Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-402/2024 22.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Rafiq oğlunun sədrliyi, Bəşirov Şahin Məmmədsala oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə, xx xxxx 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq ünvan 2 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İş üzrə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən öz istifadəsi üçün xeyli miqdarda 1 ədəd sellofan bükümdə təmiz çəkisi 0,439 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlayaraq daşımış və Sumqayıt ŞPİnin 2-ci PB-nin əməkdaşları tərəfindən 13 yanvar 2024-cü il tarixdə saat 17:00 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən “Qayalı” marketin yaxınlığında piyada olarkən saxlanılaraq həmin bölmənin inzibati binasına gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə və bükümdə olan psixotrop maddə metamfetamin əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmədi və ifadə verərək göstərdi ki, Mirzəyev İlqar adlı şəxs onu Sumqayıt şəhərinə dəvət etmiş və onunla yoldaşı ilə bağlı söhbət etmək istədiyini bildirmişdir. Hazırda yoldaşı da cinayət törətdiyinə görə həbsdədir. Belə ki, 13 yanvar 2024-cü il tarixdə o, İlqarla telefonla danışmış və Sumqayıt şəhərinə gələrək “Qayalı” marketlə üzbəüz taksidən düşmüş və İlqar yaxınlaşaraq taksinin gediş haqqını ödəmiş, daha sonra birlikdə kafeyə daxil olaraq kabinetdə əyləşmişlər. Həmin vaxt İlqarın əlində alışqan və balaca kulokda nəsə olmuş və kabinetə keçdikdən sonra əlindəki əşyaları masanın üzərinə qoymuş və söhbət eləməyə başlamışlar. Təxminən 3 dəqiqə sonra kabinetə iki nəfər mülki geyimdə şəxs içəri daxil olmuş və onları polis bölməsinə aparmışlar. Halbu ki, o, Sumqayıt şəhərinə gələrkən üzərində yol pulu olmamış, nədəki onun üzərindən heç bir qanunsuz bir şey aşkar edilməmişdir. Onu İlqar adlı şəxs şərləmişdir. Buna səbəbdə polis əməkdaşlarının ona ya pul verməlisən, ya adam gətirməlisən və ya özün tutulacaqsan demişlər. Bundan sonra polis bölməsinə aparmış və orada üzərinə baxış keçirmişlər. Lakin üzərindən aşkar edilmiş narkotik vasitə ona məxsus olmamışdır. Ona görə də ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında ifadəsi elan edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, o, 1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, evlidir, rəsmi olaraq heç bir yerdə işləmir, bəzi müddətlər kosmetik məhsulların satışı ilə məşğul olub qazanc əldə edir. ünvan 3 ünvanında qeydiyyatda olmaqla hal-hazırda ünvan 2 ünvanında yaşayır. Psixotrop maddə alüdəçisidir. Ağrılarına görə psixotrop maddə metamfetamindən, təxminən 1 ildir ki istifadə edir. Psixotrop maddəni Bakı şəhərində tanımadığı şəxslərdən əldə etmişdir. Son olaraq 13 yanvar 2024-cü il tarixdə, səhər saatlarında Bakı şəhəri, 20 Yanvar dairəsi yaxınlığında olarkən şəxsiyyəti barədə narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasından başqa məlumatı olmayan şəxslə qarşılaşmışdır. Həmin şəxsə istifadəsi üçün ona psixotrop maddə metamfetamin satmasını istəmiş və aralarındakı razılıq əsasında həmin şəxsdən 35 manata 01 ədəd sellofan bükümündə psixotrop maddə metamfetamin almışdır. Həmin zaman bədənində ağrı olmadığından əldə etdiyi 01 ədəd bükümdəki psixotrop maddə metamfetamini əynindəki şalvarın sağ yan cibinə qoyub həmin şəxsdən uzaqlaşmışdır. Həmin gün kosmetik məhsullar sata biləcəyi müştərilər tapmaqdan ötrü 20 Yanvar dairəsindən taksi ilə Sumqayıt şəhərinə getmişdir. Müxtəlif mağazalara daxil olub üzrəində olmasa da, kosmetik məhsulların satışı ilə məşğul olduğunu və istəyəcəkləri təqdirdə həmin mağazalara gətirə biləcəyini demiş, lakin müştəri tapa bilməmişdir. Son olaraq “Qayalı” marketə getmək qərarına gəlmişdir. Bu səbəblə də, 13 yanvar 2024-cü il tarixdə, Sumqayıt şəhəri, H. Zeynalabdin qəsəbəsi, S, Bəhlulzadə küçəsi, “Qayalı” marketin yaxınlığına gəlmişdir. “Qayalı” marketin yaxınlığında piyada hərəkətini davam etdirmiş, əldə etdiyi 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin də əynindəki şalvarın sağ yan cibində olmuşdur. Həmin tarixdə, saat 17:00 radələrində sözügedən ərazidə piyada hərəkətdə olarkən mülki geyimdə olan şəxslər ona yaxınlaşmış və özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək barəsində narkotik vasitə əldə edib üzərində saxlamağı, narkotik vasitələrdən istifadə etməyi ilə bağlı şübhələr olduğunu demiş, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin inzibati binasına dəvət etmişdirlər, o qarşılıq vermədən polis əməkdaşları ilə birlikdə polis bölməsinin inzibati binasına gəlmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldıqda əynindəki şalvarın sağ yan cibində saxladığı psixotrop maddə metamfetamini özündən kənara atmağa fürsət tapa bilməmişdir. Polis bölməsinin inzibati binasının xidməti otaqlarının birində ona hüquq və vəzifələri izah olunmuş və ona dövlət hesabına vəkil təyin olunmuşdur. Daha sonra videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməyi təklif olunmuş və o da əynindəki şalvarın sağ yan cibindən 01 ədəd sellofan büküm çıxarıb təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd sellofan bükümün içində “metamfetamin” olduğunu, həmin psixotrop maddə olan metamfetamin bükümünü tutulduğu gün, yəni 13 yanvar 2024-cü il tarixdə, səhər saatlarında Bakı şəhəri, 20 Yanvar dairəsi ərazisində şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 35 manata aldığını demişdir. Təhqiqatçı bükümə baxıb özü həmin kütləni aşkar etmişdir. Bundan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı başqa cinayət xarakterli əşya, predmet və sair aşkar olunmamışdır. Üzərindən aşkar olunmuş, anasına məxsus olmaqla öz telefonu nasaz olduğu üçün müvəqqəti olaraq istifadə etdiyi “Samsung A80” markalı mobil telefon araşdırma üzrə sübut əhəmiyyəti kəsb edə biləcəyi bildirilərək qablaşdırılaraq götürülmüşdür. Həmçinin şəxsi axtarış zamanı aşkar olunaraq götürülmüş 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin kütləsi elektron tərəzidə çəkilmiş və çəkisinin 0,61 qram olduğu müəyyən edilmişdir. Həmin kütlə ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənib üzəri tərəfindən imzalanmışdır. Üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin ona məxsusdur, ağrılarına görə öz şəxsi istifadəsi üçün tanımadığı şəxsdən qanunsuz olaraq əldə etmişdir. O narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisidir, satışı ilə məşğul olmamışdır. Ona polis əməkdaşları tərəfindən nə fiziki, nə də ki, psixi zor tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, o, Sumqayıt ŞPİ-nin 2-ci PB-də əməliyyat müvəkkili vəzifəsində işləyir. Belə ki, bölməyə Bakı şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatının yoxlanılması məqsədi ilə 13 yanvar 2024-cü il tarixdə, saat 17:00 radələrində Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən “Qayalı” marketin qarşısına gəlmiş və Təqsirləndirilən şəxs piyada olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu və üzərinə şəxsi axtarış keçirilməsi üçün Sumqayıt ŞPİ-nin 2-ci PB-nin inzibati binasına dəvət etmişlər. Bölmədə xidməti otaqların birində Təqsirləndirilən şəxs müdafiəçi təqdim olunmuş və videoçəkiliş vasitəsilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl isə Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməsi təklif olunmuş və o, əynindəki şalvarın sağ yan kiçik cibindən 01 ədəd sellofan büküm, əynindəki gödəkçənin sağ yan cibindən 01 ədəd mobil telefon çıxardaraq masanın üzərinə qoymuşdur. Təqdim olunmuş 01 ədəd sellofan bükümünün içində nə olduğu soruşulduqda, Təqsirləndirilən şəxs həmin bükümün içində metamfetamin olduğunu, onu tutulduğu gün yəni 13 yanvar 2024-cü il tarixdə 35 manata şəxsi istifadəsi üçün tanımadığı şəxsdən aldığını və bir ilə yaxındır ki, narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. Aşkar olunmuş psixotrop maddə metamfetamin bükümü elektron tərəzidə çəkilmiş və ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərindən başqa cinayət xarakterli əşya və ya predmet aşkar olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 və məhkəməyəqədər icraat zamanı dindirilmiş Şahid3 məhkəmə iclasında dindirilmiş Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 14 yanvar 2024-cü il tarixli 3- 16-16/2-6/212 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün №126” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd ağ şəfaf rəngli sellofanın içərisində olan kristal şəkilli psixotrop maddəyə bənzər kütlə: Təqsirləndirilən şəxs-imza, iki imza, Tərtib etdi:M.Abbasov-imza ...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 01 (bir) ədəd bükümdəki təmiz çəkisi – 0,439 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 21 fevral 2024-cü il tarixli 1170 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsi və şahidi dindirib, iş materiallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq, təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, həmçinin yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilən sübutlara əsaslanaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinməlidir. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə tənqidi yanaşaraq hesab edir ki, bu onun özünü müdafiə və cəzadan boyun qaçırması məqsədini daşıyır. Belə ki, məhkəmə istintaqı zamanı sübut olundu ki, Təqsirləndirilən şəxs 13 yanvar 2024-cü il tarixdə saat 17:00 radələrində satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən öz istifadəsi üçün xeyli miqdarda, 1 ədəd sellofan bükümdə təmiz çəkisi 0,439 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlayaraq daşımış və həmin gün Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən “Qayalı” marketin yaxınlığında saxlanılaraq polis bölməsinə aparılmış və onun üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə və bükümdə olan psixotrop maddə metamfetamin əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Göstərilən hərəkəti ilə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir və ona həmin maddənin sanksiyası hədləri daxilində cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən, təqsirkarın şəxsiyyətini, törətmiş olduğu əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində bir az yaşlı uşağının olmasını məhkəmə iş üzrə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halın olmamasını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Həmçinin, məhkəmə hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 yanvar 2024-cü il tarixdən 15 yanvar 2024-cü il tarixədək tutulduğu müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti cəza müəyyən edilməlidir. Təyin edilmiş cəzanı təqsirləndirilən şəxs yaşadığı yer üzrə çəkməlidir. Cəzanın icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə probasiya idarəsinə həvalə edilməli, cəzaçəkmənin əvvəli təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 0, 389 qram təşkil edən psixotrop maddə metamfetamin qanuna müvafiq qaydada məhv edilməlidir. İş üzrə məhkəmə xərci olan 92 (doxsan iki) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Azərbaycan Respublikası CPM-in 198.1-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs üzərinə qoyularaq ondan tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də 60 (altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nın 351-354, 356 və 358-ci maddələrini rəhbər tutub, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 yanvar 2024-cü il tarixdən 15 yanvar 2024-cü il tarixədək tutulduğu müddət ona təyin edilmiş cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəzanı yaşadığı yer üzrə çəksin. Cəzanın icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə Bakı şəhər probasiya idarəsinə həvalə edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 0,389 qram təşkil edən psixotrop maddə metamfetamin qanuna müvafiq qaydada məhv edilsin. İş üzrə məhkəmə xərci olan 92 (doxsan iki) manat məbləğində ekspertiza tədqiqatının dəyəri məhkum Təqsirləndirilən şəxs üzərinə qoyularaq ondan tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına ödənilsin. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılsın. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(060)-402/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-402/2024
22.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver