Məhkəmə qərarları › İş №1(060)-395/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-395/2021

26.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-395/2021 26.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Quba rayonu, Rustov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Novxanı qəsəbəsi, fərdi evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 11.03.2021-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində istintaqa məlum olmayan şəxsdən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,670 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, həmin tarixdə saat 18:05-də Sumqayıt şəhəri, Novxanı qəsəbəsi ərazisində Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən oğurluq hadisəsində şübhəli bilindiyindən saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-nın inzibati binasına gətirilmiş, xidməti otaqların birində üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə, içərəsində şəxsi istehlak miqdarından artıq miqdarda ümumi xalis çəkisi 0,670 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin olan 01 ədəd şəffaf rəngli büküm aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, narkotik vasitə aludəçisi olduğu üçün narkotik vasitə olan heroindən istifadə edir. Buna görə də, 11.03.2021-ci il tarixdə, təxminən saat 12 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsində qəbristanlığın yaxınlığında tanımadığı şəxsdən 20 manata bir siqaret kağızı bükümündə narkotik vasitə olan heroin almışdır. Sonra o, narkotik vasitəni qəbul etmək üçün yaşadığı evə gedərkən Novxanı qəsəbəsində, saat 18:05-də, sonradan adının Rauf olduğunu bildiyi şəxs mülki geyimdə ona yaxınlaşaraq xidməti vəsiqəsini təqdim etmiş, polis olduğunu bildirməklə ondan yaxınlıqda oğurluq hadisəsi olduğunu, həmin hadisənin onun tərəfidən törədilib-törədilmədiyini soruşmuşdur. O, oğurluq etmədiyini bildirəndə ondan əvvəllər məhkumluğunun olub-olmamasını soruşmuş, o da əvvəllər CM-nın 185-ci maddəsi ilə məhkumluğunun olmasını bildirəndə Rauf onu Sumqayıt ŞPİ-nin 1-ci PB-ya dəvət etmişdir. O, etiraz etməmiş, Raufun idarə etdiyi avtomobilə əyləşmiş, yolda narkotik vasitə olan heroinin cibində olduğunu xatırlamışdır. O, üzərində narkotik vasitə heroin olduğunu bildirərək Raufa yalvarmışdır ki, onu buraxsın və ya üzərindəki narkotik vasitəni atmağa ona şərait yaratsın. Lakin Rauf qəti etiraz edərək PB-nə çatan kimi onun üzərində narkotik vasitə heroin olması barədə raport yazmışdır. Onu xidməti otaqlardan birinə keçirtmiş, təhqiqatçı onun narkotik vasitələrin üzərində daşınmasında şübhəli bilindiyini demişdir. Təhqiqatçı ondan özünü təqdim etməsini soruşduqda o, özünü təqdim etmişdir. Təhqiqatçı onun şübhəli şəxs qismində tutulduğunu, artıq şübhəli şəxs statusunda olduğunu və şübhəli şəxsin bütün hüquqlarından istifadə etmək imkanın olduğunu bildirmişdir. Ona hüquq və vəzifələrinə dair bildiriş təqdim edilmiş, o, bildirişlə tanış olmuş, bundan sonra ondan özünün vəkilinin olub-olmaması soruşulmuşdur. O, özünün vəkilinin olmadığını bildirdikdə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 ona təqdim edilmiş və o buna etiraz etməmişdir. Videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirildikdə etiraz etməmiş, sonra ondan üzərində hər hansı narkotik vasitə və ya qanunla qadağan edilmiş əşya, yaxud predmetin olub-olmadığını soruşmuşlar. Həmin vaxt o, əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən siqaret kağızı bükümünü çıxarıb araşdırmaya təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin büküm açılmış, bükümün daxilində sellofan büküm, onun daxilində isə narkotik vasitə olan heroin kütləsi aşkarlanmışdır. Ona verilmiş suallara müvafiq olaraq cavabında aşkarlanmış kütlənin narkotik vasitə olan heroin olduğunu, Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 20 (iyirmi) manata aldığını, narkotik vasitə aludəçisi olduğunu bildirmişdir. Şəxsi axtarış keçirilən zaman onun üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə heroinə bənzər kütlə polis əməkdaşları tərəfindən tərəziyə qoyulub çəkilmiş, qablaşdırılmış və möhürlənmişdir. Onun üzərindən aşkarlanmış digər əşyalar və sənədlər ona geri qaytarılmışdır. O, həmin narkotik vasitələrdən heç kimə satmamış və ya hədiyyə verməmiş, törətdiyi əməldən peşmandır, barəsində yüngül cəza təyin edilsməsini xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Məhkəmə iclasında Şahid1 göstərdi ki, 11.03.2021-ci il tarixdə, saat 18:05-də Sumqayıt şəhəri, Novxanı bağlar massivində baş vermiş oğurluq hadisəsi ilə bağlı hadisəni törtəmiş şəxsin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış təqdbirləri keçirən zaman yaşadığı evin yaxınlığında gördüyü Təqsirləndirilən şəxs saxlayıb onunla söhbət edən zaman şübhəli davranışları ilə bağlı ona Sumqayıt ŞPİ-nin 1-ci PB-ya getməyi təklif etmişdir. Təqsirləndirilən şəxs etiraz etməyərək onun idarə etdiyi avtomobilə əyləşmiş, yolda olan zaman Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan heroin olduğunu bildirdiyi üçün o, Sumqayıt ŞPİ-nin 1-ci PB-nın NH-ya çatan kimi bu barədə raport tərtib etmişdir. Raport üzrə araşdırılma Sumqayıt ŞPİ-nin 1-ci PB-nın təhqiqatçısı Samir Rzayevə həvalə edmişdir. Elnurun razılığı ilə xidməti otaqda videoçəkilişlə Elnurun üzərinə şəxsi axtarışın keçrilməsi üçün videoçəkiliş işə salınmışdır. Təhqiqatçı saxlanılan şəxsə Sumqayıt şəhəri, Novxanı qəsəbəsində baş vermiş oğurluq hadisəsində şübhəli bilindiyi üçün Sumqayıt ŞPİ-nin 1-ci PB-ya gətirilən zaman üzərində narkotik vasitə heroin olduğunu bildirdiyi üçün şübhəli şəxs qismində saxlanıldığını bildirmiş və saxlanılan şəxsdən özünü təqdim etməsini tələb etmişdir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu demiş, daha sonra təhqiqatçının göstərişi ilə şəxsi axtarış istintaq hərəkətində iştirak edən polis əməkdaşları və Sumqayıt Regional Vəkil Bürosunun üzvi vəkil Müdafiəçi1 özlərini təqdim etmişdirlər. Saxlanılan şəxs heç bir etiraz etməmiş, ona hüquq və vəzifələrinə dair tərtib olunmuş bildiriş təqdim edilmiş və o, bildirişlə tanış olmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində narkotik vasitənin hər hansı bir növünün olub-olmamasını soruşmuş, o da olduğunu demişdir. Təhqiqatçı şübhəli şəxsdən narkotik vasitəni təqdim etməyi təklif edəndə Təqsirləndirilən şəxs sağ əlini əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibinə salıb cibindən 01 ədəd gümüşü rəngli kağız bükümü çıxarıb stolun üzərinə qoymuşdur. Bükümün nə olduğu saxlanılan şəxsdən soruşulanda o, bükümün içindəkinin “kakos”, yəni narkotik vasitə heroin olduğunu bildirmişdir. Təhqiqatçı tərəfindən büküm açıldıqda həmin bükümün daxilindən şəffaf rəngli sellafon büküm aşkar edilmiş, təhqiqatçı həmin bükümü də açdıqda içərəsində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlə müşahidə edilmişdir. Müvafiq suallara cavabında Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini 20 manata Corat qəsəbəsində tanımadığı şəxsdən özünün şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təhqiqatçı şəffaf rəngli sellafon bükümü içərisindəki kütlə ilə birgə elektron tərəzidə çəkilmiş, zərfdə qablaşdırılaraq 127 nömrəli möhürlə möhürlənmişdir. Şəxsi axtarışın nəticəsinə dair tərtib olunmuş protokol o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 və Şahid3 da Şahid1 ifadəsinə oxşar ifadə verərək göstərilən xüsusatları təsdiq etdilər. İş materiallarında olan "Şəxsi axtarışın keçirilməsi barədə" 11.03.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 1-ci PB-nın əməkdaşı tərəfindən saxlanılmış, şəxsi axtarış zamanı üzərindən 01 ədəd gümüşü rəngli kağız bükümdə, ümumilikdə 0,73 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs özü həmin narkotik vasitələri təqdim etmiş, ona məxsus olduğunu söyləmiş, onları 11.03.2021-ci il tarixdə, təxminən saat 12 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsində qəbirstanlığın yaxınlığında tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. (i. v. 20-21) İş materiallarında olan məhkəmə kimyəvi ekspertizasının 6/1012 saylı, 12.03.2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində "Vətəndaş Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar olunmuş" sözləri, soyad və imzalar qeyd edilmiş 1 ədəd kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 0,670 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. (i.v. 27-32) İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının 29.04.2021-ci il tarixli, 1307 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində ASLİLİQ SİNDROMU (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. (i.v. 134-135) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt Şəhər Narkoloji Dispanserin 19.03.2021-ci il tarixli, 1055 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydiyyatı yoxdur.(i.v. 88) İş materiallarında olan Sumqayıt 2 nömrəli Şəhər Poliklinikasının 125 saylı, 31.03.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs poliklinikanın psixatrik kabinetinə müraciət etməmiş və ambulator kartası yoxdur. (i.v. 93) İş materiallarında olan "cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə" 11.03.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11.03.2021-ci il tarixdə tutulmuşdur. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 4(060)-101/2021 saylı, 13.03.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 11.03.2021-ci il tarixdən hesab olunmuşdur. (i.v 74-77) İş materiallarında olan DİN-nin BƏSİİ-nin 21.03.2021-ci il tarixli tələbnaməsindən və Quba Rayon Məhkəməsinin 1(027)-157/2019 saylı, 04.12.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 185.1-ci maddəsi ilə 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (i.v. 89- 92, 106-107) İş materiallarında olan "Maddi sübut kimi tanıma haqqında" 13.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülərkən 0,670 qram olan, ekspertiza tədqiqatından sonra 0,620 qram qalmış narkotik vasitə-heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanc üçün Sumqayıt ŞPİ-nə verilmişdir. (i.v 62) İş materiallarında olan “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə bir ədəd CD maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. (i.v 143) İş materallarında olan 1 saylı MKS-ın 19.05..2021-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir və onun barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 87) İş materiallarında olan Sumqayıt Şəhər Probasiya Şöbəsinin 26.08.2021-ci il tarixli, 2966 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası CM-nın 185.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzadan 09 ay 01 gününü çəkmiş, çəkilməmiş cəzası 02 ay 25 gün təşkil edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirildi, onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və əməlindən peşman olmasını CM-nın 59.2-ci maddəsinə əsasən yüngülləşdirici hallar hesab edir. İş materiallarından göründüyü kimi, təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin 04.12.2019-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının CM-nın 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edildiyi üçün onun əməli cinayətlərin residivi kimi qiymətləndirilə bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyrimümkün hesab edir. Ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsinin sanksiyası həddində, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nın 67.1-ci maddəsinə əsasən Quba Rayon Məhkəməsinin 04.12.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi bu hökmlə təyin edilmiş cəza ilə hökmlərin məcmuyu üzrə birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-ın 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs öz hüquqlarını müdafiə etmək üçün müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmək üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 10 (on) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 60 (altmış) manat məbləğində pul ödənilməlidir. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,620 qram olan narkotik vasitə-heroin məhv edilməli, bundan başqa maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən bir ədəd CD isə iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və müsadirə olunan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən bu hökmlə təyin edilmiş cəza Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin 04.12.2019-cu il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi ilə, yəni 02 (iki) ay 25 (iyirmi beş) gün azadlığın məhdudlaşdırılması cəzası 01 ay 12 gün gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla hökmlərin məcmusu üzrə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 11 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi2 tərəfindən göstərilmiş hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün. ("xxxx" ASC-nin Sumqayıt filialı hesab AZ03TURA******************** VÖEN **********) İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,620 qram olan narkotik vasitə-heroin məhv edilsin. Maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən bir ədəd CD iş materiallarında saxlanılsın. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar