Məhkəmə qərarları › İş №1(060)-40/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-40/2022

14.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-40/2022 14.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1984-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 397-də qeydiyyatda olan və yaşayan, hal-hazırda barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək daşımaqla saxlamışdır. Belə ki, o, 23 may 2021-ci il tarixdə Bakı şəhərində, “Şamaxinka” ərazisi adlanan yerdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 1(bir) bükümdə, təmiz çəkisi 0,265 qram narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 24 may 2021-ci il tarixdə, saat 21:05 radələrində Sumqayıt ŞPİ-nin 1-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində saxlanılaraq polis bölməsinin inzibati binasına aparılıb üzərində şəxsi axtarış aparılarkən göstərilən bükümdə və çəkidə olan narkotik vasitə heroin əynindəki gödəkçəsinin sol iç cibindən aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 297 ünvanında yaşayır. Heç yerdə işləmir, heç bir məşğuliyyəti yoxdur. Uzun müddətdir ki, narkotik vasitə heroini zərdə yandırmaq üsulu ilə qəbul etmişdir. Heroindən istifadə etmək nəticəsində narkomaniya xəstəliyinə düçar olmuşdur. Əvvələr məhkum olunmuşdur. 24 may 2021-ci il tarixdə, saat 21 radələrində yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsi yaxınlığında küçədə piyada hərəkətdə olan zaman mülki geyimdə olan 3 nəfər şəxs ona yaxınlaşmışlar və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirdikdən sonra üzərində narkotik vasitə daşımağından şübhələndiklərinə görə onlarla Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə aparılacağını bildirmişlər. Həmin vaxt polis əməkdaşlarından biri onun əllərindən möhkəm yapışdığına görə, o, öz istifadəsi üçün üzərində gəzdirdiyi narkotik vasitə olan heroini üzərindən kənarlaşdıra bilməmiş və polis əməkdaşları tərəfindən 1-ci Polis Bölməsinə aparılmışdır. 1-ci Polis Bölməsində xidməti otaqda onu bölməyə aparan polis işçiləri və ona dövlət hesabına təyin edilmiş vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirməzdən əvvəl ona hüquq və vəzifələri izah olunmuş, sonra ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməsi təklif olunmuş, daha sonra, o, əynində olan mavi və göy rəngli gödəkçəsinin sol iç cibindən siqaretin qara rəngli kağızına bükülmüş 1 (bir) bükümdə narkotik vasitə heroini təqdim etmiş və həmin bükümün içində narkotik vasitə heroin olduğunu təhqiqatçıya demiş, sonradan təhqiqatçı həmin bükümün içinə baxıb heroini özü aşkar etmişdir. Bundan sonra üzərində aparılan şəxsi axtarış zamanı 1 (bir) bükümdə narkotik vasitə heroindən başqa heç bir cinayət xarakterli əşya və predmet aşkar olunmamış və götürülməmişdir. Üzərindən aşkar olunaraq götürülmüş 1 (bir) bükümdə nakotik vasitə heroin elektron tərəzidə çəkilmiş və ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənmişdir. Əməlindən peşmandır. Ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə ifadəsi elan olunan Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİnin 1-ci Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis baş leytenantıdır. 24 may 2021-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 397-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində gəzdirməsi və istifadəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək məqsədilə onun tərəfindən əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Sonra tədbirlə bağlı əməliyyat qrupu yaradılaraq həmin qrupa onunla yanaşı Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və 1-ci Polis Bölməsinin cinayət axtarış üzrə kiçik inspektoru, polis serjantı Şahid3 cəlb olunmuşlar. 24 may 2021-ci il tarixdə, saat 21:05 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən yaşadığı evin yaxınlığında yol ilə piyada getdiyini görüb ona yaxınlaşmışlar. Onlar Təqsirləndirilən şəxs saxlayıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib ona hansı səbəbdən saxlandığını izah etmişlər və ətrafda olan şəxslərin tədbirə mane olacaqlarını nəzərə alıb onu 1-ci Polis Bölməsinə aparmışlar. Polis Bölməsində xidməti otaqda Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti, polis kapitanı Orxan Aslanov tərəfindən qeydə alınan videoçəkilişlə onunla yanaşı digər polis əməkdaşları və vəkil Fərid Əlimərdanovun iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən sonuncuya təklif edilmişdir ki, üzərində narkotik vasitə və ya digər qanunsuz əşya vardırsa təqdim etsin, o da əynində olan mavi və göy rəngli gödəkçəsinin sol iç cibindən qara rəngli siqaret kağızına bükülmüş 1 (bir) bükümdə narkotik vasitə heroini təqdim etmiş, həmin büküm açılaraq içərisinə baxış zamanı narkotik vasitə heroin olması müəyyən edilmişdir. Sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən aşkar edilmiş 1 (bir) bükümdə narkotik vasitə heroindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar olunaraq götürülmüş 1 (bir) bükümdə nakotik vasitə heroin elektron tərəzidə çəkilmiş və ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənmişdir. İş üzrə ibtidai istintaq zamanı şahid qismində Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, cinayət axtarışı üzrə kiçik inspektoru, polis serjantı Şahid3 və Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti, polis kapitanı X2 Şahid1 ifadəsində göstərdikləri xüsusatları tam təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 25 may 2021-ci il tarixli, 6/2062 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində: «...Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi…» sözləri olan zərfdəki bir ədəd bükümdə, təmiz çəkisi 0,265 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: Heroinin təmiz çəkisi: 0,265 qram, tədqiqata sərf edildi: ümumi 0,050 qram, qalıq 0,215 qram. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 29 iyun 2021-ci il tarixli, 2097 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,215 qram narkotik vasitə heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 24.05.2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 26.05.2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin MSY-dən azad edilərək onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlmədiyinə görə Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-566/2021 saylı, 27.09.2021-ci il tarixli qərarı ilə barəsində secilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 11.11.2021-ci il tarixdə Bakı şəhəri və Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanser tərəfindən verilmiş 2219 nömrəli, 21.06.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatdadır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs oğluna azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2ci maddəsinə əsasən müəyyən edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 16 (on altı) saat vaxt sərf etmişdir. Ona görə də 96 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də 90 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 24.05.2021-ci il tarixdən 26.05.2021-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan tutulduğu müddət çıxılaraq ona qəti olaraq müəyyən müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 11.11.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və onun ərazi narkoloji dispanserdə qeydiyyatda olmağı nəzərə alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,215 qram çəkidə narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 24.05.2021-ci il tarixdən 26.05.2021-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan tutulduğu müddət çıxılaraq onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 11.11.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və onun ərazi narkoloji dispanserdə qeydiyyatda olmağı nəzərə alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,215 qram çəkidə narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 81,82 (səksən bir manat səksən iki qəpik) məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 96 (doxsan altı) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar