Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-389/2021 07.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1979-cu ildə Neftçala rayonu, Həsənabad qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Yaşıldərə bağları, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 11.05.2021-ci il tarixdə saat 21:30 radələrində Təqsirləndirilən şəxs yaşadıqları ünvanda ailə-məişət münasibətləri zəmnində aralarında baş vermiş mübahisə zamanı keçmiş arvadı Zərərçəkmiş şəxs sol gicgah-təpə nahiyyəsinin dərialtı hematoması kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarətlər yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Arzu ilə 2002-ci ildə ailə həyatı qurmuşlar, onların birgə nikahlarından 3 övladları var, o, spirtli içki aludəçisidir. O, spirtli içki içdiyi vaxtda Arzu onunla mübahisə etməyə başlayır. Arzu ilə aralarında mütamadi olaraq ailə məişət münasibətləri zəmnində mübahisələr baş verdiyindən Arzu boşanmaq üçün 2017-ci il tarixdə Sumqayıt şəhər məhkəməsinə müraciət etmiş və məhkəmənin qərarına əsasən onlar rəsmi olaraq boşanmışlar. Onlar boşansalar da bir mənzildə yaşayırlar. 11.05.2021-ci il tarixdə saat təxminən 21:30 radələrində axşam yeməyi yeyən zaman 250 qram araq içmiş, onun araq içdiyini görən Arzu içdiyinə görə onunla mübahisə etməyə başlamış, o, Arzuya fikir verməsə də Arzu sakitləşməyib onu danlamış, onunla kobud danışmışdır. Arzunun onunla kobud danışmasına sonunda dözə bilməyib əsəbləşərək əl zərbəsi ilə onun başından iki dəfə vurmuş, Arzu isə heç bir şey etməyib evdən çıxıb getmiş, o, da öz otağına keçib yatmış, daha sonra polis əməkdaşları gələrək Arzunun ondan şikayət etdiyini deyərək onu 5-ci polis bölməsinə aparmışlar. Təqsirləndirilən şəxs hazırda törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu və zərərçəkmiş şəxslə barışdığını bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Eldarla 2004-cü ildə ailə hətyatı qurmuşlar, onların birgə nikahlarından 3 övladları vardır. Eldar spirtli içki aludəçisidir, heç yerdə işləmir, müəyyən yerlərdə işlədiyi vaxtlarda qazandığı pulu spirtli içki alıb içir. Eldar ailəsinin saxlanılmasına qarşı laqeyidlik göstərir. Eldarın içib heç bir səbəb olmadan evdə münaqişə yaratması səbəbindən o, boşanmaq üçün 2015-ci il tarixdə Sumqayıt şəhər məhkəməsinə müraciət etmiş və həmin il məhkəmənin qərarına əsasən onlar rəsmi olaraq boşanmışlar, onlar boşansalarda bir mənzildə yaşayırlar. 11.05.2021-ci il tarixdə saat təxminən 21:30 radələrində axşam yeməyi yeyən zaman Eldar 250 qram araq içmiş, araq içdikdən sonra uşaqların yanında nəlayiq ifadələr işlətdiyinə görə o, Eldara danışığına fikir verməsini, çıxıb havada bir az gəzib özünə gəldikdən sonra evə gəlməsini demiş, Eldar isə getməyib, davranışlarını davam etdirmiş, məhz bu səbəbdən onların aralarında mübahisə yaranmış, mübahisə zamanı Eldar ona yaxınlaşıb gözləmədiyi halda üzündən, başından sinəsindən əl zərbələri ilə vuraraq ona xəsarət yetirmişdir. O, Eldarı özündən kənara itələyib evdən qaçıb çölə çıxmış və baş vermiş hadisə ilə bağlı DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Zərərçəkmiş şəxs X1 ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barşdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, sonuncunun barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının 12.05.2021-ci il tarixli, 512 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşağıdakı xəsarətlər vardır: Sol gicgah-təpə nahiyyəsinin dərialtı hematoması. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışlar, müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni 11.05.2021-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid edilir. Xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətin Zərərçəkmiş şəxs özü-özünə yetirməsi az inandırıcıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 18.05.2021-ci il tarixdə tərtib olunmuş arayışdan (tələbnamə) və Sumqayıt Şəhər Məhkəməsinin 15 yanvar 2019-cu il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 15.01.2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan cinayət işinin icraatına xitam verilmişdir. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndində göstərilmişdir ki, şəxs bu Məcəllənin 72 - 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Qeyd edilən müddəa 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 20 oktyabr 2017-ciil tarixli Qanunu əsasında Cinayət Məcəlləsinə daxil edilmişdir. Qanunun bu normasının tələbi ondan ibarətdir ki, əgər hər hansı şəxs 1 dekabr 2017-ci il tarixdən sonra CM-in 72-73-2-ci və 74-1-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilərsə, lakin bundan sonra (hətda 20-30 ildən sonra da) məsuliyyətdən azad edildiyi cinayəti yenidən törədərsə, onun növbəti dəfə cinayət məsuliyyətindən azad edilməsi mümkün deyil. Belə hallarda şəxsin qeyd olunan maddələrdə nəzərdə tutulmuş şərtlərə əməl etməsi cəzanı yüngülləşdirən hallar kimi cəza tədbirinin seçilməsi zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 26.05.2021-ci il tarixli (iş № 1(060)-389/2021) qərarını icra edərək, 28.05.2021-ci il tarixli 583 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 7 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 42 (qırx iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və o 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqana qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Yaşıldərə bağları, fərdi evi tərk etməmək, Sumqayıt şəhəri və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 7 (yeddi) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 42 (qırx iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-389/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-389/2021
07.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver