Məhkəmə qərarları › İş №1(060)-39/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-39/2025

07.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-39/2025 07.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1972-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, İ qrup əlil, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Ceyranbatan bağlar massivi ərazisində yerləşən fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin əldə edərək saxlamış və daşımışdır Təqsirləndirilən şəxs o istintaqa məlum olmayan mənbədən, qanunsuz olaraq satış məqsədi olmadan ümumilikdə 0,992 qram çəkidə xeyli miqdarda kimyəvi komponent tərkibinə görə öz aralarında eynilik təşkil edən narkotik vasitə heroini və ümumilikdə 0,575 qram çəkidə xeyli miqdarda kimyəvi komponent tərkibinə görə öz aralarında eynilik təşkil edən psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 08 yanvar 2024-cü il tarixdə saat 15:30-da Sumqayıt şəhəri, Ceyranbatan bağlar massivi ərazisində yerləşən yaşadığı evin yaxınlığında Sumqayıt ŞPİ-nin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb polis idarəsinə gətirildikdən sonra, xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılarkən, əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən və həmin cibin üzərindəki digər cibdən 06 (altı) ədəd şəffav rəngli sellofana bükülmüş bükümdə, ayrı ayrılıqda çəkiləri 0,318 qram, 0,052 qram, 0,189 qram, 0,188 qram, 0,076 qram, 0,169 qram, ümumi təmiz çəkiləri 0,992 qram xeyli miqdarda qəhvəyi rəngli maddə kütlələri, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 08 (səkkiz) ədəd şəffav rəngli sellofana bükülmüş bükümdə ayrı ayrılıqda çəkiləri 0,098 qram, 0,275 qram, 0,035 qram, 0,052 qram, 0,022 qram, 0,030 qram, 0,043 qram, 0,020 qram, ümumi təmiz çəkiləri 0,575 qram xeyli miqdarda ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun üzərində və ya evində heç bir narkotik vasitə olmamışdır. O, narkotik vasitə istifadəçisidir, Lkin üzərində hər hansı narkotik vasitə olmamışdır. xx.xx.2024-cü il tarixdə idarə etdiyi avtomobilini ustada təmir etdirmək məqsədi ilə saat 15 radələrində evdən çıxmış, evinin yaxınlığında olarkən mülki geyimli şəxslər ona yaxınlaşmışlar. Həmin şəxs polis əməkdaşı olduqlarını və onun narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşları onunla birlikdə yaşadığı ünvana gəlmişlər. Yaşadığı evə baxlış keçirsələr də heç nə aşkar etməmişlər. Həmin vaxt yaşadığı evdə həyat yoldaşı Şahid4 olmuşdur. Daha sonra polis əməkdaşlarından biri evdə qalmış, o isə digər polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-yə gəlmişdir. Həmin vaxt polis əməkdaşları onun avtomobilini də polis idarəsinə gətirmişlər. İdarədə onun üzərində şəxsi axtarış aparımışlar və guya narkotik vasitə aşkar edilmişdir. Daha sonra polis əməkdaşları ona yaşadığı ünvana baxış keçirilməli olduğunu bildirmiş, yaşadığı evə baxış keçirilməsinə etiraz edən zaman, bədəninin müxtəlif nahiyələrinə əlləri ilə zərbələr vuraraq ona qarşı fiziki zor tətbiq etmişlər. O, polis əməkdaşalrına yaşadığı evdə narkotik vasitə və psixotrop maddə olmadığını bildirsə də, ona inanmamışlar. Ona hədə-qorxu gələrək icazə vermədiyi təqdirdə qeyrirəsmi nigah münasibətlərində yaşadığı Şahid4 da həbs edəcəklərini bildirmişlər. Buna görə də o, yaşadığı evə baxış keçirilməsinə icazə vermişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə yaşadığı Sumqayıt şəhəri, Ceyranbatan bağlar massivində yerləşən evinə getmişlər. Həmin vaxt evdə Şahid4 və onun yanında saxladıqları polis əməkdaşı olmuş, polis əməkdaşları ona yaşadığı evə videoçəkiliş vasitəsilə baxış keçirəcəklərini bildirmişlər və Şahid4 da baxış keçirilməsində iştirak etməyə dəvət etmişlər. Lakin, Aynur Abdulalyeva buna etiraz etmişdir. Bundan sonra evində axtarış zamanı guya onun evindən də narkotik vasitə aşkar edilmişdir. Göstərilən halları, həmçinin İ qrup əlil olmasını nəzərə almağı xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında ziddiyyətlər yarandığı üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o ifadəsində göstərmişdir ki, İ qrup əlil olduğu və müxtəlif xəstəliklərdən əziyyət çəkdiyi üçün narkotik vasitə və psixotrop maddələr qəbul edir. Əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə idarə etdiyi avtomobilini ustada təmir etdirmək məqsədi ilə həmin gün saat təxminən 15 radələrində avtomobil təmiri ilə məşğul olan ustanın yanına getmək üçün evdən çıxmış, yaşadığı Sumqayıt şəhəri, Ceyranbatan bağlar massivində yerləşən fərdi bağ evinin yaxınlığında olarkən mülki geyimli şəxslər ona yaxınlaşmışlar. Daha sonra həmin şəxslər özlərini təqdim edərək polis əməkdaşı olduqlarını və onun narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirmişlər. O, polis əməkdaşlarına üzərində narkotik vasitə olduğunu bildirmişdir. Həmin vasitəni bir gün əvvəl Bakı şəhəri, Yasamal rayonu ərazisində olarkən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 200 manata almışdır. Polis əməkdaşları bundan sonra onun harada yaşaması ilə maraqlanmış, daha sonra onlar birlikdə yaşadığı ünvana gəlmişlər. Həmin vaxt yaşadığı evdə həyat yoldaşı Şahid4 olmuşdur. Daha sonra polis əməkdaşlarından biri evdə qalmış, o isə digər polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİyə gəlmişdir. O, polis idarəsində olan zaman xidməti otaqlardan birinə dəvət edilmiş, orada üzərinə şəxsi axtarış keçiriləcəyi ona izah edilmiş, hüquq və vəzifələrinin izahına dair bildiriş və hüquqlarının müdafiəsini təmin edilməsi üçün vəkil təqdim olunmuşdur. Daha sonra polis əməkdaşlarının və vəkilin iştirakı ilə video çəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış keçirilmişdir. Həmin vaxt özü əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibində saxladığı bir ədəd gümüşü rəngli kağıza bükülmüş halda olan bir bükümü təqdim etmişdir. Təqdim etdiyi bir ədəd gümüşü rəngli büküm açıldıqda içərisindən hər biri şəffaf rəngli sellofana bükülmüş halda olan 4 büküm psixotrop maddə metamfetamin və hər biri şəffaf rəngli sellofana bükülmüş halda olan 2 büküm narkotik vasitə heroin aşkar edilmişdir. Bundan sonra o, üzərinə şəxsi axatırş keçirilən zaman əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibinin astar hissəsini cıraraq astarın içərisində gizlətdiyi daha hər biri şəffaf rəngli sellofana bükülmüş halda olan 4 büküm psixotrop maddə olan metamfetamin və hər biri şəffaf rəngli sellofana bükülmüş halda olan 4 büküm narkotik vasitə olan heroin aşkar edilmişdir. Həmin maddələri hardan, nə vaxt və nə məqsədlə əldə edib üzərində saxladığı soruşulduqda narkotik vasitə və psixotrop maddəni bir gün əvvəl Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 200 manata aldığını və üzərində saxladığını bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş ümumilikdə 8 ədəd bükümdəki, hər biri şəffaf rəngli sellofana bükülmüş halda olan içərisində psixotrop maddə metamfetamin olan maddələr elektron tərəziyə qoyulub çəkilmiş və xüsusi qaydada qablaşdırılmışdır. Daha sonra ona əməkdaşları ona yaşadığı ünvana baxış keçirilməli olduğunu bildirmiş, yaşadığı evə baxış keçirilməsinə etiraz edibetmədiyini soruşmuşlar. O, polis əməkdaşları tərəfindən yaşadığı ünvana baxış keçirilməsinə etiraz etdiyini bildirmiş, buna göeə də polis əməkdaşları onun bədəninin müxtəlif nahiyələrinə əlləri ilə zərbələr vuraraq ona qarşı fiziki zor tətbiq etmişlər. O, polis əməkdaşalrına yaşadığı evdə narkotik vasitə və psixotrop maddə olmadığını bildirsə də, ona inanmamışlar. Ona hədə-qorxu gələrək icazə vermədiyi təqdirdə qeyri-rəsmi nigah münasibətlərində yaşadığı Şahid4 da həbs edəcəklərini bildirmişlər. Buna görə də o, yaşadığı evə baxış keçirilməsinə icazə vermişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə yaşadığı Sumqayıt şəhəri, Ceyranbatan bağlar massivində yerləşən evinə getmişlər. Həmin vaxt evdə Şahid4 və onun yanında saxladıqları polis əməkdaşı olmuş, polis əməkdaşları ona yaşadığı evə videoçəkiliş vasitəsilə baxış keçirəcəklərini bildirmişlər və Şahid4 da baxış keçirilməsində iştirak etməyə dəvət etmişlər. Lakin, Aynur Abdulalyeva buna etiraz etmişdir. Bundan sonra polis əməkdaşları ona yaşadığı ünvanda hər hansı bir qanunla saxlanılması və ya daşınması qadağan edilmiş, araşdırma üzrə əhəmiyyət kəsb edən əşyanın olub-olmaması, əgər varsa həmin əşyanı təqdim etməyi təklif edilmişdir. O, yaşadığı ünvanda qanunla saxlanılması qadağan olunmuş əşya və predmetin olmadığını bildirmiş, buna baxmayaraq polis əməkdaşları onun yaşadığı mənzilə baxış keçirmiş, həmin vaxt yaşadığı evin qonaq otağındakı jurnal masasının üzərinə baxıldıqda həmin masanın üzərindən bir büküm şəffaf rəngli sellofana bükülmüş halda psixotrop maddə metamfetaminə, bir büküm şəffaf rəngli sellofana bükülmüş halda narkotik vasitə heroinə bənzər maddələr, bir ədəd avtomat patronu, otaqdakı masanın üzərindən bir ədəd qara rəngli qatlanan bıçaq, bir ədəd qarışıq rəngli tutacağı olan bıçaq, otaqdakı televizor altlığının üzərindən bir ədəd qara rəngli elektron tərəzi aşkar edilmişdir. Həmin vaxt aşkar olunmuş bir ədəd şəffaf rəngli sellofandakı içərisində psixotrop maddə olan metamfetaminə bənzər maddə olan büküm elektron tərəziyə qoyulub çəkilmişdir. Daha sonra isə narkotik vasitə, psixotrop maddə, eləcədə yaşadığı mənzildən aşkar edilmiş bir ədəd elektron tərəzi, bir ədəd patron, iki ədəd bıçaq ayrı-ayrılıqda xüsusi qaydada zərflərə qablaşdırılaraq götürülmüşdür. Sorğu zamanı o, aşkar edilmiş bıçaq və elektron tərəzinin özünə məxsus olduğunu, bıçaqları məişətdə istifadə etdiklərini, elektron tərəzinin isə vəfat etmiş atasından qaldığını bildirmişdir. Aşkar edilmiş bükümlərdəki maddələrin və bir ədəd patronun ona məxsus olmadığını, həmin maddə və patronun yaşadığı mənzilə hansı şəraitdə yerləşdirilməsindən məlumatsız olduğunu bildirmişdir. O, narkotik vasitələrin və ya psixotrop maddələrin alqı-satqısı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də onun təqsirli olması özünün ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ziddiyyətli ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış zamanı qeyə alınmış video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin Cinayət- Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Sumqayıt ŞPİ-nin 3-cü Polis bölməsinə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatına əsasən həmin tarixdə saat 14:50 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Ceyranbatan bağlar massivi ərazisində saxlayaraq özlərini təqdim etmişlər və onun narkotik vasitə ilə bağlı şübhəli olmasını bildirmişlər. Bu səbəbdən də onu Sumqayıt ŞPİ-nə dəvət etmişlər. Bölmədə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, həmçinin vəkil təqdim edilmişdir. Daha sonra isə onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs özü əynində olan gödəkçənin cibində olan bir neçə bükmdə olam maddələri təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddələrin narkotik vasitə olan heroin və psixotraop maddə olan metamfetamin olmasını, həmin maddələri Bakı şəhəri, Yasamal rayonu ərazisində ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 200 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən digər qanunla saxlanılması və ya daşınması qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra aşkar edilmiş bükümlərdəki maddələr elektron tərəzidə çəkilmişdir. Daha sonra Təqsirləndirilən şəxsdan üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilmiş narkotik vasitə və psixotrop maddəyə bənzər kütlədən başqa yaşadığı evdə və digər yerlərdə ona məxsus narkotik vasitə və ya psixotrop maddə, eləcədə qalıqlarının olub-olmaması soruşulmuş, əgər varsa təqdim etməsi təklif edilmişdir. Sorğu zamanı o, yaşadığı mənzildə narkotik vasitə saxladığını, yaşadığı mənzilə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra polis əməkdaşaları onunla birlikdə yaşadığı Sumqayıt şəhəri, Ceyranbatan bağlar massivi ərazisində yerləşən fərdi yaşayış evinə getmişlər. Onlar Təqsirləndirilən şəxs özünün məlumat verdiyi narkotik vasitə və psixotrop maddələri təqdim etməsi təklif edilmiş, lakin Təqsirləndirilən şəxs həmin maddələri təqdim etməkdən imtina etmişdir. Onlar tərəfindən mənzilə baxış keçirilərkən isə mənzildən iki ədəd bıçaq, iki ədəd sellofan bükümlər və bir ədəd patrona oxşar əşya aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş bükümlərin və patrona oxşar əşyanın ona məxsus olmadığını bildirmişdir. Aşkar edilmiş bükümlərə baxış keçirilərkən ilk bükümün içərisindən qəhvəyi rəngli maddə, ikinci bükümün içərisindən isə ağ rəngli, kristal şəkilli maddə aşkar edilmiş, sonra isə elektron tərəzidə çəkilməklə çəkiləri müəyyən edilmişdir. Daha sonra mənzilə baxış keçirilməsi davam etdirilmiş, otaqdakı televizor altlığının üzərindən bir ədəd qara rəngli elektron tərəzi də aşkar edilmiş, lakin mənzilin digər hissələrindən hər hansı qanunla saxlanması qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilərək götürülmüş maddələr və predmetlər qablaşdırılmaqla götürülmüşdür. Daha sonra onlar polis idarəsinə geri qayıtmışlar. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və yaşadığı mənzilə baxış keçirilməsi ilə bağlı protokollar tərtib edilmiş, həmin protokollar ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində iştirakçılar tərəfindən imzalar edilmiş, o da öz növbəsində tərtib edilmiş protokolla tanış olaraq doğruluğunu imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin Cinayət-Axtarış Şöbəsinin kiçik inspektorları Şahid2 və Şahid3 məhkəmə iclasında ifadə vermiş Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi Sumqayıt şəhəri, Ceyranbatan bağlar massivi ərazisində yerləşən fərdi evdə yaşayırlar. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə saat təxminən 15 radələrində Təqsirləndirilən şəxs yaşadıqları evdə avtomobilini təmir etdirməyə getdiyini bildirərək çıxıb getmişdir. Təqsirləndirilən şəxs getdikdən təxminən 10- 15 dəqiqə sonra yaşadıqları evin həyət qapısı döyülmüş, o, qapını açmış, küçədə yeddi nəfər mülki geyimli şəxlərin və yanlarında da Ruslanın əlli qandallı vəziyyətdə dayandıqlarını görmüşdür. Bundan sonra həmin şəxslər ona polis əməkdaşları olduqlarını bildirmişlər. Başqa heç nə demədən evə daxil olmuş və evdə nəsə axtarmağa başlamışlar. O, Ruslandan nə baş verdiyini soruşmaq istədikdə Ruslanın yanında olan şəxslər buna imkan verməmiş, onlar təxminən 30 dəqiqə ərzində yaşadıqları evi axtarmış, ancaq evdən heç bir qanunsuz əşya tapa bilməmişlər. Bundan sonra həmin şəxslər evdə bir nəfər şəxsi ona nəzarət etməsi üçün saxlamış, digərləri isə onun mobil telefonunu da alaraq Ruslanı özləri ilə aparmışlar. Polis əməkdaşları həmin gün saat təxminən 19 radələrində yaşadıqları evə qayıdıb gəlmişlər. Həmin vaxt yaşadıqları evə Ruslanla birlikdə dörd nəfər mülki geyimli şəxs və bir qadın gəlmiş, onlar yaşadıqları evə gəldikdən sonra evdə videoçəkliş aparacaqlarını bildirmişlər və ona da videoçəkilişdə iştirak etməyini təklif etmişlər. Ancaq Ruslan buna etiraz etdiyi üçün o, videoçəkiliş aparılmasında iştirak etməmiş, onlar təxminən bir saat ərzində evdə qaldıqdan sonra yenidən Ruslanı özləri ilə götürüb çıxıb getmişlər. O, Ruslanı hara apardıqlarını soruşan zaman onlar Ruslanı polis idarəsinə apardıqlarını bildirmişdir. Ona məxsus mobil telefonu geri qaytarmalarını polis əməkdaşlarından tələb etdikdə isə həmin şəxslər mobil telefonunu polis idarəsindən götürə biləcəyini bildirmişlər. Bundan sonra o, polis idarəsinə gəlmiş və polis idarəsində adını bilmədiyi əməkdaşdan özünə məxsus mobil telefonu və Ruslanın üzərində olan yaşadıqları evin açarlarını götürmüşdür. Həmin vaxt Ruslanın qadağan olunmuş maddələri qanunsuz olaraq əldə etdiyini, üzərində və yaşadıqları evdə saxladığını, Ruslanın üzərinə, eləcə də yaşadıqları evdən narkotik vasitə və psixotrop maddə aşkar edildiyini öyrənmişdir. O, Ruslanın narkotik vasitə və psixotrop maddə əldə etməsindən məlumatı olmamış, Ruslan yaşadıqları evdə narkotik vasitə və psixotrop maddə saxlamamışdır. Cinayət işinin 1-ci cild 21-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 99-101-ci vərəqələrində olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 205-209-cu vərəqələrində olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 03 ay müddətinə uzadılmışdır. Cinayət işinin 1-ci cild 29-30-cu vərəqələrində olan xx.xx.2024-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokola və həmin baxış zamanı qeydə alınmış video görüntülərə məhkəmə iclaasında baxış keçirilərkən müəyyən edilmişdir ki, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 8 büküm, hər biri şəffaf rəngli sellofana bükülmüş halda olan içərisindən ağ rəngli kristal halda olan psixotrop maddə metamfetaminə bənzər maddələr və 06 büküm hər biri şəffaf rəngli sellofana bükülmüş halda olan içərisində qəhvəyi rəngli nakotik vasitə heroinə bənzər maddələr aşkar edilmişdir. Cinayət işinin 1-ci cild 61-63-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 09 yanvar 2024-cü il tarixli, 3-16-16/2-6/73 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlər....” və s. soyadlar, imzalar olan paketdəki 08 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,098 qram, 0,275 qram, 0,035 qram, 0,052 qram, 0,022 qram, 0,030, 0,043 qram, 0,020 qram, ümumilikdə təmiz çəkiləri 0,575 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 08 ədəd bükümdəki metamfetamin kütlələri kimyavi komponent tərkibinə görə öz aralarında eynilik təşkil edirlər. 06 ədəd bükmdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,318 qram, 0,052 qram, 0,189 qram, 0,188 qram, 0,076 qram, 0,169 qram, ümumilikdə təmiz çəkiləri 0,992 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 06 ədəd bükümdəki heroin kütlələri kimyavi komponent tərkibinə görə öz aralarında eynilik təşkil edirlər. Cinayət işinin 1-ci cild 60-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 110 (yüz on) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 132-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 08 (səkkiz) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,098 qram, 0,275 qram, 0,035 qram, 0,052 qram, 0,022 qram, 0,030, 0,043 qram, 0,020 qram, ümumilikdə təmiz çəkiləri 0,575 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 06 (altı) ədəd bükmdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,318 qram, 0,052 qram, 0,189 qram, 0,188 qram, 0,076 qram, 0,169 qram, ümumilikdə təmiz çəkiləri 0,992 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalmış miqdarı maddi sübut kimi tanınaraq saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Eyni zamanda şəxsi axtarış görüntülərini özündə əks etdirən 01 (bir) ədəd disk və "xxxx" MMC-i tərəfindən təqdim edilmiş 01 (bir) ədəd disk maddi sübut maddi sübut kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Bundan əlavə həmin qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.2 və 234.4.3-cü maddələri ilə cinayət təqibinə xitam verilmişdir (Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrə münasibətdə). Həmçinin cinayət işindən Azərbaycan Respublikası CM-in 228.1 və 234.1-ci maddələri ilə cinayət işi ayrılmışdır. Cinayət işinin 1-ci cild 187-188-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının 16 mart 2024-cü il tarixli 1780 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlər tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə təyin edilməsi mümükün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 1-ci cild 182-ci vərəqəsində olan Azərbaycan Respublikası ƏƏSMN Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi bardə arayışdan görünür ki, Təqsirləndirilən şəxs ümumi xəstəliyinə görə müddətsiz birinci dərəcəli əlildir (infeksion və parazitar xəstəliklərlə təzahür olunan immun çatışmazlıq virus (İİÇV) xəsrəliyi, İİV infeksiayası İV kliniki mərhələ. Mikrobakterial infeksiya ilə təzahür olunan İİÇV xəstəliyi. Ağ ciyərlərin ocaqlı vərəmi sorulma və bərkimə mərhələsində. Anqulyar xeylit. Boyun arxası limfa düyünlərinin böyüməsi. Virus mənşəli xroniki C hepatit. Sağ bud sümüyü boynunun qeyri-düzgün bitişməmiş sınığı). Cinayət işinin 1-ci cild 135-136-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlər tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə təyin edilməsi mümükün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 1-ci cild 154-157-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1) Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir; 2) Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2023-cü ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün verdiyi ziddiyətli ifadələri, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmiş, o həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi bəzi ifadələri (üzərində narkotik vasitə və psixotrop maddə olmaması, həmin narkotik vasitə və psixotrop maddənin polis əməkdaşları tərəfindən üzərinə qoyulması) həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə, şübhəli şəxsin dindirilməsi, təqsirləndirilən şəxsin dindirmə protokollarından, həmçinin digər prosesual sənədlərdən görünür ki, təqsirləndirilən şəxs, məhkəməyədək icraat dövründə törətdiyi və ona istinad edilən əməli könüllü olaraq tam etiraf etmiş, protokolları və digər sənədləri könüllü olaraq imzalamışdır. Belə ki, məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs ona ilkin olaraq elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək üzərində narkotik vasitə və psixotrop maddə olmasını etiraf etmiş, lakin yaşadığı evdən aşkar edilmiş narkotik vasitə və digər predmetlərin ona aid olmadığını bildirmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs qeyd etdiyi xüsusatlarla bağlı araşdırma aparılmış və yaşadığı evdən aşkar edilmiş narkotik vasitələrlə bağlı ona elan edilmiş ittihama sübuta yetirilmədiyi üçün xitam verilmişdir. Lakin, yuxarıda da qeyd edildiyi kimi Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin ona məxsus olmasını könüllü olaraq etiraf etmiş və istintaqın sonuna kimi etirafedici ifadələr vermişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında olan bəzi ziddiyyətlər özünü müdafiə xarakteri xarakeri daşıyır və məhkəmə iclasında bu ifadələri (üzərində narkotik vasitə və psixotrop maddə olmaması, həmin narkotik vasitə və psixotrop maddənin polis əməkdaşları tərəfindən üzərinə qoyulması) cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün vermişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs İ dərəcəli əlil olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində - sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda; 83.3.3-cü maddəsinə əsasən isə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2023-cü ildə cəzasının sonu ilə azad edilmişdir. Bundan sonra iki il keçmədən xx.xx.2024-cü il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı hazırki iş üzrə tutulduğu 08 yanvar 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 1780 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan 0,932 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,575 qram psixotrop maddə olan metamfetaminin ekspertiza tədqiqatından sonra qalmış hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci cəmi 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına haqq ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 08 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt Şəhər Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut 0,932 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,575 qram psixotrop maddə olan metamfetaminin ekspertiza tədqiqatından sonra qalmış hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 10 saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar