Məhkəmə qərarları › İş №1(060)-394/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-394/2021

01.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-394/2021 01.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi – Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında 02.1992-ci ildə Cəbrayıl rayonu Söyütlü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli (himayəsində 02 azyaşlı övladı var), orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonu Qazanzəmi kəndində qeydiyyatda olan, Bakı şəhəri ünvan 1-də yaşayan,barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 09 bükümdə ümumi təmiz çəkisi 35,739 qram çəkidə qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, 05.04.2021-ci il tarixdə saat 21:10-da Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən saxlanılaraq, Sumqayıt ŞPİ-nin 4-cü PB-yə gətirilmiş və orada üzərinə şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 09 ədəd şəffaf rəngli sellofana bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 3,825 qram, 3,347 qram, 4,438 qram, 4,015 qram, 4,218 qram, 4,165 qram, 4,055 qram, 3,925 qram, 3,751 qram ümumi təmiz çəkisi 35,739 qram kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq, götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 3 ildir ki, narkotik vasitələr qəbul edir. 05.04.2021-ci il tarixdə saat 21:10-da Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində olarkən polis əməkdaşları jyf yaxınlaşaraq özlərini təqdim edərək, polis əməkdaşları olduqlarını, həmin ərazidə baş vermiş oğurluq hadisələrində şübhəli bilindiyimi bildirib, onu Sumqayıt ŞPİ-nin 4-cü PB-yə dəvət etmişlər. O da etiraz etməyərək onlarla həmin bölməyə getməyi etiraz etməmişdir. Həmin bölməyə gedərkən yolda onlara üzərində narkotik vasitə olduğunu demişdir. O 4-cü PB-yə gətirildikdən sonra xidməti otaqların birində ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiə edilməsi üçün vəkil təqdim edilmişdir. O hüquq və vəzifələri ilə tanış olub, vəkilə etiraz etməmişdir. Bundan sonra videçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, o da etiraz etməmişdir. Videoçəkiliş aparılmaqla ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın olub-olmaması soruşulub, onu təqdim etmək təklif olunmuşdur. O da əynində olan qara rəngli gödəkçəsinin sol yan cibində saxladığım içərisində 09 ədəd ayrı-ayrı şəffaf sellofan bükümləri bükülmüş narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir. Ondan həmin qurudulmuş marixuananın haradan əldə etdiyi soruşulduqda, o da həmin narkotik vasitə olan qurudulmuş marixuananı bir neçə gün əvvəl xalası oğlu X1 evində təmir işləri aparan zaman küçədə daşın altından tapdığını və şəxsi istifadəsi üçün özündə saxladığını demişdir. Üzərindən aşkar olunan həmin narkotik vasitə qurudulmuş marixuana zərfdə qablaşdırılmış, daha sonra müvafiq sənədləşmə aparılmış və o da həmin sənədlərlə tanış olaraq, sənədlərə də imza etmişdir. Həmin narkotik vasitə olan heroini üzərində saxlamaqda məqsədi şəxsi istifadəsi üçün olmuş, kiməsə vermək və satmaq niyyəti olmamışdır. Əməlindən peşmandır. Məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmədə ifadəsi tədqiq edilərək elan edilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nın əməliyyat müvəkkili, polis kapitanı Şahid1 şahid qismində dindirilərkən ifadəsində bildirmişdir ki, 05.04.2021-ci il tarixdə saat 21:10 radələrində Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində xidmət aparan zaman bir nəfər şəxsi həmin ərazidə görüb ona yaxınlaşaraq, özlərini təqdim etmişlər, ona da özünü təqdim etməsini dedikdə, bildirmişdir ki, Təqsirləndirilən şəxsdur. Daha sonra Əliheydərə həmin ərazidə baş vermiş oğurluq hadisələrində şübhəli bilindiyi üçün onlarla birlikdə Sumqayıt ŞPİ-nin 4-cü PB-yə getməsini bildirmişlər. Əliheydər də etiraz etməyərək xidməti avtomobilinə əyləşərək onlarla həmin bölməyə getmişdir. Bölməyə gedərkən yolda Əliheydər üzərində narkotik vasitə olduğunu demişdir. Onlar 4-cü PB-yə gəldikdən sonra xidməti otaqların birində bölmənin təhqiqatçısı Röyal Rəcəbli özünü təqdim edərək, ona özünü təqdim etməsini demiş, o da özünü təqdim etmiş, daha sonra onlar da özlərini təqdim etmişlər. Həmin vaxt X3 tərəfindən Əliheydərin üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl onu hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiə edilməsi üçün vəkil təqdim edilmişdir. O hüquq və vəzifələri ilə tanış olub, vəkilə etiraz etməmişdir. Bundan sonra X3 tərəfindən ona videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçiriləcəyini bildirilmiş, o da etiraz etməmişdir. X3 videoçəkiliş aparılmaqla ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın olub-olmaması soruşulub, onu təqdim etmək təklif olunmuşdur. O da əynində olan qara rəngli gödəkçənin sol yan cibindən sarı rəngli sellofan paketi təqdim etmişdir. Həmin paket açıldıqda içərisində 09 ayrı-ayrı bükümlər müəyyən edilmişdir. Ondan həmin bükümlərdə nə olduğunu, onları haradan əldə edildiyi soruşulduqda, Əliheydər bildirmişdir ki, həmin ayrı-ayrı bükümlərdə narkotik vasitə olan qurudulmuş marixuanadır, onları bir neçə gün əvvəl, xalası oğlu X1 evində təmir işləri aparan zaman küçədə daşın altından tapmış və şəxsi istifadəsi üçün özündə saxlayıbdır. Üzərindən aşkar olunan həmin narkotik vasitə olan qurudulmuş marixuana zərfdə qablaşdırılmış, daha sonra müvafiq sənədləşmə aparılmış və Təqsirləndirilən şəxs də həmin sənədlərlə tanış olaraq, sənədlərə imza etmişdir. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən hər hansı bir təziq göstərilməmiş, o, könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən heç bir müqavimət göstərməmişdir. Məhkəmədə ifadələri tədqiq edilərək elan edilmiş şahidlər Sumqayıt ŞPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis kapitanı X4, CAŞ-ın kiçik inspektoru, polis baş serjantı Şahid3 və Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti, polis kapitanı X2 da Şahid1 ifadəsinə oxşar ifadələr vermişlər. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 06.04.2021-ci il tarixli, 7/319 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vət.Təqsirləndirilən şəxs üzərindən”... yazıları və imzalar olan kağız paketdəki sarı rəngli sellofan paketin içərisində 09 (doqquz) ədəd şəffaf sellofan torbacığda ayrı-ayrılıqda təmiz çəkiləri: 3,825 qram, 3,347 qram, 4,438 qram, 4,015 qram, 4,218 qram, 4,165 qram, 4,055 qram, 3,925 qram, 3,751 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 35,739 qramdır. Təqdim olunmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 21.04.2020-ci il tarixli, 1163 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş tədqiqatdan sonra qalıq qalmış 35,739 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlama otağına təhvil verilmşdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd DVD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 05.04.2021-ci il tarixdə tutulmuş, 07.04.2021-ci il tarixdə MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserdə qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində 02 azyaşlı uşağı vardır. İş materiallarından olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, təqsirini etiraf etməsini, himayəsində 02 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat sərf etmişdir. Ona görə də, 120 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də 90 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, onun məhkəməyədək icraat zamanı 05.04.2021-ci il tarixdən 07.04.2021-ci il tarixədək 02 (iki) gün həbsdə saxlanılma müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, 04 gün kimi hesab edilməli və ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalı, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq qalmış 35,739 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, 01 ədəd DVD formatlı disk maddi sübut kimi cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 78,82 (yetmiş səkkiz manat səksən iki qəpik) məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur və əmlak üzərinə həbs qoyulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 05.04.2021-ci il tarixdən 07.04.2021-ci il tarixədək 02 (iki) gün həbsdə saxlanılma müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04 gün hesab edilsin və ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Bakı şəhəri ünvan 1 ünvanını tərk etməmək, Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqana iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin, o, ərazi narkoloji dispanserdə qeydiyyatda alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 35,739 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD formatlı disk maddi sübut kimi cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 78,82 (yetmiş səkkiz manat səksən iki qəpik) məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar