Məhkəmə qərarları › İş №1(060)-398/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-398/2024

16.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-398/2024 16.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi "Şimal" Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1953-cü il tarixdə Qax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, təqaüdçü, Sumqayıt şəhəri, Sülh küçəsi, 76-cı məhəllə, 6 nömrəli yataqxanda qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkən şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirtmək məqsədi ilə Zərərçəkmiş şəxs həyat yoldaşı Şahid1 Sumqayıt şəhəri 1 saylı xəstəxananı doğum şöbəsində tibb bacısı kimi işə düzəldəcəyinə yalandan vəd verərək aldadıb, bu məqsədlə 15 yanvar 2023-cü il tarixdə Sumqayıt şəhəri 45-ci məhəllədə yerləşən “Nərgiz” kafesində Zərərçəkmiş şəxs 7000 (yeddi min) manat pul alaraq ələ keçirdib, sonuncuya həmin məbləğdə, xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 2023-ci ilin əvvəllərindən tanıyır, onun bacsı Könülü uzun müddət öncədən tanıyır. Könül ona qardaşı Telmanın arvadı Əfsanəni işə düzəltmək isdəməsi barədə danışmışdır. Həmin vaxtlar xeyli miqdarda borcu olduğundan Könülə onun qardaşı arvadını 1 saylı xəstaxanaya tibb bacısı kimi işə düzəldə biləcəyini demişdir. Təxminən 2023-cü ilin yanvar ayının əvvəllərində Zərərçəkmiş şəxs ona zəng edərək görüşmək istədiyini demiş və bundan sonra onlar Sumqayıt şəhəri, “Ordubad market” mağazasının qarşısında görüşmüşlər. Telman arvadı Əfsanənin tibb kollecini bitirdiyini, buna baxmayaraq işsiz olduğunu, bu səbəbdən onu Sumqayıt şəhəri 1 saylı xəstaxanaya tibb bacısı kimi işə düzəltdirmək istədiyini bildirmişdir. O, Telmana guya Naxçıvanlı Məcid adlı dostunun olmasını, Məcidin bu işlərlə məşğul olduğunu, 7000 manat verəcəyi təqdirdə onun arvadını 1 saylı xəstxanaya işə düzəltdirə biləcəyini bildirmişdir. Telman ona inanmış və bir neçə günə pul düzəldib onunla görüşəcəyini bildirmişdir. 15 yanvar 2023-cü il tarixdə Telman ona zəng vuraraq pulu düzəltdiyini bilmdirmiş və onlar Sumqayıt şəhəri 45-ci məhəllə ərazisində yerləşən “Nərgiz” kafesində görüşmüşlər. Telman orada ona 7000 manat pul vermişdir. Telmana uzağı 1 aya, yəni 2023-cü ilin fevral ayında həyat yoldaşı Əfsanəni 1 saylı xəstaxanaya tibb bacısı kimi işə qəbul etdirəcəyinə söz vermişdir. Bundan sonra Telmandan aldığı 7000 manata öz borclarını ödəmişdir. Söz verdiyi vaxt çatdıqda Telman ona zəng vurub arvadının iş məsələsinin nə yerdə qaldığını soruşmuş, o isə müxtəlif bəhanələr gətirərək vaxt qazanmağa çalışmışdır. Lakin, vaxt keçdikcə Telman artıq onu barəsində polisə şikayət edəcəyi ilə hədələmiş, bu səbəbdən Bakı şəhərində yaşıyan Məcid adlı uzaq qohumuna zəng vurub, əhvalatı ona danışaraq Sumqayıt şəhərinə gəlib onunla birlikdə Telmanla görüşərək pulu ona verməsini təsdiqləməsini və işin həll olunmasına söz verərək, ona bir qədər vaxt qazanmasını xahiş etmişdir. Məcid razılıq vermiş və Telmanla aralarında olan söhbətdən bir neçə ay sonra yanında Həzərət adlı dostu ilə Sumqayıt şəhərinə gəlmiş və birlikdə Telmanla görüşmüşlər. O, Telmana guya onun arvadnın işi ilə özü məşğul olduğunu və 7 min manatın ona verildiyini, tezliklə arvadı Əfsanənin iş məsələsini həll edəcəyini bildirmişdir. Telman Məcidə inanmış və ona bir az da vaxt vermişdir. Lakin, həmin müddət də başa çatdıqdan sonra Telman ona müraciət edərək, pulu qaytarmayacagı halda barsində polisə şikayət edəcəyini bildirdikdə, ona ayrı-ayrı vaxtlarda bir dəfə 1000 manat, daha sonra 300 manat və sonuncu dəfə daha 1000 manat olmaqla cəmi 2300 manat pul qaytarmışdır. Pul tam ödənilmədiyi üçün Telman onun barəsində şikayət etmiş, istintaq zamanı o Telmandan aldığı pulu tam şəkildə ödəmişdir. Daha sonra özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxs ilə aralarında barışıq olmasını, zərərçəkmiş şəxsə vurduğu ziyanı tamamilə ödədiyini, ona qarşı şikayət və tələbinin olmamasını, həmçinin vurulmuş zərərin iyirmi beş faizi miqdarında, yəni 1750 manat məbləğində dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, həmçinin işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Əfsanə onun həyat yoldaşıdır, o, Sumqayıt tibb kollecini bitirsə də işsizdir. Firudin adlı şəxslə qohumları vasitəsi ilə tanış olmuş və onunla Sumqayıt şəhəri, “Ordubad market” mağazasının qarşısında görüşüb söhbət edərkən, ona həyat yoldaşının tibb kollecini bitirdiyini, lakin ona iş tapa bilmədiyini bildirmişdir. Firudin ona Bakı şəhərində yaşayan, əslən Naxçıvan MR-dan olan Məcid adlı tanışının olduğunu, onun vasitəsi ilə Əfsanəni 1 nömrəli xəstaxananın doğum şöbəsinə işə düzəldə biləcəyini və bu işin həlli üçün 7000 manat pul, diplom, şəxsiyyət vəsiqəsinin və əmək kitabçasının sürətllərinin lazım olacağını bildirmişdir. O, Firudinə inanmış, Firudinin dediyi sənədləri və 7000 manat pulu hazırlayıb xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yerləşən “Nərgiz” kafesində Firudinlə görüşüb ona vermişdir. Firudin 2023-cü ilin fevral ayına kimi iş məsələsini həll edəcəyinə söz vermiş, lakin bundan iki ay keçsə də Firudindən xəbər çıxmamışdır. O, Firudinlə əlaqə saxlayaraq ona verdiyi 7000 manat pulu geri istəmiş, Firudin ilk dəfə gördüyü Məcid adlı şəxsi dəvət edib Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində onunla görüşdürmüş və söhbəz zamanı Məcid ona Firudinə verdiyi pulun ona çatdığını, yaxın günlərdə həyat yoldaşının işini həll edəcəyini bildirib ondan bir qədər möhlət istəmişdir. O da inanmış və Məcidə yaxın müddətdə işi həll olunmazsa verdiyi pulu geri alacağını bildirmişdir. Lakin, həmin söhbətdən bir müddət keçsə də Firudin ilə Məcid verdikləri sözə əməl etməmişlər. Onlardan pulunu geri istədikdə müxtəlif bəhanələr gətirməyə başlamışlar. Sonradan Firudin arvadı Yaqub Qasımovanın adına olan mənzilin qeydiyyat şəhadatnaməsini və mənzilin sığorta şəhadatnaməsini ona girov kimi təqdim edərək pulu tezliklə ödəcəyinə söz vermiş, lakin ona 1000 manat pul qaytarsa da qalan pulları qaytarmaqdan imtina etmişdir. Bu səbəbdən də Firudin barəsində polisə şikayət etmişdir. İş istintaqda olan zaman Firudin onun pulunu tam şəkildə ödəmişdir. Bundan başqa Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışmasını, ona vurulmuş ziyanın tamamilə ödənilməsini, onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 İnqilab qızı ondan öncə məhkəmə iclasında ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, o Təqsirləndirilən şəxs uzun müddətdir ki tanıyır, Zərərçəkmiş şəxs isə öncədən tanımamışdır. Təxminən 2023-cü ilin aprel-may aylarında Firudinin xahişi ilə Zərərçəkmiş şəxs ilə görüşmüşdür. Belə ki, Firudin ona bildirmişdir ki, işə düzəltmə adı ilə Telmandan 7000 manat almışdır və işi düzəldə bilməmişdir. Telman pulunu istədiyi üçün görüş zamanı ondan xahiş edərək vaxt almışlar ki, Firudin pulu ödəyə bilsin. Pulun alınması ilə əlaqədar onun öncədən məlumatlı olmamış, yalnız sonradan Firudin dedikdə onun məlumatı olmuşdur. Məhkəməyədək icraat dövründə şahid qismində ifadə vermiş, məhkəmə iclasında iştirak etməyən Şahid3 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o ifadəsində göstərmişdir ki, X2 onun uzaq qohumudur. Təxminən 2023-cü ilin aprel-may aylarında Firudin ona zəng vuraraq bir nəfər Telman adlı şəxsdən arvadını tibb bacısı kimi işə düzəltmək üçün 7000 manat pul aldığını, lakin dediyi vaxtda işi düzəldə bilmədiyini, Telmanın onu polisə şikayət edəcəyi ilə hədələdiyini bildirib onunla birlikdə Telmanla görüşməsini xahiş etdikdə etiraz etməmiş və həmin gün yanında çay içən kirvəsi Şahid2la birlikdə Sumqayıt şəhərinə gəlmişlər. Firudinlə görüşdükdən sonra Sumqayıt şəhərində yerləşən “Nərgiz” kafesinə getmiş və Firudin zəng vurub Telmanı oraya çağırmışdır. Telman gələnə kimi isə ondan guya Telmandan aldığı pulu işə düzəltmək üçün ona verdiyini Telmana bildirib ondan bir qədər vaxt almasını xahiş etmişdir. Bir neçə dəqiqədən sonra kafeyə ilk dəfə gördüyü özünü Telman kimi təqdim edən şəxs gələrək onlarla görüşərək stulda oturmuş və Firudun onu Telmana təqdim edərək guya ondan aldığı pulu işi düzəltmək üçün ona verdiyini, bu işdə heç bir yalan olmadığını, tezliklə məsələnin həll olunacağını bildirmişdir. O isə Telmana müraciət edərək Firudinin həqiqətən pulu ona verdiyini, özünün həmin işlə məşğul olduğunu, tezliklə məsələnin həll olunacağını bildirib bir qədər səbr etməyi xahiş etmiş, hətta onunla əlaqə saxlaması üçün öz mobil telefon nömrəsini də Telmana vermişdir. Telman ona inanıb bir qədər də gözləyəcəyini, əks halda polisə müraciət edəcəyini bildirərək getmiş, o isə Firudinə əsəbiləşərək ona “Ağsaqqal adamsan, nəyə görə məni öz yalanlarına qoşursan” dedikdə Firudin başqa çarəsinin olmadığını bildirmişdir. Bundan bir müddət keçdikdən sonra Telman ona zəng vuraraq işin nə yerdə olduğunu soruşanda ona bu işdən xəbəri olmadığını, Firudinin xahişi ilə Sumqayıta gəlib onunla görüşdüyünü bildirib bir daha ona zəng etməməsini tələb etmişdir. Həmçinin Firudinə də zəng vuraraq Telmanın onu narahat etdiyini, tezliklə bu məsələni həll etməsini tələb etmişdir. Bundan sonra da Telman bir neçə dəfə ona zəng vursa da, lakin onun zənglərinə cavab verməmişdir. Firudinin Telmanı aldadaraq 7000 manat pulunu ələ keçirməsindən xəbəri olmamış, bu barədə heç bir məlumatı olmamışdır. Cinayət işinin 44-cü vərəqəsində olan axtarışda olan şəxsin tutulması haqqında 17 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işinin 63-64-cü vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında 18 fevral 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək o, saxlanıldığı Sumqayıt ŞPİ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir. Cinayət işinin 36-cı vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin 74-83-cü vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin 16 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilmiş və o cinayət məsuliyyətindən azad edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyanı tamamilə ödəmiş, hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, o, özünü təqsirli bilir, əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmış, sonuncuya dəymiş ziyanı tamamilə ödəmişdir. Qeyd edilən halları, həmçinin vurulmuş zərərin iyirmi beş faizi miqdarında, yəni 1750 manat məbləğində dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 8075 və 21126 nömrəli qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs dövlət büdcəsinə müvafiq olaraq 1350 manat və 400 manat, ümumilikdə 1750 manat ödəniş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkən şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmə cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, həmçinin digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Lakin, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yaranmışdır. Belə ki, zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanı tamamilə ödənilməsini, hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək dəymiş ziyanı tamamilə ödənilməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında, yəni 1750 manat məbləğində dövlət büdcəsinə ödəniş edilməsini və bununla əlaqədar cinayət işinə xitam verilməsinə razı olduğunu bildirmişdir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər Cinayət Məcəlləsinin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada bir dəfə cinayət məsuliyyətindən azad edilmişdir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 16 fevral 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilmiş və o cinayət məsuliyyətindən azad edilmişdir. Lakin, eyni zamanda müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin qeyd edilən qərarı hazırki işi üzrə cinayət əməli törədildikdən sonra qəbul edilmişdir. Belə ki, hazırki iş üzrə cinayət əməli 15 yanvar 2023-cü ildə törədilmiş, Sumqayıt Şəhər Məhkəməsinin qeyd edilən qərarı isə 16 fevral 2024-cü il tarixdə qəbul edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin məsuliyyətdən azad edilənədək törətmiş olduğu digər cinayət əməlinə görə cinayət məsuliyyətindən azad olunmasının mümkünlüyünü istisna etmir. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Məhkəmə iş materiallarını araşdıraraq, müdafiə tərəfinin cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, həmçinin təqsirləndirilən şəxs tərəfindən vurulmuş 7000 manat ziyanın iyirmi beş faizi miqdarında, yəni 1750 manat məbləğində dövlət büdcəsinə ödəniş edilməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi məqsədə uyğundur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan ləğv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 20 saata görə 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar