Məhkəmə qərarları › İş №1(060)-408/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-408/2022

28.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-408/2022 28.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1984-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, subay, orta təhsilli, fərdi işlə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Şabran rayonu, Gəndob kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 03 (üç) ədəd gümüşü rəngli kağız bükümlərdə ümumi təmiz çəkisi 0,365 qram kustar üsulla hazırlanmış kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan psixotrop maddə metamfetamini əldə edib 0,064 qramını daşıyaraq üzərində, 0,095 qramını və 0,206 qramını icarə əsasında işlətdiyi Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən “Cavidan” adlanan kafedə gizlətməklə saxlamış, xx.xx.2021-ci il tarixdə, saat 18:20 radələrində Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 18-ci mikorayon ərazisində Məhəmməd Əsədov küçəsində saxlanılıb Polis Bölməsinə gətirilərək üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ arxa cibindən 01 (bir) ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,064 qram psixotrop maddə olan metamfetamin, eyni zamanda həmin tarixdə, saat 21:00 radələrində Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən “Cavidan” kafenin iş otağına keçirilmiş baxış zamanı çarpayıda olan döşəyin altında olan gümüşü rəngli qutunun içərisindən 01 (bir) ədəd gümüşü rəngli kağız bükümdə 0,095 qram və 01 (bir) ədəd gümüşü rəngli kağız bükümdə 0,206 qram psixotrop maddə olan metafetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər məhkum olunmadığını, heç bir psixi xəstəliyi olmadığını və fərdi işlə məşğul olduğunu bildirmişdir. 02 oktyabr 2021-ci il tarixdə təxminən saat 18:00 radələrində Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində Məhəmməd Əsədov küçəsində icarə əsasında işlətdiyi “Cavidan” kafesinə getdiyi zaman bir neçə nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Sonra isə ona Sumqayıt ərazisində baş vermiş oğurluq hadisələrinin törədilməsində iştirakının olub olmamasının müəyyən edilməsi ilə bağlı onu Sumqayıt ŞPİ-nin 4-cü PB-na dəvət etmişlər. O da polis əməkdaşlarına etiraz etməyərək birlikdə 4-cü Polis Bölməsinə gəlməyə razı olmuşdur. Üzərində olan narkotik vasitəni ata bilməyəcəyini və aşkar olunacağını bildiyi üçün yol gedən zaman könüllü üzərində narkotik vasitə olduğunu bildirmişdir. 4-cü PB-də ona şübhəli şəxs qismində tutulduğu bildirilmiş, hüquq və vəzifələrini izah etdikdən sonra vəkillərin siyahısı təqdim edilmişdir. O, həmin siyahıdan vəkil X1 hüquqlarını müdafiə etməsini istədiyini göstərmişdir. Daha sonra ona müdafiəçisi təqdim olunmuş, bundan sonra ona müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və o da buna etiraz etməmişdir. Sonra isə videoçəkiliş aparılaraq üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl ona üzərində qanunla qadağan olunmuş hər-hansı əşya varsa könüllü olaraq təqdim etməyi təklif olunmuşdur. O, həmin vaxt əynində olan qara rəngli şalvarın sağ arxa yan cibində saxlamış olduğu 01 (bir) ədəd gümüşü rəngli kağız bükümünü təqdim etmiş, polis əməkdaşları ondan bükümdə olan kütlələrin nə olduğunu soruşduqda o, gümüşü siqaret kağızında olan kütlənin narkotik vasitə olan “şüşə“ olduğunu, bir qismini işlətdiyi Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazindəki “Cavidan" kafesində saxladığını, həmin maddəni Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 (iyirmi) manata aldığıı, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra həmin 01 (bir) büküm onun və hüquqlarını müdafiə edən vəkilin iştirakı ilə elektron tərəzidə çəkilmiş və həmin maddə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin 128 saylı möhürü ilə möhürlənmişdir. Bundan sonra o, narkotik vasitənin bir hissəsini icarə əsasında işlətdiyi Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən “Cavidan” adlı kafedə saxladığını bildirdiyi üçün polis əməkdaşları ilə birlikdə baxış keçirilməsindən ötrü həmin ünvana getmişdir. Baxış keçirilməmişdən öncə o, ərizə ilə müraciət edərək icarə əsasında işlətdiyi kafeyə vəkilinin iştirakı ilə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Baxış keçirilməsindən əvvəl polis formasında olan şəxs tərəfindən qanunla qadağan olunmuş hər-hansı əşya varsa könüllü olaraq təqdim etməyi təklif olunmuşdur. O, kafedəki iş otağında yataqdakı döşəyin altında saxladığı 01 (bir) ədəd gümüşü rəngli, düzbucaqlı formasında olan qutunu təqdim etmişdir. Həmin qutu polis əməkdaşı tərəfindən açılmış, içərisindən 02 (iki) ədəd gümüşü rəngli siqaret kağızı bükümləri müəyyən olunmuşdur. O, həmin maddələri xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən aldığını, şəxsi istifadəsi üçün bir qismini üzərində, bir qismini işlətdiyi Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisindəki “Cavidan” kafesində saxladığını bildirmişdir. Polis əməkdaşları ondan boru formasında olan 01 (bir) manatlıq əskinası və gümüşü rəngli kağızdan nə məqsədlə istifadə etdiyini soruşduqda o, narkotik vasitəni çəkmək üçün istifadə etdiyini bildirmişdir. Kafedən aşkar olunmuş həmin maddələr elektron tərəziyə qoyulub çəkilmiş, psixotrop maddəyə bənzər kütlələr, boru formasında qatlanmış 01 (bir) manatlıq əskinas, gümüşü rəngli kağız Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün polis əməkdaşı tərəfindən götürülmüş və orada şərait olmadığından 4-cü PB-nə qablaşdırılması üçün aparılmışdır. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, 01 (bir) aydan qısa müddətdir ki narkotik vasitə istifadə edir. Ümumiyyətlə narkotik vasitə alqı-satqısı ilə məşğul olmamışdır. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq edilməmiş, Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsində təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış keçirilmədən öncə polis əməkdaşları onun üzərinə saxlanıldığı yerdə baxış keçirməmişdir, üzərindən aşkar olunmuş psixotrop maddə olan metamfetamini aldığı şəxsi tanımamış, həmin şəxslə təsadüfən Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanış olmuş, həmin şəxsin yaşadığı ünvanı, adını bilmədiyini, həmin şəxsin onda mobil nömrəsi olmadığını bildirmişdir. Əməlindən peşman olmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində, polis kapitanı rütbəsində xidmət aparır. xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ilə birlikdə xidmət apardıqları zaman həmin ərazidə bir nəfər şəxsin özünü şübhəli apardığını görmüşlər, həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər, həmin şəxsin özünü şübhəli apardığını bildirmişlər və Sumqayıt şəhəri ərazisində baş vermiş oğurluq hadisələrinin törədilməsində iştirakının olub olmamasını müəyyən etmək üçün həmin şəxsi Sumqayıt ŞPİ-nin 4-cü PB-nə dəvət etmişlər. Həmin şəxs də, heç bir müqavimət göstərmədən onlarla birlikdə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gəlməyə razı olmuşdur. Yolda üzərində narkotik vasitə olduğunu bildirmişdir. Bölmədə həmin şəxsin ünvan 1 ünvanında qeydiyyatda olmaqla Şabran rayonu, Gəndob kəndində yaşayan, xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuş, həmin bölmədə xidməti otaqların birində Neymətə hüqularının müdafiəsi üçün Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 təqdim olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş verilmiş, bildirişlə tanış olmuşdur. Həmin vaxt baş təhqiqatçı, polis polkovnik-leytenantı Rafiq Quliyev müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiricəyini bildirmişdir. Neymət buna etiraz etməmişdir. Həmin şəxsdən üzərində qeyri-qanuni nə varsa, təqdim etmək təklif olunmuşdur. Neymət əynində olan qara rəngli şalvarın sağ arxa yan cibində saxlamış olduğu 01 (bir) ədəd gümüşü rəngli bükümü təqdim etmişdir. Neymətdən həmin maddənin nə olduğu, haradan əldə etdiyi və nə məqsədlə üzərində gəzdirməsi soruşulduqda, Neymət həmin maddənin şüşə olduğunu, öz istifadəsi üçün üzərində gəzdirdiyini, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində olan zaman tanımadığı şəxsdən 20 (iyirmi) manata aldığını, narkotik vasitənin bir qismini işlədiyi Sumqayıt şəhəri, 18-ci mikrayon ərazisindəki “Cavidan” kafesindəki iş otağında saxladığını və həmin maddəni təqdim edə biləcəyini bildirmişdir. Aşkar olunmuş gümüşü rəngli siqaret kağızı bükümü açılan zaman ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddənin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərinə baş təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmiş və qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Ondan götürülmüş 01 (bir) ədəd gümüşü rəngli büküm tərəzidə çəkilmiş həmin 01 (bir) ədəd gümüşü rəngli büküm ekspertizaya göndərilməsi, Neymətin qeyd etdiyi Sumqayıt şəhəri, 18-ci mikrayon ərazisindəki “Cavidan” kafesindəki iş otağına baxış keçirilməsi üçün videoçəkiliş dayandırılmışdır. Neymət işlətdiyi kafeyə baxış keçiriməsinə etirazı olmaması barədə ərizə ilə müraciət edərək bildirdikdən sonra onlar xidməti avtomobillərinə əyləşmişlər və birlikdə Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində “Cavidan” kafesinin qarşısına getmiş və orada videoçəkiliş davam etdirilmişdir. Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş təhqiqatçısı, polis polkovnik-leytenantı Rafiq Quliyev yenidən özünü təqdim etmiş, baş təhqiqatçı Təqsirləndirilən şəxs 4-cü PB-də üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən aşkar olunmuş narkotik vasitənin bir qismini işlədiyi Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində “Cavidan” kafesində saxladığını bildirdiyini söyləmişdir. Təqsirləndirilən şəxs da bu xüsusatı təsdiq etmiş, həmin obyektin özünə məxsus olmadığını və icarəyə götürdüyünü qeyd etmişdir. Təqsirləndirilən şəxs, vəkili Mehdi Cəlalzadə və onlar birlikdə narkotik vasitəni təqdim etməsi üçün “Cavidan” kafeyə daxil olmuşlar. Neymət öz işlədiyi otağı onlara göstərmiş, Neymətə baş təhqiqatçı tərəfindən işlədiyi kafedə hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs özü kafedə yerləşən iş otağında boş zamanlarında istirahət üçün istifadə etdiyi çarpayıdakı döşəyin altında saxlamış olduğu 01 (bir) ədəd gümüşü rəngli düzbucaqlı fermasındakı qutunu təqdim etmişdir. Həmin qutu baş təhqiqatçı tərəfindən açılmış, qutunun içərisindən 02 (iki) ədəd gümüşü rəngli siqaret kağızı bükümləri aşkar olunmuşdur. Baş təhqiqatçı bu əşyaların nə olduğunu soruşduqda Neymət nar nömrənin özünə məxsus olduğunu, qızılı rəngli dəmir qolbağın bujiteriya olduğunu, 02 (iki) ədəd gümüşü rəngli siqaret kağızı bükümlərinin narkotik vasitə “şüşə” olduğunu, 01 (bir) manatlıq boru formalı qatlanmış əskinasdan narkotik vasitəni çəkmək üçün və gümüşü rəngli kağızdan isə narkotik vasitəni saxlamaq üçün istifadə etdiyini bildirmişdir. Aşkar olunmuş gümüşü rəngli siqaret kağızı bükümləri açılan zaman bükümlərdə ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddənin olduğu müəyyən edilmişdir. Həmin kütlələr tərəziyə qoyulub çəkilmişdir. Daha sonra Neymətin iş otağına baxış keçirilmiş və qanunla qadağan olunmuş əşya və predmet aşkar olunmamışdır. Sorğu zamanı Neymət həmin maddələri xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində olan zaman tanımadığı şəxsdən 20 (iyirmi) manata əldə etdiyini və öz şəxsi istifadəsi üçün saxladığını qeyd etmişdir. Həmin gümüşü rəngli, düzbucaqlı formalı qutu Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün baş təhqiqatçı tərəfindən orada şərait olmadığından götürülmüşdü və 4-cü PB-də qablaşdırılmışdır. Eyni zamanda o, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qarşı təziq göstərilməmiş, könüllü olaraq törətdiyi cinayət əməlini etiraf etmiş, Təqsirləndirilən şəxs həmin psixotrop maddə metamfetamini haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, Neymət həmin maddələri xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində olan zaman tanımadığı şəxsdən 20 (iyirmi) manata aldığını, narkotik vasitənin bir qismini işlətdiyi Sumqayıt şəhəri, 18-ci mikrayon, ərazisindəki “Cavidan” kafesindəki iş otağında saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı onlarda əməliyyat məlumatı olmamış, Təqsirləndirilən şəxs saxlanılarkən heç bir müqavimət göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 Həsən oğlu da Şərail Quluyevin ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə olan metamfetaminin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən görünür ki, polis forması geyimində olan Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş təhqiqatçısı, polis polkovnik-leytenantı Rafiq Quliyev özünü təqdim edir, sonra da qarşısında dayanmış şəxsdən özünü təqdim etməsini xahiş edir. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Bundan sonra digər 02 (iki) nəfər polis əməkdaşı da özlərini təqdim edirlər. Həmçinin həmin vaxt onların yanında olan 01 (bir) nəfər polis əməkdaşı da əlində olan video kamera ilə çəkiliş aparır. Baş təhqiqatçı X4 Balabəyova Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində olan zaman onun özünü şübhəli apardığını, Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkillərinin onun hərəkətlərinən şübhələnib ona yaxınlaşdıqlarını, Sumqayıt şəhəri ərazisində baş vermiş oğurluq hadisələrində iştirakının olub-olmamasının müəyyən edilməsi üçün Sumqayıt ŞPİ-nin 4-cü PB-nə dəvət olunduğunu və yolda onun üzərində narkotik vasitə saxladığını etiraf etdiyini bildirmişdir. Neymət bu xüsusatları təsdiq etmişdir. Baş təhqiqaçı tərəfindən ona üzərindən narkotik vasitənin aşkar olunması faktına görə üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparacağını bildirilir. O da etiraz etmir. Bölmədə xidməti otaqların birində Rafiq Quliyevə hüqularının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosundan vəkil X2 təqdim olunur. Daha sonra Neymətə hüquq və vəzifələri barədə bildiriş verilir, o da bildirişlə tanış olur. Həmin vaxt baş təhqiqatçı yenidən müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirir. Neymət də etiraz etmir. Ona üzərində qeyri-qanuni nə varsa, təqdim etməyi təklif edilir. Həmin şəxs əynində olan qara rəngli şalvarın sağ arxa yan cibində saxlamış olduğu 01 (bir) ədəd gümüşü rəngli bükümü təqdim edir. Neymətdən həmin maddənin nə olduğu, haradan əldə etdiyi və nə məqsədlə üzərində gəzdirməsi soruşulduqda, Neymət həmin maddənin“şüşə” olduğunu, öz istifadəsi üçün üzərində gəzdirdiyini, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində olan zaman tanımadığı şəxsdən 20 (iyirmi) manata aldığını, narkotik vasitənin bir qismini işlədiyi Sumqayıt şəhəri, 18-ci mikrayon, ərazisindəki “Cavidan” kafesindəki iş otağında saxladığını və həmin maddəni təqdim edə biləcəyini bildirir. Təqsirləndirilən şəxs üzərinə baş təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilir və qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilmir. Ondan götürülmüş 01 (bir) ədəd gümüşü rəngli büküm tərəzidə çəkilir və çəkisinin 0,15 qram olması müəyyən edilir. Həmin 01 (bir) ədəd gümüşü rəngli büküm ekspertizaya göndərilməsi və sənədləşdirmənin aparılması üçün videoçəkiliş dayandırılır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs işlədiyi Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində “Cavidan” kafesində axtarış aparılmasını əks etdirən diskə baxış keçirildikdə müəyyən olundu ki, Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində “Cavidan” kafesinin qarşısında Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş təhqiqatçısı, polis polkovnik-leytenantı Rafiq Quliyev yenidən özünü təqdim edir. Baş təhqiqatçı Təqsirləndirilən şəxs 4-cü PB-də üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən aşkar olunmuş narkotik vasitənin bir qismini işlədiyi Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində “Cavidan” kafesində saxladığını bildirdiyini söyləyir. Təqsirləndirilən şəxs da bu xüsusatı təsdiq edir, həmin obyektin özünə məxsus olmadığını və icarəyə götürdüyünü bildirir. Təqsirləndirilən şəxs, vəkili Mehdi Cəlalzadə və digər polis əməkdaşları ilə birlikdə narkotik vasitəni təqdim etməsi üçün “Cavidan” kafeyə daxil olurlar. Neymət öz işlədiyi otağı polis əməkdaşlarına göstərir və otaqda olarkən yenidən özünü təqdim edir. Ona işlədiyi kafedə hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs özü kafedə yerləşən iş otağında boş zamanlarında istirahət üçün istifadə etdiyi çarpayıdakı döşəyin altında saxlamış olduğu 01 (bir) ədəd gümüşü rəngli düzbucaqlı fermasındakı qutunu təqdim edir. Həmin qutu baş təhqiqatçı tərəfindən açılır, qutunun içərisindən 02 (iki) ədəd gümüşü rəngli siqaret kağızı bükümləri, 01 (bir) ədəd 01 (bir) manatlıq boru formalı qatlanmış əskinas, 01 (bir) ədəd gümüşü rəngli kağız, 01 (bir) ədəd qızılı rəngli dəmir qolbağı və 01 (bir) ədəd “nar” danışıq kartı aşkar olunur. Baş təhqiqatçı bu əşyaların nə olduğunu soruşduqda o, nar nömrənin özünə məxsus olduğunu, qızılı rəngli dəmir qolbağın bujiteriya olduğunu, 02 (iki) ədəd gümüşü rəngli siqaret kağızı bükümlərinin narkotik vasitə “şüşə” olduğunu, 01 (bir) manatlıq boru formalı qatlanmış əskinasdan narkotik vasitəni çəkmək üçün və gümüşü rəngli kağızdan isə narkotik vasitəni saxlamaq üçün istifadə etdiyini bildirir. Aşkar olunmuş 02 (iki) ədəd gümüşü rəngli siqaret kağızı bükümləri açılan zaman bükümlərdə ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddənin olduğu müəyyən edilir. Həmin kütlələr tərəziyə qoyulub çəkilən zaman çəkilərinin 0,24, 0,11 və ümumilikdə 0,40 qram olması müəyyən olunur. Daha sonra onun iş otağına baxış keçirilir və qanunla qadağan olunmuş əşya və predmet aşkar olunmur. Sorğu zamanı o, həmin maddələri dünən axşam yəni. xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində olan zaman tanımadığı şəxsdən 20 (iyirmi) manata əldə etdiyini və öz şəxsi istifadəsi üçün saxladığını qeyd edir. Həmin gümüşü rəngli, düzbucaqlı formalı qutu gümüşü Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün baş təhqiqatçı tərəfindən orada şərait olmadığından 4-cü PB-də qablaşdırılması üçün götürülür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə fiziki kimyəvi ekspertizasının xx.xx.2021ci il tarixli, 6/4355 N°li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” yazısı olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,064 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs işlətdiyi kafedən aşkar olunmuş...” yazısı olan zərfdəki 02 ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkisi 0,095qr, 0,206qr, ümumi çəkisi 0,365 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi-0,365 qram, tədqiqata sərf edildi: 0,06 qram, qalıq-0,305 qram. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 5227 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetaminin istifadə etmək halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomanoya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ilkin çəkisi 0,365 qram olan, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,305 qram psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlama otağına təhvil verilmşdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın və Təqsirləndirilən şəxs işlədiyi yerdə axtarış aparıldığı video görüntüləri özündə əks etdirən 02 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanser tərəfindən verilmiş 3895 nömrəli, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 9 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Sumqayıt MTE və PA şöbəsinin 1310 nömrəli, xx.xx.2021-ci il tarili rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar edilməmişdir. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini səmimi etiraf etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün etirafedici ifadəsi və şahidin ifadəsi ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 25 (iyirmi beş) saat sərf etmişdir. Ona görə də, 150 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixdək həbsdə 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan ilkin çəkisi 0,365 qram olan, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,305 qram psixotrop maddə olan metamfetamin məhv edilməli, iş üzrə maddi sübut olan 02 (iki) ədəd DVD-R formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 114.00 (bir yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixdək həbsdə olduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şabran rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Şabran rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Şabran rayonu, Gəndob kəndi ünvanını tərk etməmək, Şabran rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,305 qram psixotrop maddə olan metamfetamin məhv edilsin. İş üzrə maddi sübut olan 02 (bir) ədəd DVD-R formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 114.00 (bir yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE**********0002088501 saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 150 (bir yüz əlli) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar