Məhkəmə qərarları › İş №1(060)-412/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-412/2021

14.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-412/2021 14.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 və Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Elvin Namazovun iştirakı ilə, 01.08.1989-cu il tarixində Gürcüstan Respublikası, Marneuli rayonunda anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatsız yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Elvin Namazovun Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Elvin Namazov 17.02.2021-ci il tarixədə saat 03 radələrində Zərərçəkmiş şəxs məxsus H.Z. Tağıyev qəsəbəsi, K.Pereküşkül küçəsi ev 65 ünvanında yerləşən fərdi yaşayış evinin hasarından aşaraq evin həyətinə daxil olmaqla həyətdə yerləşən quruluqdan və həmin quruluqda olan dolabın içərisindən Zərərçəkmiş şəxs məxsus 1 ədəd 20 manat dəyərində “İntelekt” markalı 300 vatt gücündə Belarus istehsalı olan direli, 1 ədəd 100 manat dəyərində “kalibr” markalı Türkiyyə istehsalı olan bucaq kəsən mişarı, 1 ədəd 300 manat dəyərində olan “BOSCH” markalı Almaniya istehsalı olan 6 kq-lıq perfaratoru, 3 ədəd 1 ədədinin qiyməti 2 manat olmaqla ümumi dəyəri 6 manat təşkil edən “Güvən” markalı Turkiyyə istehsalı su kran dəsti “simestitel”i, 2 ədəd 1 ədədinin qiyməti 135 manat olmaqla ümumi dəyəri 270 manat təşkil edən “Arçelik” markalı Türkiyyə istehsalı almaz mişar daşlərını, 4 ədəd 1 ədədinin qiyməti 4.80 manat olmaqla ümumi dəyəri 19.20 manat təşil edən işıq qoşuçunu (“kuliçator”), 3 ədəd 1 ədədinin qiyməti 4.80 manat olmaqla ümumi dəyəri 14.40 manat təşkil edən elektrik yuvalarını (“razetka” ) , 1 ədəd 5 manat dəyərində mismarçəkən, 8 ədəd 1 ədədinin qiyməti 2 manat olmaqla ümumi dəyəri 16 manat təşkil edən kəlbətin, 4 ədəd 1 ədədinin qiyməti 5 manat olmaqla ümumi dəyəri 20 manat təşkil edən vintaçanları, 1 ədəd 50 manat dəyərində işlək vəziyyətdə olmayan “markus” markalı su matorunu, 4 ədəd 1 ədədinin qiyməti 14 manat olmaqla ümumi dəyəri 56 manat təşkil edən direlin deşici başlıqlarını, 1 ədəd 10 manat dəyərində boru açarını, 1 ədəd 5 manat dəyərində dəmir kəsən əl mişarını, 1 ədəd 5 manat dəyərində rusiya istehsalı olan əl çəkicini, 17 ədəd 1 ədədinin qiyməti 8 manat olmaqla ümumi dəyəri 136 manat təşkil edən 1 kiloqramlıq bankada hazırlanmış xörəkləri, 14 ədəd 1 ədədinin qiyməti 2 manat olmaqla ümumi dəyəri 28 manat təşkil edən evdə hazırlanmış 1 litrlik meyvə şirələrini, 4 ədəd 1 ədədinin qiyməti 10 manat olmaqla ümumi dəyəri 40 manat təşkil edən 3 kiloqramlıq balonda tərəvəz turşularını, 3 ədəd 1 ədədinin qiyməti 5 manat olmaqla ümumi dəyəri 15 manat təşkil edən 800 qramlıq bankada zoğal mürəbbələrini, 1 ədəd 18 manat dəyərində olan ət doğrayan baltanı gizli talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 1133.60 manat ( min yüz otuz üç manat altımış qəpik) ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Elvin Namazov ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 2021-ci ilin yanvar ayında tanışı Bakir ilə rastlaşdıqları zaman öz aralarında razılaşmışlar ki, onun həyətində beton vurulmasında fəhlə kimi işləsin, bunun müqabilində Bakir ona 20 manat gündəlik pul versin. Əlavə dəmir tor çəkilməsinə də ehtiyac olduğundan buna da etiraz etməmiş və işləmişdir. Sonradan işin sonunda Bakir 70 manat ödəməli olduğu halda 40 manat pul ödəmiş və buna görə də sonradan qərara gəlmişdir ki, onun bəzi təmir avadanlıqlarını oğurlasın. Fevral ayında Bakirin rayona getdiyini eşitmiş və buna görə də 17.02.2021-ci il tarixdə saat 03 radələrində qonşuluqda olan bağın kənarında Bakirin evinin hasarına söykədilmiş nərdivanla qalxaraq oradan Bakirin hətərinə düşmüşdür. Həyətin kənarında olan dolaba yaxınlaşmış və oradan 1 ədəd bucaq kəsən mişar, 1 ədəd balaca drel, 1 ədəd mismar çıxardan, 1 ədəd kəlbətin, 3 ədəd “razetka”, 2 ədəd vint açan, 2 ədəd işıq qoşucu “kuliçator”, 1 ədəd laqonda daşı, 2 ədəd divar deşən, 1 ədəd divar deşən prefarator, 1 ədəd su kranı, 1 ədəd işləməyən su matoru, 20 ədəd meyvə şirəsi, 5 ədəd tərəvəz turşusunu özü ilə apardığı ağ un kisəsi, sarı kabel kisəsinə və göy sellofan torbaya yığıb həyətdən qonşuluqdakı bağa düşürtmüş, əvvəlcə göy torbada olan makina, direl, çəkic və bir kisə xırdavatı özü ilə yaşadığı evin həyətinə aparmış, daha sonra həmin yerə gedərək, iki kisəni də öz yaşadığı evin həyətinə apararaq evin dam hissəsinə yığmışdır. 18.02.2021-ci il tarixdə perferatoru, bundan başqa iki kisəyə yığdığı təmir tikinti avadanlıqlarını və meyvə şirəsi, meyvə turşularını “kolxoz” bazarı ərazisində tanımadığı şəxsə 50 manata satmışdır. Bir neçə gün sonra Bakir ona zəng edərək onu öz yaşadığı evin qarşısına çağırmış, oraya getdiyi zaman polis əməkdaşlarının da Bakirin yanında olduğunu görmüşdür. Polis əməkdaşları Bakirə məxsus əşyaları, oğurlamaqda şübhəli olduğunu bildirərək onu Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci polis bölməsinə aparmışlar. O, hər şeyi etiraf etmiş və bucaq kəsən dəzgahı, direli gətirib polis bölməsinə təhvil vermişdir. O, oğurluq üçün getdiyi zaman qaranlıq olmuş, oradan əşyaları tələsik torbalara yığıb çölə çıxardaraq evlərinə gətirmişdir. Həmin vaxt say olaraq dəqiq nədən neçə ədəd olduğunu bilmir, ifadədə bildirdiyi sayları da təxmini qeyd etmiş, üç kisə tam dolu olmuşdur. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir, evlidir, iki azyaşlı uşağı var, arvadı işləmir, ailədə qazanc gətirən yalnız özüdür. Məhkəmədən göstərdiklərini, bir daha belə hərəkətlərə yol verməyəcəyini nəzərə almaşı və barəsində həbslə bağlı olmayan, yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs Elvin Namazovun ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, 2020-ci ilin sentyabr ayından Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, kiçik perekeşkül, ev-65 ünvanını alaraq oraya köçmüşdür. Təxminən 6-7 ildir ki, Elvin adlı şəxsi yaşadığı qəsəbə ərazisindən tanıyır. Aldığı evin həyəti qum olduğundan qərarlaşdırmışdır ki, həyətin yerini beton döşəmə vursun. Buna görə də Elvin ə bildirmişdir ki, ona bu işdə kömək etsin və haqqı nə qədər olsa ona ödəyər. 2021-ci ilin yanvar ayının ortaları Elvin ilə razılaşıb və birlikdə onun həyətinə beton vurmuşlar. Elvin həyətində günəmuzd işləmiş və o, Elvin ə hər günün sonunda 20 manat pul vermiş, ümumilikdə 3 gün işləmiş və sonuncu gün də həyətinə dəmir tor vurmağa köməklik etmiş o, Elvin ə 55 manat vermiş, bundan sonra qonşunun həyətində kanalizasiya quyusu qazdığına görə də Elvin ə 20 manat pul vermişdir. Aralarında heç bir narazılıq qalmamışdır. 12.02.2021-ci il tarixdə evlərində tərəvəz turşusu olmuş, ondan Elvin in xoşu gəlmiş və özü Elvin i çağırmışdır ki, gəlib turşunu öz evinə aparsın. Elvin gəlib aparmışdır. Bu zaman aralarındakı söhbət zamanı o, bir gün sonra Beyləqana gedəcəyini demişdir. Elvin öz evlərinə getmişdir. 13.02.2020-ci il tarixdə rayona getmiş, 14.02.2021-ci il tarixdə “Vatsap” vasitəsilə Elvin ona zəng edib, hal əhval tutub və hər hansısa köməkliyin lazım olub olmadığını soruşmuş, o, hələ də rayonda olduğunu demişdir. Xoş danışıb və sağollaşmışlar. 20.02.2020-ci il tarixdə saat 11 radələrində o, rayondan Sumqayıta qayıtmışdır. Direlə ehtiyac olduğundan oğlunu göndərmişdir ki, gedib gətirsin. O, geri qayıdaraq tapa bilmədiyini dediyindən özü direli qoyduğu yerə gedərək, baxdığı zaman 1 ədəd “İntelekt” markalı Belarus istehsalı olan 300 vat gücündə olan direlin, 1 ədəd “kalibr” markalı Türkiyyə istehsalı olan bucaq kəsən mişarın, 1 ədəd “BOSCH” markalı Almaniya istehsalı olan 6 kq-lıq perfaratorunun, 3 ədəd təzə qutuda olan “Güvən” madeli olan Türkiyə istehsalı kran dəsti “simestitel”, 2 ədəd “Arçelik” markalı, Türkiyyə istehsalı olan almaz mişar daşı, 4 ədəd işıq qoşuçu “kuliçator”, 3 ədəd elektrik yuvası “razetka” və 1 ədəd çəkic, bir ədəd mismar çıxardan, 8 ədəd kəlbətin, 4 ədəd vintaçan, 1 ədəd işlək vəziyyətdə olmayan “markus” markalı, su matorunun, 4 ədəd direl deşici başlığı, 1 ədəd boru açarı, 1 ədəd dəmir kəsən əl mişarı, 17 ədəd 1 kiloluq bankada hazırlanmış xörək, 14 ədəd 1 litrlik evdə hazırlanan meyvə şirəsi, 4 ədəd 3 kiloluq balonda tərəvəz turşusu, 3 ədəd 800 qramlıq bankada zoğal mürəbbəsi, 1 ədəd ət doğrayan baltanın yerində olmadığını görüb başa düşmüşdür ki, oğurlanıb. Buna görə də ilk olaraq Elvin dən şübhələnmişdir, çünki Elvin onun evində usta kimi işləmişdir. Düşünmüşdür ki, Elvin in məlumatı ola bilər, Elvin onların yaşadığı evin həyətinə gəlmişdir. O, Elvin ə hadisə barədə danışıb, məlumatı varsa gətirib yerinə qoymasını dedikdə Elvin and içərək xəbəri olmadığını deyib və polisə bu barədə məlumat verməyini demişdir. Buna görə də o, ərizə ilə Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinə məlumat vermişdir. Polis əməkdaşları yaşadığı ünvana gəlib və hadisə yerinə baxış keçirdikdən sonra ondan şübhələndiyi şəxs olub-olmadığını soruşmuş, o, Elvin i göstərib şübhələndiyini demişdir, Elvin “əgər məndən şübhələnirsə ziyanı aya bölsün hər ay ödəyim” demişdir. Belə olduqda polis əməkdaşları hər ikisini polis bölməsinə dəvət etmişlər. Onlar polis bölməsinə getmiş, orada Elvin hadisəni etiraf etmiş və polis əməkdaşları ilə birlikdə öz yaşadığı ünvana gedərək ona məxsus mişar və direli gətirmişlər. Polis bölməsində Elvin digər əşyaları götürmədiyini bildirmişdir. Onlar polis bölməsində dindirildikdən sonra evlərinə getmişlər. 27.02.2021-ci il tarixdə Elvinin anası və nənəsi, daha sonra isə özü onların yaşadığları ünvana gəlmiş və həmin şəxslər onlardan üzr istəyərək, bağışlamağını demişlər. O, oğurladıqlarını geri qaytarmasını tələb etdikdə Elvin “şeytan qəlbinə girib bağışla” demişdir. O, Elvin dən digər əşyaları kimə satdığını soruşduqda, digər lavazimatları da götürdüyünü bildirib və tanımadığı bir nəfərə verdiyini bildirmişdir. Sonradan Elvin ziyanı ödəyəcəyini bildirib, bağışlamağını xahiş etmişdir. O, 1 ədəd “İntelekt” markalı Belarus istehsalı olan 300 vat gücündə olan direli 2019-cu ildə Bakı şəhərindən 24 manata, 1 ədəd “kalibr” markalı Türkiyyə istehsalı olan bucaq kəsən mişarı 2018-ci ildə 980 manata Bakı şəhərindən, 1 ədəd “BOSCH” markalı Almaniya istehsalı olan 6 kq-lıq perfaratorunu 2018-ci ildə 300 manata Bakı şəhərindən, 3 ədəd təzə qutuda olan “Güvən” madeli olan Turkiyyə istehsalı kran dəsti “simestitel” bir ədədini 32 manat olmaqla 2020-ci ilin noyabr ayından Xırdalan şəhərindən, 2 ədəd “Arçelik” markalı, Türkiyyə istehsalı olan almaz mişar daşı 1 ədədini 135 manat olmaqla 4 il əvvəl Bakı şəhərindən, 4 ədəd işıq qoşuçu “kuliçator” 1 ədədini 4 manat 80 qəpiyə, 3 ədəd elektrik yuvası “razetka” 1 ədədini 4 manat 80 qəpiyə və 1 ədəd çəkici 2020-ci ilin yay aylarında 10 manata Bakı şəhərindən, bir ədəd mismarçıxardan 2020-ci ilin yay aylarında 10 manata Bakı şəhərindən almış, 8 ədəd kəlbətini ona pay vermişlər, 1 ədədi 5 manat dəyərində olmuşdur. 4 ədəd vintaçanı 2020-ci ilin yayında bir ədədini 3 manata almışdır, 1 ədəd işlək vəziyyətdə olmayan “markus” markalı su matorunu almamış, əvvəldən həyətdə olmuşdur, təzəsi 135 manatdır, 4 ədəd direlin deşici başlığı bir ədədini 14 manata olmaqla Bakı şəhərindən 2020-ci ilin yay aylarında almış, 1 ədəd boru açarını 2020-ci ilin yay aylarında 11 manata , 1 ədəd dəmir kəsən əl mişarı 2020-ci ilin yay aylarında 5 manata almışdır, 17 ədəd 1 kiloluq bankada hazırlanmış xörəyin 1ədədinin dəyəri təxminən 7-8 manat dəyərində, 14 ədəd 1 litrlik evdə hazırlanan meyvə şirəsi bir ədədinin qiyməti təxminən 2 manata, 4 ədəd 3 kiloqramlıq balonda tərəvəz turşusu 1 ədədi 10 manat dəyərində , 3 ədəd 800 qramlıq bankada zoğal mürəbbəsi 1 ədədinin dəyəri 5 manat və 1 ədəd ət doğrayan baltanın dəyəri 18 manat olmuşdur. Amma ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, Elvin Namazovdan heç bir şikayət və tələbi yoxdur, ona cəza verilməməsini xahiş edir. Zərərçəkmiş şəxs istintaqa verdiyi 04 mart 2021-ci il tarixli, məhkəməyə təqdim etdiyi 08 iyul 2021-ci il tarixli ərizəsindən görünür ki, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, Elvin Namazovdan heç bir şikayət və tələbi yoxdur, ona cəza verilməməsini xahiş edir. İstintaq zamanı şahid qismində dindirilmiş Şahid həyat yoldaşı Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə verərək bildirmişdir ki, Bakir azyaşlı oğluna dreli gətirməsini dediyi zaman onlara yaşadıqları evin həyətində yerləşən dolaba yığılmış təmir tikinti avadanlıqları, turşu və meyvə şirələrinin oğurlandığını müəyyən etmişlər. Bundan sonra Elvin Namazovun anası və nənəsi onların yaşadığı ünvana gələrək, üzr istədikləri, dəymiş ziyanı ödəyəcəklərini demişlər. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 31.03.2021-ci il tarixli, 9/1117 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, aparılmış tədqiqat nəticəsində, “Kalibr” markalı PTE-1300/210” model, istifadədə olmuş əl mişarı (fotoşəkilə əsasən) 100 manat, Belorusiya istehsalı, İntelekt markalı, kiçik ölçlü drel (fotoşəkilə əsasən) 20 manat, Rusiya istehsalı, işlənmiş əl çəkici 5 manat, Rusiya istehsalı kəlbətin 1 ədədi 2 manat olmaqla 8 ədədi 16 manat, Rusiya istehsalı mismarçəkən 5 manat, Türkiyə istehsalı Markus markalı işlənmiş su matoru 50 manat, Türkiyə istehsalı Güvən markalı plastmas kran 1 ədədi 3 manat olmaqla 2 ədədi 6 manat, Türkiyə istahsalı turba açarı 10 manat, Türkiyə istehsalı dəmirkəsici mişar 5 manat, Türkiyə istehsalı vintaçan 1 ədədi 5 manat olmaqla 4 ədədi 40 manat olmaqla ümumilikdə qeyd olunan əmlakların orta bazar pərakəndə satış qiyməti 237.0 manat təşkil edir, bundan başqa qərarda qeyd olunmuş 7 adda mallar haqqında ətraflı məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün deyildir. (i.v.101-105) İş materiallarında olan 02.03.2021 tarixli könüllü təqdimetmə protokolundan görünür ki, Elvin Namazov Zərərçəkmiş şəxs məxsus evin həyətindən oğurladığı 1 ədəd “Kalibr” markalı PTE-1300/210” model, istifadədə olmuş əl mişarını və 1 ədəd Belorusiya istehsalı, İntelekt markalı, kiçik ölçülü dreli təqdim etmişdir. (i.v. 15-16) İş materiallarında olan 05.03.2021-ci il tarixli “İfadənin yerində yoxlanılması protkolu”ndan görünür ki, Elvin Namazov Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətinə haradan daxil olduğunu, əmlakları necə oğurladığını göstərərək törətmiş olduğu cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmişdir. (i.v. 95-98) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Elvin Namazov əvvəllər məhkum olunmamışdır. (i.v.135) İş materiallarında olan Sumqayıt Şəhər İHB-nın Hacı Zeynalabdin qəsəbə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnaməsindən görünür ki, Elvin Namazov evlidir, 30.01.2015-ci il və 25.03.2016-cı il tarixli iki azyaşlı uşağı var, yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 133-134) İş materiallarında olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Elvin Namazov 02 mart 2021-ci ildə, saat 17:00-da tutulmuşdur. (i.v.54-55) İş materiallarında olan “Təqsirləndirilən şəxsin MSY-dən azad olunması və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 04 mart 2021-ci il tarixli qərardan görünür ki, Elvin Namazov barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və 04 mart 2021-ci il tarixdə saat 13:10-da qərar ona elan edilmişdir.(i.v 85-86) İş materiallarında olan sənədlərdən görünür ki, 1 ədəd “Kalibr” markalı PTE- 1300/210” model, istifadədə olmuş əl mişarı və 1 ədəd Belorusiya istehsalı, İntelekt markalı, kiçik ölçülü drel maddi sübut kimi tanınmış, saxlanılması üçün zərərçəkmiş şəxsə qaytarılmışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-nin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla təqsirləndirilən şəxs Elvin Namazovun təqsiri tam sübuta yrtirildi və onun əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə təqsirləndirilən şəxs Elvin Namazovun himayəsində iki azyaşlı uşağı olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, əməlindən peşman olmasını, ilk dəfə məsuliyyətə cəlb edilməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Elvin Namazovun Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən Elvin Namazovun törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə qeyd edir ki, Elvin Namazova təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilə bilməz, çünki o, uzun müddətdir Azərbaycanda yaşasa da, Gürcüstan Respublikasının vətəndaşıdır. Ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi Azərbaycan Respublikası CM-in 52-1.6-cı maddəsinin tələblərinin pozulmasıdır. Buna görə də, məhkəmə Elvin Namazova təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin etməyi və yuxarıda göstərildiyi kimi, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, ailə vəziyyətini, cəmiyyətdən təcrid edilmədən də islah olunmasının mümkünlüyünü, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməyi və ona təyin edilən cəzanı sınaq müddəti müəyyən etməklə şərti olaraq tətbiq etməyi məqsədəuyğun hesab edir. Belə cəza təyin edildiyi təqdirdə cəzanın məqsədləri də təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.6-cı maddəsinə əsasən azadlığın məhdudlaşdırılması hərbi qulluqçulara, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, habelə Azərbaycan Respublikası ərazisində daimi yaşayış yeri olmayan şəxslərə təyin edilmir. Elvin Namazov Sumqayıt şəhəri ərazisində yaşadığından onun davranışı üzərində nəzarətin həyata keçirilməsi Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməli və onun üzərinə həmin orqana məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Cinayət işi materiallarında olan “Cinayət törəkməkdə şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Elvin Namazov 02 mart 2021-ci il tarixdə tutulmuş, “Təqsirləndirilən şəxsin MSY-dən azad olunması və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 04 mart 2021-ci il tarixli qərardan görünür ki, Elvin Namazov Sumqayıt ŞPİ-nin MSY-dən azad edilməsi və onun barəsində “Polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Ona görə də, Elvin Namazovun tutularaq saxlandığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. Cinayət işi üzrə məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Maddi sübut-1 ədəd “Kalibr” markalı PTE-1300/210” model, istifadədə olmuş əl mişarın və 1 ədəd Belorusiya istehsalı, İntelekt markalı, kiçik ölçülü drelin saxlanılması üçün zərərçəkmiş şəxsə təhvil verilməsi nəzərə alınmalı və qaytarılmış hesab olunmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi dövlət hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 09 (doqquz) saat vaxt sərf etmişdir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 54 (əlli dörd) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Elvin Namazov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Elvin Namazovun 02 mart 2021-ci il tarixdən 04 mart 2021-ci il tarixədək tutulub həbsdə saxlandığı 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən Elvin Namazova təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Elvin Namazovun üzərinə davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun, onun davranışı üzərində nəzarətin həyata keçirilməsi Elvin Namazovun yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə tapşırılsın. Elvin Namazov barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməsin. Elvin Namazovdan 50 (əlli) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, 1 ədəd “Kalibr” markalı PTE-1300/210” model, istifadədə olmuş əl mişarın və 1 ədəd Belorusiya istehsalı, İntelekt markalı, kiçik ölçülü drelin saxlanılması üçün zərərçəkmiş şəxsə təhvil verilməsi nəzərə alınsın və sahibinə qaytarılmış hesab olunsun. Təqsirləndirilən şəxs Elvin Namazova göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil Müdafiəçi2 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 54 (əlli dörd) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar