Məhkəmə qərarları › İş №1(060)-393/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-393/2024

16.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-393/2024 16.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə, Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumayıt şəhəri, Novxanı bağları fərdi ev ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: xx.xx.2024-cü il tarixdə, saat 09:00 radələrində Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında baş vermiş mübahisə zamanı sonuncu Zərərçəkmiş şəxs dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə özünü təqsirli bilərək bildirdi ki, o, işi ilə bağlı kirayədə yaşayır və Sumqayıt şəhəri Novxanı ərazisində yerləşən “Kalyon” restoranında ofitsant işləyir. Zərərçəkmiş şəxs onunla birlikdə həmin restoranda ofisiant işləyir. Onlar birlikdə kirayə tutduqları evdə yaşayırlar. Onların münasibətləri yaxşı olmuş, aralarında heç bir ədavət olmamışdır. Təxminən 1 ay əvvəl maddi vəziyyəti yaxşı olmadığından Nicatdan 200 manat borc pul almış və qaytaracağını bildirmişdir. Daha sonra işləməsinə baxmayaraq aldığı pulu geri qaytara bilməmiş, Nicat bir neçə dəfə ondan pulu istəsə də, imkanı olmadığını və qaytaracağını bildirmişdir. xx.xx.2024-cü il tarixdə, səhər saat 09 radələrində evdə olan zaman Nicat ondan əsəbi halda verdiyi pulu istəmiş, Nicata Novruz bayramında işlədikdən sonra qaytaracağını demişdir. Bu zaman Nicatla aralarında mübahisə yaranmış, münahisə zamanı Nicat söyüş söydüyündən ona bir neçə yumruq və təpik zərbəsi endirmiş, sonra da evdən çıxıb getmişdir. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, hal-hazırda zərərçəkmiş şəxslə barışdığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, işi ilə bağlı kirayədə iş yoldaşı Ramin ilə birlikdə yaşayır və Sumqayıt şəhəri, Novxanı ərazisində yerləşən “Kalyon” restoranında ofisiant işləyir. Təqsirləndirilən şəxs tanıyır, o da onun kimi həmin restoranda ofisiant işləyir. Onların münasibətləri yaxşı olmuş, aralarında heç bir ədavət olmamışdır. Təxminən 1 ay əvvəl Ramin ondan 200 manat borc pul almış və qaytaracağını bildirmişdir. Daha sonra Ramin bir neçə dəfə ondan pulu istəsə də, Ramin imkanı olmadığını və qaytaracağını bildirmişdir. xx.xx.2024-cü il tarixdə səhər saat 09 radələrində evdə olan zaman Ramindən pulu istəmiş, Raminə bayram olmasını və evə pul göndərəcəyini demiş, Ramin isə ona kobud cavab vermişdir. Bu zaman Raminlə aralarında mübahisə yaranmış, münahisə zamanı Ramin onu təhqir etmiş, sonra isə ona bir neçə yumruq və təpik zərbəsi endirmiş, sonra da evdən çıxıb getmişdir. Bundan sonra evdə Raminin gəlib üzr istəməsini gözləmiş, lakin Ramin gəlməmiş, o, buna görə də polisə gedərək bu barədə müraciət etmişdir. O, təqsirləndirilən şəxslə barışıb və ondan heç bir şikayəti yoxdur. Qeyd edilənlərə əsasən zərərçəkmiş şəxs iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş üzrə aşağıdakı sübutlar tədqiq edilmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 467 saylı ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Təpə nahiyyəsinin dərialtı qançırı, sol budun dərialtı hematoması. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən yaranmışdır, müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə yumruqla və təpiklə yetirilə bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. İşdə olan Sumqayıt şəhər Bələdiyyəsi Saray və Novxanı Bağlar massivi qzrə 1 Saylı Məhəllə Komitəsinin 106 saylı, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 1622 №-li Novxanı bağ evində qeydiyyatsız yaşayır. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsində zərərçəkmiş şəxslə barışdığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsində təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və şikayət və tələbinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə ifadələri dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ona dəymiş ziyanın ödənildiyini bildirərək, sonuncunun barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək zərərçəkmiş şəxslə barışdığını bildirərək barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12, və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin qərarını icra edərək, vəkil X3 onun vəkili təyin etmişdir. X1 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 08 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 göstərdiyi 08 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar