Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-411/2024 03.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Rafiq oğlunun sədrliyi, Bəşirov Şahin Məmmədsala oğlunun katibliyi ilə, Dövlət ittihamçısı X1, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə, xx xxxxx 2003-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq ünvan 2 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İş üzrə Təqsirləndirilən şəxs stintaqa məlum olmayan vaxta və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan tünd qəhvəyi rəngli kustar üsulla hazırlanmış ümumilikdə 03 bükümdə təmiz çəkisi 1.742 qram narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində və yaşadığı evdə saxlamış, 28 fevral 2024-cü il tarixdə saat 17:30-da Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən narkotik vasitələri istifadə etməsi və üzərində gəzdirməsində şübhəli olması ilə bağlı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində, 6 saylı tam orta məktəbin qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nin 2-ci PBnin inzibati binasına gətirilmiş və onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ iç cibində saxlamış olduğu 02 ədəd kağız bükümdə təmiz çəkiləri 0.664 qram və 0.450 qram narkotik vasitə heroin, daha sonra əməliyyat axtarış tədbirlərinin davamı olaraq həmin günü saat 19:30 Sumqayıt şəhəri,H.Z.Tağıyev qəsəbəsi, X7 küçəsi ev 98-də yaşadığı mənzilə keçirilmiş baxış zamanı yataq otağından 01 bükümdə təmiz çəkisi 0.628 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, o, bir neçə ildir ki, narkotik vasitə heroin qəbul edir və bununla əlaqədar o, narkomaniya xəstəliyinə düçar olmuşdur. Belə ki, xx.xx.2024-cü il tarixdə saat 17:30 radələrində o, Sumqayıt şəhər, H.Z.Tağıyev qəsəbəsi, 6 saylı tam orta məktəbin qarşısında olarkən mülki geyimdə olan şəxslər ona yaxınlaşmış və özlərini polis əməkdaşı kimi təqdim edərək ona narkotik vasitələrin istifadəsində şübhəli olduğunu və bu səbəbdən onlarla birlikdə Sumqayıt ŞPİ-nin 2-ci PB-nə getməyə dəvət etmişlər. Bölmədə xidməti otaqların birində video çəkilişlə və vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, lakin bundan əvvəl ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra o, əynində olan şalvarının sağ iç cibində saxladığı iki büküm narkotik maddəni çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, lakin heç bir şey aşkarlanmamışdır. Üzərindən aşkar olunmuş bükümlər elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq möhürlənmişdir. Sorğu zamanı o, üzərindən aşkar edilmiş maddənin narkotik vasitə heroin olduğunu, həmin heroini tutulmamışdan 10 gün əvvəl Bakı şəhəri, 20 Yanvar metrosu yaxınlığında tanımadığı şəxsdən 50 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini və bundan başqa yaşadığı evdə də 1 büküm olduğunu bildirmişdir. Bununla əlaqədar polis əməkdaşları tərəfindən onun yaşadığı evə baxış keçirilməli olduğunu bildirmişlər. O, yaşadığı evə baxış keçirilməsinə etiraz etməmişdir. Daha sonra o, polis əməkdaşları ilə birlikdə yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, X8 küçəsi, ev 98 ünvanına getmiş və içəri daxil olaraq sol tərəfdə yerləşən ona məxsus yataq otağını göstərərək narkotik maddəni həmin otaqda saxladığını göstərmişdir. Polis əməkdaşları evdə axtarış apararaq evdə olan oturacağın üzərindəki sarı rəngli örtüyün altından bir büküm narkotik vasitə heroin aşkar edərək götürmüşlər. Həmin büküm tərəzidə çəkilərək, qablaşdırılmışdır. Hazırda o, etdiyi əməldən peşman olduğunu, qardaşının da qanunsuz narkotik vasitələrin istifadəsində təqsirli bilinərək məhkum edilməsini və bu səbəbdən anasının tək qalmasını nəzərə alaraq onun barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 vermiş olduğu ifadəsində göstərmişdir ki, o, Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. Belə ki, Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbulu və üzərində gəzdirməsi ilə bağlı qərəzsiz mənbədən ona əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı o, daxil olmuş məlumatı bölmə rəhbərliyinə məruzə etdikdən sonra, əməliyyat qrupu yaradılmışdır. Qrupda onunla bərabər 2-ci PB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid2, kiçik inspektor Şahid3 oğlu da iştirak etmişdir. Bölmə rəhbərliyi tərəfindən müvafiq təlimat aldıqdan sonra, həmin günü əməliyyat qrupunun üzvləri olaraq birlikdə Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün, əməliyyataxtarış tədbiri keçirilmiş və Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, 6 saylı tam orta məktəbin qarşısında onun piyada hərəkət etdiyini müəyyən etmişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmiş və üzərində narkotik vasitələrin saxlanılmasında şübhəli olduğunu bildirərərk onu Sumqayıt ŞPİ-nin 2-ci PB-nə dəvət etmişlər. Bölmədə xidməti otaqların birində videoçəkiliş aparılmaqla, müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Hətta baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya və ya maddə varsa könüllü sürətdə təqdim etməsi təklif olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ iç cibindən 2 ədəd gümüşü rəngli kağız bükümü çıxararaq təqdim etmiş və həmin bükümün içərisində toz şəkilli qəhvəyi rəngli maddə olması aşkar olunmuşdur. Həmin bükümlər elektron tərəzidə çəkilmiş və ekspertizaya təqdim edilməsi üçün kağız paketdə qablaşdırılmış və paketin üzəri möhürlənmişdir. Daha sonra sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə heroin olduğunu bildirmiş və bununla əlaqədar o, yaşadığı evə baxış keçirilməsinə etriaz etmədiyini bildirmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanına getmişlər. Təqsirləndirilən şəxs yataq otağında köhnə oturacağın üzərindən 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş narkotik vasitə heroinə bənzər kütləni təqdim edərək həmin kütlənin heroin olduğunu bildirmişdir. Həmin büküm sonradan bütün iştirakçıların gözü önündə elektron tərəzidə çəkilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar olunmuş narkotik vasitə heroinlərin ona məxsus olduğunu, öz istifadəsi üçün üzərində və evində saxladığını, həmin heroin bükümlərini tutulmamışdan 10 gün əvvəl Bakı şəhərində 20 Yanvar metrosu yaxınlığında tanımadığı şəxsdən 50 manata aldığını bildirmişdir. Aşkar olunmuş narkotik vasitələr qablaşdırılmış və protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və məhkəməyəqədər icraat zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında dindirilmiş Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 29 fevral 2024-cü il tarixli 3-16- 16/2-6/1212 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün No 126 dairəvi möhür əksi, “saxlanılan şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan 02(iki) ədəd zərfdə, ümumilikdə 3(üç) ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 0.450 qram, 0.664 qram və 0.628 qram, ümumi təmiz çəkisi 1.742 qram olan tünd qəhvəyi rəngli tozşəkili maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 06 mart 2024-cü il tarixli 1510 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən və Tərtər Hərbi Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.1- maddəsi ilə təqsirli bilinərək 04 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzası təyin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Tərtər Hərbi Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli hökmü Təqsirləndirilən şəxs təyin edilmiş cəza hissəsində dəyişdirilərək ona həmin maddə ilə təqsirli bilinib 300 manat miqdarında cərimə cəzası təyin edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Şirvan Apelyasiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə X4 Azərbaycan Respublikası CM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə cəzasına məhkum edilmiş və o, qeyd olunan cərimə cəzasını ödəməmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin xx.xx.2024-cü il tarixli 58-2/-5004 saylı məktubundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 13 may 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs məhkəmədən yayındığı üçün barəsində həbsli axtarış elan edilmiş və o, xx.xx.2024-cü il tarixdə bölmənin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-nin X3 təhvil verilmişdir. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dindirib, iş materiallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq, təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, həmçinin yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilən sübutlara əsaslanaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və həmin maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası hədləri daxilində ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən, təqsirkarın şəxsiyyətini, törətmiş olduğu əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Həmçinin, məhkəmə hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 fevral 2024-cü il tarixdən 01 mart 2024-cü il tarixədək tutulduğu müddət ona təyin edilmiş azadlıqdn məhrumetmə cəzasına bir günə bir gün hesabı ilə hesablanmaqla üzərində qəti cəza müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda iş materiallarından görünür ki, təqsirləndirilən şəxs Əzizov X2 Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə ona təyin edilmiş 300 (üç yüz) manat cərimə cəzasını icra etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təyin edilib ödənilməmiş 300 (üç yüz) manat məbləğində cərimə cəzası hökmlərin məcmusu üzrə bu hökmlə təyin olunan cəzaya tam birləşdirilməli və təyin edilmiş cəzalar müstəqil icra olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. İş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 1,592 qram təşkil edən narkotik vasitə heroin qanuna müvafiq qaydada məhv edilməlidir. İş üzrə məhkəmə xərci olan 114 (yüz on dörd) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Azərbaycan Respublikası CPM-in 198.1-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs üzərinə qoyularaq ondan tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də 60 (altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nın 351-354, 356 və 358-ci maddələrini rəhbər tutub, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 fevral 2024-cü il tarixdən 01 mart 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəza Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təyin edilib ödənilməmiş 300 (üç yüz) manat məbləğində cərimə cəzası ilə hökmlərin məcmusu qaydasında tam birləşdirilsin və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə və 300 (üç yüz) manat məbləğində cərimə cəzaları saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən təyin edilmiş cərimə cəzası müstəqil icra olunsun. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 1,592 qram təşkil edən narkotik vasitə heroin qanuna müvafiq qaydada məhv edilsin. İş üzrə məhkəmə xərci olan 114 (yüz on dörd) manat məbləğində ekspertiza tədqiqatının dəyəri məhkum Təqsirləndirilən şəxs üzərinə qoyularaq ondan tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə isə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına ödənilsin. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(060)-411/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-411/2024
03.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver