Məhkəmə qərarları › İş №1(060)-40/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-40/2023

17.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-40/2023 17.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu ildə Rusiya Federasiyasının Tyumenskaya vilayəti, Lanqepasa şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzası başa çatmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 27 may 2022-ci il tarixdə saat 14:50-də Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Sumqayıt şəhəri, 45-ci məhəllə, 7 saylı binanın qarşısında saxlanılaraq polis bölməsinin inzibati binasına aparılıb üzərində şəxsi axtarış keçirilən zaman əynindəki gödəkçəsinin sol yan cibindən istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxladığı 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0.970 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Sumqayıt şəhəri ərazisindən yaşadığı yerə yaxın 45-ci məhəllə ərazisində evə gedən zaman polis əməkdaşı ona yaxınlaşaraq ərazidə oğurluq olduğunu və bununla bağlı polis bölməsinə getmək lazım olduğunu bildirmişdir. O da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə 3cü Polis Bölməsinə getmişlər. Polis bölməsində onu saxlayan polis əməkdaşlarından biri cibinə büküm qoyaraq çəkiliş zamanı təqdim etməsini bildirmişdir. O da tək olduğu üçün ona təzyiq edilməsindən qorxmuş, bükümün ona məxsus olmasını etiraf etməyə məcbur olmuş və vəkilinə də bu barədə deməyə çəkinmişdir. Heç bir yerə şikayət etməmiş, istintaq zamanı sənədlərə oxumadan imza etmişdir. Saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və psixi təsir olmamışdır. Təxminən bir il olar ki, heroin adlanan narkotik vasitəni tanımadığı şəxsdən əldə edərək istifadə etmişdir. Lakin barəsində hökm çıxarıldıqdan sonra narkotik vasitə istifadə etməmişdir. Həmin büküm ona məxsus deyildir. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olduğunu, barəsində yüngül cəza təyin edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ibtidai istintaq dövründə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan edilmiş ifadəsindən görünür ki, 27 may 2022-ci il tarixdə Bakı şəhərində “20 Yanvar” metrosunun yaxınlığında olduğu zaman qismən tanıdığı, adını bilmədiyi şəxsdən öz istifadəsi üçün 5 manat dəyərində 1 ədəd sellofan bükümdə narkotik vasitə heroin alıb, üzərində saxlamışdır. Həmin günü yəni, 27 may 2022-ci il tarixdə saat 14:50 radələrində Sumqayıt şəhəri, 45-ci məhəllə, 7 saylı binanın qarşısında olan zaman bir neçə polis əməkdaşının ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirdiklərini, sonra üzərində narkotik vasitə daşımağından şübhələndiklərinə görə polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə aparılacağını deməklərini bildirmişdir. O da etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə polis bölməsinə gəlmişdir. Orada xidməti otaqda onu PB-nə gətirən polis işçiləri və ona dövlət hesabına təyin edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirməzdən əvvəl ona hüquq və vəzifələri izah olunmuş, sonra ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməyi təklil olunmuş, o da əynindəki gödəkçənin sol yan cibindən özünə məxsus 1 ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik narkotik vasitə olan heroini təqdim etmişdir. Şəxsi axtarış zamanı üzərindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasilə olan heroindən başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamışdır. Həmin kütlə ekspertizaya təqdim olunması üçün qablaşdırılmış, zərf paketin üzəri Təqsirləndirilən şəxs və digər iştirakçıların tərəfindən imzalanmışdır. Polis bölməsində Şahin Əmrulayevə qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Üzərindən aşkar edilərək götürülmüş kütlə narkotik vasitə heroindir, ona məxsusdur, öz istifadəsi üçün üzərində saxlamışdır. Məhkəmə təqsirləndirilən şəxsin narkotik vasitənin ona məxsus olmaması barədə ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş ifadə cəzasını yüngülləşdirmək məqsədi ilə özünümüdafiə xarakteri daşıyır, onun tərəfindən qeyd edilən hallar öz ifadəsindən başqa hər hansı yanakı sübutla təsdiqini tapmamış, ittihamda qeyd olunan hallar məhkəmə araşdırması zamanı bir daha sübuta yetirilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİnin 3-cü PB-də əməliyyat müvəkkili kimi xidmət edir, rütbəsi polis leytenantıdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi, əldə olunmasında vasitəçilik etməsi barədə məlumat daxil olmuşdur. Məlumat əsasında əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 45-ci məhəllə, 7 saylı binanın qarşısına gəlmişlər. Saat 14:50 radələrində Təqsirləndirilən şəxs gəldiyini görüb onu saxlamış, özlərini təqdim etdikdən sonra ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir və ona qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, əldə etməkdə vasitəçilik etmə və gəzdirməkdə şübhəli bilindiyi üçün PB-ə dəvət etmişlər. Xidməti otaqların birində videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək videoçəkilişlə və vəklinin iştirakı ilə üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması soruşulmuş və o, özü əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən şəffaf rəngli sellofana bükülmüş vəziyyətdə olan bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf rəngli sellofan bükümdə nə olduğu soruşulmuş, Təqsirləndirilən şəxs həmin bükümün içərisində “KAKOS", yəni narkotik vasitə olan «heroin» olduğunu bildirmişdir. Həmin bükümə baxarkən qəhvəyi rəngli narkotik vasitəyə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs deməsinə görə üzərindən aşkar olunmuş kütlə narkotik vasitə heroini xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, 20 yanvar dairəsi yaxınlığında tanımadığı şəxsdən 5 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə tərəzidə çəkilərkən 1.06 qram olduğu müəyyən olunmuş və həmin kütlə polis əməkdaşı tərəfindən götürülərək qablaşdırılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək onun ifadəsinə bənzər məzmunlu ifadə vermişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 45-ci məhəllə, 7 saylı binanın qarşısında xx.xx.2022-ci il tarixdə saat 14:50-də cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərmə şəxsi axtarışa başlanmazdan əvvəl ona narkotik vasitələrin qanunsuz qəbulu və üzərində gəzdirməsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün saxlanıldığı bildirildi, daha sonra isə hüquq və vəzifələr barədə bildiriş, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim olundu və Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet və s. vardırsa təqdim etməyi təklif olundu. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən çıxartdığı şəffaf sellofana bükülmüş və uc hissəsi yandırılaraq yapışdırılmış 1 ədəd bükümü təqdim edərək içərisində "kokos", yəni narkotik vasitə heroin olduğunu bildirdi. Təqsirləndirilən şəxs aşkar olunmuş 1 ədəd bükümün içərisinə baxdıqda narkotik vasitə heroinə bənzər maddə aşkar olundu. Bundan sonra Təqsirləndirilən şəxs gödəkçəsinin sağ yan cibindən ümumilikdə 6 manat pulu çıxarıb təqdim etdi. Bundan sonra keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli heç bir predmet, əşya və sair aşkar olunmadı və götürülmədi. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, 2 ildir ki, narkotik vasitə olan heroini zərli kağızda yandırmaqla istifadə edir, üzərindən aşkar olunmuş 1 bükümdə heroini bu gün, yəni xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri 20 yanvar dairəsi yaxınlığında tanımadığı şəxsdən 5 manata almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 bükümdə heroinə bənzər maddə elektron tərəzidə çəkilərək çəkisi 1.06 qram oldu. Həmin maddə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün qablaşdırılıb zərfə qoyularaq DİN-nin 127 saylı möhürü ilə möhürləndi və iştirakçılaı tərəfindən imzalandı. Təqsirləndirilən şəxs təqdim etdiyi ümumilikdə 6 manat pul özünə qaytarıldı. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 6\3008 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Vət. Təqsirləndirilən şəxs üzərindən... " sözləri zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,970 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr'in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata 0,050 qram sərf edildikdən sonra 0,920 qram heroin qalıq qalmışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 706 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar olunmamışdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 2881 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,970 qram olmuş heroin, tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0.920 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış və məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən bir ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, diskə daxil olduqda orada «20220527_l60531.mp4» sözləri yazılmış həmin qovluğ müəyyən edilir ki, orada 08 dəqiqə 22 saniyədən ibarət videogörüntü var. Həmin videogörüntünün ilk saniyəsində polis formasında olan şəxs özünü təqdim edərək Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis mayoru X1 olduğunu bildirir. Sonra sağında və solunda duran şəxslərin polis əməkdaşları olduqlarını bildirib, həmin şəxslərdən özlərini təqdim etməsini xahiç edir. Həmin şəxslər özlərini təqdim edərək Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və əməliyyat müvəkkili, polis leytenantı Şahid1 olduqlarını bildirirlər. Sonra qarşısında duran şəxsdən özünü təqdim etməsini xahiş edir. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu, Rusiya Federasiyasının Tümen vilayətində doğulduğunu, barəsində Sumqayıt şəhər Məhkəməsində CM-nin 234.1-ci maddəsi ilə cinayət işinin istintaq olunduğunu, Abbşeron rayonu, Ceyranbatan qəsəbəsində yaşadığını, məhkumluğunun olmadığını bildirir. Sonra təhqiqatçı X8 Əmrullayevə saxlanılmasının səbəbini izah edərək ona hüquqlarını müdaifə edəcək Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim edilir. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edərək bununla bildiriş təqdim edir. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın və ya predmetin olub-olmaması ilə bağlı sual verilir və əgər belə bir şey vardırsa təqdim etməyi xahiş edilir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən şəffaf rəngli sellofana bükülmüş vəziyyətdə olan bükümü təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf rəngli sellofan bükümdə nə olduğu soruşuldu, o, həmin bükümün içərisində “KAKOS” yəni narkotik vasitə olan «heroin» olduğunu bildirir. Həmin bükümə baxarkən qəhvəyi rəngli narkotik vasitəyə bənzər kütlə aşkar olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin nə olduğu, haradan, kimdən əldə etməsi, nə məqsədlə üzərində saxlaması barədə suallara cavab olaraq bildirdi ki, üzərindən aşkar olunmuş kütlə narkotik vasitə heroini xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, 20 yanvar dairəsi yaxınlığında tanımadığı şəxsdən 5 manata şəxsi istifadəsi üçün almışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlənin çəkisini müəyyən etmək üçün həmin büküm elektron tərəzidə çəkildi və Təqsirləndirilən şəxs dediyi narkotik vasitəheroinə bənzər kütlənin çəkisinin 1,06 qram olduğu müəyyən olundu və protokol tərtib olunması üçün həmin kütlə götürüldü, həmin kütlə qablaşdırıldı, möhürləndi və iştirakçılar tərəfindən imzalandı. Bundan sonra videoçəkiliş dayandırıldı. İş materiallarında olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi MTİİTS tərəfindən verilmiş 287 saylı, xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ceyranbalan qəsəbəsi, Xətai küçəsi, ev 6, mənzil 8 ünvanında atası- 1956-cı il təvəllüdlü Əmrullayev Müzəffər Qəzənfər oğlu, anası-1958-ci il təvəllüdlü X5, qardaşı-1985-ci il təvəllüdlü X2, qardaşı-1983-cü il təvəllüdlü X3 ilə birlikdə yaşayır və Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən və Sumqayıt şəhər Məhkəməsinin 1(060)-418/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Probasiya Şöbəsinin 127367/22 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixə cəzasının çəkilməmiş hissəsi 01 il 03 ay 19 gün təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,970 qram olan, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq xalis çəkisi 0.920 qram çəkidə narkotik vasitə heroin və Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən 1 ədəd CD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut növü kimi tanınması nəzərə alınmışdır. Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il təvəllüdlü Əmrullayev İlkin adlı övladı vardır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olubolmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyi birinci hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halına aid hər hansı müstəsna qayda müəyyən etmədən, şəxsin birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyi başqa cinayətə görə təqsirli bilindiyi halda, ona eyni, yəni Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrində müəyyən edilən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini və birinci hökmə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmasını nəzərdə tutmuşdur. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun Qərarında qeyd olunur ki, CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından həbs edilməlidir. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza nəticəsində qalıq qalmış 0.920 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 81,00 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)-631/2022) qərarını icra edərək, xx.xx.2022-ci il tarixli 1027 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 20 (iyirmi) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən əsasən bu hökmlə təyin edilmiş cəza Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə cinayətlərin məcmusu üzrə qismən toplansın və Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət və CM-nin 68.1.1-1-ci maddəsinə əsasən ona Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilmiş hissəsi 08 (səkkiz) ay 11 (on iki) gün azadlığın məhdudlaşdırılması cəzası 04 (dörd) ay 06 (altı) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla ona təyin olunmuş qəti cəzadan çıxılsın və üzərində 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilsin. Məhkəmə iclas zalından həbs edilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza nəticəsində qalıq qalmış 0,920 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 81,00 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 20 (iyirmi) saat hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar