Məhkəmə qərarları › İş №1(060)-39/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-39/2022

02.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-39/2022 02.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, məhkəmə iclas katibi Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - X2, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs , Müdafiəçi-Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1993-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-172/2022 saylı, 26.04.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 01 (bir) il 01 (bir) ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Corat qəsəbəsi, Ə.Mərdanov küçəsi, ev 8 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək” haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, cavabdeh kimi ondan 18 oktyabr 2018-ci il tarixdən başlayaraq 14.12.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154,00 manat sabit pul məbləğində aliment və 50,00 manat maddi yardım tutulub X4 ödənilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 10 dekabr 2018-ci il tarixli, 2(060)-9914/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsinə görə 21 oktyabr 2019-cu il tarixdə Sumqayıt Şəhər Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tənbeh növü tətbiq edilməsinə və bundan sonra qətnaməni könüllü icra etməsi üçün ona yenidən vaxt verilməsinə dair bildiriş göndərilərək məsuliyyəti elan olunmaqla rəsmi qaydada 04.12.2019-cu il və 07.08.2020-ci il tarixlərdə xəbərdarlıq olunmasına baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 30.11.2020-ci il tarixə kimi, cəmi 5258,00 manat məbləğində aliment borcunu tələbkara ödəməyərək zərərçəkmiş şəxs Bayramova (Hüseynli) Sayalı Vahid qızına maddi ziyan vurmaqla yanaşı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Hüseynli (Bayramova) Sayalı Vahid qızı ilə 12.04.2017-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, həmin nikahdan Nərgiz adlı övladı doğulmuş, 2018-ci ilin oktyabr ayında arvadı Zərərçəkmiş şəxs ilə münasibəti pozulduğundan ayrılmış və sonuncu məhkəməyə müraciət edərək uşaqların saxlanması üçün ondan aliment tələb etmiş və nəticədə Sumqayıt Şəhər Məhkəməsinin 10 dekabr 2018-ci il tarixli, 2(060)-9914/2018 saylı qətnaməsinə əsasən, 18 oktyabr 2018-ci il tarixdən başlayaraq 14.12.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154,00 manat sabit pul məbləğində aliment və 50,00 manat maddi yardım ondan tutulub X4 ödənilməsi qət edilmişdir. Tərəfindən qətnamənin icrası təmin olunmamış, özü fəhlə kimi işləməsinə baxmayaraq alimentin miqdarı yüksək olduğundan ödəniş edə bilməmiş, icra məmuru tərəfindən barəsində inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilmiş və Sumqayıt Şəhər Məhkəmənin 21.10.2019-cu il tarixli qərarına əsasən İXMnin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 20 (iyirmi) gün müddətində inzibati qaydada həbs seçilmiş, inzibati həbsdən sonra icra məmuru tərəfindən ona yeni müddət verilməsinə baxmayaraq aliment üzrə yaranmış borcu ödəməmiş və ona cinayət məsuliyyətinin daşıması barədə icra məmuru tərəfindən xəbərdarlıq edilmiş, icra zamanı aliment üzrə Zərərçəkmiş şəxs 150,00 manat, məhkəmə vaxtı 2000 manat məbləğində ödəniş etmiş, lakin sonralarda müəyyən məbləğdə ödəniş etməsinə çalışsa da, sonuncu aliment borcunun tam ödənilməsini tələb etmişdir. Hazırda borcu ittiham üzrə 3258,00 manat təşkil edir. Törətdiyi əməldən peşimandır və barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs Hüseynli (Bayramova) Sayalı Vahid qızı ifadəsində göstərmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 10 dekabr 2018-ci il tarixli, 2(060)- 9914/2018 saylı qətnaməsinə əsasən, Təqsirləndirilən şəxs 18 oktyabr 2018-ci il tarixdən başlayaraq 14.12.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154,00 manat sabit pul məbləğində aliment və 50,00 manat maddi yardım tutulub ona ödənilməsi qət edilmiş, məhkəmə qətnəməsi icra olunması üçün aidiyyəti üzrə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmiş, icra idarəsinin icra məmurları tərəfindən Təqsirləndirilən şəxs tərəfindən öhdəliyin yerinə yetirilməməsi səbəbindən inzibati protokol tərtib edilib inzibati məsuliyyətə cəlb olunması üçün təqdimatla məhkəməyə müraciət olunmuş, Sumqayıt Şəhər Məhkəməsinin 21.10.2019-cu il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 20 (on) gün müddətinə inzibati qaydada həbs edilmiş, daha sonra icra məmuru tərəfindən borcluya qətnaməni icra etmək üçün yenidən müddət verilməsinə baxmayaraq müxtəlif bəhanələr gətirərək aliment üzrə heç bir ödəniş etməmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ittiham üzrə 3258,00 manat məbləğində ödənilməmiş aliment borcu vardır. Təqsirləndirilən şəxs fərdi əmək fəaliyyəti ilə məşğul olur, lakin bir ata kimi uşaqları ilə maraqlanmır və evə heç bir kömklik göstərmir. Ona görə də Təqsirləndirilən şəxs qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş dindirilmiş Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9914/2018 saylı, 10.12.2018-ci il tarixli icra sənədinə əsasən Təqsirləndirilən şəxs 18.10.2018-ci il tarixindən başlayaraq 14.12.2017-ci il təvəllüdlü X1 üçün hər ay 154,00 manat sabit pul məbləğində aliment və 50,00 manat maddi tutularaq X4 verilməlidir. İcra sənədi 11.01.2019-cu il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə daxil olmuş və həmin tarixdə müvafiq qaydada icraata başlanılmış, məhkəmə qərarının icrası ilə əlaqədar Təqsirləndirilən şəxs idarəyə dəvət olumuş, tələbin dərhal icra edilməsi ona bildirilsə də, sonuncu tələbi icra etməmiş, məcburi icra tədbirlərini həyata keçirmək üçün görülmüş icra hərəkətləri qənaətbəxş olmamış, Təqsirləndirilən şəxs növbəti çağırışları gəlmədiyindən barəsində axtarış qərarı qəbul edilərək icra olunması üçün Sumqayıt Şəhər Polis İdarəsinə göndərilmiş, borclu Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən 21.10.2019-cu il tarixdə saxlanılaraq icra idarəsinə təhvil verilərək barəsində inzibati protokol tərtib edilib baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və həmin məhkəmənin 21.10.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 20 (iyirmi gün) gün müddətinə inzibati qaydada həbslə tənbeh edilmişdir. İnzibati tənbehdən sonra borcluya tələbi icra etməsi üçün yeni müddət verilsə də, bir daha tələbi icra etməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-267/20 saylı, 11.09.2020-ci il tarixli qərardadı ilə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış, borclu Təqsirləndirilən şəxs tərəfindən tələbkar Zərərçəkmiş şəxs icra müddətində 150,00 manat ödəniş edilmiş və nəticədə 30.11.2020-ci il tarixinədək Təqsirləndirilən şəxs 5258,00 manat aliment borcu təşkil etmişdir. Bu səbəbdən borclu tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə təqdimat göndərilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 oğlu ifadəsində göstərdi ki, 2018-ci ilin mart ayı tarixindən Sumqayıt şəhəri İcra İdarəsinin icra məmuru vəzifəsində işləyir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9914/2018 saylı, 10.12.2018-ci il tarixli icra sənədinə əsasən Təqsirləndirilən şəxs 18.10.2018-ci il tarixindən başlayaraq 14.12.2017-ci il təvəllüdlü X1 üçün hər ay 154,00 manat sabit pul məbləğində aliment və 50,00 manat maddi tutularaq X4 verilməlidir. İcra sənədi 11.01.2019-cu il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə daxil olmuş və həmin tarixdə müvafiq qaydada icraata başlanılmış, məhkəmə qərarının icrası ilə əlaqədar Təqsirləndirilən şəxs idarəyə dəvət olumuş, tələbin dərhal icra edilməsi ona bildirilsə də, sonuncu tələbi icra etməmiş, məcburi icra tədbirlərini həyata keçirmək üçün görülmüş icra hərəkətləri qənaətbəxş olmamış, Təqsirləndirilən şəxs növbəti çağırışları gəlmədiyindən barəsində axtarış qərarı qəbul edilərək icra olunması üçün Sumqayıt Şəhər Polis İdarəsinə göndərilmiş, borclu Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən 21.10.2019-cu il tarixdə saxlanılaraq icra idarəsinə təhvil verilərək barəsində inzibati protokol tərtib edilib baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və həmin məhkəmənin 21.10.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 20 (iyirmi gün) gün müddətinə inzibati qaydada həbslə tənbeh edilmişdir. İnzibati tənbehdən sonra borcluya tələbi icra etməsi üçün yeni müddət verilsə də, bir daha tələbi icra etməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-267/20 saylı, 11.09.2020-ci il tarixli qərardadı ilə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs tərəfindən tərəfindn tələbkar Zərərçəkmiş şəxs bu günə kimi 2150 manat ödəniş edilmiş və hal-hazırda verilmiş ittiham üzrə 3258,00 manat aliment borcu toplanmışdır. Məhkəmədə cinayət prosesi tərəflərinin razılığı ilə istintaq zamanı şahid qismində ifadə vermiş Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru Şahid1 elan edilmiş ifadəsindən görünür ki, həmin ifadə şahid Gündüz Aslanovun ifadəsi ilə oxşar məzmunludur. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2 (060)-9914/2018 saylı, 10 dekabr 2018-ci il tarixli qətnaməsi ilə 14.12.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Təqsirləndirilən şəxs 18.10.2018-ci il tarixdən başlayaraq hər ay 154 manat sabit pul məbləğində aliment və 50 manat maddi yardımın tutularaq X4 verilməsi qət edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəyə mindiyi üçün 10.12.2018-ci il tarixdə icraya yönəldilərək, həmin tarixdə verilmiş icra vərəqəsi 01.01.2019-cu il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuşdur. 11 yanvar 2019-cu il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Şahid1 tərəfindən Sumqayıt şəhər Məhkəməsinin 2 (060)-9914/2018 saylı, 10 dekabr 2018-ci tarixli qətnaməsi üzrə verilmiş icra sənədi üzrə icraata başlanılması barədə qərar qəbul edilərək, borclu Təqsirləndirilən şəxs icranı 10 gün müddətində könüllü təmin etmək təklif olunmuşdur. Qeyd olunan qərar və qanunvericiliklə müəyyən olunmuş qaydada tərtib olunmuş bildiriş Təqsirləndirilən şəxs göndərilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsində Təqsirləndirilən şəxs qətnamənin icra olunmaması ilə bağlı izahat alınmasına və qətnamə ilə ondan tutulması qət olunmuş məbləğin könüllü ödənilməsinin təklif olunmasına baxmayaraq, sonuncu məhkəmə qərarının icrası ilə əlaqədar icra sənədi üzrə tələbi könüllü icra etmədiyi üçün Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-3656/2019 saylı, 21.10.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 20 (iyirmi) gün müddətinə inzibati həbs olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş Sumqayıt şəhər Məhkəməsinin 8(060)- 267/2020 saylı, 11.09.2020-ci il tarixli qərardadı ilə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 15.05.2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, xx.xx.1993-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 26.07.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 333.3 və 62-ci maddələri ilə təqsirli bilinərək 400 manat cərimə edilmişdir. Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 22.08.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.4 və 62-ci maddələri ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 25.01.2018-ci il tarixdə isə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Bakı Hərbi Məhkəməsinin 1(093)-153/2017 saylı, 22.08.2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.4 və 62-ci maddələri ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli 25 iyul 2017-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan 01.06.2021-ci il tarixli qərarlardan görünür ki, ittiham elan olunması üçün Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və tutulması qərar alınmış ********* nömrəli cinayət işinin icraatı Təqsirləndirilən şəxs tutulub istintaqa təhvil verilənədək dayandırılmışdır. İş materillarında olan Sumqayıt ŞPİ-nin 4-cü PB-nin məktubundan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq 05.07.2021-ci il tarixdə saat 11:00-da Sumqayıt ŞPİnin 4-cü PB-nə gəlmiş və Yasamal RPİ-nin MSY-nə təhvil verilmişdir. İş materillarında olan 06.06.2022-ci il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnməsi və ibtidai istintaqın davam etdirilməsi qərar alınmışdır. İş materillarında olan 06.06.2022-ci il tarixli “qətimkan tədbiri seçmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs saat 14:20-dən 14:55-dək təqsirləndirilən şəxs qismində dindirildikdən sonra barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs Yasamal rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən dərhal azad edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Sumqayıt şəhər Məhkəməsinin 1(060)- 172/2022 saylı, 26.04.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM 69.3-cü maddəsinə əsasən həbsdə olduğu 02 ay 15 gün müddət bir günü iki gün hesablanmaqla ona təyin edilən cəzadan çıxılmış və üzərində qəti olaraq 01 il 01 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İcra və Probasiya İdarəsinin arayışına əsasən cəzasını çəkməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs 06.10.2021-ci il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxsx Rəfail Bayramov tərəfindən ona məhkəmə iclasında 2000 manat məbləğində pul ödənilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 18.05.2022-ci il tarixli , 1(060)-39/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs məhkəmə baxışından yayındığından barəsində cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs tapılana qədər dayandırılmışdır. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 1-ci PB-nin 02.06.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində saxlanılmışdır. Sumqayıt şəhər Məhkəməsinin 1(060)-39/2022 saylı, 02.06.2022-ci il tarixli qərarı ilə cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işinin materiallarına əlavə edilən məhkəmə qətnaməsinin icrası ilə bağlı Təqsirləndirilən şəxs adına ünvanlanmış tələbin könüllü icra edilməsinə dair bildirişdən, Sumqayıt Məhkəməsinin inzibati xəta haqqında 21.10.2019-cu il tarixli qərarından və digər sənədlərdən görünür ki, o, həqiqətən də Sumqayıt şəhər Məhkəməsinin 2 (060)- 9914/2018 saylı, 10 dekabr 2018-ci il tarixli qətnaməsini qərəzli olaraq icra etməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işin materialları ilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.14-cü və 59.2-ci maddəsinə əsasən zərərin qismən ödənilməsi və əməlindən səmimi peşman olması məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən olunmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsinə dair belə nəticəyə gəlir ki, onun törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmaması, habelə cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınıraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınmalı, cəza çəkmə müddətinin başlanğıcı onun həbsə alındığı vaxtdan, yəni 02 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda ibtidai istintaq dövründə saxlanıldığı iki gün nəzərə alınmalı, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-172/2022 saylı, 26.04.2022-ci il tarixli hökmü təyin edilmiş cəza qismən toplanmaqla qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 09.08.2021-ci il tarixli (iş № 1(060)-564/2021) qərarını icra edərək, 12.08.2021-ci il tarixli 860 saylı orderə əsasən vəkil X6 onun vəkili təyin etmişdir. Müdafiəçi X9 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 20 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş cəza Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 26.04.2022-ci il tarixli, 1(060)-172/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq təyin edilmiş 01 (bir) il 01 (bir) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən iki günə bir gün hesabı ilə hesablanmaqla cinayətlərin məcmusu üzrə qismən toplamaqla Təqsirləndirilən şəxs 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs saxlanıldığı iki gün çıxılmaqla ona qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək” haqqında iltizam qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 02.06.2022-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili X5 göstərdiyi 20 (iyirmi) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Şəhər 1 Saylı Vəkil bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar