Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-393/2021 05.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Lənkəran rayonu, Şuruk kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2an, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 20 fevral 2021-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,378 qram psixotrop maddə olan metafetamini əldə edib daşıyaraq üzərində saxlamış, 23.02.2021-ci il tarixdə, saat 17:52 radələrində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının Sumqayıt şəhəri, 43-cü məhəllə ərazisində yerləşən “Möhtəşəm” şadlıq evinin yaxınlığında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq 1-ci PB-nə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükülünün içərisində olan 0,378 qram olan ağ rəngli, kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, tutulmazdan 3 gün əvvəl, yəni 20 fevral 2021-ci il tarixdə, səhər saatlarında Abşeron rayonu, Saray qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 (on) manat məbləğə şəxsi istifadəsi üçün çəkisini bilmədiyi, təxminən 0,350 qrama yaxın bir ədəd şəffaf sellofan bükülünün içərisində adını şüşə dediyi narkotik vasitə olan metamfetamin almışdır. O, həmin sellofan bükülünün içərisində adını şüşə dediyi narkotik vasitə olan metamfetamini əynində olan göy rəngli cins şalvarının sağ yan cibində istifadə etmək üçün saxlamışdır. Lakin başı qarışıq olduğundan həmin narkotik vasitəni istifadə etməmişdir. 23 fevral 2021-ci il tarixdə, saat 17:50 radələrində Sumqayıt şəhəri, 43-cü məhəllə ərazisində “Möhtəşəm” şadlıq evinin yaxınlığından keçərkən üç nəfər mülkü geyimində olan şəxslər ona yaxınlaşaraq saxlayıb və özlərini təqdim edərək polis əməkdaşları olduğlarını bildirmişlər. Polis əməkdaşları ona narkotik vasitələrin qəbulunda və üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün saxlanıldığını söyləmişlər. Polis geyimində olan şəxs özünü təqdim edərək hava şəraiti ilə əlaqədar olaraq onun üzərinə axtarış keçirilməsi üçün 1-ci PB-nə aparılacağını bildirmişdir. Həmin vaxt bir nəfər mülki geyimdə olan şəxs kamera ilə video çəkiliş aparıb və video çəkiliş davam edərək onu avtomobilə əyləşdirib 1-ci PB-nə aparmışlar. Polis əməkdaşları 1-ci PB-də video çəkilişlə onun üzərində şəxsi axtarış aparılacağını söyləyib şəxsi axtarış aparılmasına etirazının olubolmadığını soruşmuşlar. O, polis əməkdaşlarına videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına etiraz etmədiyini demişdir. Polis əməkdaşları şəxsi axtarış aparmazdan əvvəl ona üzərində hər hansı qanunsuz əşya və ya maddənin olub-olmamasını sual edib, əgər varsa təqdim etməyini bildirmişlər. O da elə əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükülünün içərisində adını şüşə dediyi narkotik vasitə olan metamfetamini çıxarıb polis əməkdaşlarına təqdim edib və bildirmişdir ki, həmin narkotik vasitəni 3 gün bundan əvvəl, yəni 20 fevral 2021-ci il tarixdə, səhər saatlarında tanımadığı şəxsdən 10 (on) manata şəxsi istifadəsi üçün almışdır. Sonra sənədləşmə aparılmış, o və digər iştirakçılar sənədləri imzalamışlar. Törətdiyi əməldən peşmandır, himayəsində iki uşağı var, xahiş edir barəsində yüngül cəza təyin edilsin. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Məhkəmə iclasında şahid - Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 göstərmişdir ki, 23.02.2021-ci il tarixdə Zaur adlı şəxsin narkotik vasitələri və psixotrop maddələri qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə o, 1-ci PB-nin əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid1, polis kapitanı Şahid3, 1-ci PB-nin təhqiqatçısı, polis kapitanı Şərail Quliyev və kriminalist, polis mayoru Rasim Paşayevdən ibarət əməliyyat qrupu təşkil olunmuş, məlumat əsasında 23.02.2021-ci il tarixdə, saat 17:30 radələrində əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində “Möhtəşəm” şadlıq evinin yaxınlığına getmiş, təxminən saat 17:50 radələrində Zaur adlı şəxsin əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin oraya gəldiyini görmüşlər. Onlar həmin şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşıb özlərini təqdim edərək ondan özünü təqdim etməsini bildirmiş, həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu demiş, Təqsirləndirilən şəxs onun qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli bilindiyini, bu səbəbdən saxlanıldığını bildirmişlər. Təqsirləndirilən şəxs onun üzərinə 1-ci PB-də videoçəkilişlə şəxsi axtarış aparılacağını izah edərək ondan videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmiş, daha sonra videoçəkiliş davam etməklə Təqsirləndirilən şəxs ilə birlikdə 1-cü PB-nə gəlmişlər. 1-ci PB-də xidməti otaqların birində Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi təqdim olunmuş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyaları təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükülünün içərisində psixotrop maddə olan metamfetamini onlara təqdim etmiş, həmin bükülü açıldıqda içərisində ağ rəngli, spesifik iyə malik kristal şəkilli maddə aşkar olunmuş, Təqsirləndirilən şəxs həmin maddənin nə olduğu soruşulduqda o, həmin maddənin narkotik vasitə olan şüşə, yəni metamfetamin olduğunu demişdir. Təqsirləndirilən şəxs həmin psixotrop maddəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin psixotrop maddəni 20.02.2021-ci il tarixdə, səhər saatlarında Abşeron rayonu, Saray qəsəbəsi ərazisində tanımadığı, adını, harada yaşamasını bilmədiyi şəxsdən 10 (on) manata aldığını və özü istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis baş baş leytenantı Şahid1 Şahid2 göstərdiklərini ifadəsində təsdiq etmişdir. İstintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 da Şahid2la eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 24.02.2021-ci il tarixli, 6/802 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N 125 ” dairəvi möhür əksi olan, üzərində “Saxlanılan şəxs imza Təqsirləndirilən şəxs, Tərtib etdi təhqiqatçı imza Ş.....23.02.21” yazı və imzalar olan zərfdə təmiz çəkisi 0,378 qram olan ağ rəngli, kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. (i.v.28-33) İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 31.03.2021-ci il tarixli, 912 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur.Lakin, halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.118-119) İş materiallarında olan "Şəxsi axtarışın keçirilməsi barədə" 23.02.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən saxlanılmış, şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükülünün içərisində olan 0,378 qram olan ağ rəngli, kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin aşkar edilərək götürülmüş. Təqsirləndirilən şəxs özü həmin narkotik vasitələri təqdim etmiş, ona məxsus olduğunu söyləmişdir. (i. v 23-24) İstintaq zamanı Təqsirləndirilən şəxs üzərinə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis kapitanı Şərail Quliyev əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir. (i.v.72-73) Məhkəmə iclasında nümayiş etdirilmiş həmin diskdə Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində daşıması təsdiq edilmişdir. İş materiallarında olan, 25.02.2021-ci il tarixli qərarla maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 0,328 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanc anbarına təhvil verilmişdir. (i.v. 74-75) İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 23.02.2021-ci il tarixdə tutulmuş, barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilməsindən ötrü Sumqayıt şəhər Məhkəməsinə təqdimat verilməsi məsələsinə baxılması üçün Sumqayıt şəhər prokuroru qarşısında vəsatət qaldırılmış, məhkəməyə təqdimat verilmiş, Sumqayıt şəhər Məhkəməsinin 25 fevral 2021-ci il tarixli qərarı ilə təqdimat rədd olunaraq, Təqsirləndirilən şəxs məhkəmə zalından azad edilmiş, barəsində həbslə bağlı olmayan «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş və qətimkan tədbirinin nəzarəti onun yaşayış yeri üzrə Abşeron RPİ-nə həvalə edilmişdir. İş materiallarında olan DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və Balakən rayon Məhkəməsinin hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Balakən rayon Məhkəməsinin 09.06.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığını məhdudlaşdırılması cəzasına məhkum edilmiş və hal-hazırda məhkumluğu ödənilməmişdir. (i.v. 88-89, 100-113) İş materiallarında olan "Maddi sübut kimi tanıma haqqında" 25.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ilkin çəkisi 0,378 qram olmuş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,328 qram narkotik vasitə metamfetamin, DVD diskinə yazılmış videoçəkiliş cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, 0,328 qram narkotik vasitə metamfetamin Sumqayıt Şəhər Pİ-nin saxlanc anbarına təhvil verilmiş, DVD disk işə əlavə edilmişdir.(i.v.74-75) İş materiallarında olan Sumqayıt şəhər Probasiya Şöbəsinin böyük icra məmuru Səbuhi Cavadovun 05.07.2021-ci il tarixli, 91063 saylı məktubundan görünür ki, 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzadan 11 ay 26 gününü çəkmiş, 05.07.2021-ci il tarixə çəkilməmiş cəzası 01 il təşkil edir. İş materallarında olan arayışdan, xasiyyətnamədən və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs evlidir, 25.06.2004-cü il və 12.01.2016-cı il təvəllüdlü iki uşağı var, yaşayış yeri üzrə müsbət xarakterizə edilir və onun barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 110) Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı, bir yetkinlik yaşına çatmayan uşağı olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və əməlini səmimi etiraf etməsini CM-nin 59.1.4 və 59.2-ci maddələrinə əsasən yüngülləşdirici hallar hesab edir. İş materiallarından göründüyü kimi, təqsirləndirilən şəxs Balakən rayon Məhkəməsinin 09.06.2020-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) il 11 (on bir) ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edildiyi üçün onun əməli cinayətlərin residivi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyrimümkün hesab edir. Ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Balakən rayon Məhkəməsinin 09.06.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi bu hökmlə təyin edilmiş cəza ilə hökmlərin məcmuyu üzrə birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 fevral 2021-ci il tarixdən 25 fevral 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyat alınmalıdır. Cinayət işi üzrə materialların məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut, Sumqayıt şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,328 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən bir ədəd CD disk isə iş materiallarında saxlanılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 tərəfindən həyata keçirilmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 08 (səkkiz) saat vaxt sərf etmişdir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 48 (qırx səkkiz) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən bu hökmlə təyin edilmiş cəza Təqsirləndirilən şəxs Balakən rayon Məhkəməsinin 09.06.2020ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi ilə, yəni 01 (bir) il azadlığın məhdudlaşdırılması cəzası 06 ay azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, hökmlərin məcmusu üzrə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 fevral 2021-ci il tarixdən 25 fevral 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzası qəti olaraq 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 05 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilərək Azərbaycan Respublikası ƏN-nin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına təhvil verilməsi Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,328 qram psixotrop maddə metamfetamin məhv edilsin. Maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən bir ədəd CD disk isə iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil X4 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün. ("xxxx" ASC-nin Sumqayıt filialı hesab AZ03TURA******************** VÖEN **********) Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-393/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-393/2021
05.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver