Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-397/2023 07.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X2 iclas katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçinın, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonu, Qumlaq kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən 3 saylı tam orta məktəbin inzibati binasında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2023-cü il tarixdə, saat 16:00 radələrində Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən 3 saylı tam orta məktəbin inzibati binasında birgə yaşadıqları mənzildə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs aralarında yaranmış şəxsi münasibət zəminində baş vermiş mübahisə zamanı sonuncu Zərərçəkmiş şəxs döyərək boğaz nahiyyəsinə xəsarət yetirməsi, boyun nahiyyənin sıyrıqları və dərialtı hematoması ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsində özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2013-cü ildə Şahid1 ilə ailə həyatı qurmuşdur. Həmin nakahdan iki uşağı olmuş, 2018-ci ildə rəsmi qaydada boşanmışlar. Hal-hazırda iki övladı onun himayəsində yaşayırlar və Rəşad onlar üçün ayda ümumilikdə 300 manat aliment ödəyir. Hazırda uşaqlar onun anası ilə birlikdə yaşayır. O, övladlarının anası ilə yaşamasını istəmədiyi üçün kirayə ev tutaraq başqa yerdə yaşamaq istəmişdir. xx.xx.2023-cü il tarixdə gecə saatlarında və xx.xx.2023-cü il tarixdə bir neçə dəfə anasına zəng edərək övladlarını onun yanından götürərək kirayə ev tutub yaşayacağını bildirmişdir. xx.xx.2023-cü il tarixdə, saat təxminən 14:30 radələrində keçmiş həyat yoldaşı Şahid1 zəng edərək övladlarının 1 həftə müvəqqəti olaraq onunla yaşamasını və 1 həfə ərzində kirayə ev tutaraq övladlarını ondan alacağını bildirmişdir. Bundan sonra saat təxminən 15:30 radələrində Rəşad ilə Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində görüşərək anasının yaşadığı ünvana gəlmişlər. O, bu zaman anasına uşaqların bir həftə Rəşad ilə qalacağını və sonra onun kirayə ev tutaraq uşaqlarının özü ilə yaşayacağını bildirmişdir. Bundan sonra anası Zabilə onun barəsində keçmiş həyat yoldaşı Rəşada şər və böhtan xarakterli sözlər deməyə başlamışdır. O, əsəbləşərək anasının saçından tutaraq onun saçını yolmaq istəsə də, bunu edə bilmədiyi üçün onu boğazından tutaraq dırnaqları ilə sıxmağa başlamışdır. Bundan sonra keçmiş həyat yoldaşı Şahid1 yaxınlaşaraq onları ayırmışdır. Əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qızıdır. Qızı Fəridənin Şahid1 ilə olan nikahından biri qız, bir oğlan övladı vardır. Qızı Fəridə Şahid1 boşandıqdan sonra ayrı-ayrı şəxslər ilə qeyri-rəsmi nikahda yaşamışdır. Qızı Fəridənin az yaşlı övladları onunla yaşayırlar və onları o saxlayır. xx.xx.2023-cü il tarixdə gecə saatlarında və xx.xx.2023-cü il tarixdə qızı Fəridə ona zəng edərək övladlarını gəlib ondan alacağını və özü ilə aparacağını bildirmişdir. O, bu zaman qızı Fəridənin yüngül həyat tərzi keçirtdiyini bildiyi üçün uşaqları ona verməyəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 15:50 radələrində qızı Fəridə keçmiş həyat yoldaşı Şahid1 ilə birlikdə onun yaşadığı ünvana gəlmişdir. Bu zaman Rəşad ona uşaqları əvvəldən onun böyütdüyü üçün onları aparmayacağını bildirmişdir. Bundan sonra o, Şahid1 qızı Fəridənin onun övladları üçün ödədiyi aylıq aliment pulunu övladları üçün deyil, öz şəxsi problemləri üçün xərclədiyini, həmin aylıq alimentləri Fəridəyə deyil, uşaqlarının adına açılmış bank hesabına ödəməsini məsləhət görmüşdür ki, uşaqlar 18 yaşlarına çatdıqları zaman həmin yığılmış puldan istifadə etsinlər. Qızı Fəridə onun bu sözlərini eşitdikdən sonra onun üstünə gələrək əli ilə onun boğazından tutmuş və onu boğmağa başlamışdır. Bundan sonra Rəşad onu Fəridənin əlindən almışdır. Bir neçə dəqiqə sonra oğlu Allahverdi yaşadıqları evə gəldiyi zaman ona baş vermiş hadisə barədə məlumat vermiş və oğlu DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Qızı Təqsirləndirilən şəxs onun boğaz nahiyəsinə xəsarətlər yetirmişdir. Halhazırda təqsirləndirilən şəxlə barışmır, ondan şikayətçidir. Məhkəmədən Təqsirləndirilən şəxs cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Şahid2 ifadəsinə bildirdi ki, bacısı Təqsirləndirilən şəxs 2018-ci ildə keçmiş həyat yoldaşı Şahid1 boşandıqdan sonra 2 azyaşlı övladı ilə birlikdə onlarla birlikdə yaşamışdır. Bacısı boşandıqdan sonra Məhəmməd adlı şəxslə qeyri-rəsmi yaşamışdır. Bacısının 2 azyaşlı övladına anası Zabilə baxmış və bacısı keçmiş həyat yoldaşı Şahid1 hər ay aldığı 300 manat aliment pulunu uşaqları üçün deyil, öz şəxsi problemləri üçün xərcləmişdir. Buna görə də anası ili bacısı arasında bir neçə dəfə mübahisələr yaranmışdır. xx.xx.2023-cü il tarixdə saat təxminən 15:30 radələrində anası Zərərçəkmiş şəxs ona zəng edərək bacısı Fəridənin keçmiş həyat yoldaşı Rəşad ilə birlikdə onlara gələcəyini və uşaqları özü ilə aparmaq istəməsini bildirmişdir. O, anasının bacısı Fəridənin yüngül həyat tərzi sürməyi səbəbindən uşaqları ona vermək istəmədiyini və evdə münaqişə yarana biləcəyini bildiyi üçün evə getməyi qərara almışdır. Saat təxminən 16:05 radələrində yaşadığı evə çatdığı zaman bacısı Fəridə, onun keçmiş həyat yoldaşı Rəşad və anası Zabilənin evdə olduqlarını görmüşdür. Bu zaman anasının boğazında xəsarətlər olduğunu gördüyü üçün ondan nə baş verdiyini soruşmuşdur. Anası ona Fəridənin əli ilə onun boğazından tutaraq onu boğmaq istəməsini və ona xəsarət yetirməsini bildirmişdir. Dərhal Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək baş vermiş hadisə ilə bağlı məlumat vermişdir. Məhkəmə iclasında iştirak edən Şahid1 ifadəsinə bildirmişdir ki, 2013-cü ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur. Bu nikahdan onların 2014-cü il təvəllüdlü Nigar adında bir qız və 2015-ci il təvəllüdlü Rəhim adında bir oğlan övladları olmuşdur. 2018-ci ilin fevral ayında onlar Fəridə ilə yola getmədikləri üçün rəsmi qaydada boşanmışlar. Hal-hazırda iki övladı Fəridənin anası Zərərçəkmiş şəxs himayəsində yaşayırlar və o, onlar üçün ayda ümumilikdə 300 manat aliment ödəyir. xx.xx.2023-cü il tarixdə, saat təxminən 14:30 radələrində keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ona zəng edərək uşaqları ona vermək istədiyini, uşaqları onunla 1 həftə qaldıqdan sonra yenidən götürərək özünün baxacağını bildirmişdir. Bundan sonra saat təxminən 15:30 radələrində Fəridə ilə Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində görüşərək ona məxsus avtomobillə Fəridənin anasının və qardaşının yaşadığı ünvana gəlmişlər. Fəridənin anası Zabilə ilə salamlaşaraq uşaqlara onlar boşandıqdan sonra onun baxdığını və onun uşaqların üzərində əziyyətinin çox olmasını bildirmişdir. Fəridənin anası Zərərçəkmiş şəxs ona Fəridənin onun ödədiyi aylıq alimentləri uşaqlar üçün deyil, öz şəxsi problemləri üçün xərclədiyini və aylıq alimentləri başqa hesaba ödəməyini və uşaqlar 18 yaşına çatdıqdan sonra özlərinin həmin puldan istifadə edə biləcəklərini bildirmişdir. Bu zaman Fəridə Rüstəmova qəflətən anası Zərərçəkmiş şəxs üzərinə hücüm edərək onu boğazından tutaraq boğmağa başlamışdır. O, dərhal onlara yaxınlaşaraq onları ayırmışdır. Bundan bir neçə dəqiqə sonra Fəridənin qardaşı Allahverdi evə gəlmişdir. Zabilə oğluna baş vermiş hadisə barədə məlumat verdikdən sonra Allahverdi DİN-in 102 xidmətinə zəng etmiş və baş vermiş hadisə barədə məlumat vermişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan məhkəmə-tibbi ekspertizasının 232 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində “boyun nahiyyənin sıyrıqları və dərialtı hematoması” xəsarətləri vardır. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən yaranmışdır, müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Xəsarətin xarakterinə və lokalizasiyasma əsasən demək olar ki, həmin xəsarətin vət. Zərərçəkmiş şəxs özü-özünə yetirməsi az inandırıcıdır. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan ərizələrdən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında toplanmış material üzrə təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etməmişlər. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 696 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Sumqayıt Tibb Mərkəzi 1 nömrəli xəstəxana tərəfindən verilmiş 109 saylı, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt 1 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsinin psixiatr kabinetində ambulator və dispanser müşahidəsində yoxdur. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 6 saylı MKS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən 3 saylı tam orta məktəbin inzibati binasında məcburi köçkün kimi məskunlaşmışdır, ailə tərkibi qızı-xx.xx.2014-cü il təvəllüdlü X3 və oğluxx.xx.2015-ci il təvəllüdlü X1 ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 313-12-1/2-R-353xx/xx/2023 saylı, xx.xx.2023-cü il tarixli arayışdan və xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusatlar üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi, zərərçəkmiş şəxsin izahatı, şahidin ifadəsi, ekspert rəyi və materiallarda olan digər sənədlərlə tam sübuta yetirilir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiya həddinə cəza təyin edilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müdəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Məhkəmə qeyd edir ki, cinayət cəzası dövlətin cinayət törədən şəxsə qarşı reaksiyası olmaqla, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin əsas hüquqi nəticəsidir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin göstərilən normalarının müəyyən etdiyi ədalət prinsipi və cəzanın təyin edilməsinin ümumi əsasları cəza təyin edilərkən törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmasını nəzərdə tutmuşdur. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladlarının olması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Məhkəmə cəza təyin edərkən həm də Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin belə bir müddəasını rəhbər tutur ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Hazırkı cinayət işinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, maddənin sanksiyasında nəzərdə tutulmuş az ciddi cəza növünün tətbiqi cəzanın məqsədlərini təmin edə bilər. Eyni zamanda işin halları, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusu təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət qanunu normasının sanksiyasında nəzərdə tutulan daha ciddi cəzanın təyin edilməsinə əsas vermir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmə hesab edir ki, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün hesab edir. Ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyası həddində, cərimə növündə cəzanın təyin edilməsini məqsədə müvafiq hesab edir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli (iş № 1(060)-397/2023) qərarını icra edərək xx.xx.2023-cü il tarixli, 497/2023 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclasında iştirak etmiş (hazırlıq), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və o, 1000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardıma görə 60 (altmış) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: ZAUR HACİYEV
Məhkəmə qərarları › İş №1(060)-397/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-397/2023
07.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver