Məhkəmə qərarları › İş №1(060)-410/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-410/2022

20.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-410/2022 20.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1984-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Sumqayıt şəhər məhkəməsinin 1(060)-140/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt şəhəri 5-ci məhəllə ev 19/28, mənzil 20-də qeydiyyatda olan, Sumqayıt şəhəri Corat qəsəbəsi 72-ci məhəllə ev 18də yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,932 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə, saat 00:20-də ünvan 1 ünvanın qarşısında Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq, Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilmiş və orada üzərinə şəxsi axtarış aparılarkən əynindəki qara rəngli cins şalvarının sağ cibindən 01 ədəd şəffaf polietilen sellofana bükülmüş təmiz çəkisi 0,932 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq, götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə, saat 00:20-də Sumqayıt şəhəri, Corat qəsəbəsi 72-ci məhəllə, ev 18 ünvanının qarşısında olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər, o da özünü təqdim etmişdir. Həmin vaxt onlar onu narkotik vasitələrin qəbulunda, üzərində gəzdirməsində şübhəli olduğu üçün saxlanıldığını demişlər, ona üzərində şəxsi axtarış keçirilməsi üçün Sumqayıt ŞPİ-nin 1-ci PB-yə dəvət etmişlər, o da etiraz etməyərək onlarla birlikdə həmin bölməyə getmişdir. Orada xidməti otaqların birində videoçəkiliş aparılaraq ona hüquq və vəzifələri barədə bildiriş təqdim olunmuşdur. O həmin bildirişlə tanış olmuş, daha sonra ona hüquqlarının müdafiə edilməsi üçün vəkil təqdim edilmiş, o vəkilə etiraz etməmişdir. Bundan sonra ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın olub-olmaması soruşulub, onu təqdim etmək təklif olunmuşdur. O da əynində olan qara rəngli cins şalvarının sağ cibində saxlamış olduğu 01 ədəd polietilen sellofan bükümdə olan narkotik vasitə heroini onlara təqdim etmiş, ondan həmin narkotiki haradan əldə etdiyini soruşduqda, həmin narkotik vasitə olan heroini 1 gün əvvəl, yəni xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 20 yanvar metrosunun yaxınlığında olarkən üzdən tanıdığı, təsadüfən tanış olduğu, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi bir nəfər şəxsdən, şəxsi istifadəsi üçün 10 manata aldığını demişdir. Üzərindən aşkar olunan həmin narkotik vasitə olan heroin tərəzidə çəkilərək, zərfdə qablaşdırılmış, daha sonra müvafiq sənədləşmə aparılmış və o da həmin sənədlərlə tanış olaraq, sənədlərə imza etmişdir. Narkotik vasitəni aldığı şəxsin adını və digər anket məlumatlarını bilməmiş, onunla təsadüf nəticəsində tanış olmuş, narkotik vasitəni əldə etmək üçün tanımadığı şəxsə vermiş olduğu 10 manat məbləğində pul onun özünə məxsus olan pul olmuş, həmin narkotik vasitəni öz istifadəsi üçün almışdır. Həmin narkotik vasitəni almaqda ona kömək edən olmamışdır, bunu tək etmişdir. Narkotik vasitəni şəxsi istifadəsi üçün almış heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Əməlindən peşmandır. Ailəlidir və 2 azyaşı övladı var. Məhkəmədən qeyd edilənlərin nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı X4 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində Orxan adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında xx.xx.2022-ci il tarixdə, saat 00:20-də sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs ünvan 3 ünvanın qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PByə gətirilmişdir. Orada xidməti otaqların birində Sumqayıt ŞPİ-nin KTB-nin inspektorkriminalisti tərəfindən videokamera işə salınaraq Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl bölmənin təhqiqatçısı, polis mayoru Faiq Mirzəyev özünü təqdim edərək, ona da özünü təqdim etməsini xahiş etmiş, o da özünü təqdim etmişdir. Onlar da özlərini təqdim etmişlər. Bundan sonra təhqiqatçı Faiq Mirzəyev ona daxil olmuş əməliyyat məlumatına əsasən qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi üçün saxlanılıb idarəyə gətirildiyini bildirib, hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsi üçün vəkili Səadət Vəliyevanı təqdim etmiş, Təqsirləndirilən şəxs bildirişlə tanış olaraq, vəkilinə etiraz etməmişdir. Daha sonra videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif olunmuş, o da əynində olan qara rəngli cins şalvarının sağ cibindən 01 ədəd şəffaf polietilen sellofana bükülmüş narkotik vasitə olan heroini təqdim etmiş, ondan həmin narkotiki vasitə olan heroini haradan əldə etdiyi soruşulduqda, o da həmin narkotik vasitə olan heroini 1 gün əvvəl, yəni xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 20 yanvar metrosunun yaxınlığında olarkən üzdən tanıdığı, təsadüfən tanış olduğu, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi bir nəfər şəxsdən, şəxsi istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Həmin vaxt onun üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin tərəzidə çəkilərək, qablaşdırılmış, daha sonra sənədləşdirilmə aparılmış, o da tərtib olunmuş protokola imza etmişdir. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən təziq göstərilməmişdir, o, könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən heç bir müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin polis kiçik inspektoru polis baş serjantı Şahid3 şahid X4 ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İşdə olan “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçı, polis mayoru Faiq Mirzəyev tərəfindən şübhəli şəxs qismində tutularaq, Sumqayıt ŞPİ-nin MSY-yə təhvil verilmişdir.(i.v 17) İşdən görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır.(i.v.67-68) İş materiallarında olan Azərbaycan Respublikası ƏN-nin MEM-i tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/340 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün № 125” dairəvi möhür əksi və “Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə; imza Təqsirləndirilən şəxs; Vəkil-Səadət Vəliyeva-imza” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfin içərisində şəffaf polietilen bükümdəki təmiz çəkisi – 0,932 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir.(i.v 33-37) İş materiallarında olan “Şəxsi axtarışın keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, 00:20-də Sumqayıt şəhəri Corat qəsəbəsi 72-ci məhəllə ev 18 ünvanının qarşısında Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-nə mişdir. Təqsirləndirilən şəxs PB-nə gətirildikdən sonra inspektorkriminalist rəqəmsal tipli “Panasonic” markalı videokameranı işə salmış və iştirakçılarla birlikdə həmin tarixdə, saat 00:50-də PB-də, xidməti otaqların birində onun üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və vəkili X3 təqdim olunmuş, daha sonra isə çəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olubolmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli cins şalvarın sağ cibində saxlamış olduğu 1 ədəd polietilen selofana bükülmüş bükümü təqdim etmiş, həmin büküm açılmış, bükümün içərisində qəhvəyi rəngli narkotik vasitə olan “heroin”ə bənzər maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddənin narkotik vasitə olduğunu, həmin maddəni Bakı şəhəri, 20 yanvar metrosu ərazisində tanımadığı şəxsdən 10 manata bir gün əvvəl aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirnişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd selofana bükülmüş büküm tərəziyə qoyulub çəkilən zaman həmin maddənin selofanla birlikdə çəkisinin 0.95 qram olduğu müəyyən olunmuş və həmin maddə Azərbaycan Respublikası ƏN-nin MEMnə hgöndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİNnin 125 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman video çəkilişdən istifadə olunmuş və video çəkilişin müddəti saat 00:50 dən, 00:56-dək davam etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun üzərindən başqa predmet aşkar edilməmişdir. Eyni zamanda şəxsi axtarış zamanı istifadə olunmamış “Panasonic” markalı mobil Cihazın videokamerası ilə həkk olunmamış video çəkiliş diskə köçürüldü və “HP” markalı kompyuterdə baxıldıqdan sonra tərtib olunmamış protokola əlavə edilmişdir. (i.v 22-23) İş materiallarında olan “Diskə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində Orxan adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə daxil olmuş məlumat əsasında həmin gün saat 00:20-də ünvan 3 ünvanın qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-yə gətirilmiş və orada xidməti otaqların birində Sumqayıt ŞPİ-nin KTB-nin inspektorkriminalisti tərəfindən videokamera işə salınaraq sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl bölmənin təhqiqatçısı, polis mayoru Faiq Mirzəyev özünü təqdim edərək, ona da özünü təqdim etməsini xahiş edir, o da özünü təqdim edir. Polis əməkdaşları da özlərini təqdim edir. Bundan sonra təhqiqatçı Faiq Mirzəyev ona daxil olmuş əməliyyat məlumatına əsasən qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi üçün saxlanılıb idarəyə gətirildiyini bildirib, hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsi üçün vəkili Səadət Vəliyevanı təqdim edir, Təqsirləndirilən şəxs bildirişlə tanış olaraq, vəkilinə etiraz etmir. Daha sonra videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif olunur. O da əynində olan qara rəngli cins şalvarının sağ cibindən 01 ədəd şəffaf polietilen sellofana bükülmüş narkotik vasitə olan heroini təqdim edir. Ondan həmin narkotiki vasitə olan heroini haradan əldə etdiyi soruşulduqda, o da həmin narkotik vasitə olan heroini 1 gün əvvəl, yəni xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 20 yanvar metrosunun yaxınlığında olarkən üzdən tanıdığı, təsadüfən tanış olduğu, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi bir nəfər şəxsdən, şəxsi istifadəsi üçün 10 manata aldığını bildirir. Həmin vaxt onun üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin tərəzidə çəkilərək, qablaşdırılır. Bundan sonra videoçəkiliş dayandırılmışdır. (i.v.76-78) İş materiallarında olan Azərbaycan Respublikası SN-nin Respublika Narkoloji Mərkəzi X7 tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 828 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.104-105) Cinayət işi üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 0,832 qram narkotik vasitə olan heroinin saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 01 ədəd DVD-R formatlı disk cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Beləliklə, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 113) İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və Sumqayıt şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi təqsirini səmimi etiraf etməsi, əməlindən peşman olması və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində 01 azyaşlı övladının, yəni xx.xx.2008-ci il təvəllüdlü Murad Abdullayevin olması onun cəzasını yüngülləşdirən hal kimi müəyyən edimişdir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində—onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasının əvvəli 19 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 114 (bir yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut-Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq 0,832 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, əməliyyat-axtarış tədbirini özündə əks etdirən 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 16 (on altı) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 96 (doxsan altı) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 19 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın və ona narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs cəmi 114 (bir yüz on dörd) məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut-Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq 0,832 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, əməliyyat-axtarış tədbirini özündə əks etdirən 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 96 (doxsan altı) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına köçürülsün. («Kapital Bank» 1 saylı Sumqayıt filialı hesab AZ09AİİB******************** VÖEN **********). Hökmdən, elan olunduğu andan 20 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar