Məhkəmə qərarları › İş №1(060)-39/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-39/2023

19.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-39/2023 19.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Qaradağ rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2şayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2022-ci ilin yanvar ayının 1-dən həmin ayın 15-dək olan müddət ərzində gözətçi işlədiyi Zərərçəkmiş şəxs məxsus Sumqayıt şəhəri, Novxanı bağları, 1498 saylı fərdi yaşayış evinin həyətindən 01 ədəd 1900 (bir min doqquz yüz) manat dəyərində “Honda gx 630“ markalı generatoru, 01 ədəd 100 (bir yüz) manat dəyərində “Ferm” markalı, 12V-1,5 AH JSM batareyalı mişarı, 01 ədəd 350 (üç yüz əlli) manat dəyərində “Samsung” markalı, 4,5 kq tutumlu paltaryuyan maşını, 02 ədəd hər birinin qiyməti 30 (otuz) manat olan, cəmi 60 (altmış) dəyərində “Bosch” markalı dreli, 01 ədəd 150 (bir yüz əlli) manat dəyərində “Shivaki” markalı, SH Wİİ 22 model, 80 lt tutumlu su qızdırıcı cihazı, 02 ədəd hər birinin qiyməti 300 (üç yüz) manat olan, cəmi 600 (altı yüz) manat dəyərində “Dnipro-M” markalı, 2200 VT gücündə, 260 ml həcmli benzinlə işləyən elektrik mişarı, 01 ədəd 10 (on) manat dəyərində “Euromax” markalı tuneri, 01 ədəd 80 (səksən) manat dəyərində “Euromax” markalı krosna antenanı, 02 ədəd hər birinin qiyməti 160 (bir yüz altmış) manat, cəmi 320 (üç yüz iyirmi) manat dəyərində mis metaldan hazırlanmış 10 lt tutumlu samovarı, 01 ədəd 160 (bir yüz altmış) manat dəyərində “Tryton” markalı, 1800 wt gücündə, 110/165 bar təzyiqlə işləyən elektrik təzyiqli yuma aparatını, 06 ədəd hər birinin qiyməti 200 (iki yüz) manat olmaqla, cəmi 1200 (bir min iki yüz) manat dəyərində “AEOLUS” markalı, 20-lik kamaz şinlərini, 04 ədəd hər birinin qiyməti 140 (bir yüz qırx) manat olmaqla, cəmi 560 (beş yüz altmış ) manat dəyərində “Kama” markalı, 16-lıq loped şinlərini, 01 ədəd 100 (bir yüz) manat dəyərində “Chinar” markalı soyuducunu, 15 baş, hər birinin qiyməti 160 (bir yüz altmış) manat olmaqla, cəmi 2400 (iki min dörd yüz) manat dəyərində “Romanov” sortlu, diri çəkiləri 25 kq olan, 1,5-2 yaş aralığında xırda buynuzlu heyvanları-qoyunları, 10 baş, hər birinin qiyməti 130 (bir yüz otuz) manat olmaqla, cəmi 1300 (bir min üç yüz) manat dəyərində “Romonov” sortlu, dişi cinsli, diri çəkiləri 20-22 kq olan, 1,5-2 yaş aralığında xırda buynuzlu heyvanları-qoyunları, 01 ədəd 1200 (bir min iki yüz) manat dəyərində maki və 02 ədəd hər birinin qiyməti 750 (yeddiz yüz əlli) manat olan, cəmi 1500 (bir min beş yüz) manat dəyərində “Belarus” istehsalı bağ evləri üçün nəzərdə tutulan yelləncəkləri gizli yolla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 11990 (on bir min doqquz yüz doxsan) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə elan olunan ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs qardaşı vasitəsilə tanımışdır. Teymurun Sumqayıt şəhəri, Novbağı bağları adlanan ərazidə bağ evi var. Teymur ona təklif etmişdir ki, həmin bağ evində gözətçi işləsin. Onun iş yeri olmadığından Teymurla razılaşmışdır. Teymur ona aylıq gözətçilik etməsinə görə 350-400 manat pul verməsi ilə bağlı aralarında olan razılığa gəlmişlər. Əlavə olaraq, Teymurun onun qardaşı ilə aralarında olan razılaşmaya əsasən Teymur onların ata evlərini almalı imiş. İlkin olaraq Teymur qardaşına 1800 manat beh vermiş, qalan pulu hissə-hissə ödəcəyini bildirmişdir. O, Teymurun bağında 11 ay gözətçilik etsə də, Teymur ona göstərdiyi xidmətin müqabilində pul verməmişdir. Onun maddi sıxıntıları olduğu üçün və özü də narkotik vasitələrin aludəçisi olduğu üçün bağ sahəsində olan bir sıra əşyaları Teymura bildirmədən satmaq qərarına gəlmişdir. Lakin ittihamda göstərilən əşyaların hamısını o oğurlamamışdır. Yalnız su motoru, generator və su qızdırıcısını oğurlamışdır. Digər əşyaları isə Teymurun razılığı ilə satmışdır. Bağ sahəsində olan Orxan adlı şəxsə malik 10 ədəd təkəri Orxanın öz təklifi ilə 400 manat müqabilində satıb həmin puldan 200 manatını özünə, qalan 200 manatı isə Teymur vasitəsilə Orxana göndərmişdir. Teymur ondan şikayət edərək 25 baş xırda buynuzlu heyvanları oğurladığını bildirmiş, halbuki həmin bağ sahəsində 6 baş keçi və 6 baş qoyun olmuş, həmin heyvanlardan 6 başı tələf olmuş, qalan 6 başı isə bağ sahəsində qalmışdır. Teymurun bağ evindən satdığı əşyaları alan şəxslər həmin əşyaların oğurluq olmasından məlumatı olmamışdır. Əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 1498 saylı bağ evi ona məxsusdur. Təqsirləndirilən şəxs xeyli müddətdir ki, tanıyır. Ceyhun ona məxsus həmin bağda onun istəyi ilə həm mühafizəçi, həm də bağban kimi işləmişdir. O, Ceyhunun ailəsini tanıdığı üçün və onun narkotik vasitə istifadəçisi olduğunu bildiyi üçün onu bağ evinə işə götürmüşdir ki, pis vərdişlərdən uzaq olsun. Ceyhuna bağ evinə gözətçilik etdiyinə görə aylıq 400 manat əmək haqqı vermişdir. O, yay aylarında bağ evinə köçdüyü üçün orada yaşayış üçün hər bir şərait yaratmışdır. Hətta bağ evinin həyətində 36 baş xırda buynuzlu heyvan da saxlamışdır. Ceyhun bir müddət bağ evində gözətçilik etdikdən sonra o, Ceyhunun bağ evini tez-tez nəzarətsiz qoyub yoxa çıxdığını hiss etmiş, hər dəfə Ceyhundan hara getdiyini soruşduqda sonuncu ona əsgər yoldaşları ilə görüşdüyünü demişdir. Ceyhunun qardaşı yaxın vaxtlarda rəhmətə getdiyindən o, Ceyhunun xətrinə dəyməmişdir. 2022-ci ilin yanvar ayında şəxsi işləri ilə bağlı bağ evinə təxminən 15 gün müddətində gedə bilməmişdir. Həmin ayın sonlarında, yəni xx.xx.2022-ci il tarixdə bağ evinə getdiyi zaman Ceyhunun evdə olmadığını görmüş, o, evi və həyəti gəzən zaman ona məxsus xeyli miqdarda əmlakın və qoyunların oğurlandığını bilmişdir. Ceyhunun istifadəsində olan mobil telefon nömrəsinə zəng edib harada olduğunu maraqlandıqda Ceyhun pula ehtiyacının olduğunu üçün həmin əşyaları satdığını və bağ evinə bir daha qayıtmayacağını bildirmişdir. Buna görə də o, baş vermiş oğurluq barəsində polis bölməsinə məlumat vermişdir. Bağ evinin həyətində 10 ədəd kamaz təkəri və 4 ədəd loped təkəri olmuş, Ceyhun həmin kamaz təkərlərinin 4 ədədini onun icazəsi ilə satmış, qalan 6 ədədini isə oğurlamışdır. Bundan başqa bağ evinin həyətində 42 baş xırda buynuzlu heyvanı olmuş, həmin heyvanlardan 6 başı xəstə olduğu üçün tələf olmuş, qalan 25 baş heyvan oğurlanmış, 11 baş xırda buynuzlu heyvan isə həyətində qalmışdır. Təqsirləndirilən şəxs ona məxsus bağ evinin həyətindən “Bosch” markalı preparatoru “Ferm” markalı batareyalı mişar, “Samsung” markalı paltaryuyan maşını, "Bosch” markalı 02 ədəd dreli, “Shivaki” markalı su qızdırıcı cihazı, “Dnipro-M” markalı 02 ədəd 2200 VT gücündə, 260 ml həcmli benzinlə işləyən elektrik mişarı, “Euromax” markalı tuneri, “Euromax” markalı krosna antenanı, mis materialdan hazırlanmış 02 ədəd 10 lt tutumlu samovarı, “Tryton” markalı elektrik təzyiqli yuma aparatını, “AEOLUS” markalı 06 ədəd 20-lik yeni kamaz şinlərini, “Kama” markalı 4 ədəd 16-lıq yeni loped şinlərini, “Chinar” markalı soyuducunu, 15 baş “Romanov” sortlu, erkək cinsli, diri çəkiləri təxminən 25 kiloqram, 1,5-2 yaş aralığında, 10 baş “Romanov” sortlu, dişi cinsli, diri çəkiləri 20-22 kiloqram, 1,5-2 yaş aralığında xırda buynuzlu-qoyunları, bağ evi üçün aldığı 02 ədəd Belarus istehsalı olan yelləncəkləri oğurlamışdır.. O, Ceyhuna həmin əşyaları satması ilə bağlı heç vaxt bir söz deməmiş, yalnız ona nəsə lazım olarsa özünə bildirməsini demişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilməmişdir, lakin zərəri tələb etmir və şikayəti yoxdur. Məhkəmədən nəzərə alaraq təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs bir müddətdir tanıyır. Onunla aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. 2022-ci ilin yanvar ayının əvvəllərində Bakı şəhəri, Binəqədi rayonu ərazisində Ceyhunla rastlaşıb həmsöhbət olmuşlar. Söhbət əsnasında Ceyhun ona özünə məxsus generatoru satmaq istədiyini bildirmişdir. Həmin ərəfə ona generator gərək olduğundan o, Ceyhunla həmin generatoru 70 manata almağa razılaşmışdır. O, Ceyhundan generatorun harada olduğunu soruşduqda Ceyhun ona generatorun yaşadığı Sumqayıt şəhəri, Novxanı bağları fərdi yaşayış evində olduğunu bildirmişdir. Həmin gün onlar deyilən ünvana getmişlər və Ceyhun ona 70 manat müqabilində bir ədəd generator satmışdır. Generatoru alarkən o, Ceyhundan həmin generatorun oğurluq olub-olmadığını soruşmuş, Ceyhun isə israrla generatorun onun özünə məxsus olduğunu, istifadə etmədiyinə görə satmaq istədiyini demişdir. Bundan başqa Ceyhundan su motoru da almışdır. Həmin əşyaları qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs bir müddətdir tanıyır, o, Sumqayıt şəhəri, Novxanı bağları, fərdi evdə bağban işləyir, Ceyhun isə qonşuluqdakı bağ evində gözətçilik etmiş, 2022-ci ilin yanvar ayının əvvəllərində Ceyhunla Novxanı bağlarında söhbət edən zaman Ceyhun ona dayısı oğluna məxsus bəzi əşyaları satmaq istədiyini bildirmiş, həmin əşyaların nə olduğunu soruşduqda, Ceyhun ona hazırda xatırlamadığı bir çox əşya adları sadalamışdır. O, özü üçün gündəlik istifadə olunan əşyaları almaq istədiyini Ceyhuna demiş və aralarında olan razılığa əsasən Ceyhuna 85 manat pul verib ondan bir ədəd paltaryuyan maşın, bir ədəd lobziki və bir ədəd preparator almışdır. Sonradan ona məlum olmuşdur ki, Ceyhunun ona satdığı əşyalar gözətçilik etdiyi bağ evinin sahibinə məxsus əşyalardır və o, həmin əşyaları polis əməkdaşlarına təqdim etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, oğurluq cinayət əməlinin törədildiyi yer Sumqayıt şəhəri, Novxanı bağlar massivi, 1498 saylı fərdi yaşayış evinin həyətidir. Fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 18:20-də cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuş, xx.xx.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “maddi sübutun tanınması haqqında” qərardan görünür ki, iş üzrə Şahid1 təqdim etdiyi, Təqsirləndirilən şəxs 70 manat müqabilində almış olduğu 01 ədəd “Honda gx 630” markalı generator, iş üzrə digər Şahid2 təqdim etdiyi, Təqsirləndirilən şəxs 85 manat müqabilində almış olduğu 01 ədəd “Samsung” markalı, 4,5 kq tutumlu paltaryuyan maşın, 01 ədəd “Bosch” markalı preparator və 01 ədəd“Ferm” markalı, 12V-1,5 AH JSM batareyalı mişar iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü həmin tarixdə sahibinə qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Quliyev X6 rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 70-ci maddəsinə əsasən 02 il şərti sınaq müddəti ilə 03 il 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan başqa Qaradağ rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Qaradağ rayon Məhkəməsinin 1(002)-221/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmünün surəti iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 09:20 radələrində PB-nə gətirilmiş, həmin tarixdə cinayət işi üzrə icraat təzələnmiş və cinayət işi üzrə törədilməsi müəyyən edilən cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.4-cü maddəsindən tövsif edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs elan edilmiş ittiham dəyişdirilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə yenidən ittiham elan edilmiş və barəsində seçilmiş “polisin nəzarəti altına verilmə” qətimkan tədbiri nəzərə alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzləşdirmə istintaq hərəkətinin keçirilməsindən imtina etmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/2138 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində Respublikada yerləşən ticarət şəbəkələrində, bazarlarında, eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə, analoji malların markasına, modelinə müvafiq olaraq, ekspertiza təyini haqqında qərarda göstərilən 15 adda malların 2022-ci ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 9290,0 manat müəyyən edilir. Qərarda göstərilən 2 adda mallar haqqında ətraflı məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. İş materiallarında olan Bakı şəhəri Pirallahı rayonu İcra Hakimiyyəti Başçısının Pirallahı qəsəbə nümayəndəliyi tərəfindən verilmiş 235 saylı, xx.xx.2022-ci il tarixli arayışdan və 36 saylı, xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatsız yaşayır, ailə tərkibi qızı-xx.xx.2011-ci il təvəllüdlü X4 və anası-X2 ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, təqsirləndirilən şəxs X5 barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə cinayət təqibi başlanması rədd edilmiş, iş üzrə şahidlər Şahid1 və Şahid2 barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikası CM-nin 194-cü maddəsi ilə cinayət təqibi başlanması rədd edilmiş, aparılmış araşdırma zamanı aşkar edilərək götürülmüş Zərərçəkmiş şəxs məxsus 01 ədəd "Honda gx 630” markalı generatorun, 01 ədəd "Samsung” markalı, 4,5 kq tutumlu paltaryuyan maşının, 01 ədəd "Bosch” preparatorun və 01 ədəd "Ferm” markalı, 12V-1.5 AH JSM batareyalı mişarın cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən xx.xx.2022ci il tarixli qərarla maddi sübut hesab edilməsi və adları yuxarıda qeyd olunan əşyaların həmin tarixdə Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir və onunla barışmışlar. Ona görə də onun Təqsirləndirilən şəxs qarşı heç bir iddiası, şikayəti yoxdur, gələcəkdə də olmayacaq. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-629/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs haqqında axtarış elan olunmuş, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 3 saylı İstintaq Təcridxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına gətirilmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-39/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-39/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Zərərçəkmiş şəxs məhkəmə iclasına məcburi gətirilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş Sumqayıt şəhər Polis İdarəsi 1-ci Polis Bölməsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs hal-hazırda CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək CÇM-də cəza çəkir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində ittihamda göstərilən əşyaların bir qismini oğurlamadığı və qeyd olunan əşyaları zərərçəkmiş şəxsin razılığı ilə satması barədə ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş ifadə özünümüdafiə xarakteri daşıyır, onun tərəfindən qeyd edilən hallar iş materialları ilə tam təkzib olunmaqla öz ifadəsindən başqa hər hansı yanakı sübutla təsdiqini tapmır, ittihamda qeyd olunan hallar məhkəmə araşdırması zamanı bir daha sübuta yetirilmişdir. İş materiallarından görünür ki, Quliyev X7 rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən onun məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları olmayan hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu götürülməmiş və ya ödənilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olması və zərərçəkmiş şəxslə barışması onun cəzasını yüngülləşdirən haldır Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivini müəyyən etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər talama cinayətinə görə məhkum edilməsi, məhkumluğu ödənilmədən yenidən cinayət törətməsi onun əvvəlki cinayətə görə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının məhkumun tərbiyələndirilməsinə, yeni cinayətin törədilməsindən çəkinməsi məqsədinə nail olunmadığını göstərir və o, islah olunmadığına və hazırda cinayətin residivi hesab edildiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinə əsasən Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 03 (üç) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış, Zərərçəkmiş şəxs məxsus 01 ədəd "Honda gx 630” markalı generatorun,01 ədəd "Samsung” markalı, 4,5 kq tutumlu paltaryuyan maşının, 01 ədəd "Bosch” preparatorun və 01 ədəd "Ferm” markalı, 12V-1.5 AH JSM batareyalı mişarın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçilərin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)-629/2022) qərarını icra edərək, xx.xx.2022-ci il tarixli, 1026 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 25 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 150 (bir yüz əlli) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 03 (üç) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış, Zərərçəkmiş şəxs məxsus 01 ədəd "Honda gx 630” markalı generatorun,01 ədəd "Samsung” markalı, 4,5 kq tutumlu paltaryuyan maşının, 01 ədəd "Bosch” preparatorun və 01 ədəd "Ferm” markalı, 12V-1.5 AH JSM batareyalı mişarın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 25 (iyirmi beş) saat hüquqi yardıma görə 150 (bir yüz əlli) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar