Məhkəmə qərarları › İş №1(060)-388/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-388/2025

25.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-388/2025 25.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Sumqayıt şəhər Məhkəməsinin hakimi X3, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 68.1.1-1 və 67.1-ci madəlləri tətbiq edilməklə 01 (bir) il 08 (səkkiz) ay 03 (üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin qərarı ilə cəzanın çəkilməmiş hissəsindən 01 ay vaxtından əvvəl şərti olaraq azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,461 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 14 mart 2025-ci il tarixdə saat 13:35 radələrində Sumqayıt ŞPİ-nin 4-cü Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Kotec qəsəbəsi, Y.Məmmədəliyev küçəsində saxlanılıb üzərinə yoxlama keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,461 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək ondan götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, bu müddətdə, yəni, onu heç kəs tutmayıbsa, o istəməsə, onu yenə də heç kəs tuta bilməz. Yəni, onun sözünün nəbzi odur ki, 2021-ci ilin iyulun 20-si o özünü ikinci bölməyə təhvil vermişdir. Məhkəmə oldu, hakim Fikrət Əliyev təyin olundu, ona qandal verdi. Yəni, bu gün onun üçün heç nəyin marağı, fərqi yoxdur. Onu Sumqayıt şəhərində hamı tanıyır. Sumqayıt layihəsinin bütün işlərində iştirak eləmişdir. Yalanı olmayıb. Sadəcə olaraq həyatdır, biri müəllim olur, biri professor olur, heç kim bundan sığortalana bilmir, Bu xəstəlikdir. Onun üçün marağı yoxdur, bu gün mənə 5 il verdiniz, 1 il verdiniz, pul verdiniz. Kimisi danışmıyıb, dəyişmək idi. Qanun kimlər üçündürsə var. Heç kimin qanunu yoxdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Psixotrop maddə metamfetamin onun üzərindən aşkar olunmuşdur. Təqsirləndirilən şəxs cinayət işi materiallarında olan ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən müəyyən edilir ki, Sumqayıt şəhəri, Beton zavod ərazisi ev 43 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Evlidir. Uzun müddətdir ki, narkotik vasitədən istifadə etmişdir. 14 mart 2025-ci il tarixdə, təxminən saat 13:30 radələrində Sumqayıt şəhəri, Köhnə Kotec qəsəbəsi, Yusif Məmmədəliyev küçəsində olan zaman mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək onun narkotik vasitələrin istifadəsi, saxlanması və üzərində gəzdirilməsində şübhəli olduğu üçün saxladıqlarını bildirib onun üzərinə videoçəkilişlə baxış keçirəcəklərini bildirmişlər. Ona hüquqlarını izah etdikdən sonra təklif olunmuşdur ki, üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya vardırsa təqdim etsin. O da əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı 01 ədəd sellofan bükümdə olan maddəni təqdim edərək “patı” dedikləri psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Üzərindən aşkar edilən maddə elektron tərəzidə çəkilmiş və çəkisinin 0,55 qram olması müəyyən edildikdən sonra 01 ədəd zərfdə qablaşdırılaraq möhürlənmişdir. Üzəri imzalanmış və o da həmin zərfin üzərini imzalamışdır. Ona həmin maddəni haradan əldə etdiyini soruşduqları zaman həmin gün Abşeron rayonu, Xırdalan şəhərində olarkən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 40 manata aldığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Sumqayıt şəhər Polis İdarəsinin 4-cü PB-nə dəvət etmişlər. Polis bölməsində olan zaman təhqiqatçı tərəfindən ona hüquqları izah olunduqdan sonra bu barədə yazılı bildiriş verilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5 təqdim olunmuşdur. Daha sonra üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o, buna etiraz etməmiş və vidoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olubolmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilən zaman üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və yaxud maddi sübut olmadığını və daha əvvəl polis əməkdaşlarına təqdim etdiyini bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış davam etdirilən zaman üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Baxışda iştirak edən Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşı üzərində müvafiq qeydlər aparılmış ağ rəngli kağız zərfi təqdim edərək, həmin zərfin içərisində onu saxladıqları zaman üzərinə baxış keçirilərkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş ağ rəngli kristal şəkilli psixotrop maddə olan “metamfetamin”ə bənzər maddənin aşkar edildiyini, həmin “maddənin elektron tərəzidə çəkilərək çəkisinin 0,55 qram olduğu müəyyən edildiyini bildirmişdir. Təhqiqatçı tərəfindən zərf açılaraq içərisində olan maddə yenidən elektron tərəzi vasitəsilə çəkilmiş və çəkisinin 0,55 qram olması müəyyən olunduqdan sonra yenidən qablaşdırılmışdır. Sorğu zamanı o, üzərindən aşkar olunmuş maddənin ona məxsus olduğunu, həmin maddəni Abşeron rayonu, Xırdalan şəhərində tanımadığı şəxsdən 40 manata şəxsi istifadəsi üçün aldığını və üzərində saxladığını bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, o, nə saxlanılarkən, nə də sonradan polis bölməsinin inzibati binasında olarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı formada fiziki qüvvə tətbiq edilməmiş, digər qeyri-qanuni hərəkətlərə yol verilməmişdir. O, narkotik tərkibli və psixotrop maddələrdən istifadə etmişdir, lakin alqı satqısı ilə məşğul olmamışdır. Üzərindən aşkar olunmuş psixotrop maddəni öz istifadəsi üçün saxlamışdır. O, həmin şəxsi tanımamış, əvvəllər də ondan narkotik vasitə və ya psixotrop maddə almamışdır. Həmin şəxsi ilk dəfə həmin gün görmüşdür. Narkotik vasitə və ya psixotrop maddə istifadəçisi olduğunu dediyi üçün ona psixotrop maddə satmağa razılaşmış və o da ondan 40 manata öz istifadəsi üçün “patı” dedikləri psixotrop maddə metamfetamin almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərdi ki, 14 mart 2025-ci il tarixdə, saat 13:35 radələrində daxil olmuş əməliyyat məlumatı əsasında məlumat daxil oldu. Sumqayıt şəhəri, Katec qəsəbəsi, Yusif Məmmədəliyev küçəsində, bir nəfər Nicat adlı şəxsə yaxınlaşıb, özlərini təqdim etdilər. Onunla bir yerdə Xıdırov Ramin idi və digər əməkdaşlar idi. Onlar heç bir zorakılıq olmadan çəkilişlə özlərini təqdim etdilər, vətəndaşın sağ yan cibindən bir ədəd narkotik maddə aşkarlandı. Sonradan onu polis bölməsinə apardılar. Şahid1 ona verilmiş suallara cavab olaraq bildirdi ki, təqsirləndirilən şəxsin üzərindən aşkar olunan narkotik vasitə metamfetamin olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ifadəsində göstərdi ki, xx/xx/2025-ci tarixdə əməliyyat məlumatı əsasında əməliyyat axtarış tədbiri keçirilmiş, həmin əməliyyat axtarış tədbiri əsasında vətəndaşın narkotik vasitə saxlaması və gəzdirməsi ilə bağlı məlumat daxil olmuşdur, həmin məlumat əsasında Kotec qəsəbəsində yaxınlaşaraq, özlərini təqdim etmiş, həmin zaman ona narkotik vasitə gəzdirməsində şübhəli olduğunu bildirdilər, onlar ona dedikdə üstündə qanunla qadağan edilmiş hər hansı bir predmet əşya varsa təqdim etsin, o da şalvarın sağ yan cibindən bir büküm təqdim etmişdir. Həmin bükümü təqdim etdikdə narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra onlar dördüncü polis bölməsinə yaxınlaşaraq,təqsirləndirilən şəxsi təhqiqatçıya təhvil vermişlər. Şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ona verilmiş suallara cavab olaraq bildirdi ki, tərəzi ilə çəkilmiş narkotik vasitə, konvertə qoyulmuş, DİN-i 128 nömrəli möhürü ilə möhürlənmiş, daha sonra konvertə imza çəkilmiş, sonra çəkiliş dayandırılmışdır, 4-cü bölməyə dəvət edilmiş, təhqiqatçıya təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid4 ifadəsində göstərdi ki, Sumqayıt şəhər 4-cü PB-nə Nicat adlı şəxsin qanunsuz olaraq narkotik vasitələr istifadə etməsi və üzərində daşıması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı əsasında onun iştirakı ilə əməliyyat qrupu yaradılır. 14 mart 2025-ci il tarixdə həmin şəxsin Kotec qəsəbəsi ərazisində olması ilə bağlı məlumat daxil olmuşdur. Əməliyyat qrupu olaraq onlar həmin əraziyə yaxınlaşırıq və həmin vətəndaşı saxlayaraq, ona qanunsuz olaraq narkotik vasitələrin üzərində daşınması ilə bağlı şübhəli olması barədə məlumat verilir və üzərində hər hansı bir qanunsuz əşya və predmet olduğunu soruşduqda, o üzərində olan öz dediyinə görə metamfetamini bizə təqdim etmişdir. Sonra həmin şəxs polis bölmsinə dəvət olunub, bölmədə otaqların birində vəkil və təhqiqatçının iştirakı ilə araşdırma aparılıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 ifadəsində göstərdi ki, martın ayının 14-ü 2025ci il tarixdə, 13:35 radələrində məlumat daxil oldu. Sumqayıt şəhəri, Kotec qəsəbəsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxladılar. Özlərini polis əməkdaşı olaraq təqdim etdilər. Onun üzərinə baxış keçirdikdə, sağ cibindən bir bükümdə çəkilişlə bir yerdə metafetamin aşkar olundu. Sonra hardan əldə olunmasını soruşduqda, onlara tanımadığı şəxsdən, Xırdalan şəhərindən aldığını bildirdi. Sonra, adəti üzrə, 4-cü polis bölməsinə gətirdilər. Vəkil gəldi, təhqiqatçı, orda da video çəkilişdə tərəziyə qoyduqda 0,55 metafetamin olduğunu aşkar etdilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir. - xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, Sumqayıt ŞPİ-nin 4-cü PB-nə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanılması və gəzdirilməsi barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu xx.xx.2025-ci il tarixdə, saat 13:35 radələrində Sumqayıt şəhəri, Kotec qəsəbəsi, Y. Məmmədəliyev küçəsində saxlanılmış, ona hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Üstünü yoxlama və götürülmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə olan maddəni təqdim etmiş, sonra narkotik vasitəyə bənzər maddə olan 01 ədəd büküm elektron tərəzidə çəkilmiş, qablaşdırma ilə birlikdə çəkisi 0,55 qram olması müəyyən edilmiş, həmin büküm qablaşdırılmış, saxlanılan şəxs və iştirakcılar tərəfindən imzalanmış və götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik vasitəni xx.xx.2025-ci il tarixdə səhər saatlarında Xırdalan şəhəri ərazisində tanımadığı şəxsdən 40 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. - Təqsirləndirilən şəxs 14 mart 2025-ci il tarixdə saat 13:35 radələrində Sumqayıt ŞPİ-nin 4-cü Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Kotec qəsəbəsi, Y.Məmmədəliyev küçəsində cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. - xx.xx.2025-ci il tarixli “təqdim olunan əşyaya baxış keçirilməsi və götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, saxlaması, üzərində gəzdirməsi və istifadəsində şübhəli bilindiyi üçün keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2025-ci il tarixdə saat 13:35 radələrində ünvan 3 ünvanına saxlanılaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirilmişdir. Təqsirləndirilən şəxs PB-nə gətirildikdən sonra rəqəmsal tipli “Panasonic” markalı videokamera işə salınmış və iştirakçılarla birlikdə PB-nin xidməti otaqlarının birində onun üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış, ona hüquq və vəzifələri barədə bildiriş və Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5 təqdim edilmişdir. Vəkilin iştirakı ilə və Təqsirləndirilən şəxs icazəsi ilə video çəkiliş vasitəsilə üzərinə şəxsi axtarışa başlamazdan əvvəl ondan üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş maddi sübutun olub-olmadığı soruşulan zaman o, üzərində heç bir qanunsuz predmetin olmadığını bildirmiş, onun üzərinə şəxsi axtarış keçirilmiş və heç bir daşınması və ya gəzdirilməsi qadağan olunmuş predmet aşkar edilməmişdir. Bundan sonra təhqiqata təqdim edilmiş 01 ədəd zərf açılmış və içərisində 01 ədəd şəffaf rəngli sellofan büküm aşkar edilmişdir. Həmin büküm tərəziyə qoyularaq çəkilmiş, elektron tərəzidə çəkisi ümumilikdə 0,55 qram olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, onun üzərində aşkar olunan həmin maddəni xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində olan zaman tanımadığı şəxsdən 40 manata şəxsi istifadəsi üçün almış və üzərində saxlamışdır. Eləcə də, həmin maddənin “şüşə” olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin maddə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün qablaşdırılmış və DİN-nin 128 saylı möhürü ilə möhürlənmişdir. - Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 20/85 №-li rəyindən məlum olmuşdur ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə..” yazıları olan zərfdəki 01 ədəd bükümündə təmiz çəkisi 0,461 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra 0,411 qram metamfetamin qalıq qalmışdır. - xx.xx.2025-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan və eyni tarixli istintaq hərəkətinin videoçəkilşini əsk etdirmiş 02 (iki) ədəd DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı 1-ci diskə daxil olduqda, 01 ədəd qovluq olduğu müəyyən edilmişdir. Həmin qovluqda 05:18 dəqiqə davam edən videonun olması müəyyən olunmuşdur. Videoda 14 mart 2025-ci il tarixdə saat 13:35 radələrində mülki geyimli polis əməkdaşlarının Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmələri və Təqsirləndirilən şəxs hansı səbəbdən saxlanılması izah edildikdən sonra üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşyanın olub-olmaması soruşulduqda əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etməsi və elektron tərəzidə çəkildiyi zaman çəkisinin 0,55 qram olması müəyyən olunmuşdur. Daha sonra həmin büküm kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri imzalanmışdır. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş hər hansı əşya aşkar olunmamışdır. Bundan sonra 2-ci diskə baxış keçirilərkən 01 ədəd qovluq olduğu müəyyən edilmişdir. Qovluqda olan fayla daxil olduqda 08:31 dəqiqə davam edən videonun olması müəyyən olunmuşdur. Videoda Sumqayıt ŞPİ-nin 4-cü PB-nin inzibati binasında xidməti otaqların birində təhqiqatçı, polis mayoru Elşən Quliyev tərəfindən dövlət hesabına hüquqlarını müdafiə edən Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 və Sumqayıt ŞPİnin 4-cü PB-nin əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs hüquqlarının izah edilməsi və bu barədə yazılı bildirişin verilməsi, saxlanılması səbəbi bildirildikdən sonra təhqiqatçı tərəfindən ondan saxlanılarkən üzərindən aşkar olunmuş 01 ədəd zərfdə qablaşdırılmış halda olan şəffaf rəngli sellofan bükümdə olan maddənin onun üzərindən aşkar olunmuş kütlə olub-olmaması və haradan əldə etməsi soruşulmuşdur. Təqsirləndirilən şəxs həmin bükümdə olan maddənin ona məxsus olmasını, Abşeron rayonu Xırdalan şəhərində tanımadığı şəxsdən 40 manata almasını və şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və qanunla qadağan olunmuş hər hansı əşya aşkar olunmamışdır. Üzərindən aşkar olunmuş kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 0,55 qram olması müəyyən olunmuş, bundan sonra həmin büküm yenidən qablaşdırılmışdır. Bununla da Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış başa çatdırılmışdır. - xx.xx.2025-ci il tarixli əşyaların “maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 0,461 qram olan narkotik vasitə olan heroin cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və ekspertiza təhqiqatına sərf edilmiş kütlələr çıxmaqla təhqiqatdan sonra qalıq qalmış 0,411 qram çəkidə psixotrop maddə metamfetamin saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. - Sumqayıt şəhər Polis İdarəsindən daxil olmuş 08 aprel 2025-ci il tarixli məktubdan görsənir ki, bir sıra əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə baxmayaraq Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddə metamfetamini haradan və kimdən əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddədən hər hansı şəxs(lər)ə satması faktı müəyyən olunmamışdır. - Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 7(010)-347/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 68.1.1-1 və 67.1-ci madəlləri tətbiq edilməklə 01 (bir) il 08 (səkkiz) ay 03 (üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin qərarı ilə cəzanın çəkilməmiş hissəsindən 01 ay vaxtından əvvəl şərti olaraq azad edilmişdir, xx.xx.2024-cü il tarixdə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmışdır. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 7(010)-347/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının surəti iş materiallarına əlavə edilmişdir. - Məhkəmə-narkoloji ekspertizasının 1800 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Sumqayıt şəhəri Narkoloji Dispanserində F19.2 diaqnozu ilə dispanser qeydiyyatdadır. - xx.xx.2025-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən rədd edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, tədqiqatdan sonra qalıq qalmış, 0,411 qram psixotrop maddə metamfetamin ibtidai istintaqın qurtarmasından sonra təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin istintaq materialları və maddi sübutlarla tanış etdikdən sonra saxlanılması üçün Sumqayıt ŞPİ-nin xüsusi saxlanc yerinə təhvil verilmiş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üzərinin yoxlanması, şəxsi axtarış keçirilməsi və təqdim edilən əşyaların götürülməsi haqqında xx.xx.2025-ci il tarixli istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 02 ədəd DVD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək cinayət işinin istintaq mateiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş şəxs hesab edilmiş və onun əməlində cinayətin residivinin olması nəzərə alınmışdır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildiyini göstərsə də, istintaq sübutları ilə onun özünün müdafiəsi üçün gətirdiyi dəlillər iş üzrə şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam təkzib olunaraq törətmiş olduğu cinayət əməli tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı təqsirini qismən etiraf etməsi və narkotik vasitənin növünün onun üzərindən aşkar olunmuş narkotik vasitə metamfetamin olmaması ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Həmçinin Təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış, baxış və götürmə istintaq hərəkəti aparılan zaman ibtidai istintaq orqanı tərəfindən onun müdafiə hüququ pozulmamış, onun üzərinə müdafiəçisinin iştirakı ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxsin pozulmuş hesab etdiyi hüquqlarının müdafiəsini tələb etmək etmək, həmçinin ona özünə məxsus olmayan psixotrop maddəni üzərinə götürməsi ilə hər hansı bir təzyiq göstərilmişdirsə, bu barədə müdafiəçisinə bildirmək üçün kifayət qədər imkanı olmasına baxmayaraq o, bu barədə nə müdafiəçisinə, nə də başqa heç bir yerə müraciət edib etirazını bildirməmişdir. Məhkəmə araşdırması nəticəsində Təqsirləndirilən şəxs məhkəmə istintaqında yalan ifadə verməsi və iddia etdiyi halların həqiqəti əks etdirməməsi təsdiq olunmuşdur. Bu hissədə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs tutularkən polis əməkdaşları tərəfindən psixoloji təzyiqə, işgəncəyə və digər formada qeyri-insani rəftara məruz qalmasını bildirməmiş, eləcə də ibtidai istintaqın sonunadək bu barədə heç bir səlahiyyətli orqana müraciət etməmişdir. Başqa sözlə Təqsirləndirilən şəxs barəsində uzun müddət ərzində ibtidai araşdırma aparılmasına baxmayaraq, o, psixotrop maddə metamfetaminin ona məxsus olmamasını bildirməmişdir. Bununla bağlı ilk dəfə təqsirləndirilən şəxsin müdafiəçisi və özü dəlillərini məhkəmədə irəli sürmüş, məhkəmə isə bu hissədə araşdırma aparmaqla, onun iddia etdiyi halların həqiqət olmamasını müəyyən etmişdir. Buna görə də, təqsirləndirilən şəxsin bu ifadəsi iş materialları, şahid ifadələri və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının: - 4-cü bəndində qeyd olunur ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. -1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. - 5-ci bəndinə əsasən Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. - 21.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İ Siyahı), psixotrop maddə metamfetaminin xeyli miqdarı təmiz halda 0.15 qramdan artıq olması, külli miqdarı isə 2 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamin xeyli miqdarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının: - 16-cı bəndinə əsasən satış məqsədi olmadan müxtəlif növdə narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə məsuliyyət məsələsi həll edilərkən o da nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün aşkar olunmuş narkotik vasitələrin (psixtrop maddələrin) heç olmasa bir növünün miqdarının adı çəkilən siyahılarda bu növ vasitə (maddə) üçün müəyyən edilmiş xeyli miqdarı təşkil etməsi tələb olunur və bu zaman müxtəlif növ narkotik vasitələrin (psixtrop maddələrin) miqdarlarının toplanmasına yol verilmir. Narkotik vasitənin (psixotrop maddənin) tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı eyni qaydada müəyyən edilməli, maddənin tərkibində olan narkotik vasitə sayılmayan maddələrin çəkisi isə nəzərə alınmamalıdır. Bu səbəbdən, bir neçə növ narkotik vasitələrin (psixotrop maddələrin) miqdarlarının cəmi hər hansı növ vasitə (maddə) üçün həmin siyahılarda göstərilən xeyli miqdardan çox olduqda belə, onların əldə edilməsi, saxlanması və s. üzrə hərəkətlər cinayət məsuliyyəti yaratmayan hərəkətlər kimi qiymətləndirilməlidir. Həmçinin satış məqsədi olmadan törədilən əməllər üzrə xeyli miqdardan az olan narkotik vasitələrin və ya psixotrop maddələrin növlərinin ittihamda və ya hökmdə şəxsin təqsirli bilindiyi cinayət əməli təsvir edilərkən göstərilməsinə yol verilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə: - Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1-ci maddəsinin tərkibini yaradır. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının: - 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” - 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: - 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). - 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. - 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". - 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının: - 25-ci bəndində izah edilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib-edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib- törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib- etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, Təqsirləndirilən şəxs şəxsiyyətini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmasını və məhkumluğunun ödənilməmiş və ya götürülməmiş olmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 68.1.1-1 və 67.1-ci maddəlləri tətbiq edilməklə 01 (bir) il 08 (səkkiz) ay 03 (üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin qərarı ilə cəzanın çəkilməmiş hissəsindən 01 ay vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən onun məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. - 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları olmayan hesab edilir. - 83-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu olan şəxs hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası CM-nin: - 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivini müəyyən etmişdir. Azərbaycan Respublikası CM-nin: - 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. - 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs psixotrop maddələrin aludəçisi olmasını, əvvəllər də eyni xarakterli cinayət əməlini törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını, habelə sonuncu dəfə Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini və həmin iş üzrə məhkumluğunun ödənilməməsini nəzərə alaraq, təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən yüngül cəza növünün təyin edilməsinin tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyi qənaətinə gələrək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 0,411 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan iki ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və onun ərazi narkoloji dispanserində qeydiyyatda olmağı nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 60,00 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli (iş № 1(060)-388/2025) qərarını icra edərək, xx.xx.2025-ci il tarixli 804 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 12 (on iki) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat, xx.xx.2025-ci il tarixli, 141 saylı qərarı ilə müəyyən edilmiş dəyişikliklərlə 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 132 (bir yüz otuz iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilsin. Məhkəmə iclas zalından həbs edilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və onun ərazi narkoloji dispanserində qeydiyyatda olmağı nəzərə alınsın. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 0,411 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 02 (iki) ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 60,00 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 12 (on iki) saat hüquqi yardıma görə 132 (bir yüz otuz iki) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar