Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-396/2022 02.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, “Azpetrol” YDM-də operator vəzifəsində çalışan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan vəyaşayan barəsində “başqa yerə getməmək haqqinda iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 07.10.2021-ci il tarixdə, saat 20:10 radələrində etibarnamə əsasında idarə etdiyi “Opel Zafira” minik markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Məşədi Əliyev küçəsi ilə Sumqayıt şəhərindən Corat qəsəbəsi istiqamətində, Məşədi Əliyev küçəsinə birləşən yol ayrıcısına daxil olaraq, Novruz qəsəbəsi ərazisində yerləşən "xxxx" Kiçik Müəssisənin qarşısında hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməyərək, həmin yolun sağından soluna keçən piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin ön sol hissəsi ilə vurub ehtiyatsızlıqdan zərərçəkmiş şəxsə sağ qamış sümüyünün proksimal ucunun oynaqdaxili yerdəyişmiş sınığı, medial meninskin yan medial bağlarının zədələnməsi, diz oynağının hemartrozu kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirmiş, yol hərəkəti qaydalarını pozmuş, bundan sonra o, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1 və 264-cü maddələri ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, piyada Zərərçəkmiş şəxs əvvəllər tanımamış, ona qarşı düşmənçilik və ya ədavət münasibəti olmamışdır. Sumqayıt şəhər «Azpetrol» YDM-da operator vəzifəsində işləməklə ailəsini dolandırır. Qardaşı Nicatın özünə məxsus “OPEL ZAFİRA” minik marakalı, **-DR-*** dövlat qeydiyyat nişanlı avtomobili var və həmin avtomobili idarə etmək üçün onun da etibarnaməsi mövcuddur. 07 oktyabr 2021-ci il tarixdə, saat 18 radələrində Nicat ailə üzvləri ilə birlikdə onun yaşadığı evə gəlmiş, saat 20 radələrində o Nicatdan yaxınlıqda olan marketə getmək üçün avtomobili istəmişdir. Evə yaxın yerdə olan Araz marketdən qayıdan zaman «Oba» marketi keçib öz yaşadığı küçəyə dönmək istəyərkən yol ayrıcılığında qarşısında qəflətən bir piyada görmüş, onu yaxın məsafədən gördüyündən avtomobilin qabaq sol hissəsi ilə həmin şəxsi artıq vurmuş və həmin şəxs «vay sən nə edirsən» demişdir. O nə baş verdiyini dərk etmədiyi üçün avtomobildən düşməmiş və həmin şəxsdən nə baş verdiyini pəncərədən soruşduqda, o yenə də «vay sən nə etdin» deyib yerə oturmuşdur. O avtomobili saxlamayıb oradan uzaqlaşaraq, avtomobili dayısıgildə olan qardaşına vermək üçün həmin ünvana getmişdir. Bu barədə qardaşı Nicata demiş və Nicat onu danlayaraq 20 dəqiqədən sonra hadisə yerinə qayıtmışlar. Lakin hadisə yerində heç kim olmamışdır. Hadisə baş verən zaman nəqliyyat vasitəsini 20-30 km/saat sürətlə idarə etmiş, həmin gün spirtli içki qəbul etməmişdir. Hadisə baş verən vaxt avtomobil texiniki cəhətdən saz olmuş, nəqliyyat vasitəsindən özündən savayı heç kəs olmamışdır. Hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır, məhkəmənin nazərinə çatdırır ki, onun ailəsində hadisə olan dövrdə çox pis hadisələr olduğundan o həmin vaxtlarda daima fikirli olmuşdur. Belə ki, onun atası, həyat yoldaşı və 1 uşağı Covid-19 virusuna yoluxaraq ard-arda vəfat etmişlər. Buna görə də o yüksək gərginlik keçirmişdir. Qeyd edilənlərin nəzərə alınaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə barışmışdır. Özünü təqsirli bilir. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirdi ki, o 07.10.2021ci il tarixdə, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Oba marketin arxasında piyada hərəkətdə olduğu zaman bir nəfər tanımadığı şəxs idarə etdiyi “Opel Zafira” minik markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə ehtiyatsızlıqdan onu vurmuş, o ağrıdan müvazinətini saxlaya bilməyib yerə yıxılmışdır. Həmin şəxs avtomobili saxlayıb pəncərədən nə baş verdiyini soruşduqda o həmin şəxsə “sən məni görmürsən? az qala üstümdən keçəsən” sözlərini demişdir. Həmin şəxs isə ona heç bir cavab verməyərək avtomobili işə salıb oradan uzaqlaşmışdır. Hadisə axşam saat 20 radələrində baş verdiyindən orada heç kəs olmamışdır. O yoldan ayağa qalxıb keçib qıraqda yolun kənarında əyləşmiş və mobil telefonunu çıxardıb oğlu Novruza zəng etmişdir. Təxminən 3 dəqiqə sonra Novruz hadisə baş verən əraziyə gəlmiş və onu təcili olaraq Sumqayıt şəhər X11 Xəstəxanasına aparmışdır. Orada ona ilkin tibbi yardım göstərdikdən sonra sağ ayağını rentgenə salmışlar. Rentgen müayinəsindən sonra təcili əməliyyat olunmalı olduğunu bildirdiklərindən oğlu Novruz onu Bakı şəhərinə aparmış və o Travamatologiya İnstitutunda əməliyyat olmuşdur. Hazırda o təqsirləndirilən şəxsin ailə vəziyyətini nəzərə alaraq onu bağışlamış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs notarial qaydasında təsdiq olunmuş 13.04.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Ona qarşı heç bir şikayəti və iddiası yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, atası Zərərçəkmiş şəxs STP zavodunda sürücü işləyir. 07.10.2021-ci il tarixdə, saat 20 radələrində atası ona zəng edərək evlərinin yaxınlığında, Oba marketin arxa tərəfində “Opel Zafira” markalı avotomobilin onu vurduğunu bildirmişdir. O dərhal atasının dediyi əraziyə getmiş və atasının yolun kənarında əyləşdiyini görmüşdür. Atasından nə baş verdiyini soruşduqda atası tanımadığı bir nəfər şəxsin “Opel Zafira” markalı avotomobillə onu vurduğunu, vurduqdan sonra avtomobili saxlayıb pəncərədən nə baş verdiyini soruşmuş daha sonra isə avtomobili saxlamayıb hadisə yerindən uzaqlaşdığını bildirmişdir. O dərhal atasını Sumqayıt şəhər X11 Xəstəxanasına aparmışdır. Orada atasına ilkin tibbi yardım göstərdikdən sonra sağ ayağını rentgenə salmışlar. Rentgen müayinəsindən sonra təcili əməliyyat olunmalı olduğunu bildirdiklərindən o atasını Bakı şəhərinə aparmış və atası orada Travamatologiya İnstitutunda əməliyyat olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. 07 oktyabr 2021-ci il tarixdə, saat 18 radələrində o ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, Corat qəsəbəsində yaşayan qardaşı Vüsalın evinə getmiş, saat 20 radələrində Vüsal ona şəxsi işlərinin olduğunu deyib ondan avtomobili istəmişdir. Vüsalın sürücülük vəsiqəsi və onun avtomobilini idarə etmək üçün etibarnaməsi olduğundan o avtomobilin açarlanı Vüsala vermişdir. Dayısıgildə olanda Vüsal həyacanlı formada ona zəng vuraraq təcili aşağı düşməsini istəmişdir. O, aşağı düşdükdən sonra Vüsal ona Corat qəsəbəsində «Oba» marketin yaxınlığındakı döngədə avtomobillə nəyisə vurduğunu demişdir. O isə Vüsaldan nə üçün avtomobili saxlayıb düşüb baxmadığını soruşmuşdur. Vüsal həmin vaxt həyacanlı olmuşdur. O, Vüsalla birlikdə hadisə baş verən yerə getsələr də, orada heç kim olmamışdır.Vüsal vurduğu maneənin insan olduğuna inanmadığını bildirmişdir. İşə əlavə edilmiş Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı polis polkovnik-leytenantı Səadət Qənbərov tərəfindən tərtib edilmiş 07.10.2021-ci il tarixli baxış protokolundan görünür ki, hadisə Məşədi Əliyev küçəsi ilə Sumqayıt şəhərindən Corat qəsəbəsi istiqamətində, Məşədi Əliyev küçəsinə birləşən yol ayrıcısında, Novruz qəsəbəsi, “Mülk” KM-nin qarşısında baş vermişdir. Yolun ümumi eni 8 metrdir. Yolun hərəkət hissəsi düz, asfalt tərkibli, quru olmuşdur. Hadisə yerində tormozlama izləri olmamışdır. Piyada vurulana kimi yolun sağından soluna doğru 4 metr məsafə qət etmişdir. Baxış zamanı sübut əhəmiyyətli digər fakt növü aşkar edilməmişdir. S.Qənbərov tərəfindən hadisə yerinin sexmi və fotoşəkilləri çəkilərək əksi çıxarılıb protokola əlavə edilmişdir. (i.v 8-13) İşə əlavə edilmiş 13.10.2021-ci il tarixli fotoşəkillərin təqdim edilməsi haqqında protokola əlavə edilmiş 03 ədəd fotoşəkildə Təqsirləndirilən şəxs idarə etdiyi “Opel Zafira” markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol küncü və ön sol güzgüsünün üzərində xırda cızıqlar müşahidə edilir. Fotoşəkilləri təqdim etmiş Təqsirləndirilən şəxs deməsinə görə həmin fotoşəkilləri hadisədən sonrakı gün, yəni 08.10.2021-ci il tarixdə yaşadığı evin həyətində özünə məxsus mobil telefonla çəkmişdir. (i.v 18-20) İş materiallarında olan və 11.12.2023-cü ilədək etibarlı olan AE 008454 seriyalı, BC kateqoriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs BC kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ vardır. (i.v. 21) İş materiallarında olan AD № 615180 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Opel Zafira” markalı, **-DR-*** qeydiyyat nişanlı avtomobil X6 məxsusdur. (i.v. 25) İş materiallarında olan ƏN-İV seriyalı, 433352 saylı etibarnamənin surətindən görünür ki, X2 Vüsal Umud oğluna “Opel Zafira” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ vermişdir İşə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8-Təcrübə və Tədris birliyinin təqdim etdiyi 27.10.2021-ci il tarixli, 1449 saylı rəydə göstərilmişdir ki, müayinə zamanı Zərərçəkmiş şəxs bədəni üzərində sağ qamış sümüyünün proksimal ucunun oynaqdaxili yerdəyişmiş sınığı, medial meninskin yan medial bağlarının zədələnməsi, diz oynağının hemartozu xəsarətləri aşkar edilmiş, qeyd olunan xəsarətlər küt əşyanın təsirindən törənmiş, yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, müddəti 07.10.2021-ci il trixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. (i.v 36-38) İş materiallarında olan 14.03.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 107) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (i.v 116) İşə əlavə edilmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin Sumqayıt X4 və X5 alınmış 10.03.2022-ci il tarixli 302-1659-1222 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs 11.12.2013-cü il tarixdə BC kateqoriyalı AE008454 saylı, 10 illik sürücülük vəsiqəsi almışdır. Kompyuter bazasına əsasən sürücülükdən məhrum edilənlər sırasında yoxdur. “Opel Zafira” markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomaşın X6 məxsus olmuş, Təqsirləndirilən şəxs həmin avtomaşını 08.12.2020-ci il tarixdə əldə etdiyi, 3 il müddətinə, 11.12.2023-cü il tarixədək qüvvədə olan etibarnamə əsasında idarə etmişdir. (i.v 118-119) İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in 11.02.2022-ci il tarixli 8/214 nömrəli rəyində göstərilmişdir ki, rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən: Opel Zafira markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Əliyev piyadanı vurduqdan sonra hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. (i.v 60-63) İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” 03.03.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.(i.v 97-98) “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı Qərarının 2-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının hüquqi və təşkilati əsasları “Yol hərəkəti haqqında” 08 noyabr 1968-ci il tarixli Vyana Konvensiyası, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının 03 iyul 1998-ci il tarixli Qanunu ilə və digər normativ hüquqi aktlarla tənzimlənir və bu qaydaların pozulması nəticəsindən asılı olaraq mülki, inzibati və cinayət məsuliyyətinə səbəb olur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən nizamlanan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda, sürücü imkan verməlidir ki, həmin istiqamətin hərəkət hissəsindəki piyadalar yolu keçməyi başa çatdırsınlar. Əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini yuxarıda şərh olunan qaydada törədərək 07.10.2021-ci il tarixdə, saat 20:10 radələrində etibarnamə əsasında idarə etdiyi “Opel Zafira” minik markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Məşədi Əliyev küçəsi ilə Sumqayıt şəhərindən Corat qəsəbəsi istiqamətində, Məşədi Əliyev küçəsinə birləşən yol ayrıcısına daxil olaraq, Novruz qəsəbəsi ərazisində yerləşən "xxxx" Kiçik Müəssisənin qarşısında hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməyərək, həmin yolun sağından soluna keçən piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin ön sol hissəsi ilə vurub ehtiyatsızlıqdan zərərçəkmiş şəxsə sağ qamış sümüyünün proksimal ucunun oynaqdaxili yerdəyişmiş sınığı, medial meninskin yan medial bağlarının zədələnməsi, diz oynağının hemartrozu kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirməsi işdə olan sübutlarla tam sübuta yetirilir. Təqsirləndirilən şəxs həmin əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunun müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət qanununun tələblərini və yuxarıda qeyd olunanları nəzərə alaraq Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsini və himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.1, 59.1.4, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlin xarakterini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən Təqsirləndirilən şəxs barəsində həmin maddə ilə cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətləri məsələsinə baxılması üçün qərarın surəti Sumqayıt şəhər prokuroruna göndərilməlidir. Cinayət işi üzrə maddi subut və mülki iddia yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən o, cinayət məsuliyyətindən azad edilsin və həmin maddə ilə işin icraatına xitam verilsin. Qərarın surəti Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətləri olduğu üçün Sumqayıt şəhər prokuroruna göndərilsin. Qərardan elan olunandan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM Azər İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-396/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-396/2022
02.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver