Məhkəmə qərarları › İş №1(060)-403/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-403/2025

11.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-403/2025 11.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qıznın katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 27A\4, mənzil 1-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə edərək saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd ağ rəngli siqaret kağızına bükülmüş təmiz çəkisi 0,249 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üstündə saxlamaqla daşımış, xx.xx.2025-ci il tarixdə saat 00.57 radələrində Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 17-ci məhəllə, ev 11/38-in yaxınlığında küçədə saxlanılaraq videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli siqaret kağızına bükülmüş təmiz çəkisi 0,249 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Bəhruz Mirzəyev adlı şəxslə birlikdə Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində 3 saylı məktəbin yanında saxlanılmış, lakin polis əməkdaşları onun üzərinə baxışı Sumqayıt şəhəri 17-ci məhəllə ərazisində, Bəhruzu isə Sumqayıt şəhəri 36-cı məhəllə ərazisində həyata keçirmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Bəhruzla günortadan birlikdə olmuşlar. Heç vaxt bir yerdə narkotik vasitə almamış, istifadə etməmişlər. Bəhruzun narkotik vasitədən istifadə etdiyindən məlumatı olmamışdır. Bəhruz polisləri görüb qaçmış, o da qaçmağa çalışmışdır. 48 saat saxlanıldıqdan sonra Bəhruzla görüşüb baş verənlərlə bağlı söhbət etmişlər. Bölmədə üzərilərinə ayrı-ayrı otaqlarda şəxsi axtarış keçirilmişdir. Onun üzərinə narkotik vasitəni Rüsal və Rövşən adlı polis əməkdaşları qoymuş, saxlanılan zaman üzərində psixotrop maddə olmamışdır. Bölmədə polislər ona istifadə etmək üçün metamfetamin vermişdir. Bədəni üzərində xəsarət izləri olmamış, lakin ona sərt formada təzyiq edilmiş, dediklərini etməkdən başqa çıxış yolu qalmamışdır. Polis əməkdaşları tərəfindən döyülərək sənədlərə imza etməyi tələb edilmişdir. İzahatı alınan zaman müdafiəçisi yanında olmuş, lakin baş verənlərlə bağlı müdafiəçisinə məlumat verməmiş, müvəqqəti saxlama yerindən azad edildikdən sonra da heç bir orqana şikayət etməmiş, müstəntiq tərəfindən isə ona hər hansı təsir və təzyiq göstərilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, marixuana adlanan narkotik vasitədən 2 il istifadə etmiş, psixotrop maddə olan metamfetamini isə polis orqanında olan zaman çəkmək üsulu ilə istifadə etmişdir. X6 zamanı həkimə 1-2 aydır metamfetamindən istifadə etdiyini bildiribsə, səhvə yol verdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs çıxışında təqsirkar olmadığını, himayəsində 3 xəstə yaxını olduğunu, əgər azadlıqdan məhrum edilərsə ailəsinin vəziyyətinin pisləşəcəyini azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza ilə razı olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 27A\4, mənzil 1-də qeydiyyatda olmaqla yaşayır. Bir neçə ildir ki, narkotik vasitədən çəkməklə istifadə edir. Narkotikə olan tələbatını ödəmək üçün müxtəlif yerlərdə, tanımadığı şəxslərdən alıb istifadə edir. Psixi pozuntusu yoxdur, dispanserdə qeydiyyatda deyil, əlilliyi yoxdur. xx.xx.2025-ci il tarixdə gecə saat 00.57 radələrində Sumqayıt şəhəri, 17-ci məhəllə ərazisində 11/38 saylı evin yaxınlığında tək piyada hərəkət edən zaman bir neçə polis əməkdaşı ona yaxınlaşıb özlərini Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinin əməkdaşları kimi təqdim etmişlər və onu narkotik vasitələrin qanunsuz dövriyyəsində, qəbulunda və üzərində gəzdirməyində şübhəli olduğunu bildirib hüquq və vəzifələrini izah etdikdən sonra üzərinə videoçəkiliş ilə baxış keçirəcəklərini izah etmişlər, o, etiraz etməmiş, bundan sonra üzərində qanunla qadağan edilmiş hər hansı əşyanın olub olmadığını, müsbət halda təqdim etməyini bildirmişlər. Bundan sonra o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli siqaret kağızına bükülmüş kütləni çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Sorğu zamanı bildirmişdir ki, həmin kütlə patı deyilən psixotrop maddə metamfetamindir, həmin bir bükümdə olan kütləni saxlanmamışdan saat yarım əvvəl Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı bir şəxsdən şəxsi istifadəsi üçün 10 manata alıb üstündə saxlamışdır. Sonra həmin kütlə videoçəkiliş altında polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş, ağ rəngli zərflə qablaşdırılaraq möhürlənmiş və imzalanmışdır. Daha sonra onu müvafiq sənədləşdirmə işlərinin aparılması üçün üzərindən götürülmüş maddi sübutlar ilə birlikdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirmişlər. Bölməyə gəldikdən sonra videoçəkiliş ilə ona hüquq və vəzifələri izah edilmiş, bu barədə bildiriş və müdafiəçi ona təqdim edilmişdir. Daha sonra üzərindən aşkar edilərək götürülmüş və müvafiq qaydada qablaşdırlmış narkotik vasitəyə bənzər kütlə videoçəkiliş altında onu bölməyə gətirən polis əməkdaşları tərəfindən təqdim olunmuşdur. Həmin təqdim edilən zərfə təhqiqatçı tərəfindən baxış keçirilmiş, sonra isə yenidən həmin zərf qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs oğlu özünü təqsirli bilməsə də, onun təqsirli olması ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ziddiyyətli ifadələri, şahid ifadələri, ekspert rəyləri, diskdə olan videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddələrin qanunsuz dövriyyəsi, istifadə etməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları ilə birlikdə əməliyyat qrupu yaradaraq tədbirlər keçirmişlər. Keçirilən tədbirlər nəticəsində xx.xx.2025ci il tarixdə saat 00.57 radələrində Sumqayıt şəhəri, 17-ci məhəllə, ev 11/38-in yaxınlığında küçədə bir nəfər şəxsin tək hərəkət etdiyini görüb, polis əməkdaşları olduqlarını bildirib ona yaxınlaşmışlar, həmin şəxsə özlərini təqdim etməsini bildirmişlər, həmin şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs saxlamaqda məqsədlərini izah etmişlər, hüquq və vəzifələrini izah etdikdən sonra videoçəkiliş ilə üzərinə baxış keçirmək istədiklərini bildirmişlər, Təqsirləndirilən şəxs etiraz etməmiş. Sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşyanın olub olmadığını soruşduqda Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli siqaret kağızına bükülmüş bükümü çıxardaraq təqdim etmişdir. Həmin bükümdə nə olduğunu soruşduqda həmin bükümdə patı deyilən psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin kağız bükümdə olan kütləyə baxış keçirilmiş, kağız bükümün içində olan kütlə ilə bir yerdə elektron tərəzidə çəkilmiş və bükümün ümumi çəkisi 0,37 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş həmin büküm qablaşdırılmış, möhürlənmiş, zərfin üstü imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs ilə bir yerdə araşdırmanın davam etdirilməsi üçün Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gəlmişlər. Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirildikdən sonra bölmədə xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı X7 tərəfindən şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməmişdən əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarını müdafiə edən müdafiəçi X3 təqdim olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və müvafiq qaydada qablaşdırlmış narkotik vasitəyə bənzər kütlə videoçəkiliş altında təhqiqatçıya təqdim olunmuşdur. Həmin təqdim edilən zərfə təhqiqatçı tərəfindən yenidən baxış keçirilmiş, sonra isə yenidən həmin zərf qablaşdırılaraq möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş, protokol imzalanmışdır. Əlavə olaraq suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında bildirdikləri özünü müdafiə xarakteri daşıyır, məsuliyyətdən yaxa qurtarmağa çalışır. Təqsirləndirilən şəxs saxlanılan zaman tək olmuş, həmçinin həmin müddətdən bölmədə üzərinə şəxsi axtarış keçirilənədək daima onun yanında olmuş, ona hər hansı təsir və ya təzyiq olunmamışdır. İş üzrə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid2, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid3 Şahid1 ifadəsi ilə eyni məzmunda ifadə vermişdir. Cinayət işinin 21-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarix, saat 00:57də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 62-ci vərəqəsində olan “qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə müvəqqəti saxlama yerindən azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 28-29-cu vərəqəsində olan xx.xx.2025-ci il tarixli təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında protokoldan göründüyü kimi, Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirildikdən sonra bölmədə xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı X7 tərəfindən şəxsi axtarış keçirilmiş. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməmişdən əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarını müdafiə edən müdafiəçi X3 təqdim olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və müvafiq qaydada qablaşdırlmış narkotik vasitəyə bənzər kütlə videoçəkiliş altında onu bölməyə gətirən polis əməkdaşları tərəfindən təhqiqatçıya təqdim olundu.Həmin təqdim edilən zərfə təhqiqatçı tərəfindən yenidən baxış keçirildi, sonra isə yenidən həmin zərf qablaşdırılaraq möhürləndi. Cinayət işinin 66-cı vərəqəsində olan diskə baxış keçirilməsi haqqında protokola baxış keçirilərkən müəyyən edilmişdir ki, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində xx.xx.2025-ci il tarixdə saat 00.57 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 17-ci məhəllə, ev 11/38-in yaxınlığında küçədə saxlanmış, polis əməkdaşları özlərini təqdim etmiş, saxlamaqda məqsədlərini izah etmişlər, hüquq və vəzifələrini izah etdikdən sonra videoçəkiliş ilə üzərinə baxış keçirmək istədiklərini bildirmişlər, Təqsirləndirilən şəxs etiraz etməmiş, sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşyanın olub olmadığını soruşduqda Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli siqaret kağızına bükülmüş bükümü çıxardaraq təqdim etmişdir. Həmin bükümdə nə olduğunu soruşduqda həmin bükümdə patı deyilən psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin kağız bükümdə olan kütləyə baxış keçirilmiş, kağız bükümün içində olan kütlə ilə bir yerdə elektron tərəzidə çəkilmiş və bükümün ümumi çəkisi 0,37 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş həmin büküm polis əməkdaşları tərəfindən qablaşdırılmış, möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı qanunsuz əşya, predmet aşkar edilməmiş, sonra isə Təqsirləndirilən şəxs ilə bir yerdə araşdırmanın davam etdirilməsi üçün Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gəlmişlər. Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirildikdən sonra bölmədə xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı X7 tərəfindən şəxsi axtarış keçirilmiş. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməmişdən əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarını müdafiə edən müdafiəçi X3 təqdim olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və müvafiq qaydada qablaşdırlmış narkotik vasitəyə bənzər kütlə videoçəkiliş altında onu bölməyə gətirən polis əməkdaşları tərəfindən təhqiqatçıya təqdim olundu. Həmin təqdim edilən zərfə təhqiqatçı tərəfindən yenidən baxış keçirildi, sonra isə yenidən həmin zərf qablaşdırılaraq möhürləndi. Cinayət işinin 39-40-cı vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 20/7 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kristallik şəkilli kütlə..” sözlər və imzalar olan zərfdəki, 01 (bir) ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,249 qram ağ rəngli kristalşəkilli maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd, Metamfetaminin təmiz çəkisi 0,249 qram, təhqiqata sərf edildi 0,02 qram qalıq 0,229 qram. Cinayət işinin 38-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 62.50 ( altmış iki manat əlli qəpik) manat müəyyən edilmişdir. Cinayət işinin 78-79-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 1552 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabinoidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəsissəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Həmin rəyin təsviriəsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs deməsinə görə 7-8 ildir narkotik vasitə marixuana, 1-2 aydır psixotrop maddə olan metamfetamindən çəkməklə istifadə edir. Cinayət işinin 69-cu vərəqələrində olan xx.xx.2025-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şübhəli şəxsin üstünün yoxlanılması, baxış və götürmə aparılması ilə bağlı videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD diskdə videogörüntünün maddi sübut kimi hesab edilmiş və videogörüntü cinayət işinin materiallarında saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,249 qram olan narkotik vasitə olan “metamfetamin” cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və ekspertiza təhqiqatına sərf edilmiş kütlələr çıxmaqla təhqiqatdan sonra qalıq qalmış 0,229 qram çəkidə narkotik vasitə olan “metamfetamin” saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin 76-77-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2010-cu il tarixdə AR CM-nin 234.1, 93.1.4-cü maddələri ilə bir il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2011-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarışlar zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmiş, o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi bəzi ifadələri (üzərində psixotrop maddə olmaması, həmin psixotrop maddənin polis əməkdaşları tərəfindən üzərinə qoyulması) həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə, şübhəli şəxsin dindirilməsi, təqsirləndirilən şəxsin dindirmə protokollarından və görünür ki, təqsirləndirilən şəxs, məhkəməyədək icraat dövründə törətdiyi və ona istinad edilən əməli könüllü olaraq tam etiraf etmiş, protokolları və digər sənədləri könüllü olaraq imzalamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs tərəfindən polis əməkdaşlarının ona qarşı hər hansı qanunsuz hərəkətlər etməsi barədə özü heç bir orqana şikayət və vəsatət verməmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş disklərə baxış keçirilərək, müəyyən edilmişdir ki, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində xx.xx.2025-ci il tarixdə saat 00.57 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 17-ci məhəllə, ev 11/38-in yaxınlığında küçədə saxlanmış, polis əməkdaşları özlərini təqdim etmiş, saxlamaqda məqsədlərini izah etmişlər, hüquq və vəzifələrini izah etdikdən sonra videoçəkiliş ilə üzərinə baxış keçirmək istədiklərini bildirmişlər, Təqsirləndirilən şəxs etiraz etməmiş, sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşyanın olub olmadığını soruşduqda Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli siqaret kağızına bükülmüş bükümü çıxardaraq təqdim etmişdir. Həmin bükümdə nə olduğunu soruşduqda həmin bükümdə patı deyilən psixotrop maddə metamfetamin olduğunu, ağrıları olduğuna görə tanımadığı şəxsdən özü istifadəsi üçün əldə etdiyini bildirmişdir. Həmin kağız bükümdə olan kütləyə baxış keçirilmiş, kağız bükümün içində olan kütlə ilə bir yerdə elektron tərəzidə çəkilmiş və bükümün ümumi çəkisi 0,37 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş həmin büküm polis əməkdaşları tərəfindən qablaşdırılmış, möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı qanunsuz əşya, predmet aşkar edilməmiş, sonra isə Təqsirləndirilən şəxs ilə bir yerdə araşdırmanın davam etdirilməsi üçün Sumqayıt ŞPİ-nin 3-cü PB-yə gəlmişlər. Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirildikdən sonra bölmədə xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə Sumqayıt ŞPİ-nin 3cü PB-nin təhqiqatçısı, polis baş leytenantı X7 tərəfindən şəxsi axtarış keçirilmiş. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməmişdən əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarını müdafiə edən müdafiəçi X3 təqdim olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və müvafiq qaydada qablaşdırlmış narkotik vasitəyə bənzər kütlə videoçəkiliş altında onu bölməyə gətirən polis əməkdaşları tərəfindən təhqiqatçıya təqdim olundu. Həmin təqdim edilən zərfə təhqiqatçı tərəfindən yenidən baxış keçirildi, sonra isə yenidən həmin zərf qablaşdırılaraq möhürləndi. Müdafiəçi tərəfindən verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs çəkilişdə iştirak edən polis əməkdaşları tərəfindən saxlanıldığını, ona qarşı hər hansı təsir və ya təzyiq edilmədiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində 2 ildir marixuanada istifadə etdiyini, metamfetamindən isə polis bölməsində istifadə etmişdir. Lakin müayinə zamanı həkimə 7-8 ildir narkotik vasitə marixuana, 1-2 aydır psixotrop maddə olan metamfetamindən çəkməklə istifadə etdiyini bildirmişdir. Həmçinin, iş materiallarında olan xx.xx.2025-ci il tarixli 1552 saylı rəyə əsasən Təqsirləndirilən şəxs Kannabinoidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuş, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olması müəyyən olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında olan ziddiyyətlər özünü müdafiə xarakteri xarakeri daşıyır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasəs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən, ağırlaşdırıcı halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 04 mart 2025-ci il, saat 00.57-dən tarixdən 05 mart 2025-ci il saat 15:50 tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı hazırki hökmün qəbul edildiyi tarixdən, yəni 11 iyun 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli, o məhkəmə iclas zalından həbsə alınmalı, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli 1552 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,229 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 62,50 (altmış iki manat əlli qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 mart 2025-ci il, saat 00:57 tarixindən 05 mart 2025-ci il saat 15:50 tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 11 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin o, məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsnın barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,229 qram narkotik vasitə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 62.50 (altmış iki manat əlli qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə ödənilməli məbləğ 88 manat təşkil edir. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar