Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-41/2024 17.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Onun müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında xx.xx.1984-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvələr məhkum olunmamış, ali təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə X5 Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən məscidin yaxınlığında 02 (iki) sot torpaq sahəsi satacağına yalan vəd verib aldatmaqla vahid niyyətlə əhatə olunan qəsdlə 2022-ci ilin may və iyun ayları ərzində Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, Mehdi Hüseynzadə adına stadionun yaxınlığında 5000 (beş min), 1000 (bir min) və 1500 (bir min beş yüz) manat, cəmi 7500 (yeddi min beş yüz) manat məbləğində pulu alaraq ələ keçirməklə zərərəçəkmiş şəxs R.Bəylərova xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, X7 qohumudur, onunla həmişə yaxşı münasibəti olmuş, ədavət və ya düşmənçiliyi olmamışdır. 2022-ci ilin may ayında işləmədiyindən və maddi imkanı yaxşı olmadığına görə qərara gəlmişdir ki, Rafiqi aldadıb ondan pul alsın, daha sonra qaytarar. Bu məqsədlə də Rafiqlə söhbət zamanı sonuncuya Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən məscidin yaxınlığında özünə məxsus 02 (iki) sot torpaq sahəsinin olduğunu və həmin sahəni 7500 (yeddi min beş yüz) manata satmaq istədiyini demişdir. Rafiq isə onunla razılaşmış və həmin pulu ona hissə-hissə verəcəyini demişdir, o da Rafiqlə razılaşmışdır. Aralarında olan razılaşmaya əsasən 15 may 2022-ci il tarixdə o, Rafiqlə Sumqayıt şəhəri, Mehdi Hüseynzadə adına stadionun yaxınlığında görüşərək sonuncudan 7500 (yeddi min beş yüz) manat pulu almışdır. Həmin pulu şəxsi ehtiyaclarına xərcləmiş və borclu olduğu başqa şəxslərin borcunu qaytarmışdır. Rafiq isə sonradan onu sıxışdıraraq torpaq sahəsi barədə aralarında Rafiqdən vaxt istəmişdir ki, pulunu qaytarsın. Sonradan Rafiq onu aldatdığını başa düşüb ondan pulunu tələb etməyə başlamışdır. O isə Rafiqə qısa müddət ərzində pulunu qaytaracağını demişdir. Raifq isə ondan kağıza pul alması barədə qeydlər edib imza etməsini istəmişdir. O da kağıza yazmışdır ki, "15 may 2022-ci ildə X2 ona Sumqayıt şəhəri, Corat qəbirstanlığının yaxınlığında 02 (iki) sot torpaq sahəsi satmaq adı ilə 7500 (yeddi min beş yüz) manat məbləğində pul almışam, lakin həmin pulu ehtiyacım olduğu üçün şəxsi məqsədlərimə sərf etmişəm və Rafiq Bəylərova torpaq sahəsi verməmişəm. Buna görə də mən Rafiq Bəylərovdan aldığım pulu qaytarmalıyam. Söz verirəm ki, pulu 2022-ci ilin dekabr ayının sonuna kimi qaytaracağam. Əgər qaytarmasam cinayət məsuliyyəti daşımağa hazıram. İltizamı özüm yazdım, mənə heç bir təziq göstərilmədi və doğruluğunu imzamla təsdiq edirəm”. Sonra isə həmin kağıza imza edib Rafiqə vermişdir. 25 yanvar 2023-cü il tarixdə 2000 (iki min) manat pul düzəldərək Rafiqlə əlaqə saxlayıb sonuncuya həmin pulu vermək istədiyini demişdir. Rafiq isə ona bank kartı göndərərək pulu həmin karta köçürməsini istəmiş, o da pulu Rafiqin göndərdiyi karta köçürmüşdür. 10 fevral 2023cü il tarixdə isə Rafiqlə Sumqayıt Şəhər Məhkəməsinin yaxınlığında görüşmüşdür. Rafiqin avtomobilində kağıza Rafiqdən almış olduğu 7500 (yeddi min beş yüz) manat puldan 2000 (iki min) manat pulu qaytarması, eləcə də qalan 5500 (beş min beş yüz) manat pulu 10 (on) gün müddətində qaytaracağı barədə qeyd edib imzalayaraq Rafiqə vermişdir. Hazırda da maddi imkanı yaxşı olmadığından Rafiqə verməli olduğu pulu verə bilməmiş, lakin həmin pulu qısa müddət ərzində sonuncunun ailə üzvlərinə qaytaracağına söz vermişdir. Rafiqdən 7500 (yeddi min beş yüz) manat pulu sonuncuya torpaq sahəsi satacağı adı ilə almışdır. O, zərərçəkmiş şəxsə dəyən maddi ziyanı ödəmişdir. Zərərçəkmiş şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını və əməlindən peşman olmasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs X4 hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır, onunla ədavət və ya düşmənçiliyi olmamışdır. X6 atasıdır, sonuncu 26 iyun 2023-cü il tarixdə beyin ödemi xəstəliyindən vəfat etmişdir. Atası Sumqayıt şəhəri ərazisindən torpaq almaq istəmişdir. Təxminən 2022ci ilin may ayında İsgəndər atasına Sumqayıt şəhəri, Corat qəsəbəsində, məscidin yanında özünə məxsus 02 (iki) sot boş torpaq sahəsi olduğunu, pul lazım olduğu üçün ümumilikdə 7500 (yeddi min beş yüz) manata satdığını demişdir. Atası da İsgəndərlə razılaşıb həmin torpaq sahəsini almaq istəmişdir. Buna görə də atası Rafiq 2022-ci ilin may və iyun ayları ərzində İsgəndərə üç dəfəyə, ilk olaraq 5000 (beş min) manat, sonra 1000 (bir min) manat, daha sonra isə 1500 (bir min beş yüz) manat, ümumilikdə 7500 (yeddi min beş yüz) manat pul vermişdir ki, həmin torpaq sahəsini alsın. Atasının həmin pulları dəqiq olaraq harada verməsini bilməmişdir. İsgəndər atası Rafiqə demişdir ki, qısa müddət ərzində torpaq sahəsi atasının adına sənədləşəcəkdir. Sonradan isə atası həmin ərziyə getmiş və həmin yerdə boş torpaq sahəsi olmadığını görmüşdür. Ona görə də, İsgəndərin onu aldatdığını başa düşmüşdür. Atası Rafiq dəfələrlə onların yanında İsgəndərdən pulunu tələb etdikdə, sonuncu pulu öz ehtiyyaclarına xərclədiyini deyib qaytaracağını bildirərək yenədə yalan vədlər vermişdir. Sonradan isə ona məlum olmuşdur ki, İsgəndər atasına 2000 (iki min) manat pul qaytarmış, 5500 (beş min beş yüz) manat pulu isə qaytarmamışdır. Atasının İsgəndərə pul verməsini görməsə də, bu barədə atası Rafiq özü evdə onlara danışıb məlumat vermişdir. Anası Şahid bu iş üzrə şahiddir. O, yataq xəstəsi olduğu üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini demişdir. Halhazırda təqsirləndirilən şəxs ilə barışmışdır, onun tərəfindən onlara dəyən maddi ziyan ödənilmişdir. Ona görə də, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan zərərçəkmiş şəxs X4 hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəymiş maddi ziyan tam şəkildə təqsirləndirilən şəxs tərəfindən ödənildiyi üçün onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclası zamanı ifadəsi elan edilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində zərərçəkmiş şəxs X4 hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək anoloji ifadə vermişdir. İş materiallarında olan Şahid məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, səhhəti ilə bağlı məhkəmədə iştirak edə bilmir, Təqsirləndirilən şəxs onlara olan borcunu tam şəkildə ödəmişdir, barışmışlar, heç bir şikayəti yoxdur. Polisə verdiyi ifadəni imzası ilə təsdiq edir və məhkəmə prosesini onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş materiallarında olan “Baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş 02 vərəqədə əlyazma nümunəsindən görünür ki, “İltizam” başlıqlı 01 vərəqədə əlyazma nümunəsinə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, əlyazmada “Mən Təqsirləndirilən şəxs bildirirəm ki, 15 ay 2022-ci ildə X2 ona Sumqayıt şəhəri, Corat qəsəbəsində 02 sot torpaq sahəsi satmaq adı ilə 7500 manat məbləğində pul almışam, lakin həmin pulu ethtiyacım olduğu üçün öz şəxsi məqsədimə sərf etmişəm və R.Bəylərova torpaq sahəsini verməmişəm. Buna görə də R.Bəylərovdan aldığım pulu qaytarmalıyam. Söz verirəm ki, 2022-ci ilin dekabr ayının sonuna kimi qaytaracam, əgər qaytarmadığım üçün cinayət məsuliyyəti daşımağa hazıram. İltizamı özüm yazdım, mənə heç bir təzyiq göstərilmədi və doğruluğunu imzamla təsdiq edirəm. AA*******. İmza....{.İsgəndərov” qeyd olunmuşdur. Bundan başqa 01 vərəqədə əlyazma nümunəsinə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, əlyazmada “Mən Təqsirləndirilən şəxs Bəylərov Rafiqdən torpaq məqsədi ilə 7500 almışam. xx.xx.2023-cü ildə 2000 (iki min manat) qaytardım kart vasitəsilə ödədim qalan 5500 manatı (beş min beş yüz manat) 10 gün müddətinə qaytaracam. xx.xx.2023. İmza....İsgəndərov. İmza...Bəylərov Rafiq” qeyd olunmuşdur. Baxış zamanı Rafiq Bəylərov həmin əlyazmaların Təqsirləndirilən şəxs tərəfindən öz xətti ilə yazılaraq ona verildiyini bildirmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 25.03.203-cü il tarixli qərardan görünür ki, X7 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan şübhəli şəxs qismində tanınması, barəsində axtarış elan edilməsi və tutulub MSY-nə təhvil verilənədək cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan barəsində axtarış elan edilmiş və saxlanıldıqda Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 4-cü PB-nin xx.xx.2023-cü il tarixli məktubundan və həmin tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. İş materiallarında olan cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-775/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə hazırlıq iclaslarına gəlmədiyi üçün barəsində həbssiz axtarış elan edilmiş və tutulduqda Sumqayıt Şəhər Məhkəməsinə gətirilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 4-cü PB-nin xx.xx.2023-cü il tarixli məktubundan və həmin tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saxlanılmış və Sumqayıt Şəhər Məhkəməsinə təhvil verilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-41/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə baxış iclaslarına gəlmədiyi üçün barəsində həbssiz axtarış elan edilmiş və tutulduqda Sumqayıt Şəhər Məhkəməsinə gətirilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 4-cü PB-nin xx.xx.2024-cü il tarixli məktubundan və həmin tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saxlanılmış və Sumqayıt Şəhər Məhkəməsinə təhvil verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2023-cü il tarixdə beyin ödəmindən vəfat etmişdir. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs X4 ölməsi ilə əlaqədar onun hüquqi varisi kimi tanınmışdır. İş materiallarında olan Sumqayıt Mənzil Kommunal X1 5 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, əməlini etiraf etməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi müəyyən edildi. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidin ifadələrini dinləyərək iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, o həmin maddə üzrə təqsirli bilinib cinayət cəzası daşımalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 178.2.4cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərdə tutulduğu 04 (dörd) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 08 (səkkiz) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı və iş üzrə maddi sübut olan zərərçəkmiş şəxs X4 təqdim etdiyi 02 (iki) vərəqədə Təqsirləndirilən şəxs tərəfindən yazılmış əlyazma cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur və əmlak üzərinə həbs qoyulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərdə tutulduğu 04 (dörd) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 08 (səkkiz) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan zərərçəkmiş şəxs X4 təqdim etdiyi 02 (iki) vərəqədə Təqsirləndirilən şəxs tərəfindən yazılmış əlyazma cinayət işinin materiallarında saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 30, mənzil 24 ünvanı tərk etməmək, Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ******************** VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-41/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-41/2024
17.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver