Məhkəmə qərarları › İş №1(060)-395/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-395/2025

12.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-395/2025 12.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cəzası 05 il azadlıqdan məhrum etmə cəzasına endirilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il qərarı ilə cəzasının çəkilməmiş qalan 02 ay 20 gün müddətini çəkməkdən vaxtından əvvəl şərti olaraq azad edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 02 ay 24 gün müddətini çəkməkdən vaxtından əvvəl şərti olaraq azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının müddəti başa çatmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, 01 (bir) ədəd bükümdə, xeyli miqdarda, təmiz çəkisi 7,36 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə etməklə əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibində daşıyaraq saxlamış, 18 fevral 2025-ci il tarixdə, saat 16:22 radələrində Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində yerləşən 2/48 nömrəli binanın qarşısında saxlanılmaqla orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı həmin qurudulmuş marixuana əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünün qismən təqsirli olduğunu bildirərək ifadəsində göstərmişdir ki, o taksi fəaliyyəti ilə məşğul olduğu üçün 18 fevral 2025-ci il tarixdə Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisinə müştəri gətirmişdir. O, müştərini gətirib düşürdükdən sonra idarə etdiyi “Toyota Prius” markalı, **- BM-*** dövlət qeydiyyat nişanlı avtomobilinə mindiyi zaman avtomobilin yanında yerdə şəffaf sellofan bükümü gözünə sataşmış və həmin bükümü yerdən götürüb baxan zaman içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüşdür. Narkotik vasitə qurudulmuş marixuanadan arabir istifadə etdiyi üçün, həmin marixuananı əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibinə qoymuşdur. 18 fevral 2025-ci il tarixdə, təxminən günorta saatlarında Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində dayandığı zaman üç nəfər şəxs videoçəkiliş aparmaqla ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib üzərində şəxsi axtarış aparılacağını demişlər, o da etiraz etməmişdir. Üzərində qanunsuz əşya və ya predmet olub-olmamasını soruşduqda o, da əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd bükümdə marixuananı və bir ədəd “Redmi” markalı mobil telefonunu çıxararaq təqdim etmişdir. Polis əməkdaşları tərəfindən həmin marixuana götürülərək qablaşdırılmış, sonra isə onlar 5-ci PB-yə getmişlər. Polis bölməsində ona müdafiəçi təqdim edilmiş, videoçəkiliş aparılmaqla üzərindən aşkar olunmuş işərisində marixuana olan bükümə və razılığı əsasında idarə etdiyi avtomobilə baxış keçirilmiş, avtomobilindən qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmamışdır. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, üzərindən aşkar olunmuş marixuananı şəxsi istifadəsi üçün əldə etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən və polis bölməsində ona qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, özünü qismən təqsirli bilməsini ona görə bildirmişdir ki, narkotik vasitəni almamış, yerdən tapmışdır. Həmçinin, o, polis əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə saxlanıldığı saatı dəqiqliklə xatırlamadığını, ibtidai istintaqda verdiyi ifadəsində qeyd etdiyi vaxtda saxlanıldığını bildirmişdir. Təqsirləndirilən şəxs son söz olaraq əməlindən peşman olduğunu, onun barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, şübhəli şəxsin üstünün yoxlanılması və şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 5-ci PB-nin kiçik inspektoru Şahid2 ifadəsində göstərmişdir ki, 18 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, üzərində gəzdirməsi və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat qrupu yaradılmış, sonra isə Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində yerləşən 2/48 nömrəli binanın ətrafı və yaxın ərazilər əməliyyat müşahidəsinə götürülmüşdür. Həmin gün saat 16:20 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə gələrək 34-cü məhəllə ərazisində yerləşən 2/48 nömrəli binanın qarşısında dayanmasını görüb bir neçə dəqiqə sonuncunu müşahidə etdikdən sonra videoçəkiliş aparmaqla Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər. Sonra isə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirmiş və üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya maddə varsa təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs da əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf sellofan bükülünü və gödəkçəsinin iç cibindən bir ədəd qara rəngli “Redmi” markalı mobil telefonunu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülü açıldıqda içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər yaşıl rəngli bitki kütləsinin olması müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümdəki maddənin narkotik vasitə marixuana olduğunu, həmin maddəni avtomobilinin yanında yerdən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin maddə elektron tərəzi vasitəsilə çəkilərək çəkisi müəyyən edildikdən sonra qablaşdırılıb götürülmüş, həmçinin sonuncuya məxsus mobil telefon da qablaşdırılaraq götürülmüşdür. Sonra isə digər sənədləşmə işləri aparılması üçün Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə birlikdə 5-ci PB-yə aparmışlar. Polis bölməsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə təhqiqatçıya təqdim olunduqdan sonra müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, sonuncunun üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin maddə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və üzəri imzalanmışdır. Həmçinin, Təqsirləndirilən şəxs idarə etdiyi Toyota Prius markalı, **- BM-*** dövlət qeydiyyat nişanlı avtomobilə də baxış keçirilmiş, avtomobildən də qanunla qadağan edilmiş hər hansı əşya və ya maddə aşkar olunmamışdır. Şəxsi axtarış aparılması və avtomobilə baxış keçirilməsi haqqında protokollar tərtib olunaraq ucadan oxunmuş, həmin protokolu imzalarla təsdiq etmişlər. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən şahid Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, məhkəmə iclasında ifadə vermiş Şahid2 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. (i.v.1) Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair xx.xx.2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş 1 ədəd “DVD” diskdən görünür ki, mülki geyimli polis əməkdaşları xx.xx.2025-ci il tarixdə, saat 16:22 radələrində Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində yerləşən 2/48 nömrəli binanın qarşısında dayanmış Toyota Prius markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs yaxınlaşaraq saxlamışlar. Sonra isə Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxladıqlarını bildirmiş və üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya maddə varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükülünü çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümün içərisində narkotik vasitə olan marixuana olduğunu, həmin narkotik vasitəni avtomobilinin yanında yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs özünə məxsus bir ədəd “Redmi” markalı mobil telefonu da çıxararaq təqdim etmişdir. Həmin bükülü açılan zaman içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər yaşıl rəngli bitki kütləsinin olması aşkar olunmuşdur. Həmin maddə elektron tərəzi vasitəsilə çəkildikdə çəkisinin 7,82 qram olması müəyyən edilmişdir. Bundan sonra həmin maddə qablaşdırılaraq üzərində qeydlər aparılmış və qablaşdırmanın üzəri imzalanmışdır. Təqsirləndirilən şəxs məxsus bir ədəd mobil telefon da qablaşdırılaraq götürülmüşdür. Sonda isə çəkiliş dayandırılmışdır. (i.v.7-9) “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 16:22-də Sumqayıt şəhəri, 34-cü məhəllə, 2/48-ci binanın qarşısında Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.22) Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış istintaq hərəkətinin keçirilməsi, üzərindən sübut əhəmiyyəti kəsb edə biləcək, saxlanılması və gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet, eləcə də narkotik vasitə və psixotrop maddə aşkar edilərsə qablaşdırılaraq götürülməsi qərara alınmışdır. (i.v. 30) “Şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş 1 ədəd “DVD” diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə həmin tarixdə saat 17:17-dən 17:28-dək şəxsi axtarış keçirilmiş, təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi zərurəti yarandığını bildirib üzərində qanunla qadağan olunmuş əşya və ya maddə varsa təqdim etməsini təklif etmiş, Təqsirləndirilən şəxs üzərində heç bir qanunsuz əşya olmadığını bildirmiş və bir ədəd idarə etdiyi avtomobilin açarını təqdim etmiş, onun üzərindən qanunla qadağan olunmuş heç bir əşya və ya predmet aşkar olunmamış, üzərindən aşkar olunmuş avtomobilin açarı isə sübut əhəmiyyəti kəsb etmədiyindən onun özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs saxlanıldığı vaxtda və yerdə üzərində olan 01 ədəd şəffaf sellofana bükülmüş bükümün polis əməkdaşları tərəfindən götürüldüyünü bildirmiş, bundan sonra baxışda iştirak edən Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən üzərində müvafiq qeydlər aparılmış və Azərbaycan Respublikası DİN-in 242 saylı möhürü ilə möhürlənmiş 02 ədəd zərfə baxış keçirilmiş, zərflərdən biri açıldıqda içərisində qara rəngli “Redmi” markalı mobil telefon aşkar olunmuş, həmin mobil telefon yenidən qablaşdırılaraq protokola əlavə olunmuş, digər zərfi açdıqda isə 01 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş içərisində yaşıl rəngli, ot halında, spesifik iyə malik narkotik vasitə olan “marixuana”ya bənzər kütlə olan büküm aşkar olunmuş, həmin kütlə elektron tərəzidə çəkilən zaman çəkisinin 7,82 qram olması müəyyən edilmiş, həmin kütlə yenidən qablaşdırılaraq DİN-in 124 saylı möhürü ilə möhürlənmişdir. (i.v.31-33) Baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 18:00-da Sumqayıt ŞPİ-nin 5-ci PB-nin həyətində Təqsirləndirilən şəxs və onun müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs məxsus “Toyota Prius” markalı, **-BM- *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomaşının salonunda və yük yerində sübut əhəmiyyəti kəsb edə biləcək əşya və ya dəlil aşkar olunmamışdır. (i.v. 35-36) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 7/335 nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir büküm kütlə...” yazı və imzalar olan 1 (bir) ədəd ağ rəngli kağız zərfdə 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 7,36 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edildi 7,36 qram kütlə, nümunə götürüldü 0,05 qram, 7,31 qram kütlə geri qaytarıldı. Ekspertiza tədqiqatının dəyəri 70 (yetmiş) manat məbləğində müəyyən edilmişdir. (i.v.44-48) Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittihamın elan olunması haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən, Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v.55-56) Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində ifadəsi alınmışdır. (i.v.65-66) Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(060)-50/2025 tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. (i.v. 75-79) Mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus telefon “Redmi” markalı telefona baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məxsus telefon “Redmi C13” markalı olmaqla qara rəngli mobil telefondur, telefonun arxa hissəsində zavod üsulu ilə “Redmi” və digər sözlər yazılmışdır. Baxış zamanı telefonun yaddaşında iş üçün əhəmiyyət kəsb edən mətnlər, fotoşəkil, telefon nömrələri və ya videogörüntülər müəyyən olunmamışdır. (i.v. 87) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Həsənov X5 Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2011ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Həsənov X5 Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü il tarixdə Nizami Rayon Məhkəməsinin qərarı ilə şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilərək cəzası 06 il azadlıqdan məhrum etmə cəzası 05 (beş) il azadlıqdan məhrum etmə cəzasına endirilmiş, xx.xx.2021-ci il tarixdə Nizami Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan 02 ay 20 gün müddətini çəkməkdən vaxtından əvvəl şərti olaraq azad edilmiş, xx.xx.2021ci il tarixdə cəzasının müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 02 ay 24 gün müddətini çəkməkdən vaxtından əvvəl şərti olaraq azad edilmiş və xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. (i.v.98-100) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 7(001)-465/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs məhkum edildiyi azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 02 ay 24 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. (i.v.101-105) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 şəxsin ambulator-məcburi X10nın xx.xx.2025-ci il tarixli, 2044 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Ərazi narkoloji tibb müəssisəsində profilaktik qeydiyyata alınması məsləhət görülür. (i.v.106-107) Sübutların qiymətləndirilməsi barədə xx.xx.2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuananın təmiz çəkisinin məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 7/335 nömrəli rəyinə uyğun olaraq 7,36 qram olması əsas götürülmüş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 7,36 qram narkotik vasitə olan qurudulmuş marixuana və 3 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış, 3 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq 7,31 qram qurudulmuş marixuana saxlanılması üçün Sumqayıt şəhər polis idarəsinin saxlanc anbarına təhvil verilmiş, iş üzrə xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair”, xx.xx.2025-ci il tarixli “şəxsi axtarışın keçirilməsi və təqdim olunan əşyanın götürülməsi haqqında”, xx.xx.2025-ci il tarixli “elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında”, xx.xx.2025-ci il tarixli “elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” protokollar, məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 7/335nömrəli, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 2044 nömrəli rəyləri, təqsirləndirilən şəxsin ifadələri və şahid ifadələri iş materiallarına uyğun olduğundan sübut kimi qiymətləndirilmişdir. (i.v.112-119) Cinayət işinə əlavə olunmuş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 1(101)-1479/2016 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının əvvəlinin xx.xx.2016-cı il tarixdən hesablanması hökm edilmişdir. Cinayət işinə əlavə olunmuş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(003)-380/2022 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəlinin xx.xx.2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Elektron Məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs evli olmaqla himayəsində xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X9 adlı uşaqları var. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, üstünü yoxlama və şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlini etiraf etməklə təqsirini boynuna almasını və evli olmaqla himayəsində iki uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, 83.3.4-cü maddəsinə əsasən isə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, 1) Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilərək cəzası 06 ildən 05 il azadlıqdan məhrum etmə cəzasına endirilmiş, xx.xx.2021-ci il tarixdə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan 02 ay 20 gün müddətini çəkməkdən vaxtından əvvəl şərti olaraq azad edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır; 2) Təqsirləndirilən şəxs Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 02 (iki) ay 24 (iyirmi dörd) gün müddətini çəkməkdən vaxtından əvvəl şərti olaraq azad edilmiş və xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Lakin, xx.xx.2025-ci il tarixdə, yəni ağır cinayətə görə məhkum edildiyi birinci hökm üzrə cəzasını çəkib qurtardıqdan sonra 06 il keçmədən, az ağır cinayətə görə məhkum edildiyi ikinci hökm üzrə isə cəzasını çəkib qurtardıqdan sonra 02 il keçmədən yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən cinayətlərin residivi aşağıdakı hallarda təhlükəli sayılır: 18.2.1. qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; 18.2.2. qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivinin olmasını cəzanı ağırlaşdıran hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici hal kimi təqsirləndirilən şəxsin əməlini səmimi etiraf edərək özünü təqsirli bilməsini və evli olmaqla himayəsində iki uşağının olmasını, ağırlaşdırıcı hal kimi təqsirləndirilən şəxsin əməlində cinayətlərin təhlükəli residivinin olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsin əvvəllər məhkum olunmasına baxmayaraq islah olunmamasını, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər, ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.3cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X4 X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 2044 nömrəli rəyində Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmaması qeyd edilməklə, onun ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülmüşdür. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X4 X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 2044 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 7,31 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 03 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci cəmi 70 (yetmiş) manat təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına xidmət haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 7,31 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 03 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 70 (yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 17 saata görə 187 (bir yüz səksən yeddi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar