Məhkəmə qərarları › İş №1(060)-399/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-399/2025

21.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-399/2025 21.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Rafiq oğlunun sədrliyi, Bəşirov Şahin Məmmədsala oğlunun katibliyi ilə Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə, 1985-ci il martın 02-də Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq ünvan 2nda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talama məqsədi ilə 19 yanvar 2025-ci il tarixdə saat 07 radələrində Sumqayıt şəhəri Yaşıldərə bağlar massivi ərazisində yerləşən Zərərçəkmiş şəxs2 məxsus yaşayış olmayan fərdi yaşayış evinin həyətyanı sahəsinə hasardan aşma yolu ilə daxil olduqdan sonra evin pəncərəsini sıxıb açmaqla qanunsuz olaraq içəri daxil olub evdən 1200 manat dəyərində, 1500 metr uzunluğunda 4 mm-lik mis materialdan olan elektrik naqillərini, 95 manat dəyərində, 100 metr uzunluğunda 6 mm-lik mis materialdan olan elektrik naqillərini, 15 manat dəyərində 3 çıxışlı elektrik uzadıcısını, 375 manat dəyərində 75 ədəd “Aulmo” və “CİVVSS” markalı elektrik yuvaları, 20 manat dəyərində 10 ədəd qara rəngli elektrik patronu, 20 manat dəyərində 4 ədəd qırmızı başlıqlı kran vintilləri, 99 manat dəyərində 11 ədəd “SİEMENS” markalı elektrik avtomat açarları, 16 manat dəyərində 1 ədəd elektrik açarlarının yuvasını gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 1840 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar, özgənin əmlakını gizli yolla talama məqsədi ilə 20 yanvar 2025-ci il tarixdə saat 06 radələrində Sumqayıt şəhəri Yaşıldərə bağlar massivi ərazisində yerləşən Zərərçəkmiş şəxs3 məxsus yaşayış olmayan yarımtikili fərdi yaşayış evinin həyətyanı sahəsinə hasardan aşma yolu ilə daxil olduqdan sonra evin pəncərəsini sıxıb açmaqla qanunsuz olaraq içəri daxil olub evdən 325 manat dəyərində, 5 bağlama 4 mm-lik mis materialdan olan elektrik naqillərini, 70 manat dəyərində, 2 bağlama 2,5 mmlik mis materialdan olan elektrik naqillərini, 80 manat dəyərində 2 bağlama elektrik borusunu, 55 manat dəyərində 1 ədəd əl arabasını, 80 manat dəyərində 100 metr uzunluğunda televizor naqilini, 9 manat dəyərində 2 kiloqram beton mismarı, 25 manat dəyərində 4 kiloqram şurupu, 9 manat dəyərində 1 ədəd mismarçıxaranı, 10 manat dəyərində 1 ədəd mişarı, 8 manat dəyərində 4 ədəd patronu, 10 manat dəyərində 1 ədəd çəkici, 9 manat dəyərində 1 ədəd baltanı gizli yolla talayaraq zərərçəkmiş şəxs R.S.Ağayevə ümumilikdə 723 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar, özgənin əmlakını gizli yolla talama məqsədi ilə 2025-ci ilin yanvar ayının 18-21 tarixləri arasında Sumqayıt şəhəri 76-cı məhəllə ərazisində yerləşən Zərərçəkmiş şəxs4 məxsus yaşayış olmayan yarımtikili fərdi yaşayış evinə pəncərəni açma yolu ilə qanunsuz olaraq içəri daxil olduqdan sonra 1 ədəd 50 manat dəyərində “Zubr” markalı direl, 1 ədəd 250 manat dəyərində “Vixr” markalı prefarator, 4 ədəd ümumi dəyəri 360 manat olan 10-luq elektrik naqili, 6 ədəd 480 manat dəyərində 6lıq elektrik naqili, 16 ədəd ümumi dəyəri 1040 manat olan 4-lük elektrik naqili, 26 ədəd ümumi dəyəri 1170 manat olan 2,5-lik elektrik naqili, 01 ədəd 28 manat dəyərində maqnit relsi, 16 ədəd 96 manat dəyərində işıq tənzimləyici avtomatlar, 16 ədəd 56 manat dəyərində elektrik yuvacığı, 14 ədəd 49 manat dəyərində elektrik açarı, 3 ədəd 96 manat dəyərində dairəvi işıq, 4 ədəd 180 manat dəyərində maqnit relsinin uzun işıqları, 2 ədəd 35 manat dəyərində işıq xəttinin şiti, 28 ədəd 168 manat dəyərində şit avtomatı, 12 ədəd 72 manat dəyərində lent lampası, 24 ədəd 24 manat dəyərində cərəyan ötürücüsü, 2 ədəd 72 manat dəyərində işıq spotu, 1 ədəd 36 manat dəyərində suqovşağı süzgəci, 2 ədəd 140 manat dəyərində qızdırıcı bağlama, 1 ədəd 195 manat dəyərində ayaqyolu sifonları gizli yolla talayaraq Zərərçəkmiş şəxs4 ümumilikdə 4597 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar, özgənin əmlakını gizli yolla talama məqsədi ilə 04 fevral 2025-ci il tarixdə saat 07 radələrində ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus yaşayış olmayan yarımtikili fərdi yaşayış evinin həyətyanı sahəsinə hasardan aşma yolu ilə daxil olduqdan sonra həyətdən götürdüyü dəmir parçası ilə evin pəncərəsini sıxıb açmaqla qanunsuz olaraq içəri daxil olub evdən 1440 manat dəyərində, 1200 metr uzunluğunda 4 mm-lik mis materialdan olan elektrik naqillərini, 2232 manat dəyərində, 2400 metr uzunluğunda 2.5 mm-lik mis materialdan olan elektrik naqillərini, 1 ədəd 160 manat dəyərində “The” markalı prefaratoru, 1 ədəd 60 manat dəyərində fənər, 1 ədəd 130 manat dəyərində “Tmakota” markalı lazer ölçmə cihazını gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 4000 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvəllər oğurluq etdiyinə görə bir neçə dəfə məhkum edilmişdir. Sonuncu dəfə 2022-ci il tarixdə Sumqayıt şəhər Betonzavod ərazisindən oğurluq etdiyinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və azadlığa çıxandan sonra maddi imkanı olmadığı üçün yenidən oğurluq etməyə başlamışdır. Belə ki, 19 yanvar 2025-ci il tarixdə, təxminən saat 07 radələrində Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivi ərazisində piyada gəzərkən sahibini tanımadığı 2 mərtəbəli evin həyət qapısının kilidli olduğunu görüb evdə heç kimin olmadığını başa düşərək, həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Ətrafda heç kimin olmadığına görüb hasardan tullanmaqla həyətə keçmiş, sonra isə evin giriş qapısının bağlı olduğunu müəyyən etdikdən sona evin birinci mərtəbəsində plastik pəncərəni əliylə itələyərək açıb içəri daxil olmuş və qiymətli əşya və ya pul axtarmağa başlamışdır. Evdə pul tapmadığı üçün elektrik naqillərini və elektrik yuvalarını oğurlamaq qərarına gəlmişdir. Naqilləri kəsmək üçün evdən alət tapmış və evdə olan naqilləri kəsərək bir yerə toplamağa başlamışdır. Həmçinin elektrik yuvalarının (rozetka və vklyuçatel) divara bərkidilmədiklərini görüb onları da qopararaq bir yerə toplamışdı. Həmin evə daxil olan zaman evin həyətində əlavə tikilinin olduğunu gördüyündən həmin tikiliyə də yaxınlaşıb divar boyunca olan naqilləri qoparıb götürmüşdür. Bundan başqa sayını xatırlamadığı qara rəngli lampa bağlamaq üçün istifadə edilən patronları, sayını xatırlamadığı elektrik açarlarını, 4 ədəd qırmızı başlıqlı su kranı vintillərini, qara rəngli elektrik uzadıcısı, elektrik açarlarının yuvasını və ola bilsin hazırda xatırlamadığı başqa əşyaları da oğurlayıb evdən tapdığı sellofan torbaya doldurmuşdur. Sonra isə hasardan küçəyə çıxıb tanımadığı taksi ilə yaşadığı evə qayıtmış və oğurladığı əşyaları yataq otağına yığmışdır. Naqilləri isə həyətində yandıraraq içərisində olan əlvan metalları toplayaraq metal qəbulu məntəqələrinə satmışdır. Həmin naqilləri Sumqayıt şəhəri, Betonzavod ərazisində xatırlamadığı metal qəbulu məntəqəsinə satıb 50 manat pul əldə etmiş və həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa 19 yanvar 2025-ci il tarixdə oğurluq etdikdən sonra satdığı naqillərdən az pul əldə etdiyindən və yenə də pula ehtiyacı olduğundan yenidən Yaşıldərə massivi ərazisindən oğurluq etmək qərarına gəlmişdir. 20 yanvar 2025-ci il tarixdə, təxminən saat 06 radələrində Yaşıldərə massivi ərazisində piyada gəzərkən hasarı olmayan yeni tikilmiş, qapı və pəncərələri olmayan iki mərtəbəli ev görmüş və evdə yaşayış olmadığından həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Evə giriş qapısından daxil olub divarda quraşdırılmış elektrik naqillərini, həmçinin divara quraşdırılmamış top halında olan naqilləri, elektrik şlanqlarını, 1 ədəd çəkic, 1 ədəd balta, 4 ədəd silikon adlanan yapışqan, mismarlar, şuruplar, 4 ədəd patronlar, bir ədəd mismar çıxarmaq üçün istifadə olunan aləti və evin həyətində olan yük daşımaq üçün istifadə olunan arabanı oğurlamışdır. Oğurladığı əşyaları arabaya yığıb yaşadığı evə gətirmiş və evin yataq otağına yığmışdır. Oğurladığı naqillərin bir hissəsini yenə də yandırıb içərisində olan əlvan metalları çıxarmış və Sumqayıt şəhərində xatırlamadığı metal qəbulu məntəqəsinə sataraq təxminən 35-40 manat pul əldə etmiş və həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Naqillərin bir hissəsini və oğurladığı digər əşyaları isə sata bilmədiyindən yaşadığı evdə qalmışdır. Bundan başqa 2025-ci ilin yanvar ayının sonlarında, təxminən saat 06 radələrində Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində oğurluq etmək üçün gəzərkən yarı tikilmiş bir ev görmüş və evdə yaşayış olmadığını düşünüb həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Ətrafda heç kimin olmadığını gördükdən sonra evin birinci mərtəbəsindəki pəncərənin açıq olduğunu müəyyən edib, həmin pəncərədən evə daxil olmuşdur. Bundan sonra evdə olan istifadə edilmiş naqilləri divardan qoparıb bir yerə toplamışdır. Həmçinin evdə olan istifadə edilməmiş naqilləri, bir ədəd perparatoru, bir ədəd direli, 1 ədəd maqnit relsi, elektrik açarlarını, elektrik açarların qutusunu, 2 ədəd işıq xəttini, lent lampaları, cərəyan ötürücüləri, spot işıqları, su filterini, qızdırıcı bağlamanı və ayaqyolu sifonlarını oğurlamışdır. Sonra evdən çıxıb həmin yerdən uzaqlaşmış, telefonu vasitəsilə taksi sifariş vermiş və oğurladığı əşyaları yaşadığı evə aparmışdır. Naqillərin bir hissəsini yandırıb içərilərindəki əlvan metalları əldə etmiş və Sumqayıt şəhərində xatırlamadığı şəxslərə satıb təxminən 80-90 manat pul əldə etmiş, əldə etdiyi pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa 04 fevral 2025-ci ildə saat 07 radələrində H.Zeynalabdin qəsəbəsində 55 nömrəli marşrutun yolunda yaşayan keçmiş türmə yoldaşı Elmanla görüşmək üçün marşrutla H.Zeynalabdin qəsəbəsinə gəlmişdir. Elmanın qeyd etdiyi ünvanı tapa bilmədiyi üçün dəmir yolu xəttinin yanında 2 eyni qaydada yeni tikilmiş fərdi yaşayış evi görüb həmin evlərdən oğurluq etməyə qərar vermişdir. Həyətdə heç kimin olmadığına əmin olduqdan sonar oğurluq etmək məqsədilə hasardan həyətə tullanmışdır. Sonra həyətdən götürdüyü dəmir parçası ilə evin pəncərələrindən birini açıb evə daxil olmuşdur. Ev yeni tikili olduğundan yaşayış olmamışdır. Sonra evin elektrik naqillərini, qırmızı rəngli elektrik qızdırıcısının naqilini həmin evdən götürdüyü kəsici alətlə kəsib toplamış və evin zirzəmisində olan boş torbalara yığmışdır. Sonra həyətdə olan digər yeni tikilmiş evə daxil olmuş, həmin ev də yeni tikili olduğu üçün evə çəkilmiş mis naqilləri kəsici alətlə kəsib torbaya yığmışdır. Sonra havanın işıqlandığını görüb mis naqilləri topladığı torbaları həyətdən bayıra atmışdır ki, çıxıb götürsün. Lakin, həyətdən çıxan zaman yolda insanların gediş gəlişini görüb naqilləri yığdığı 2 torbanı götürüb ərazini tərk etmişdir. Sonra oğurluq yolu ilə əldə etdiyi mis naqili H.Zeynalabdin qəsəbəsi ərazisində, dəmir yolu xəttinin kənarında əritmiş, daha sonra isə H.Zeynalabdin qəsəbəsi ərazisində yerləşən metal qəbulu məntəqəsinə 50 manata satmışdır. Sonra yola çıxıb Sumqayıt şəhərinə yaşadığı ünvana qayıtmışdır. Oğurluq etdiyi ünvana tək getmiş, bu barədə heç kimə bildirməmiş və oğurluq yolu ilə əldə etdiyi pulu da tək xərcləmiş və heç kimə verməmişdir. Əlavə olaraq bildirmişdir ki, oğurluq hadisələrini tək törətmiş, yanında heç kim olmamışdır. Oğurluq etməsi ilə bağlı heç kəsin məlumatı olmamışdır. Oğurladığı mis naqillərin bir qismini Betonzavod ərazisində fəaliyyət göstərən metal qəbulu məntəqələrinə, bir qismini tanımadığı şəxslərə satmışdır. Həmin əşyaları satarkən özünə məxsus olmasını və yararsız olduqlarını deyərək satmışdır. Hazırda o, zərərçəkmiş şəxslərə vurduğu ziyanı ödəmək imkanının olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verərək bildirdi ki, o, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 42/26, mənzil 59-da ailəsi ilə birlikdə yaşayır. Təxminən 5 ildir ki, Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi Xəzri yaşayış massivi, Ceyranbatan küçəsində 0,03 hektar torpaq sahəsi almışdır. Torpaq sahəsində özü və hazırda xaricdə yaşayan qardaşı üçün 1 mərtəbəli 2 yanaşı yaşayış evi tikdirmişdir. Evlərin tikintisi başa çatsa da daxilində təmir işləri davam etdiyi üçün orada yaşayış olmamışdır. 04 fevral 2025-ci il tarixdə qeyd edilən ünvana getdiyi zaman naməlum şəxs(lər) tərəfindən evdən oğurluq olmasını aşkar etmişdir. Baxış keçirən zaman evlərdən ümumi uzunluğu 1200 metr olan 1440 manat dəyərində 4 mm-lik 12 ədəd mis materialdan elektrik naqili, ümumi uzunluğu 2400 metr olan 2232 manat dəyərində 2,5 mm-lik 24 ədəd mis materialdan elektrik naqili 1 ədəd 160 manat dəyərində “The” markalı 2,26 ölçüdə prefarator, 1 ədəd 60 manat dəyərində 300 vatt gücündə fənər, 1 ədəd 130 manat dəyərində “Tmakota” markalı lazer ölçmə cihazının oğurlandığını aşkar etmişdir. Oğurluğa görə ona ümumilikdə 4000 manat maddi ziyan dəymişdir. Bundan əlavə də qeyd edilən işlərin yenidən görülməsi üçün zəhmət haqqı olaraq da 1000 manat maddi ziyan dəymişdir. Hətta o, oğurlanmış naqillərin bir qismini yararsız halda evin yaxınlığında atıldığını aşkar etmişdir. O, sonuncu dəfə orada xx.xx.2025-ci tarixdə olmuşdur. Həmin vaxtı qeyd etdiyi əşyalar orada olmuşdur. xx.xx.2025-ci il tarixdə isə təkrar evə baş çəkməyə gedərkən oğurluq olmasını bilib ərizə ilə polisə müraciət etmişdir. Sorğu zamanı o, elektrik naqillərini 2024-cü ilin iyun ayında Bakı şəhəri Nəsimi rayonu 3-cü mikrorayon ərazisində yerləşən bazarda elektrik avadanlıqları satılan mağazadan almışdır. 4 mm-lik naqillərin 1 metrini 1,19 manata, 2,5 mm-lik naqillərin 1 metrini isə 0,93 manata almışdır. Aldığı zaman ona qaimə verilsə də, sonradan həmin qaiməni saxlamadığı üçün təqdim edə bilməmişdir. Hal-hazıradək ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verərək bildirdi ki, o, Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 1, mənzil 9-da ailəsi ilə birlikdə yaşayır. Bundan başqa Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi ərazisində ona məxsus yaşayış olmayan fərdi yaşayış evi də var. Həmin evin təmiri başa çatsa da yaşayış yoxdur. O, mütəmadi olaraq həmin evə gedərək nəzarət edirdi. Sonuncu dəfə xx.xx.2025ci il tarixdə təxminən saat 18:00 radələrində evin həyətində ustalar iş gördükdən sonra oradan çıxıb getmişlər. xx.xx.2025-ci il tarixdə təxminən saat 22:30 radələrində həmin evə gedən zaman görmüşdür ki, evin yataq otağının pəncərəsi açıq vəziyətdədir və həyətdə olan yay mətbəxinin elektrik yuvaları və elektrik naqilləri kəsilərək oğurlanmışdır. Buna görə evə daxil olmamış və DİN-in «102» Xidmətinə müraciət etmişdir. Polis əməkdaşları gəldikdən sonra evə baxış keçirən zaman məlum olmuşdur ki, evin otaqlarının hamısının divarda olan elektrik yuvaları açılaraq, həmçinin elektrik yuvalarında olan elektrik naqilləri kəsilərək oğurlanmışdır. Bu hadisə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixinə keçən gecə hasardan həyətə daxil olmaqla törədilmiş, həyətdə olan yay mətbəxinin elektrik naqillərini, orada olan elektrik yuvalarını oğurlamış, həmçinin evin mətbəx otağının plastik pəncərəsini sıxıb açma yolu ilə içəri daxil olaraq, otaqların elektrik naqillərini və elektrik yuvalarını gizli olaraq oğurlamışdır. Əlavə olaraq bildirmişdir ki, hadisə zamanı bir metrinin dəyəri 80 qəpik olan 1500 metr uzunluğunda diametri 4mm-lik göy va qırmızı rəngli elektrik naqilləri (1500x0,80AZN=1200AZN), evin həyətində olan dəyəri 95 qəpik olan 100 metr uzunluğunda diametri 6 mm-lik elektrik naqili (100x0,95AZN=95AZN) və üzərində olan 15 AZN dəyərində 3 çıxışlı qara rəngli elektrik uzadıcısı hər birinin dəyəri 5 AZN olan 75 ədəd «Aulmo» və «CİVVSS» markalı elektrik yuvaları (75x5AZN=375AZN), hər birinin dəyəri 2 AZN olan 10 ədəd qara rəngli elektrik patronu (10x2AZN=20AZN), hər birinin dəyəri 5 AZN olan 4 ədəd mətbəxdən qırmızı başlıqlı krant vintillari (4x5AZN=20AZN), hər birinin dəyəri 9 AZN olan 11 ədəd “SİEMENS” markalı elektrik avtomat açarları (1x9AZN=99AZN) və 16 AZN dəyərində bir ədəd elektrik açarlarının plastmas yuvası oğurlanmaqla, ümumilikdə ona 1840 manat dəyərində maddi ziyan dəymişdir. Qeyd etmişdir ki, həmin oğurlanmış elektrik naqillərini və yuvalarını bərpa etmək üçün materialların pulu və ustanın zəhmət haqqı ilə birlikdə 8500 manat dəyərində xərc çəkməlidir. Şübhələndiyi şəxs olmamışdır. Oğurluq nəticəsində onun 1840 manat dəyərində əmlakı oğurlanmışdır. Bundan əlavə də oğurluq nəticəsində evin yararsız hala salınmasına görə ona 8500 manat maddi zərər vurulmuşdur. Hal-hazıradək ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadə verərək bildirdi ki, o, Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi 6-cı məhəllə fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Bundan başqa onun Yaşıldərə bağlar massivi ərazisində yarımtikili evi var, lakin həmin yarımtikili evin darvazası və giriş qapısı yoxdur. xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddət ərzində ona məxsus yaşayış olmayan yarımtikili evdən 7 top elektrik kabeli, 2 top elektik şlanqı, 1 ədəd çəkic, 1 ədəd balta, 4 ədəd taxta üçün yapışqan, 1 ədəd əl arabası naməlum şəxs tərəfindən oğurlanmışdır. Elektrik kabellərini də 2024-cü ilin noyabr ayında Sumqayıt şəhəri 10-cu mikrorayonda yerləşən tikinti materiallarının satışı mağazasından almışdır. Elektrik kabellərinin diametri 2,5 və 4 mm-dir. 4-lük elektrik kabelləri 5 top, 2,5-lik elektrik kabelləri 2 top olmuşdur. 4-lük elektrik kabellərinin 1 topunun qiyməti 65 manat, 2,5-lik elektrik kabellərinin 1 topunun dəyəri 35 manatdır. 4-lük elektrik kabellərinin 5 topunu 325 manat, 2,5 elektrik kabellərinin 2 topunu 70 manata almışdır. 2 top elektrik şlankını 80 manata almışdır. Əl arabasını 55 manata Sumqayıt şəhəri 17 mikrorayon ərazisində yerləşən Daş bazarından almışdır. Bundan əlavə ümumi dəyəri 80 manat olan 100 metr televizor kabeli, ümumi dəyəri 9 manat olan 2 kiloqram beton mismar, ümumi dəyəri 25 manat olan 4 kiloqram şurup, dəyəri 9 manat olan 1 ədəd mismarçıxardan, dəyəri 10 manat olan 1 ədəd mişar və ümumi dəyəri 8 manat olan 4 ədəd patron, 1 ədəd dəyəri 10 manat olan çəkic, 1 ədəd dəyəri 9 manat olan balta oğurlanmışdır. Televizor kabelini Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində olan elektrik avadanlıqları mağazasından almışdır. Oğurluq nəticəsində taxta döşəmənin zədələnməsi nəticəsində ona əlavə olaraq 500 manat maddi ziyan dəymişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 723 manat maddi ziyan dəymişdir. Sonuncu dəfə orada xx.xx.2025-ci il tarixdə səhər saatlarında olmuşdur. Həmin vaxtı qeyd etdiyi əşyalar orada olmuşdur. xx.xx.2025-ci il tarixdə isə təkrar evə baş çəkməyə gedərkən oğurluq olmasını bilib ərizə ilə polisə müraciət etmişdir. Hal-hazıradək ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadə verərək bildirdi ki, o, Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, ev 82, mənzil 16-da ailəsi ilə birlikdə yaşayır. Bundan başqa onun Sumqayıt şəhəri 76-cı məhəllədə özünə məxsus yarımtikili evi vardır. Lakin həmin yarımtikili evin darvazası yoxdur. xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddət ərzində naməlum şəxs 76-cı məhəllə ərazisində yerləşən yaşayış olmayan yarımtikili evinin pəncərəsindən içəri daxil olaraq evin 1-ci mərtəbəsindən istifadə olunmamış 18 top elektrik kabeli, evin işıq xəttinə çəkilmiş 34 top işlənmiş elektrik kabeli, 1 ədəd işlənmiş preparator, 1 ədəd işlənmiş direl, 1 ədəd maqnit rels, 16 ədəd evinə çəkilmiş işıq tənzimləyici avtomatı oğurlamışdır. Elektrik kabellərini 2024-cü ilin mart ayında Sədərək Ticarət Mərkəzindən almışdır. Uzunluğu 100 metr olan 2 top elektrik kabeli 10-luq diametrlidir. Kabellərdən 2 ədədi 6lıq diametrli, kabellərdən 4-nün diametri 4-lükdür. 10 adədinin diametri isə 2,5-likdir. İşıq xəttinə çəkilmiş elektrik kabellərdən 2 ədədinin diametri 10-luq, 2 ədədinin diametri 6-lıq, 12 ədədinin diametri 4-lük, qalanlarının diametri isə 25-likdir. Preparator və direli isə 2022-ci ildə 250 manata Sədərək Ticarət Mərkəzindən almışdır. Preparator “Vixr” markalı olub, orta ölçülü, işlək vəziyyətdə olmuşdur. Direli 2016-cı də Sumqayıt şəhəri Mərkəzi bazardan 50 manata almışdır. Direl işlək vəziyyətdə, “zubr” markalı olub, orta ölçülüdür. Diametri 10-luq olan elektrik kabelinin 1 ədədi 90 manat olmaqla 4 ədədini 360 manata almışdır. 6-lıq diametrli elektrik kabelinin 1 ədədi 80 manat olmaqla 6 ədədini 480 manata almışdır. 4-lük elektrik kabelinin 1 ədədi 65 manat olmaqla 16 ədədini 1040 manata almışdır. 2,5-lik elektrik kabelinin 1 ədədi 45 manat olmaqla 26 ədədini 1170 manata almışdır. Maqnit relsini Sədərək Ticarət Mərkəzindən 28 manata almışdır. İşıq tənzimləyici avtomatların 1 ədədi 6 manat olmaqla 16 ədədini 96 manata almışdır. Bundan əlavə yarımtikili evinin 1-ci mərtəbəsindən 16 ədəd elektrik yuvacığı (1 dədinin qiyməti 3,5 manat) 14 ədəd elektrik açarı (1 ədədinin qiyməti 3,5 manat olmaqla) oğurlanmışdır. Elektrik açarına ümumilikdə 49 manat pul vermişdir. Elektrik yuvacığına ümumilikdə 56 manat pul vermişdir. Bundan əlavə 3 ədəd maqnit relsinin dairəvi işıqları, 4 ədəd maqnit relsinin uzun işıqları və 2 ədəd işıq xəttinin şiti, 12 ədəd lent lampası, 24 ədəd cərəyan örtücü, 2 ədəd işıq spotu, 1 ədəd suqovşağı süzgəci, 2 ədəd qızdırıcı bağlama, 1 ədəd ayaqyolu sifonları oğurlanmışdır. Dairəvi işığın 1 ədədinin qiyməti 32 manat olmaqla 3 ədədinə 96 manat pul vermişdir. Maqnit relsinin uzun işıqlarının 1 ədədinin qiyməti 45 manat olmaqla 4 ədədinə 180 manat pul vermişdir. 2 ədəd işıq xəttinin şitinə 35 manat pul vermişdir. 1 ədəd şit avtomatı 6 manat 28 ədəd şit avtomatına 168 manat, 12 ədəd lent lampasına ümumilikdə 72 manat, 24 ədəd cərəyan ötürücüsünə 24 manat, 2 ədəd işıq spotuna 72 manat, 1 ədəd suqovşağı süzgəcinə 36 manat, 2 ədəd qızdırıcı bağlamaya ümumilikdə 140 manat, 1 ədəd ayaqyolu sifonlarına 195 manat pul vermişdir. Bu oğurluq nəticəsində ona ümumilikdə 4597 manat maddi ziyan dəymişdir. Sonuncu dəfə orada xx.xx.2025-ci il tarixdə səhər saatlarında olmuşdur. Həmin vaxtı qeyd etdiyi əşyalar orada olmuşdur. xx.xx.2025-ci il tarixdə isə təkrar evə baş çəkməyə gedərkən oğurluq olmasını bilib ərizə ilə polisə müraciət etmişdir. Halhazıradək ona dəymiş ziyan ödənilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli tələbnamə – arayışdan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 10 oktyabr 2013-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 3000 manat cərimə cəzasına məhkum edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən cərimə cəzası aylıq qazancından 20 faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri cəzası ilə əvəz edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilininb 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarına əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü dəyişdirilmiş və ona 03 (üç) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs CM-nin 221.2.2-ci maddəsi ilə təqsirli bilininb 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilininb 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş 02 (iki) ay müddətin vaxtından əvvəl azad edilmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs cəzası başa çatmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, Sumqayıt ŞPİnin X1 azad edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci l tarixli qərarından görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. İş üzrə toplanmış sübutları araşdırıb məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş ona istinad edilən cinayətin törədilməsində təqsirli hesab edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs bu cinayət əməlini törətməsi onun özünün etiraf xarakterli ifadəsi ilə, həmçinin zərərçəkmiş şəxslərin ifadəsi, iş materiallarında olan və məhkəmə istintaqı zamanı araşdırılmış digər sübutlarla tam təsdiqini tapır. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək hesab edir ki, c oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir və həmin maddənin sanksiyası həddi daxilində ona cəza təyin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməllərini törədərkən məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivi müəyyən edilmişdir. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər də dəfələrlə özgə əmlakını talamaqla oğurluq cinayətinə görə məhkum edilməsini, məhkumluğu ödənilmədən yenidən oğurluq etməsi onun əvvəlki cinayətə görə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının məhkumun tərbiyələndirilməsinə, yeni cinayətin törədilməsindən çəkinməsi məqsədinə nail olunmadığını göstərir və o, islah olunmadığına və hazırda cinayətin residivi hesab edildiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 20 fevral 2025-ci il tarixli “Maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvandan Zərərçəkmiş şəxs4 məxsus 1 ədəd “Vixr” markalı preparator və 3 ədəd ucluqları, 16 ədəd elektrik yuvacığı, 1 ədəd led işıq, Zərərçəkmiş şəxs3 məxsus 1 ədəd əl arabası, 1 ədəd balta, 1 ədəd çəkic, mismarlar, 1 ədəd yapışqan, 1 ədəd dubil və Zərərçəkmiş şəxs2 məxsus 51 ədəd elektrik yuvaları, 1 ədəd elektrik uzadıcısı, 4 ədəd mətbəxdən qırmızı başlıqlı krant vintilləri aşkar edilərək götürülmüş və cinayət təqibi üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün iş üzrə maddi sübut kimi tanınaraq, saxlanması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş əşyalar zərərçəkmiş şəxslərə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 6 (altı) saat vaxt sərf etmişdir. Ona görə də 66 (altımış altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Zərərçəkmiş şəxslərə Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilməlidir. İş üzrə mülki iddia və müsadirə olunan əmlak yoxdur. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbycan Respublikası CPM-nın 348, 356, 358-ci maddələrini rəhbər tutub, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 fevral 2025-ci il tarixdən 16 fevral 2025-ci il tarixədək həbsdə olduğu müddət ona təyin edilmiş cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli onun tutulduğu 16 fevral 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş 1 ədəd “Vixr” markalı preparator və 3 ədəd ucluqları, 16 ədəd elektrik yuvacığı, 1 ədəd led işıq Zərərçəkmiş şəxs4, 1 ədəd əl arabası, 1 ədəd balta, 1 ədəd çəkic, mismarlar, 1 ədəd yapışqan, 1 ədəd dubil Zərərçəkmiş şəxs3 və 51 ədəd elektrik yuvaları, 1 ədəd elektrik uzadıcısı, 4 ədəd mətbəxdən qırmızı başlıqlı krant vintilləri Zərərçəkmiş şəxs2 qaytarılsın. Zərərçəkmiş şəxslərə Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə isə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 66 (altımış altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar