Məhkəmə qərarları › İş №1(060)-412/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-412/2022

06.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-412/2022 06.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Ermənistan SSR, Gorus rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: 15.03.2022-ci il tarixdə saat 18:00 radələrində ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi münasibətdə olduğu əri Təqsirləndirilən şəxs arasında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncu Zərərçəkmiş şəxs sol göz qapaqları və gözaltı nahiyyənin dərialtı hematoması, sol gözün qişasına qansıma, sol üst göz qapağının və sol gözaltı nahiyyənin səthi əzilmiş-cırılmış yaraları xəsarəti ilə nəticələnən, dərəcəsinə görə sağlamlığa qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərərvurmaya aid olan xəsarət yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, o, əvvəllər Səadət adlı xanımla rəsmi evli olmuşdur. Birgə nikahlarından 3 övladı vardır. Lakin münasibətləri normal olmadığı üçün onlar rəsmi qaydada boşanmışlar. O, Səadətdən boşandıqdan sonra Zərərçəkmiş şəxs ilə evlənmiş, lakin rəsmi nikah qeyd etdirməmişlər. Şəbnəm də əvvəllər evli olmuş, lakin əri vəfat etmişdir. Şəbnəmin birinci ərindən 7 yaşlı Nicat adlı oğlan övladı vardır. Hazırda həmin uşağa da o, baxır. 15.03.2022-ci il tarixdə təxminən saat 18:00 radələrində yaşadıqları ünvanda olan zaman Şəbnəmə telefonla çox məşğul olduğuna görə iradını bildirmişdir. Bu zaman aralarında münaqışə yaranmışdır. Münaqişə zamanı Şəbnəm ona cavab qaytarmış, əri olduğu halda hörmətsiz rəftar nümayış etmişdir. O, Şəbnəmin bu hərəkətindən əsəbləşmiş və yumruq ilə Şəbnəmin sol göz nahiyyəsinə vurmuş, nəticədə Şəbnəm xəsarət almışdır. Bundan sonra Şəbnəm DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermiş, yaşadıqları ünvana polis əməkdaşları gəlmişlər. Təqsirləndirilən şəxs əməlindən peşiman olduğunu və zərərçəkmiş şəxslə barışdığını bildirərək barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxs onun hazırda qeyrirəsmi olaraq yaşadığı əridir. Onun birinci əri X2 iki il bundan əvvəl vəfat etmişdir. Onun Zöhrabla birgə nikahlarından 06.06.2014-cü il təvəllüdlü X1 adında oğlan övladı vardır. Zöhrab vəfat etdikdən sonra o, Təqsirləndirilən şəxs ilə tanış olmuş, onunla birlikdə ərarvad kimi yaşamağa başlamışlar. Evliliklərinin ilk vaxtlarından münasibətləri normal olmuşdur. 15.03.2022-ci il tarixdə təxminən saat 18:00 radələrində yaşadıqları ünvanda olan zaman o, mobil telefonu ilə oğlunun şəklini anasına yollamaq istəyərkən heş bir səbəb olmadan Elməddin ondan mobil telefonu kənara qoymağını tələb etmişdir. O, isə Elməddinin bu sözlərinə etiraz etmiş, bu səbəbdən də aralarında mübahisə yaranmışdır. Münaqişə zamanı Elməddin qəfildən onun sol göz nahiyyəsinə yumruq zərbəsi ilə vurmuş və o, xəsarət almışdır. Bundan sonra DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermiş, yaşadıqları ünvana polis əməkdaşları gəlmiş, Elməddindən şikayətçi olduğunu onlara bildirmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona vurulmuş maddi zərəri tamamilə ödədiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildidərək sonuncunun barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. İş materiallarında olan 16.03.2022-ci il tarixli, 351 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Sol göz qapaqları və gözaltı nahiyyənin dərialtı hematoması. Sol gözün ağlı qişasına qansızma. Sol üst qapağının və sol gözalt nahiyyə səthi əzilmiş-cırılmış yaraları. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdırlar, zərərçəkənin müayinəsindən 1 günə qədər əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni 15.03.2022-ci il tarixdə yumruqla yetirilən zərbənin təsirindən əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilirlər. Xəsarətlərin xarakterlərinə və lokalizasiyalarına əsasən demək olar ki, həmin xəsarətlərin Zərərçəkmiş şəxs özü-özünə yetirməsi az inandırıcıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdıqlarını və ona dəyən ziyanın ödənildiyini bildirərək sonuncunun barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanserinin 965 saylı, 16.03.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan Sumqayıt şəhəri 1 saylı MKS-nin rəisi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-i Sumqayıt “ASAN xidmət” mərkəzi məhkumluq barədə arayışların verilməsi üzrə xidməti tərəfindən 16.03.2022-ci il tarixdə tərtib olunmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 31.03.2022-ci il tarixli (iş № 1(060)-412/2022) qərarını icra edərək, vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar