Məhkəmə qərarları › İş №1(060)-389/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-389/2023

11.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-389/2023 11.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-“Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1982-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Xəzər bağlarındakı fərdi evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,757 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, 16 dekabr 2022-ci il tarixdə, saat 18:10-da, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi ərazisində yerləşən “Simurq” restoranının yaxınlığında saxlanılaraq PB-nə gətirilmiş və PB-də üzərinə şəxsi axtarış keçirilərkən, onun əynindəki qara rəngli şalvarın sağ yan kiçik cibində saxladığı 01 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş vəziyyətdə 0,757 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə, saat 18:10-da Sumqayıt şəhəri, S.Vurğun küçəsi ərazisində, yaşadığı evin nisbətən yaxınlığında yerləşən “Simurq" restoranının yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib, Sumqayıt şəhər Pl-nin 4-cü PB-nin əməkdaşları olduqlarını, onu narkotik vasitələrin qəbulunda, üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün saxladıqlarını bildirib, onun üzərinə şəxsi axtarış keçirilməsi məqsədi ilə Sumqayıt şəhəri Pİ-nin 4-cü PB-nə dəvət etmişlər. O etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə 4-cü PB-nə getmişdir. PB-nə getdikdən sonra, xidməti otaqların birində hansı səbəbdən saxlanılmağı bir daha bildirilməklə yanaşı, hüquq və vəzifələri ona izah olunmuş və hüquqlarının müdafiəsi üçün vəkil seçməsi məqsədi ilə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim olunmuşdur. O, həmin siyahıdan vəkil seçmişdir. Vəkilin iştirakı ilə video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ondan üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya vardırsa təqdim etməsini xahiş etmişdir. O, əynindəki şalvarın cibindən içində metamfetamin olan 1 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş maddəni çıxarıb təqdim edərək, masanın üzərinə qoymuşdur. O təhqiqatçıya bildirmişdir ki, üzərində olan “şüşəni” xx.xx.2022-ci il tarixdə saat 16:05 radələrində Corat qəsəbəsində tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün almışdır. O heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını təhqiqatçıya bildirmişdir. Onun üzərinə şəxsi axtarış keçirilərkən üzərindən əlavə qanunsuz heç bir şey aşkar olunmamışdır. Sonra onun üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamin büküldüyü kağızla birlikdə tərəziyə qoyulub çəkisi ölçüldükdə həmin kütlənin çəkisinin 1 qramdan az olması müəyyən edilmişdir. Sonra həmin kütlə qablaşdırılaraq protokollaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs hazırda törətdiyi cinayət əməlindən həqiqətən peşman olduğunu, himayəsində 1 azyaşlı uşağının olmasını, uşağının sümük xəstəliyindən əziyyət çəkməsini və ailədə yeganə işləyərək qazanc gətirən şəxs olduğunu bildirərək məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmədə şahid Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, Xəzər bağlarındakı fərdi evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi barədə qərəzsiz və etibarlı mənbədən Sumqayıt ŞPİ-nin 4-cü PB-nə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat onun raportu vasitəsi ilə bölmə rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat qrupu təşkil olunmuş və qrupun daxilinə iştirak etməsi üçün o da, əlavə edilmişdir. Daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2022-ci il tarixdə, axşam saatlarında, Təqsirləndirilən şəxs ola biləcəyi yerdə, yəni Sumqayıt şəhəri, Səməd Vurğun küçəsindəki “Simurq” restoranının yaxınlığında pusqu qurulmuşdur. Təqsirləndirilən şəxs yaxınlaşdığını görüb həmin ərazidə, “Simurq” restoranının yaxınlığında, saat 18 radələrində İlqarı saxlamışlar. Onlar özlərini təqdim edərək, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirilməsi, istifadəsi ilə bağlı şübhəli şəxs qismində saxlanıldığını bildirib, saxlanılan şəxsdən özünü təqdim etməsini xahiş etmişlər. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Daha sonra İlqara onlarla birlikdə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə getməli olduğunu bildirilmiş, İlqar etirazının olmadığmı bildirmiş və birlikdə 4-cü PB-nə gəlmişlər. 4-cü PB-nin təhqiqatçısı Vüsal Quliyev, Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı vəkil Bürosunun vəkillərinin siyahısını təqdim etmiş, İlqar özünə vəkil seçmişdir. Vəkil gəldikdən sonra, İlqarın razılığı və müdafiəçinin iştirakı ilə videoçəkilişlə saxlanılan şəxsin üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməyə başlanmışdır. O və xidmət yoldaşı Şahid2 da şəxsi axtarışda iştirak etmişlər. Təhqiqatçı İlqarın üzərinə şəxsi axtarış istintaq hərəkəti keçiriləcəyini bildirmiş və axtarış keçirilməzdən öncə, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya varsa təqdim etməsini xahiş etmiş, Təqsirləndirilən şəxs əynindəki şalvarın cibindən 1 ədəd sellofan bükülünü çıxardıb təqdim edərək, həmin bükülüdə “şüşə”, yəni metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təhqiqatçının suallarına cavablandıraraq, təqdim etdiyi həmin 1 büküm “şüşə” adlandırdığı psixatrop maddə metamfetamini, Corat qəsəbəsində tanımadığı şəxsdən 10 manat ödəyərək öz istifadəsi üçün aldığını, təxminən 1 ildir ki, narkotik vasitə istifadəçisi olduğunu, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Sonra təhqiqatçı, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmiş, ancaq onun üzərindən əlavə heç bir şey aşkar olunmamışdır. Ardınca təhqiqatçı, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin sellofan bükümü açdıqda, bükümün içərisində siqaret kağızına bükülmüş vəziyyətdə, ağ rəngli, kristallik hissəciklərdən ibarət, psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminə bənzər kütlə, büküldüyü sellofanla birlikdə tərəziyə qoyulub çəkisi ölçüldükdə həmin kütlənin çəkisinin 0,94 qram olması müəyyən edilmişdir. Bundan sonra təhqiqatçı həmin kütləni zərfə qoyaraq xüsusi qaydada qablaşdırılaraq imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixatrop maddələrin satışı ilə məşğul olması barədə 4-cü polis bölməsinə əməliyyat məlumatları daxil olmamışdır. Məhkəmədə Şahid2 oğlu ifadəsində Şahid1 ifadəsinə uyğun ifadə verdi. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də şahidlər Şahid1 və Şahid2 ifadələrində göstərdikləri bir daha təsdiq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə–kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/7080 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs üzərində çıxan narkotik vasitə...” sözləri olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,757 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (Qeyd: Metamfetaminin təmiz çəkisi-0,757 qram, tədqiqata sərf edildi- 0,050 qram, qalıq 0,707 qram). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2022-ci il tarixli, 7883 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağıxx.xx.2011-ci il təvəllüdlü X3 vardır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, əməlindən peşman olmasını və himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, onun əməlindən peşiman olması, himayəsində bir azyaşlı uşağının olması, üzərindən aşgar olunmuş narkotikin miqdarı nəzərə alınmaqla, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, ibtidai istintaq orqanının xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək MSY-dən azad olunmuşdur. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 01 gün 02 gün hesabı ilə hesablanmaqla 04 gün müddət hazırki hökmlə təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut olan 0,707 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizalarının dəyəri 81 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. “Şimal” Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin qərarını icra edərək Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (27 yanvar 2010-cu il tarixli 21 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq “Şimal” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla 04 gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Xəzər bağları, fərdi evi tərk etməmək, Sumqayıt şəhərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut olan 0,707 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 81 manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq “Şimal” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar