Məhkəmə qərarları › İş №1(060)-399/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-399/2021

06.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-399/2021 06.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1985-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2amış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni 0,213 qram çəkidə dövriyyəsi qadağan edilmiş psixotrop maddə olan metamfetamin əldə edərək onu üzərində daşıyaraq saxlamış, 10 mart 2021-ci il tarixdə saat 16:21 radələrində Sumqayıt şəhər Pİnin 1-ci PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq 1-ci PB-nə gətirildikdən sonra üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş 0,213 qram çəkidə olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, bir ildir ki, psixotrop maddə olan metamfetamin qəbul edir. Təxminən 3-4 gün əvvəl səhər saatlarında o, şəxsi işləri ilə əlaqədar olaraq Bakı şəhərinə getmişdir. O, Bakı şəhəri, 20 Yanvar metrosunun yaxınlığında olarkən tanımadığı bir nəfər şəxs ona yaxınlaşaraq onda psixotrop maddə olan metamfetamin olduğunu demişdir. O, psixotrop maddədən istifadə etdiyi üçün alıb özü üçün istifadə etmək məqsədi ilə həmin şəxsə metamfetamini neçəyə satdığını soruşduqda həmin şəxs metamfetamini 15 manata satdığını demişdir. O, həmin şəxslə razılaşmış və 15 manat pul verib bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş metamfetamini həmin şəxsdən almışdır. O, həmin şəxsdən aldığı siqaretin gümüşü rəngli kağızına bükülmüş metamfetamini əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur ki, sonra özü istifadə etsin. Sonra o, Sumqayıt şəhərinə gəlmişdir. 10.03.2021-ci il tarixdə saat 16:21 radələrində həmin üzərində olan metamfetamini münasib yer tapıb istifadə etmək üçün Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisinə gəlməyə başlamışdır. O, 8-ci mikrorayon ərazisi ilə gedərkən üç nəfər mülki geyimli, bir nəfər polis geyimində olan şəxslərin ona yaxınlaşıb özlərinin polis əməkdaşı olduğunu bildirərək ona özünü təqdim etməsini bildirmişlər. O, polis əməkdaşlarına özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğumu bildirmişdir. Həmin vaxtı polis əməkdaşları ona narkotik vasitə qəbulunda və gəzdirilməsində şübhəli bilindiyi üçün saxlanıldığını bildirmişlər. Ona görə də Sumqayıt şəhər Pİ-nin 1-ci PB-də vəkilin iştirakı ilə üzərində şəxsi axtarış keçiriləcəyini, şəxsi axtarış keçirilən zaman video çəkilişdən istifadə ediləcəyini bildirmişlər. O, polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nə getmişdir. Polis bölməsinin xidməti otaqlarının birində olarkən ona vəkil X3 təqdim olunmuşdur. Daha sonra polis əməkdaşları ona videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçiriləcəyini bildirərək üzərində hər hansı qanunla qadağan edilmiş əşyanın olubolmamasını soruşaraq həmin əşyanın polis əməkdaşlarına təqdim etməyini təklif etmişlər. O, həmin vaxtı əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş psixotrop maddə olan metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Həmin bükülü polis əməkdaşları tərəfindən açıldıqda içərisində ağ rəngli, spesifik iyə malik, kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar edilmişdir. Polis əməkdaşlarının suallarına cavab olaraq o, həmin maddənin şüşə, yəni metamfetamin olduğunu, həmin metamfetamini 3-4 gün əvvəl Bakı şəhərində 20 Yanvar metrosunun yaxınlığında olarkən tanımadığı şəxsdən 15 manata özü istifadə etmək məqsədi ilə aldığını bildirmişdir. Həmin vaxtı onun üzərindən aşkar edilərək götürülmüş metamfetamin tərəziyə qoyularaq çəkilmiş, qablaşdırılaraq möhürlənmişdir. Həmin vaxtı polis əməkdaşları tərəfindən metamfetaminin ondan aşkar edilərək götürülməsi ilə əlaqədar protokol tərtib edilmişdir. Tərtib edilmiş protokolu onlar imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs hazırda törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu göstərərək, məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsində əməliyyat müvəkkili vəzifəsində xidmət edir, rütbəsi polis mayorudur. 10.03.2021-ci il tarixində Sumqayıt şəhəri, Nizami küçəsi 19C-də qeydiyyatda olan və Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 51-də yaşayan, əvvəllər məhkum olunmamış, xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi, əldə olunmasında vasitəçilik etməsi, eləcədə satması barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin kiçik əməliyyat müvəkkilləri, polis serjantı Şahid3 və Şahid2, Sumqayıt ŞPi-nin baş təhqiqatçısı, polis mayoru Ruslan Vəliyevdən, kriminalistik təhqiqatlar bölməsinin baş inspektor-kriminalisti, polis mayoru Rasim Paşaevdən ibarət əməliyyat qrupu təşkil edilmiş və Sumqayıt Regional Vəkillər Bürosunun vəkili X1 iştirakı təmin edilmişdir. Saat 16:10 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində olması barədə təkrar məlumat daxil olmuşdur. Məlumat əsasında əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən yeni tikilinin yaxınlığına gəlmişlər və orada olan zaman baş inspektor-kriminalist Rasim Paşayev tərəfindən “Panasonik” markalı videokamera işə salınmışdır. Təxminən bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs gəldiyini görmüşdür. Onlar Təqsirləndirilən şəxs görüb saxlamış və özlərini təqdim etdikdən sonra özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, əldə etməkdə vasitəçilik etmə və gəzdirməkdə şübhəli bilindiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələrinin izah edilməsi ilə bağlı bildiriş təqdim edilmiş, həmçinin, Təqsirləndirilən şəxs şərait olmadığı üçün videoçəkiliş dayandırılmadan PB-nə gedərək orada üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onlarla birlikdə xidməti avtomobillə videoçəkiliş dayandırılmadan Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilmişdir. PB-də xidməti otaqların birində videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək ondan videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olubolmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində olan əşyaları qoyması xahiş etmişlər. Təqsirləndirilən şəxs bu zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş 01 ədəd bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində nə olduğu soruşulmuş, o, həmin 01 ədəd bükümün içərisində “şüşə” yəni psixatrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin nə olduğu, haradan, kimdən əldə etməsi, nə məqsədlə üzərində saxlaması barədə suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar olunmuş kütlə psixatrop maddə metamfetamindir, həmin narkotik vasitəni 3-4 gün əvvəl tarixdə Bakı şəhərində tanımadığı şəxsdən öz istifadəsi üçün 15 manata almışdır. Bundan sonra Sadiq Şafaqatov üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlənin çəkisini müəyyən etmək və protokol tərtib olunmasına şərait olmadığından həmin kütlə tərəfimizdən götürüldü. Sadiq Şafaqatov üzərindən aşkar edilmiş kütlə elektron tərəzidə çəkildi, çəkisinin 0,32 qram olması müəyyən olundu. Bundan sonra aşkar edilmiş kütlə qablaşdırıldı, möhürləndi və iştirakçılar tərəfindən imzalandı, sonra protokol tərtib olundu, ucadan oxundu və onlar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Məhkəmədə şahidlər Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə verdilər. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş 10 mart 2021ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də şahidlər Şahid2 və Şahid3 Şahid1 ifadələrində göstərdikləri bir daha təsdiq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə–kimyəvi ekspertizasının 11.03.2021-ci il tarixli, 6/982 saylı №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN «Zərflər üçün № 125” moöhür əksi, “Vət. Təqsirləndirilən şəxs üzərindən...» və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,213 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixatrop maddə-metamfetamindir. (Qeyd: metafetaminin təmiz çəkisi – 0,213 qr., tədqiqata sərf edildi – 0,05 qr., qalıq 0,163 qr.). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 29.04.2021-ci il tarixli, 1306 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixatrop maddə olan mütamfetamindən sui-istifadə edilməsi nəticəsində ASİLİLİQ SİNDROMU (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserinin 19.03.2021-ci il tarixli, 1059 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs 2019-cu ilin yanvar ayından həmin dispanserdə narkomaniya xəstəliyi diaqnozu ilə qeydiyyatdadır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş 17.03.2021-ci il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, əməlindən peşman olmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə 10.03.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 12.03.2021-ci il tarixdə ibtidai istintaq orqanı tərəfindən barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və Sumqayıt şəhər Məhkəməsinin 13.04.2021-ci il tarixli qərarı ilə barəsində həbsetmənin əvvəli 12.04.2021-ci il tarixdən hesablanmaqla, 16 iyun 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 08.06.2021-ci il tarixli hazırlıq iclasının qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs 10.03.2021-ci il tarixdən 12.03.2021-ci il tarixədək və 12.04.2021-ci il tarixdən bu günədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla 05 (beş) ay 22 (iyirmi iki) gün müddət hazırki hökmlə təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal azad edilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və onun qeydiyyatda olduğu ərazi üzrə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,163 qram çəkidə psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan iki ədəd “DVD” disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizalarının dəyəri 109 (bir yüz doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 31 may 2021-ci il tarixli (iş № 1(060)-399/2021) qərarını icra edərək, 609/2021 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 8 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (27 yanvar 2010-cu il tarixli 21 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 10.03.2021-ci il tarixdən 12.03.2021-ci il tarixədək və 12.04.2021-ci il tarixdən bu günədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla 05 (beş) ay 22 (iyirmi iki) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 3 ünvanında tərk etməmək, Sumqayıt, Bakı şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və onun qeydiyyatda olduğu ərazi üzrə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda olması nəzərə alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,163 qram çəkidə psixotrop maddə olan metamfetamin məhv edilsin. İş üzrə maddi sübut olan iki ədəd “DVD” disk cinayət işində saxlanılsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 109 (bir yüz doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 8 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar