanında Zərərçəkmiş şəxs şəxsi münasibətlər zəminində yumruqla döyərək, sonuncuya qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, burun sümüyünün burunla tənəffüsü pozan sınığı, hər iki gözaltı nahiyyənin burnun üstünü tutan qançırı, göz qapaqlarının qançırı, sağ təpə-gicgah nahiyyəsinin hematoması, sol bazunun, sol saidin qançırları ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa “az ağır” zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs kimi ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, həyat yoldaşı Qıznişan, oğlu Ramin, onun arvadı Səkinə va nəvəsi Aytac ilə birlikdə yaşayır. 01 may 2021-ci il tarixdə hadisə baş verən zaman, saat təxminən 18 radələrində o, oğlu Ramin və gəlini Səkinə yaşadığı evdə, arvadı Qıznişan isə işdə olmuşdur. Həmin vaxt hansı səbəbdənsə Səkinə ilə Ramin arasında söz mübahisəsi yaranmış, o da onların hər ikisinin üstünə qışqıraraq istirahətini pozmamağı tələb etmiş, bu zaman Səkinə onun ünvanına söyüş işlətmiş, buna görə də o, bir qədər sərxoş olduğundan əsəbiləşib yerindən qalxaraq bir dəfə yumruqla Səkinənin sifət nahiyyəsindən vurmuşdur. Oğlu Ramin onu Səkinədən ayırmış və daha sonra özü çıxıb işə getmiş, Səkinə isə xəsarətlənmiş vəziyyətdə divanda uzanmışdır. Bir neçə dəqiqədən sonra arvadı işdən qayıdıb Səkinənin xəsarətlənmiş vəziyyətdə olduğunu görüb təcili yardım çağırmış və onu xəstəxanaya aparmışlar. Hazırda Səkinəni vurduğuna görə peşmandır, sərxoş olduğu üçün özünü saxlaya bilməyib onu döymüşdür. Barəsində yüngül cəza təyin edilməsini Məhkəmədən xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasındakı ifadəsində göstərdi ki, əri Ramin, azyaşlı qızı, qaynatası Qabil və qaynanası Qıznişanla birlikdə yaşayır. Qaynatası və əri spirtli içkilərə meyilli olduqlarından daima hər ikisi içib evdə söz-söhbət salırlar. 01 may 2021-ci il tarixdə, saat 18 radələrində onlar evdə olarkən qaynatası Qabil evə sərxoş vəziyyətdə gəlmiş, əri Ramin isə işə getməyə hazırlaşırmış. Qaynanası Qıznişan isə işdə olmuşdur. Həmin vaxt Qabil sərxoş olduğundan onun ünvanına söyüşlər işlətməyə başlamışdır. Onun söyüşlərinə cavab qaytardıqda Qabil onun üstünə cumub yumruq və təpiklə bədəninin müxtəlif nahiyyələrindən vurmağa başlamış bir qədər sonra Ramin birtəhər onu Qabildən ayırmışdır. O, burun və baş nahiyyəsindən ciddi xəsarətlər almış və halsız divana uzanmış, Ramin çıxıb işə getmişdir. Qaynanası isə işdən evə gəlib onun halını görüb təcili yardım çağırmış və həkimlər onu xəstəxanaya aparmışlar. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir və barəsində cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid ifadəsində göstərdi ki, əri və oğlu spirtli içkilərə meyilli olduqlarından daima hər ikisi içib evdə söz-söhbətlər salırlar. 01 may 2021-ci il tarixdə, o, işdə olmuşdur və saat 18:30 radələrində evə gəldikdə gəlini Səkinənin baş və burun nahiyyələrindən ciddi xəsarətlər almış vəziyyətdə halsız divanda uzandığını, əri Qabilin isə sərxoş vəziyyətdə oturduğunu görmüşdür. O, Səkinədən nə baş verdiyini soruşanda o, Qabilin onu yumruqla döyməsi barədə bildirmişdir. Həmin vaxt Qabil də “Əcəb eləyib döymüşəm” demişdir. O da ərinə bu hərəkətinə görə iradını bildirmiş və Səkinənin vəziyyəti yaxşı olmadığından təcili yardım çağırmışdır. Həkimlər gəlib Səkinəni xəstəxanaya aparmış və ilkin tibbi yardım göstərdikdən sonra evə buraxmışlar. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 03.05.2021-ci il tarixli 460 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, burun sümüyünün burunla tənəffüsü pozan sınığı, hər iki gözaltı nahiyyənin burnun üstünü tutan qançırı, göz qapaqlarının qançırı, sağ təpəgicgah nahiyyəsinin hematoması, sol bazunun, sol saidin qançırları xəsarətləri aşkar olunmuşdur ki, qeyd olunan xəsarətlər küt əşyanın təsirindən törənmişdir, qərarın təsbiri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən təkrari zərbələrlə vurulma nəticəsində əmələ gələ bilər, müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla 01.05.2021-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmamışdır və ondan şikayətçidir. Qanunamüvafiq cəza verilməsini xahiş edir. Azərbaycan Respublikası DİN tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti 18 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan Sumqayıt şəhər Səhiyyə Şöbəsi 3 nömrəli şəhər polikilinikasının 07 may 2021-ci il tarixli, 231 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt 3 nömrəli şəhər poliklinikasının psixiatr kabinetində ambulator və dispanser müşahidəsində yoxdur. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 1739 saylı 08 may 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 2002-ci ildən “Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntusu asılılıq sindromu” diaqnozu ilə qeydiyyatdadadır. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 04 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində xuliqanlıq cinayətinin tərkibi olmadığından barəsində həmin maddə üzrə cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidin ifadəsi, ekspert rəyi və işin digər materialları ilə tam sübuta yetirilir, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. O, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin məhkəmə iclasında zərərçəkmiş şəxsə cəmi bir yumruq zərbəsi vurmasına dair verdiyi ifadə iş materialları ilə təkzib olunur və özünümüdafiə xarakteri kimi qiymətləndirilməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, cəzanın icrası Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin başlanğıcı Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 10/8, mənzil 58 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Sumqayıt Regional Vəkil bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 24.05.2021-ci il tarixli (iş № 1(060)-388/2021) qərarını icra edərək, 28 may 2021-ci il tarixli 578 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 08 (səkkiz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyəödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. «xxxxın» Sumqayıt şəhər filialı, hesab AZ03TURA ******************** VÖEN ********** İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Cəzanın icrası Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 10/8, mənzil 58 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 08 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. «xxxxın» Sumqayıt şəhər filialı, hesab AZ03TURA ******************** VÖEN ********** Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: PƏRVİZ HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar