Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-397/2022 04.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Sumqayıt Şəhər Məhkəməsinin inzibatı binasında xx.xx.1983-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Sumqayıt şəhəri, 41-ci məhəllə, Bakı küçəsi, Yataqxana 5-də qeydiyyatda olan, ünvan 1-da yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs 14 oktyabr 2021-cı il tarixdə saat 19:45 radələrində ünvan 1 ünvanında başqa qadınla münasibətinin olmasına görə arvadı Zərərçəkmiş şəxs irad bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı sonuncunun sifət nahiyyəsinə yumruqla, bel kəməri ilə və istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib yaşadığı evdə saxladığı kustar üsulla nunçaku tipində hazırlanmış soyuq silah hesab edilən bir ədəd predmetlə bel nahiyəsinə vuraraq sol gözətrafı nahiyyənin qançırı, gözün ağlı qişasına qansızma, sol qaş nahiyyəsinin yarası, sağ gözətrafının, sol bazunun, sol kürəkaltı nahiyyənin, sağ körpücükaltı nahiyyənin, sağ ayağın qançırları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb qəsdən sağlamlığına YÜNGÜL zərərvurmaya aid xəsarət yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128 və 228.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2003-cü ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuşdur. Birgə nikahdan 3 övladı, 16 yaşlı qızı Şahid2, 15 yaşlı qızı Şahid1 və 11 yaşlı oğlu Şahid3 vardır. Arvadı Aygün ondan küsdüyünə görə 06 aya yaxın idi ki, anasının yaşadığı evdə, yəni Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində övladları ilə birlikdə yaşamışdır. Dəfələrlə ondan həmin evə gedib üzr istəsə də, barışmaq istəsə də, Aygün onunla barışmamış, əksinə övladlarını da ondan uzaq tutmuşdur. Aygünün belə münasibətini görüb Zöhrə adlı xanımla tanış olmuşdur. Zöhrə ilə tanış olduqdan bir müddət sonra Aygün övladlarını da götürüb evinə gəlmişdir. Bundan sonra o, Aygünə Zöhrə barədə bir söz deməmişdir. 14 oktyabr 2021ci il tarixdə axşam saatlarında Aygün onunla Zöhrənin birlikdə çəkdikləri şəkilləri kompyuterdə görüb onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı o, Aygünün sifət nahiyəsinə sillə ilə zərbə vurmuşdur. Zərbənin təsirindən Aygün yıxılaraq qaş nahiyəsi şkafa dəmiş və nəticədə qaşı açılmışdır. O, əsəblərini cilovlaya bilmədiyi üçün yenidən sillə ilə Aygünün sifət nahiyəsinə zərbə vurmuşdur. Aygünü vurandan sonra övladları gəlib qışqırmağa başlamışlar. Niyə qışqırdıqlarını soruşanda onlar analarını döyməməsini xahiş etmişlər. O, əsəbləşib hər iki qızının və oğlunun baş nahiyəsinə sillə ilə vuraraq otaqlarına keçmələrini demişdir. Həmin vaxt Aygün evdən qaçıb çölə getmiş, o, Aygünü sakitləşdirib evə gətirmək üçün arxasınca çölə çıxmışdır. O, Aygünün qolundan tutub saxlamaq istədikdə hər ikisi binanın blokunda pilləkənlarda yıxılmışlar. Bundan sonar Aygün ayağa qalxıb yenidən qaçmağa başlamışdır. O isə evə gəlib uşaqları sakitləşdirməyə başlamışdır. Uşaqlar isə analarını evə qaytarmalarını xahiş etmişlər, yenidən uşaqların sözünə görə həyətə düşmüş və həyətdə xeyli sayda adamın toplaşdığı yerdə Aygünü görüb ona yaxınlaşmışdır. Lakin Aygün onun yaxınlaşdığını görüb qaçmağa başlamışdır. Aygünün arxasınca qaçıb özünü ona çatdırmışdır. Aygünün qolundan tutub evə qaytarmaq istədikdə, o, gəlmək istəmədəyini deyib oradan uzaqlaşmışdır. Bundan sonra o, evə qayıtmışdır. Evə qayıdandan sonra isə ona məlum olmuşdur ki, Aygün ondan polisə şikayət etmişdir. Nunçaku alətini 2008-ci ildə zavodda işləyərkən tapmış və o vaxtdan evdə saxlamışdır. Hadisə 14 oktyabr 2021-ci il tarixdə saat təxminən 19:00 radələrində yaşadığı ünvan 1 ünvanında baş vermişdir. Hadisə zamanı orada o, Aygün və 3 övladı olmuşdur. Mübahisə Aygünün onun başqa qadınla münasibətinin olmasını bilməsinə görə, yəni kompyuterdə başqa qadınla şəkillərini gördüyünə görə baş vermişdir. Həmçinin numçakunun ona məxsus olduğunu və həmin numçaku ilə həyat yoldaşını vurmadığını bildirmişdir. Əməlindən peşmandır. Hazırda onlar barışmışlar. Zərərçəkmış şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınmasını və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur. 2004-cü il təvəllüdlü Şahid2, 2006-cı il təvəllüdlü Şahid1 və 2011-ci il təvəllüdlü Şahid3 adlı övladları vardır. 2021-ci il iyun ayının ortalarında o, həyat yoldaşı Elşad ilə mübahisə edib küsərək uşaqlarını götürüb evdən çıxıb anasıgilə Sumqayıt şəhəri. H.Zeynalabdin qəsəbəsinə getmişdir. Sonradan Elşad onun arxasınca gələrək onunla barışaraq evə geri qaytarmışdır. Lakin o, Elşadın başqa bir xanımla birlikdə olduğunu bilsə də, qorxduğu üçün ona bunu deməmiş, dözmüşdür. Lakin 01 ay bundan öncə sentyabr ayının ortalarında evə geri dönərkən yataq otağında yatağın üzərində qadın tükləri görmüş, sonradan isə evdə olan komputerdəki şəkilləri görüb yenə də susmuşdur. xx.xx.2021-ci il tarixdə öz yaşadığı ünvan 1 ünvanında olarkən evdə Elşad ondan yataq otağında niyə belə keyfinin olmadığını soruşduqda o, dözməyib Elşada bütün bildiklərini danışmışdır. Elşad bundan sonra ona “əcəb etmişəm həyatımda başqa birisidə var” deyə ona bildirmişdir. O, bir söz deməmiş, lakin Elşad özü danışıqca əsəbləşərək onun hər iki gözünün altından yumruqla vurmuşdur. Əsəbi soyumadığı üçün evin dolabında olan bel kəmərini sağ əlinə dolayaraq yenə onun sol gözünün üstündən bir də yumruqla vurmuşdur. Otaqda yerdə qoyduğu metal hissələrdən və zəncirdən ibarət dəmin numçaku götürüb onun bel nahiyyəsinə 1-2 dəfə zərbələr endirmişdir. Sonra əsəbi soyumadığı üçün uşaqların qışqırdığını eşidib yataq otaqların çağırmış və əlindəki kəmərlə uşaqların hər üçünə zərbələr vurmuşdur. Bunu görən zaman o, qorxusundan evdən çıxıb qaçmışdır. Elşad onun arxasınca qaçmağa başlamışdır. Elşadın əynində şort olduğu üçün bayıra tam çıxa bilməmişdir. Onun bayıra qışqıra-qışqıra qaçdığını görən ətrafdakı sakinlər başına toplaşmış və orada biraz özünə gəlməyə başlamışdır. Elşadın təkrar əynini dəyişib arxasınca gəldiyini görüb yenidən oradan uzaqlaşmışdır. Lakin Elşad onu arxadan paltarından tutub yerə yıxıb sürümüş, evə qayıtmaq üçün dartmağa başlamışdır. Bundan sonra əlinə doladığı kəmərin içərisində gizlətdiyi düyməli bıçaqla gəlməyəcəyi təqdirdə onu öldürəcəyi ilə hədələməyə başlamışdır. Lakin o, evə getməyəcəyini bildirib onun əlindən çıxıb qaçmışdır. Bu zaman ətrafda olan tanımadığı şəxslər Elşada bu hərəkətləri etməməyi barədə bildirmişlər və Elşad onları acılayıb evə geri dönmüşdür. Orada qarşısına çıxan tanımadığı şəxs ondan nə baş verdiyini soruşduqda o, cavabında həyat yoldaşının onu döydüyünü və uşaqlarının evdə qaldığını, uşaqlarını da döyəcəyini bildirdikdə həmin tanımadığı şəxs 102 xidmətinə məlumat verərək bu barədə bildirmişdir. O, polisin gəlib Elşadı apardığını gördükdən sonra evə qayıdıb uşaqlarını götürmüşdür. Polisə ərizə ilə müraciət etmiş və uşaqları ilə birlikdə atası yaşadığı ünvan 2 ünvanına getmişdir. Mübahisəyə səbəb Elşadın onun yatağına başqa xanımı gətirməsi olmuşdur. Elşad onu evin yataq otağında gözlərinin altına yumruqla vuraraq döymüş, əlinə kəmər sarıyıb gözünün altından vurmuş, əlinə numçaq götürərək bel nahiyyəsinə 02 dəfə vurmuş, onu binanın arxasında əlinə sarıdığı kəmərin içində gizlətdiyi sonradan əlinə götürdüyü düyməli bıçaqla öldürəcəyi ilə hədələmişdir. Onu evin içərisində döyərkən 03 övladı, Nigar, Cəmilə və oğlu Cəfər olmuşdur. Bayırda onu ölümlə hədələyərkən isə ətrafda tanımadığı qonşular olmuşdur. Hal-hazırda onlar barışmışlar. Ona görə də, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət, tələbi yoxdur və məhkəmədən iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 18 ilə yaxındır ki, qızı Aygün Təqsirləndirilən şəxs ilə evlidir. Onların 2004-cü il təvəllüdlü Şahid2, 2006-cı il təvəllüdlü Şahid1 və 2011-ci il təvəllüdlü Şahid3 adlı övladları var. 2021-ci il iyun ayının ortalarında qızı Aygün Elşad ilə mübahisə edib küsərək uşaqlarını götürüb evdən çıxıb onun evinə gəlmişdir. Bir müddət onunla qalmışdır. Sonradan Elşad onun arxasınca gələrək onunla barışaraq evə geri qaytarmışdır. xx.xx.2021-ci il tarixdə axşam saatlarında, təxminən 20:00 radələrində qızı Aygün başqa bir nömrədən ona zəng edərək bildirmişdir ki, Elşad onu və övladlarını döymüşdür, buna görə də təcili gəlib onu evinə aparsın. O, təcili evdən çıxıb Aygünün evinə getmiş və çatanda görmüşdür ki, binanın həyətində bir neçə polis əməkdaşı vardır. O, evə qalxanda görmüşdür ki, bir nəfər polis əməkdaşı qızından izahat alır. Qızının üz-gözü isə qan içində olmuşdur. Elşad isə polis avtomobilində olmuş və fikrincə izahatının alınması üçün Polis Bölməsinə aparılmışdır. Polis əməkdaşı qızından izahat aldıqdan sonra onu övladları ilə birlikdə götürüb yaşadığı evə gətirmişdir. Elşad uşaqları da vurmuşdur. Növbəti gün o, Aygünü xəstəxanaya aparmış və ona orada tibbi yardım göstərilmişdir. Mübahisənin necə və hansı şəraitdə baş verməsini bilmir. Məhkəmə iclasında qanuni nümayəndəsi Zərərçəkmiş şəxs iştirakı ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmamış Şahid3 da anası Zərərçəkmiş şəxs ifadəsinə oxşar ifadə vermişdir. İş materiallarında olan məkəmə tibb ekspertizasının xx.xx.2021-cı il tarixli 1380 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol gözətrafı nahiyyənin qançırı, gözün ağlı qişasına qansızma, sol qaş nahiyyəsinin yarası, sağ göz ətrafının, sol bazunun, sol kürəkaltı nahiyyənin, sağ körpücükaltı nahiyyənin, sağ ayağın qançırları xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə bel kəməri və dəmir parçası ilə vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 1 gün əvvəl olmaqla xx.xx.2021-ci il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Beləliklə də, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməli tam sübut olunur. İş üzrə toplanmış sübutlar onun təqsirinin sübuta yetirilməsi üçün kifayət edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 22 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN tərəfindən verilmiş tələbnamədən və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs 04 (dörd) il müdətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o Zərərçəkmiş şəxs ilə barışmışdır və məhkəmədən iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221.1ci maddəsinin tərkibi olmadığından həmin xüsusatlar üzrə cinayət təqibinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surəti Sumqayıt ŞPİ-nin İTŞ-nə göndərilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 4437 nömrəli, xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 01 azyaşlı və 02 yetkinlik yaşına çatmayan uşaqları vardır.(xx.xx.2004-cü il təvəllüdlü Şahid2, xx.xx.2006-ci il təvəllüdlü Şahid1 və xx.xx.2011-ci il təvəllüdlü Şahid3). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 01 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, əməlindən peşman olmasını isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də, 90 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.2, 40.3, 43.1.2, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ******************** VÖEN: **********) köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-397/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-397/2022
04.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver