Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-400/2021 29.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1975-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 22.05.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12.04.2018-ci il tarixli qərarı ilə 20.10.2017-ci il tarixli qanuna əsasən CM-nin 177.2.2-ci maddəsi hökmdən xaric edilmiş və 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı Apellyasiya Məhkəməsinin 21.12.2018-ci il tarixli qərarı ilə cəzası 05 ilə endirilmiş, 26.08.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan heroin əldə edib daşıyaraq üzərində saxlamış, 18 mart 2021-ci il tarixdə, saat 12:54 radələrində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının Sumqayıt şəhəri 11-ci mikrorayon ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-nə aparılıb orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibindən 05 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,052 qram, 0,040 qram, 0,047 qram, 0,059 qram, 0,050 qram, ümumi çəkisi 0,248 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və sol yan cibindən 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, əvvəllər qanunsuz olaraq üzərində narkotik vasitə saxladığına görə bir neçə dəfə məhkum olunmuşdur. Özü bir neçə ildir ki, narkotik vasitə olan heroin qəbul edir. Hadisədən təxminən 5 gün əvvəl o, şəxsi işləri ilə əlaqədar Bakı şəhərinə getmişdir. O, Bakı şəhəri, 20 Yanvar metrosunun yaxınlığında olarkən tanımadığı bir nəfər şəxs ona yaxınlaşaraq onda 5 büküm narkotik vasitə olan heroin olduğunu bildirmişdir. O, narkotik vasitələri satmaq məqsədi ilə həmin şəxsə 5 büküm heroini neçəyə satdığını soruşduqda həmin şəxs 5 büküm heroini 25 manata satmaq istədiyini demişdir. O, həmin şəxslə razılaşmış və 25 manat pul verib 5 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş heroinləri həmin şəxsdən almışdır. O, həmin şəxsdən aldığı siqaretin gümüşü rəngli kağızına bükülmüş heroinləri əynində olan qara rəngli gödəkcənin sağ yan cibinə qoymuşdur ki, sonra həmin heroinləri satsın. Sonra o, Sumqayıt şəhərinə gəlmişdir. 18.03.2021-ci il tarixdə saat 12:54 radələrində o, həmin üzərində olan narkotik vasitə heroinləri münasib şəxs tapıb satmaq məqsədi ilə Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisinə gəlmişdir. O, həmin vaxtı Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisi ilə gedərkən 3 nəfər mülki geyimdə, bir nəfər isə polis formasında olan şəxs ona yaxınlaşıb özlərinin polis əməkdaşı olduğunu bildirərək ona özünü təqdim etməyini bildirmişlər. O, polis əməkdaşlarına özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğumu bildirmişdir. Həmin vaxtı polis əməkdaşları ona narkotik vasitə qəbulunda və gəzdirilməsində şübhəli bilindiyi üçün saxlanıldığını bildirmişlər. Ona görə də Sumqayıt şəhər Pİ-nin 1-ci PB-də vəkilin iştirakı ilə üzərində şəxsi axtarış keçiriləcəyini, şəxsi axtarış keçirilən zaman video çəkilişdən istifadə ediləcəyini bildirmişlər. O, polis əməkdaşlarına etiraz etməmişdir. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nə getmişdir. Polis bölməsinin xidməti otaqlarının birində olarkən ona vəkil Müdafiəçi1 təqdim olunmuşdur. Daha sonra polis əməkdaşları ona videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçiriləcəyini bildirərək üzərində hər hansı qanunla qadağan edilmiş əşyanın olub-olmamasını soruşaraq həmin əşyanın onlara təqdim etməyini təklif etmişlər. O, həmin vaxtı əynində olan qara rəngli gödəkcənin sol yan cibində saxladığı bir ədəd elektron tərəzini və həmin gödəkcənin sağ yan cibində saxladığı 05 ədəd siqaretin gümüşü rəngli kağıza bükülmüş narkotik vasitə heroniləri polis əməkdaşlarına təqdim etmişdir. Həmin bükülülər polis əməkdaşları tərəfindən açıldıqda içərisində qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddələr aşkar edilmişdir. Polis əməkdaşlarının suallarına cavab olaraq o, həmin maddələrin narkotik vasitə olan heroin olduğunu, həmin heroinləri bir neçə gün əvvəl Bakı şəhəri, 20 Yanvar metrosunun yaxınlığında olarkən tanımadığı şəxsdən 25 manata satmaq məqsədi ilə aldığını bildirmişdir. Sonra onun üzərindən aşkar edilərək götürülmüş 05 ədəd bükümdə olan narkotik vasitə heroinlər tərəziyə qoyularaq çəkilmiş, qablaşdırılaraq möhürlənmişdir. Həmin vaxtı polis əməkdaşları tərəfindən heroinin və elektron tərəzinin ondan aşkar edilərək götürülməsi ilə əlaqədar protokol tərtib edilmişdir. Tərtib edilmiş protokolu onlar imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu göstərərək, məhkəmədən ona cəza təyin olunarkən qeyd olunan halların nəzərə alınmasını xahiş etdi. Məhkəmədə şahid Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 18.03.2021-ci il tarixində ünvan 1-da qeydiyyatda olan və yaşayan, xx.xx.1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi, əldə olunmasında vasitəçilik etməsi, eləcə də satması barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Sumqayıt ŞPİnin 1-ci PB-nin əməliyyat müvəkkilləri, polis polkovnik-leytenantı Şahid1 və polis baş leytenantı Şahid3, Sumqayıt ŞPİ-nin təhqiqatçısı, polis baş leytenantı Elvin Allahquliyevdən, kriminalistik təhqiqatlar bölməsinin inspektor-kriminalisti, polis kapitanı Orxan Aslanovdan ibarət əməliyyat qrupu təşkil etmiş və Sumqayıt Regional Vəkillər Bürosunun vəkili Müdafiəçi1 iştirakını təmin etmişlər. Saat 12:45 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində olması barədə təkrar məlumat daxil olmuşdur. Məlumat əsasında əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən qarajlıq deyilən yerə gəlmiş və orada olan zaman inspektor-kriminalist Orxan Aslanov tərəfindən “Panasonik” markalı videokamera işə salınmışdır. Təxminən bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs gəldiyini görmüşlər. Onlar Təqsirləndirilən şəxs görüb onu saxlamış və özlərini təqdim etdikdən sonra ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, əldə etməkdə vasitəçilik etmə, gəzdirmək və satmaqda şübhəli bilindiyini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələrinin izah edilməsi ilə bağlı bildiriş təqdim edilmiş, həmçinin, Təqsirləndirilən şəxs şərait olmadığı üçün videoçəkiliş dayandırılmadan PB-nə gedərək orada üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onlarla birlikdə xidməti avtomobillə videoçəkiliş dayandırılmadan Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilmiş, PB-də xidməti otaqların birində videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək ondan videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olubolmamasını soruşulmuşdur. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində olan əşyaları qoyması xahiş edilmiş, Təqsirləndirilən şəxs bu zaman əynində olan qara rəngli dəri gödəkcəsinin sol yan cibindən 01 ədəd elektron tərəzini və sağ yan cibindən 05 ədəd gümüşü rəngli siqaret kağızı bükümlərini çıxardaraq təqdim etmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində nə olduğu soruşulmuş, o, həmin 05 ədəd gümüşü rəngli siqaret bükümlərinin içərisində “kakos” yəni narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin nə olduğu, haradan, kimdən əldə etməsi, nə məqsədlə üzərində saxlaması barədə suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar olunmuş kütlə narkotik vasitə heroindir, həmin narkotik vasitəni Bakı şəhərində 20 Yanvar metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən satış məqsədi üçün 25 manata almışdır. Bundan sonra Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroini tanımadığı şəxslərə satdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlənin çəkisini müəyyən etmək və protokol tərtib olunmasına şərait olmadığından həmin kütlə tərəflərindən götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmiş, bükümlərinin çəkisinin ayrı ayrılıqda 0,10 qram, 0,12 qram, 0,8 qram, 0,12 qram, 0,14 qram olması müəyyən olunmuşdur. Bundan sonra aşkar edilmiş kütlələr qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmış, sonra protokol tərtib olunmuş, ucadan oxunmuş və onlar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Məhkəmədə şahid Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Şahid3 Şahid2 ifadəsinə uyğun ifadə verdi. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş 18 mart 2021ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də şahidlər Şahid2 və Şahid3 ifadələrində göstərdikləri bir daha təsdqiq olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının 19.03.2021-ci il tarixli, 6/1111 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs götürülmüş...” sözləri yazılmış zərflərdəki 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,052 qr, 0,040 qr, 0,047 qr, 0,059 qr, 0,050qr, ümumi təmiz çəkisi 0,248 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardir. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. (heroinin ümumi təmiz çəkisi-0,248 qram, tədqiqata sərf edildi-0,090 qram, qalıq-0,158 qram). İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əlavə məhkəmə-kimyəvi ekspertizasının 26.04.2021-ci il tarixli 6/1466 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs götürülmüş...” sözləri yazılmış zərfdəki 5 ədəd bükümdə ümumi təmiz çəkisi 0,158 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Təqdim olunmuş bir ədəd elektron tərəzi üzrə 19 mart 2021-ci il tarixində 111 №-li ekspert rəyi verilmişdir. İlkin tədqiqat zamanı bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinə məxsus izlər aşkar edilmişdir. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli analizi aparılmadığından eyniliklə bağlı qoyulmuş sual cavablandırılmalıdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 29.04.2021-ci il tarixli, 1313 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 1135 saylı 30.03.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 2005-ci ilin yanvar ayından həmin dispanserdə narkomaniya daqnozu ilə qeydiyyatdadır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, videogörüntü, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş arayışdan (tələbnamədən) və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 22.05.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12.04.2018-ci il tarixli qərarı ilə 20.10.2017-ci il tarixli qanuna əsasən CM-nin 177.2.2-ci maddəsi hökmdən xaric edilmiş və 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı Apellyasiya Məhkəməsinin 21.12.2018ci il tarixli qərarı ilə cəzası 05 ilə endirilmiş, 26.08.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə 18.03.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Sumqayıt Şəhər Məhkəməsinin 20.03.2021-ci il tarixli qərarı ilə həbs etmənin əvvəli 18 mart 2021-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin hazırlıq iclasının 08.06.2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 18 mart 2021-ci il tarixdən hesablanmalıdr. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və onun qeydiyyatda olduğu ərazi üzrə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış ümumi təmiz çəkisi 0,158 qram çəkidə narkotik vasitə olan heroin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 163 (bir yüz almış üç manat) 64 (altmış dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 31 may 2021-ci il tarixli (iş № 1(060)-400/2021) qərarını icra edərək, 08 iyun 2021-ci il tarixli 608/2021 saylı orderə əsasən vəkil Müdafiəçi2 onun vəkili təyin etmişdir. Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 8 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (27 yanvar 2010-cu il tarixli 21 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinsin və ona, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 18 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və onun qeydiyyatda olduğu ərazi üzrə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda olması nəzərə alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış ümumi təmiz çəkisi 0,158 qram çəkidə narkotik vasitə olan heroin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 163 (bir yüz almış üç manat) 64 (altmış dörd) qəpik Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 8 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-400/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-400/2021
29.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver