Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-405/2021 18.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1988-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işsiz, əvəllər məhkum olunmayan, ünvan 1 ünvanında yaşayan, ünvan 2, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 03.03.2021-cu il tarixdə saat 18:30 radələrində Sumqayıt şəhəri Çerkaski küçəsi, Dəmiryolu vağzalın yaxınlığında 12000 (on iki min) manat borcunu geri ödəmədiyi üçün irad tutduğu zaman keçmiş qaynatası Zərərçəkmiş şəxs onun ünvanına nəlayiq ifadəli təhqirlər etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı, sonuncunun sifət nahiyəsinə yumruqla vurub QKBT, baş beyin silkələnməsi, sol çənə şaxəsinin yerdəyişən sınığı kimi xəsarət yetirib, zərəçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2012-ci il tarixdə o, X1 ilə ailə həyatı qurub rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan 2(iki) öövladları dünyaya gəlmişdir. Əvvəllər münasibətləri normal olsada lakin son 1 il ərzində xasiyyətləri uyğun gəlmədiyindən boşanmaq qərarına gəlmişdirlər. Eyni zamanda qaynatası Seymur onların ailə işlərinə mütəmadi olaraq müdaxilə edirmiş. Bu kimi səbəblərə görə onlar 2020-ci ilin avqust ayında onların nikahları Sumqayıt şəhər məhkəməsi tərəfindən pozulmuşdur. Həmin müddətdən sonra o Seymurun ailəsi bir neçə dəfə rastlaşmışdır. Belə ki, o, azyaşlı uşaqlarına baş çəkməyə gedən zaman Seymurun ailəsi və özü söz-söhbət yaradırmışlar. Məhkəmə alimentə görə hər ay 340 manat məbləğdə pul hesablamışdır. O isə həmin məbləği ödəyə bilmədiyindən işləri məhkəmə icraçılarına yönləndirilmişdir. Ailəli olduğu vaxtlar o, Mercedes markalı avtomaşını tanımadığı bir nəfər şəxsə satmışdır. Eyni zamanda o həmin şəxsə avtomobili satan zaman avtomobili öz adına keçirməsini deyib qısa müddət ərzində onun məhkəmə proseslərimin başlayacağı barədə məlumat da vermişdir. Lakin həmin şəxs indiyədək avtomobili öz adına keçirmədiyindən və onun alimentə görə yaranmış borcu ilə əlaqədar həmin avtomobil məhkəmə tərəfindən həbsə qoyulmuşdur. Bu kimi səbəblərə görə o, avtomobili satdığı şəxsə keçmiş qaynatası Seymurla danışıb məsələni həll etmələrini demişdir. Lakin qaynatası həmin şəxslə telefonla danışdıqda bu məsələnin ona aidiyyatı olmadığını və “avtomobili apar Anara qaytar, pulunu götür” demişdir. Həmin şəxs ona zəng edib bu söhbəti dedikdə o qaynatasından ona olan borcunu tələb etmək qərarına gəlmişdir. 03.03.2021-ci il tarixdə saat təxminən 18:30 radələrində o, avtomobil ilə Sumqayıt şəhəri, Çerkasski istiqamətində, X4nın qarşısında olan döngədən dönüb evə getmək istəyərkən orada döngənin sağ hissəsində olan yarımtikilinin qarşısında keçmiş qaynatası Seymuru təsadüfən görmüşdür. O Seymuru görüb avtomaşını saxlayıb düşərək ona yaxınlaşmış və Seymurla söhbət zamanı ondan 12.000 manat borcunu istəmişdir. Seymur isə onun ünvanına nəlayiq ifadələr işlədən zaman o, sillə zərbəsi ilə bir dəfə Seymurun sifət nahiyyəsindən vurmuşdur. Seymur, həmin vaxt yerə yıxılmış və bir neçə dəqiqə sonra yenidən ayağa qalxaraq onu təhqir edərək oradan çıxıb getmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun verdiyi ifadə özünü müdafiə xarakteri daşıyır. Zərərçəkmiş və şahid ifadələri və məhkəmə-tibbi ekspertizasının rəyi ilə onun cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yeririlmişdir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçmiş kürəkənidir. X3 8 il ailəli olsalarda lakin sonradan ailədaxili narazılıqlarla bağlı olaraq 2020-ci ilin yay aylarında boşanmışdırlar. Boşanma prosesi başa çatdıqdan sonra Anar mütəmadi olaraq ona və ailəsinə hədə-qorxu gəlməyə başlamışdır. Bundan başqa Anar, ondan əsassız olaraq ailəli olduğu dövrdə ailəsinə 12.000 manat pul xərclədiyini bəhanə edərək ondan həmin məbləğdə pulu tələb edirmiş. O isə bu məsələ ilə bağlı olaraq Anarın sözlərini ciddiyə qəbul etməmişdir. Anar boşandıqdan bugünədək məhkəmənin alimentlə bağlı qəbul etdiyi qərar olsa da, həmin iş icraçılara yönləndirilsə də hər hansı bir məbləğdə ödəniş etməmişdir. Anarın alimentlə bağlı borcu yarandığından boşanmadan sonra onun adında olan avtomobilə həbs qoyulmuşdur. Bununla bağlı ona Anardan avtomobili alan tanımadığı bir nəfər şəxs 03.03.2021-ci il tarixdə günorta saatlarından sonra zəng etsə də, o, həmin məsələni Anarla öz aralarında həll etmələrini məsləhət görmüşdür. Anarın avtomaşını satdığı şəxslərə istəsələr özləri Anarın yerinə alimentin pulunu verib məsələni həll edə bilərlər demişdir. Bu söhbətdən təxminən bir neçə saat keçdikdən sonra Anardan ona zəng gəlmişdir. O cavab verdikdə Anar onun ünvanına nəlayiq ifadəli təhqirlər etmişdir. O isə Anara cavab qaytarmadan telefonu söndürmüşdür. Həmin gün təxminən saat 18:30 radələrində piyada X4 ərazisindən evə gedən zaman Anar avtomaşını ilə ora gəlmiş və təsadüfən onu görüb üzərinə hücum çəkərək həmin şəxslərlə onun nə üçün məsələni həll etmədiyini və qızı ilə ailəli olduğu dövrdə xərclədiyi 12.000 manat pulu geri vermədiyini əsas gətirib tələb onu avtomaşına satmaq istədikdə o, buna imkan vermədiyi vaxt Anar birinci dəfə çənəsindən yüngül yumruqla zərbə vurmuşdur. Lakin o, həmin zərbədən xəsarət almamışdır. Ardınca Anar yumruqla sol çənə nahiyəsinə güclü zərbə vurmuşdur. Zərbənin təsirindən yerə yıxılmışdır. Zərbə o qədər güclü olmuşdur ki, o, təsirindən huşunu itirmişdir. Bir neçə dəqiqə sonra özünə gəldikdə çətinliklə evə getmiş və ağrıları çox olduğundan Sumqayıt şəhər TTYX-na müraciət etmişdir.Təqsirləndirilən şəxslə barışmır, ona ağır cəza verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETTB-nin təqdim etdiyi 31.03.2021-ci il tarixli 268 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sol çənə şaxəsinin yerdəyişən sınığı ilə nəticələnən xəsarətlər vardır. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan az əvvəl olmaqla 03.03.2021-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi, özü-özünə yetirməsi və öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi istisna edilir və dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından görünür ki, 23.05.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı vardır. Məhkəmə, ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, məsuliyyətə cəlb edilərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, himayəsində iki azyaşlı övladının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi əməllərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, islah olunması məqsədilə təqsirləndrilən şəxsə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin olunmasını qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 12 (on iki) saat vaxt sərf etmişdir. Ona görə də 72 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinib həmin maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməli, ona təyin edilmiş islah işləri cəzasının əvvəli onun qazancından dövlət nəfinə pul tutulmağa başlandığı vaxtdan hesablanılmalı, hökmün icrası Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Zərərçəkmiş şəxs vurulmuş ziyanla bağlı mülki mühakimə icraatında məhkəmədə iddia qaldırması izah edilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci, maddi sübut və müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş islah işləri cəzasının əvvəli onun qazancından dövlət nəfinə pul tutulmağa başlandığı vaxtdan hesablanılsın. Hökmün icrası Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılsın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs vurulmuş maddi ziyanla bağlı mülki mühakimə icraatında məhkəmədə iddia qaldırması izah edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 72 (yetmiş iki) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB**********2500366125 VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-405/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-405/2021
18.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver