Məhkəmə qərarları › İş №1(060)-406/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-406/2021

24.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-406/2021 24.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1979-cu ildə Oğuz rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Oğuz rayonu, Yenikənd kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 29 mart 2021-ci il tarixdə, saat 20:00 radələrində qeyri rəsmi nigah münasibətlərində yaşadığı Şahid2 anası Zərərçəkmiş şəxs yaşadığı, ünvan 2 ünvanında blokun qarşısında sonuncuya məxsus Sumqayıt şəhəri, Novxanı bağlar massivində olan bağ evini Şahid2la birlikdə yaşaması üçün ona verməsini bildirdikdə aralarında yaranmış mübahisə zamanı sonuncunun sifətinə və bədəninin müxtəlif nahiyələrinə yumruqla və təpiklə vuraraq ona sol saidin aşağı 1/3-nin mil bilək oynağını tutan və hərəkətin çətinliyinə səbəb olan yumşaq toxumaların şişkinliyi qançırı, sol gözaltı nahiyyənin, sağ budun orta 1/3-nin qançırı, burnun 2 ədəd, sol əlin 4-cü barmağının 1 ədəd sıyrığı kimi dərəjəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 2011-ci il tarixdə Şahid2la tanış olmuş və onunla qeyri rəsmi olaraq ailə həyatı qurmuşdur. Onların bu evlilikdən 2013-cü il təvəllüdlü Camal, 2017-ci il təvəllüdlü Kamal adlı övladları olmuşdur. İdrisin onunla qeyri rəsmi evli olarkən ikinci dəfə rəsmi olaraq 2015-ci il tarixdə Könül adlı xanımla ailə həyatı qurduğunu öyrənmişdir. Belə ki, 2019-cu ilin mart ayında İdrisə Sumqayıt şəhərində 12-ci mikrorayonda məcburi köçkünlər üçün yeni tikilmiş şəhərcikdə mənzil verildiyini öyrənmiş və həmin mənzilə gedərkən qapını Könül adlı xanım və İdrisin anası Dəstəgül açmışdır. O, onlara İdrisin arvadı olduğunu və 2011-ci ildən İdrisin onunla qeyri rəsmi olaraq evləndiyini və iki övladının olduğunu demişdir. Könül də ona İdrislə rəsmi olaraq ailə həyatı qurduğunu və İdrisdən 2 övladının olduğunu demişdir. O, buna görə çox pis olmuş və evə getmişdir. İdrislə bu səbəbə görə aralarında münaqişə olmuşdur. Lakin, bir neçə gündən sonra İdrislə barışmış və İdris onunla yaşamışdır. İdris ona anası Dəstəgülün Sumqayıt şəhəri, Novxanı bağları massivi ərazisində bağ evinin olmasını və həmin evdə birlikdə yaşaması üçün anası Dəstəgüllə söhbət etməyini bildirmişdir. 29.03.2021-ci il tarixdə, saat 19:30 radələrində o, Dəstəgüllə görüşmək üçün yaşadığı Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yeni binaya getmiş, binanın 8-ci mərtəbəsinə qalxmış və Dəstəgülün mənzilinin qapısını döymüşdür. Qapını xeyli döydükdən sonra o evdə səs eşitsə də qapını açan olmamışdır. Əsəbindən qapının dəstəyini əliylə silkəliyib qırmışdır. Yenə də qapını açan olmamış və həmin dəstəklə qapını cızmışdır. Bundan sonra qapını açan olmamış və çıxıb getmək istəyərkən liftdən qarşısına Dəstəgül çıxmışdır. Dəstəgül qapının dəstəyinin sındığını gördükdə onu təhqir etməyə başlamış, üstünə gəlmiş və əliylə onun saçından tutub əl atmışdır. O, Dəstəgülə İdrislə birlikdə yaşamaları üçün bağ evini onlara müvəqqəti verməsini deyərkən Dəstəgül qışqıraraq ona rədd ol demişdir. O, həmin vaxt Dəstəgülün sifət nahiyəsinə və qoluna yumruqla, ayağına təpiklə zərbə endirmişdir. Həmin vaxt 2 nəfər onları ayırmışlar. Bu vaxt qapıdan Dəstəgülün qızı çıxdığı üçün o, qorxub pilləkənlərlə qaçıb getmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışığa cəht etdiyini, lakin zərərçəkmiş şəxsin onu bağışlamadığını, hazırda əməlindən səmimi peşman olduğunu və himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2 il əvvəl Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində məcburi köçkünlər üçün tikilən yeni binaya köçmüşdür. Həmin mənzildə o, oğlu İdris və ailəsi yaşayır. Belə ki, İdris 2015-ci ildə Şahid1 ilə rəsmi olaraq ailə həyatı qurmuş və onların birgə nikahdan 3 azyaşlı övladları vardır. O, 2 il bundan əvvəl yeni mənzilə köçəndə sonradan adını bildiyi Vüsalə adlı qadın və yanında 2 azyaşlı uşaq qapını döymüş və qapını açarkən yanında 2 azyaşlı uşağın və Vüsalənin ağladığını görmüşdür. O, Vüsalədən kim olduğunu soruşduqda İdrisin evdə olub-olmadığını soruşmuşdur. O, Vüsaləni qapıda gözlədib İdrisi çağıranda həmin qadının qapının ağzında olmadığını görmüşdür. Sonradan İdrisdən həmin qadının kim olduğunu soruşmuş, İdris onunla 8 ilə yaxındır ki, tanış olduğunu, həmin qadınla müəyyən vaxtlarda kirayədə yaşadıqlarını və ondan 2 oğlunun olduğunu demişdir. Həmin vaxtdan sonra Vüsalə tez-tez onların yaşadığı ünvana gələrək onu, İdrisin rəsmi həyat yoldaşı Könülü təhqir etmiş və İdrisin onlarla birgə yaşamaması üçün maneçilik etmişdir. Sonuncu dəfə 29.03.2021-ci il tarixdə, saat 19:50 radələrində yaşadığı evə liftlə qalxarkən qapının qarşısında Vüsaləni görmüşdür. Belə ki, Vüsalənin qapının dəstəyini qıraraq üstünü cızdığını görmüşdür. O, Vüsalədən niyə belə etdiyini soruşduqda Vüsalə onun üstünə gələrək sifət nahiyəsinə, sol gözünə yumruqla zərbələr endirmişdir. Daha sonra təpiklə sağ və sol ayağına, yumruqla qoluna xəsarət yetirmiş və onu itələmişdir. O, həmin vaxt divara dəymiş, bundan sonra qonşusu Kəmalə qapıdan səsə çıxaraq onların qapısını döyüb gəlini Könülü çağırmışdır. Elə həmin vaxt Vüsalə qaçıb getmişdir. Bundan sonra TTY gəlmiş və ona ilk tibbi yardım göstərmişdir. Həmin vaxt DİN-nin 102 xidmətinə bu barədə məlumat vermiş və polis əməkdaşları evə gəlib onun ərizəsini almışlar. Münaqişə zamanı orada o və Vüsalə olmuş, səsə qonşusu Kəmalə, gəlini Könül və qızı Lalə çıxmışdır. Vüsalə ilə aralarında baş verən münaqişəyə səbəb Vüsalənin oğlu İdrisi onunla birlikdə yaşaması üçün onlardan ayırması olmuş, münaqişə vaxtı qapının zədələnməsi ilə bağlı ona təxminən 70 manat məbləğində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmadığını, ona vurulmuş maddi zərərin ödənilmədiyini göstərərək Təqsirləndirilən şəxs barəsində qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, 2015-ci il tarixdə Şahid2la rəsmi olaraq ailə həyatı qurmuşdur. Birgə nikahdan 3 azyaşlı övladları vardır. 2019-cu ilin mart ayınadək Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən SDU-nun yataqxanasında yaşamışlar. 2019-ci ilin mart ayından etibarən Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən məcburi köçkünlər üçün tikilmiş hündür mərtəbəli binaya köçmüşlər. Həmin mənzildə o, ailəsi və qaynanası Dəstəgüllə birlikdə yaşayır. O, 2 il bundan əvvəl yeni mənzilə köçəndə sonradan adını bildiyi Vüsalə adlı qadın yanında 2 azyaşlı uşaqla qapını döymüş və qaynanası qapını açarkən yanında 2 azyaşlı uşağın və həmin qadının ağladığını görmüşlər. Qaynanası ondan kim olduğunu soruşduqda Vüsalə İdrisin evdə olub-olmadığını soruşmuşdur. Dəstəgül onu qapıda gözlədib İdrisi çağıranda həmin qadının qapının ağzında olmadığını görmüşlər. Sonradan İdrisdən həmin qadının kim olduğunu soruşduqda İdris onunla 8 ilə yaxındır ki, tanış olduğunu, həmin qadınla müəyyən vaxtlarda kirayədə yaşadıqlarını və ondan 2 oğlunun olduğunu demişdir. Həmin vaxtdan sonra Vüsalə tez-tez onların yaşadığı ünvana gələrək onu, qaynanasını təhqir etmiş və İdrisin onlarla birgə yaşamaması üçün maneçilik etmişdir. Sonuncu dəfə 29.03.2021-ci il tarixdə, saat 19:30 radələrində o, 3 azyaşlı uşaqları ilə evdə olarkən Vüsalə qapını döymüşdür. O, qapının gözlüyündən baxarkən Vüsalənin olduğunu görüb qorxaraq qapını açmamışdır. Lakin, Vüsalə getməyərək qapını cızmış və təhqiramiz ifadələr işlətmişdir. Təxminən 5 dəqiqədən sonra o, qapının gözlüyündən baxdıqda Vüsalənin qaynanası Dəstəgülün üstünə gedərək əl-qol atdığını, sifətinə yumruqla, ayağına təpiklə zərbə endirdiyini görmüşdür. Həmin vaxt qonşuları Kəmalə qapıdan çıxaraq qapını döymüş və o da qapıdan Laləylə birlikdə çıxmışdır. Bu zaman Vüsalə onları görən kimi qaçıb getmişdir. Məhkəmədə şahid X5 ifadəsində göstərdi ki, 2 il bundan qabaq anası Dəstəgül və qardaşı İdrisin ailəsi ilə birlikdə 12-ci mikrorayonda məcburi köçkünlər üçün tikilən yeni binaya köçmüşdür. 29.03.2021-ci il tarixdə, saat 19:30 radələrində o, qardaşının rəsmi həyat yoldaşı Könüllə evdə olarkən qardaşı İdrisin qeyri rəsmi yaşadığı Vüsalə qapını döymüşdür. Könül qapının gözlüyündən baxıb, Vüsalənin olduğunu görüb qorxaraq qapını açmamışdır. Belə ki, Vüsalə dəfələrlə onlara gəlib anası Dəstəgüllə mübahisə edib və anasını döymüşdür. Buna baxmayaraq Vüsalə qapını möhkəm döyməyə davam edib qapının dəstəyini qırıb həmin dəstəklə qapını cızmağa başlamışdır.Vüsalə onun anasının ünvanına təhqiramiz sözlər işlətməyə başlamışdır. Təxminən 5 dəqiqə sonra Könül qapının gözlüyündən baxaraq Vüsalənin Dəstəgülün üzərinə gedərək əl-qol atdığını, sifətinə yumruqla, ayağına təpiklə vurduğunu bildirmişdir. Həmin vaxt qonşuları Kəmalə qapılarını döyərək onları köməyə çağırmış, onlar bloka çıxarkən Vüsalə qaçıb getmişdir. O, anasının sol gözünün və sağ budunun göyərmiş vəziyyətdə olduğunu görmüşdür. Münaqişə vaxtı qapının gözlüyündən Könül baxdığı üçün o, yanlız səs-küy eşitmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının 30.03.2021-ci il tarixli, 338 saylı saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: “sol saidin aşağı 1/3-nin mil bilək oynağını tutan və hərəkətin çətinliyinə səbəb olan yumşaq toxumaların şişkinliyi qançırı, sol gözaltı nahiyyənin, sağ budun orta 1/3-nin qançırı, burnun 2 ədəd, sol əlin 4-cü barmağının 1 ədəd sıyrığı”. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdırlar, zərərçəkmişin müayinəsindən 1 gün əvvəl olmaqla qərarda göstərilən 30.03.2021-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Xəsarətlərin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün tam etiraf edici ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuş və törətdiyi cinayətə görə ona cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 29.04.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş materiallarında olan ailə tərkibi haqqında arayışdan və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqları- 24.06.2017-ci il təvəllüdlü X3 və 11.09.2013-cü il təvəllüdlü X4 vardır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinə əsasən, Təqsirləndirilən şəxs hgimayəsində iki azyaşlı uşağının olmasını, əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində islah işləri növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Zərərçəkmiş şəxs izah olunmalıdır ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ vardır. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 03 iyun 2021-ci il tarixli (iş № 1(060)-406/2021) qərarını icra edərək, 04 iyun 2021-ci il tarixli 514 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 5 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və o, qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmaqla 09 (doqquz) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs çəza çəkmənin əvvəli qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmağa başlandığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs izah olunsun ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ vardır. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 5 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar