Məhkəmə qərarları › İş №1(060)-412/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-412/2025

30.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-412/2025 30.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1995-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşamış, xx.xx.2025-ci il tarixli qərarla barəsində “həbs” qətimkan tədbiri Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmək üçün şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Əsgər” adlı şəxslə istifadəsində olan “Samsung Galaxy J6” markalı mobil telefon avadanlığında quraşdırılmış “Whatsapp” proqram təminatından fərdirabitə əlaqəsi kimi istifadə etməklə əlaqə saxlayıb cinayət əlaqəsinə girərək, bu məqsədləaralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslamRespublikasının vətəndaşı istintaqa məlum olmayan tarixdə şəxsiyyətləri istintaqa məlum olmayan qeyriləri vasitəsi ilə qanunsuz olaraq satış məqsədi ilə, 12 ədəd bükümdə, xeylimiqdarda, ayrı-ayrılıqda təmiz çəkiləri 0,62 qram, 0,80 qram, 0,37 qram, 0,47 qram, 0,56qram, 0.53 qram, 0,46 qram, 0,54 qram, 0,72 qram, 0,59 qram, 0,50 qram, 4,70 qram, ümumi təmiz çəkisi 10.86 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində gizlətməklə yerləşdirərək həmin maddələrin və yerin fotoşəkillərini onun istifadəsində olmuş “Samsung Galaxy J6” markalı mobil telefonda quraşdırılmış “Whatsapp“' proqram təminatına göndərmiş, İİR-in vətəndaşının göndərdiyi xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı həmin yerdən qanunsuz olaraq, satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşımış, 14 fevral 2025-ci il tarixdə, saat 18 radələrində Sumqayıt şəhəri,Səməd Vurğun küçəsində yerləşən “Esmira” şadlıq sarayının qarşısında 01 ədəd bükümdə,şəxsi istehlak miqdarda, 0.62 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı tanışı Şahid1 əvəzli və ya qazanc əldə etmək, yaxuddigərşəxsimaraqməqsədi olmadan pay olaraq vermiş, 14 fevral 2025-ci il tarixdə, saat 18:20 radələrində Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yerləşən “Esmira“ şadlıq sarayının yaxınlığında Şahid1 ilə birlikdə saxlanılmaqla Sumqayıt ŞPİ-yə aparılaraq orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan ağqara rəngli gödəkçəsinin sağyan cibindən 11 ədəd bükümdə, ümumi təmiz çəkisi 10,24 qram narkotik vasitə olan qurudulmuş marixuana 01 ədəd üzərində narkotik vasitə marixuananın hissəcikləri olan elektron tərəzi və Şahid1 üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli idman gödəkçəsinin sağ yan cibindən 01 ədəd bükümdə, təmiz çəkisi 0,62 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş, Təqsirləndirilən şəxs göstərdi ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmir. Belə ki, 14 fevral 2025-ci il tarixdə yaşadığı evdə Şahid1 ilə birlikdə oturmuşdur. Şahid2 də evdə idi. Aqşinə pul verib onu mağazaya su almağa göndərmişdir. Polis əməkdaşları Aqşini görüb və onu evə gələnə kimi izləyiblər, daha sonra Aqşin qapını döyüb dedi ki, “qaqa, mənəm, aç”, o, da qapını açmış, lakin qarşısına polis əməkdaşları çıxmış, onlar içəri girib onu evindən Polis İdarəsinə aparmışlar. Onlar idarədə olarkən ona bildirdimişlər ki, “tədbirimiz baş tutmadı, çəkiliş aparılacaq, deyilənləri boynuna al”. O, da polis əməkdaşlarının dedikləri etmişdir. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Sadəcə narkotikadan istifadə etmişdir. Narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Narkotik vasitəni Əsgər adlı İran vətəndaşından əldə etmişdir. Əsgəri 2-3 ay olar ki, tanımışdır. Ona özünə 5-10 qram nəşə lazım olduğu yazmış, əvəzində kartına 30-50 manat pul atmışdır. Əsgər nə istəsə olduğu yazmışdır. Əsgər ona 3-4 dəfə nəşə göndərmişdir. Axırıncı dəfə tutulmamışdan 2 gün qabaq nəşə göndərmiş, bunun üçün Əsgərə 200 manat pul atacaqmış. Həmin narkotik vasitəni Binə qəsəbəsi ərazisindən götürmüşdür. Narkotik vasitə 5 büküm olmuşdur. Nuranəyədə təmannasız narkotik vasitə vermişdir. Polis əməkdaşları onu küçədən deyil, evdən aparmışlar. Həmin vaxt Nuranə də yanında olmuşdur. Polis əməkdaşları ona narahat olmamasını dedikləri üçün onların dediyi ilə razılaşmışdır. Daha sonra Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu, lakin narkotikanın satışı ilə məşğul olmadığını, ata və anasının rəhmətə getdiyini, iki bacısına onun tərəfindən baxıldığını nəzərə alaraq onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyət olduğundan Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmişdir. Məhkəmədə elan olunmaqla tədqiq olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadələrində göstərmişdir ki, Şahid1 təxminən 8 aydır tanımış, sonuncu ilə sevgili kimi münasibəti olmuş, ədavət və ya düşmənçiliyi olmamışdır. Təxminən 3 aydır narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. Təzə-təzə narkotik vasitə istifadə etdiyi vaxtlarda “İnstagram” sosial şəbəkəsində özünü ona İran İslam Respublikasının vətəndaşı Əsgər kimi təqdim edən şəxslə tanış olmuş, sonradan isə bir-birlərinin mobil telefon nömrəsini götürmüşlər və Əsgərin telefon nömrəsini mobil telefonunda nöqtə qoyaraq qeyd etmişdir. Söhbət zamanı Əsgərə marixuana istifadə etdiyini bildirmiş və sonuncu isə istədiyi halda ona marixuana göndərə biləcəyini demişdir. Bundan sonra 1-2 dəfə Əsgərin ona göndərdiyi bank kartına pul köçürüb sonuncudan istifadə etmək üçün qurudulmuş marixuana almışdır. Əsgər həmin narktoik vasitələri müxtəlif yerlərə qoyub ona fotoşəkillərini və konumunu göndərmiş, o, da həmin narkotik vasitələri götürmüşdür. Xatırladığı qədəri ilə təxminən 11 fevral 2025-ci il tarixdə Əsgərlə “Whatsapp” vasitəsilə əlaqə saxlayıb yenə də istifadə etmək üçün 200 manat dəyərində marixuana istəmiş, sonuncu da ona konum və fotoşəkillər göndərmiş və o, Əsgərin qoydurduğu yerdən, yəni Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisindən narkotik vasitələri götürmüş, Əsgərin ona göndərdiyi bank kartına isə 200 manat pulu köçürtmüşdür. Narkotik vasitələri götürdükdən sonra isə Əsgərin ona göndərdiyi konum və fotoşəkilləri mobil telefonundan silmişdir. Narkotik vasitələri götürən zaman onlar ümumilikdə 15 ədəd bükümdə olmuş, 3 bükümünü istifadə etmiş, 12 büküm isə daha sonra istifadə etmək üçün üzərində saxlamışdır. 14 fevral 2025-ci il tarixdə tanışı Aqşinlə birlikdə yaşadığı Sumqayıt şəhərində olduğu zaman Nuranə onunla şəxsi istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlayıb Sumqayıt şəhərində yerləşən "Esmira" şadlıq sarayının yaxınlığında olduğunu və onunla görüşmək istədiyini bildirmiş, o, da razılaşıb tanışı Aqşinlə birlikdə təxminən saat 18 radələrində həmin yerə getmişdir. Nuranə ilə görüşdükdən sonra sonuncu onu Aqşinin yanından biraz kənara çəkib astaca ondan əgər varıdırsa istifadə etmək üçün marixuana verməsini istəmiş, o da gizlincə bir ədəd ağ kağız bükümdə marixuananı Nuranəyə vermişdir. Onlar “Esmira” şadlıq sarayının yaxınlığında dayanıb söhbət etdikləri vaxt, təxminən saat 18:20 radələrində bir neçə nəfər mülki geyimli şəxslər onlara yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək polis əməkdaşları olduqlarını, onun və Nuranənin narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirmişlər. O, və Nuranə üzərilərində narkotik vasitə olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları onları Sumqayıt ŞPİ-nə dəvət etmişlər, onlar da etiraz etməyib polislərlə birlikdə polis idarəsinə gəlmişlər. Polis idarəsində olduqları zaman Nuranəni xidməti otaqların birinə aparmışlar. Bir neçə dəqiqədən sonra isə Nuranəni həmin otaqdan çıxarıb onu da həmin otağa aparmışlar və orada ona şübhəli şəxs qismində tutulacağı izah olunduqdan sonra ona vəkillərin siyahısı təqdim olunmuş, o, da həmin siyahıdan vəkil Mehdi Cəlalzadənin hüquqlarını müdafiə etməsini istəmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına başlanılmış və ona üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş başqa maddə varsa təqdim etməsi təklif edilən zaman üzərində olan bir ədəd sellofan torbanın içərisində 10 ədəd kağız və bir ədəd sellofan bükümdəki narkotik vasitə qurudulmuş marixuananı və 01 ədəd gümüşü rəngli elektron tərəzini çıxarıb təqdim etmişdir. Həmin bükümlərə baxış keçirildikdən sonra elektron tərəzidə çəkilmiş, zərfə qoyularaq qablaşdırılmış və üzərində qeydlər aparılaraq imzalanmışdır. Bir bükümdə marixuananı Nuranəyə pay olaraq vermişdir. Nuranə ilə sevgili kimi münasibətdə olduğundan, həmçinin sonuncu ilk dəfə idi ki, ondan narkotik vasitə istədiyindən Nuranəyə həmin marixuananı heç bir marağı olmadan pay olaraq vermişdir. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Əsgər adlı şəxs tərəfindən həmin marixuananın hansı üsulla Azərbaycan Respublikası ərazisinə gətirilməsindən məlumatı olmamışdır. Əldə etdiyi marixuananın hansı şəxs və ya şəxslər tərəfindən əldə etdiyi yerə qoyulmasından məlumatı olmamışdır. Üzərindən aşkar olunmuş elektron tərəzini tapmış və həmin tərəzini aldığı narkotik vasitənin çəkisini bilmək üçün saxlamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı heç bir fiziki və ya psixi təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün cinayəti qismən etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri, xx.xx.2025-ci il tarixli “şəxsi axtarışın keçirilməsi barədə”, xx.xx.2025-ci il tarixli “elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında”, xx.xx.2025-ci il tarixli “elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” protokollar, məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli 3-16-16/2- 7/311/2025 saylı, 3-16-16/2-7/312/2025 saylı, 3-16-16/2-7/313/2025 saylı, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 1867 saylı rəyləri və digər istintaq materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 14 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs və Şahid1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuş, bununla bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirmişdir. 14 fevral 2025-ci il tarixdə, saat 18:20 radələrində Rəsul, Nuranə və Aqşin adlı şəxslərin ‘‘Esmira“ şadlıq sarayının yaxınlığında olduqlarını görüb onlara yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər, Nuranə və Rəsula narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirərək onlarla birlikdə Şahid2 də Sumqayıt şəhər polis idarəsinə dəvət etmişlər, Nuranə və Rəsul üzərilərində narkotik vasitə olduğunu demişlər və etiraz etməyərək onlarla birlikdə polis idarəsinə gəlmişlər. Polis idarəsində təhqiqatçı tərəfindən Şahid1 şübhəli şəxs qismində tutulduqdan sonra videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Şahid1 isə özü əynində olan qara rəngli qolsuz gödəkçəsinin sol yan cibindən bir ədəd “Redmi" markalı mobil telefonu, sağ yan cibindən şəxsiyyət vəsiqəsini, ev açarları və bir ədəd ağ rəngli kağız bükülünü çıxararaq təqdim etmişdir. Ağ rəngli kağız bükülü açıldıqda içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsinin olması aşkar olunmuşdur. Sorğu zamanı Şahid1 üzərindən aşkar olunmuş bükümdəki maddənin narkotik vasitə olan “nəşə" olduğunu, həmin narkotik vasitəni tanışı Rəsuldan aldığını, narkotik vasitəyə görə Rəsula pul vermədiyini, sonuncunun əvvəllər də ona narkotik vasitə verdiyini bildirmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə videoçəkliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Təqsirləndirilən şəxs özü əynində olan ağ-qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd sellofan paketi, sol yan cibindən “Samsung J6” markalı mobil telefonu və 15 manat pulu çıxararaq təqdim etmişdir. Sellofan paketin içərisinə baxıldıqda içərisində 10 ədəd ağ rəngli kağız bükümlərin, 1 ədəd sellofan bükümün və bir ədəd elektron tərəzinin olması aşkar olunmuşdur. 10 ədəd ağ rəngli kağız bükümlər və 1 ədəd sellofan bükülü açıldıqda içərilərində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütlələrinin olması aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümlərdəki maddələrin narkotik vasitə olan marixuana olduğunu, həmin narkotik vasitələri 200 manat pul ödəməklə Əsgər adlı İran vətəndaşından əldə etdiyini, həmin İran vətəndaşının narkotik vasitələri Bakı şəhəri, Binə qəsəbəsi ərazisində qoyaraq konumunu ona göndərdiyini, həmin ünvana gedərək narkotik vasitələri əldə etdiyini, əldə etdiyi narkotik vasitədən tanışı Nuranəyə pay verdiyini, elektron tərəzini isə narkotik vasitələrin çəkisini müəyyən etmək üçün üzərində saxladığını, saxlanılan zaman yanında olan Aqşinin onun üzərində narkotik vasitə saxlamasından məlumatının olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt Şahid4 Şahid3la eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmədə şahid kimi dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hadisə vaxtı çox qorxmuş, dərin sarsıntı keçirtmişdir. Buna görə də baş verənləri xatırlamır. Rəsulla aralarında dostluq münasibətləri olmuşdur. Rəsulun narkotik vasitə istifadə etdiyini bilmişdir. Rəsul narkotik vasitə istifadə edəndə bir –iki dəfə ondan alıb çəkmişdir. Rəsulun evdə tutulmasını xatırlamır. Tutulduğu gün polis idarəsində ifadə vermişdir. Məhkəmədə elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, təxminən 7-8 aydır narkotik vasitə olan qurudulmuş marixuananın tüstüsünü qəbul etməklə istifadə etmiş, lakin mütəmadi olaraq istifadə etməmişdir. Təqsirləndirilən şəxs təxminən 8 aydır tanımış, onunla sevgili kimi münasibəti olmuş, ədavət və ya düşmənçiliyi olmamışdır. Rəsul ilə tanış olduqdan sonra bir-birlərinin narkotik vasitə istifadəçisi olduqlarını bilmişlər. 14 fevral 2025-ci il tarixdə, günorta saatlarında şəxsi işi ilə əlaqədar olaraq Sumqayıt şəhərinə gəlmişdir. Sumqayıt şəhərində olduğu zaman təxminən saat 18 radələrində şəxsi istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsilə Rəsul ilə əlaqə saxlamış və görüşmək istədiyini bildirmişdir. Həmin ərəfələrdə Rəsul ilə Sumqayıt şəhərində yerləşən “Esmira” şadlıq sarayının yaxınlığında görüşmüşlər, həmin vaxt Rəsulun yanında tanışı Aqşin adlı şəxs də olmuşdur. Söhbət zamanı Rəsul ilə birlikdə Aqşinin yanından biraz kənara çəkilib Rəsuldan əgər vardırsa ona istifadə etmək üçün marixuana verməsini istəmiş, sonuncu da cibindən bir ədəd ağ rəngli kağız bükümdə marixuananı çıxararaq ona vermiş, o da həmin bükülünü əynində olan qara rəngli idman gödəkçəsinin sağ yan cibinə qoymuşdur. Onun Rəsuldan narkotik vasitə istəməsini və almasını Aqşin görməmişdir. Rəsul, o, və Aqşin həmin yerdə dayanıb söhbət etdikləri vaxt təxminən saat 18:20 radələrində bir neçə nəfər mülki geyimli şəxslər onlara yaxınlaşaraq xidməti vəsiqələrini göstərərək özlərini təqdim edib Sumqayıt ŞPİ-nin əməkdaşları olduqlarını, onun və Rəsulun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib onları Sumqayıt ŞPİ-yə dəvət etmişlər. Onlar da etiraz etməyib polis əməkdaşları ilə birlikdə polis idarəsinə gəlmişlər. Polis idarəsində ona şübhəli şəxs qismində tutulacağı və üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, o da buna etiraz etməmişdir. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış zamanı üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif olunduqda əynində olan gödəkçəsinin sol yan cibindən özünə məxsus “Redmi Note 13" markalı mobil telefonunu, gödəkçəsinin sağ yan cibindən şəxsiyyət vəsiqəsini, yaşadığı evin açarlarını və Rəsuldan aldığı bir ədəd ağ rəngli kağız bükümdə narkotik vasitə olan qurudulmuş marixuananı çıxararaq təqdim etmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılmış, üzərindən başqa qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmamışdır. Üzərindən aşkar olunmuş narkotik vasitə elektron tərəzidə çəkilmiş, ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, o da həmin qablaşdırmanın üzərinə və üzərində şəxsi axtarış keçirilməsi haqqında olan protokola imza etmişdir. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, üzərindən aşkar olunmuş marixuananı şəxsi istifadəsi üçün Rəsuldan əldə etmişdir. Əvvəllər Rəsuldan narkotik vasitə almamışdır. Rəsul narkotik vasitəni ona elə belə, heç bir qarşılıq olmadan vermişdir. Rəsulun həmin narkotik vasitəni kimdən və haradan əldə etməsindən məlumatı olmamışdır. Rəsulun üzərində əlavə olaraq 11 ədəd bükümdə marixuana olmasından məlumatı olmamışdır. Məhkəmədə şahid kimi dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 14 fevral 2025ci il tarixdə dostu Rəsulun evində olmuşdur. Rəsulun dostu Nuranə də həmin vaxt orada olmuşdur. Günorta saatlarında Rəsul ona pul verib mağazaya göndərdi ki, şirniyyat və bəzi ərzaqlar alsın. Mağazaya getmiş və saat 3-4 radələrində evə qayıdanda polis əməkdaşları onu saxlamışlar. Onlarla birlikdə qapını döymüş, Rəsul qapını açanda polis əməkdaşları da içəri keçmişlər. Onlar içəriyə onları döyə-döyə, əl-qol ataraq keçmişlər. Polis əməkdaşlarından biri onu mətbəxdə saxlayıb paltarının arxasından tutub üzünü divara tərəf söykəyib saxlamışdır. Daha sonra onların üçünü də idarəyə apardılar, sonra isə onu buraxdılar. Rəsulun və Nuranənin narkotika istifadə etmələrini, həmçinin Rəsulun narkotika satmasını bilmir. Müstəntiqin yanında olmuş, amma ifadə verməmişdir. İbtidai istintaqda nə ifadə verməsi yadında deyil. Müstəntiq ona Esmira şadlıq sarayının qarşısında tutulduğunu dediyi üçün bu məzmunda ifadə vermişdir. Pois əməkdaşları ona əl qol atsalar da onu döyməmişlər, itələmişlər. Rəsul dostudur, həmin gün onun yanında oturmağa getmişdir. Həm valideyinin, həm də polisin təzyiqi altında olduğundan istintaqda başqa cür ifadə vermişdir. Lakin, müstəntiqin ona başqa cür ifadə yazdırması barədə heç yerə şikayət etməmişdir. Şahid, Şahid2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmişdir. Məhkəmədə elan olunmaqla tədqiq edilmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsində şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla ədavət və ya düşmənçiliyi olmamışdır. Şahid1 isə Rəsulun vasitəsilə tanımış, onunla heç bir münasibəti olmamışdır. 14 fevral 2025-ci il tarixdə tanışı Rəsul ilə birlikdə Sumqayıt şəhərində olduğu zaman sonuncu ondan onunla birlikdə Səməd Vurğun küçəsində yerləşən “Esmira” şadlıq sarayının yaxınlığına getməsini xahiş etmişdir. O, və Rəsul təxminən saat 18 radələrində “Esmira” şadlıq sarayının yaxınlığına çatmışlar, orada bir neçə dəqiqə dayandıqları vaxt Nuranə onların yanına gəlmişdir. Görüşdükdən sonra Nuranə ilə Rəsul ondan bir qədər aralıda söhbət etməyə başlamışlar, o isə onlara fikir verməmişdir. Təxminən saat 18:20 radələrində bir neçə nəfər mülki geyimli şəxslər onlara yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək polis əməkdaşları olduqlarını, Rəsul və Nuranənin narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirmişlər. Rəsul və Nuranə isə polis əməkdaşlarına üzərilərində narkotik vasitə olduğunu bildirmişlər, o, isə üzərində narkotik vasitə olmadığını demişdir. Bundan sonra polis əməkdaşları onları Sumqayıt ŞPİ-nə dəvət etmişlər, onlar da etiraz etməyib polislərlə birlikdə polis idarəsinə gəlmişlər. Polis idarəsində izahatı alındıqdan sonra onu sərbəst buraxmışlar. Heç vaxt narkotik vasitə istifadə etməmiş, satışı ilə də məşğul olmamışdır. Rəsul polis əməkdaşları tərəfindən saxlanılan zaman, həmçinin əvvəlcədən sonuncunun üzərində narkotik vasitə saxlamasından, satışı ilə məşğul olmasından və ya istifadə etməsindən məlumatı olmamışdır. xx.xx.2025-ci il tarixdə Rəsul, o və Nuranə “Esmira’' şadlıq sarayının yaxınlığında görüşdükdən sonra Rəsul və Nuranə ondan bir qədər kənara çəkilib söhbət etmişlər, o isə onlara diqqət etməmiş, onların nə barədə söhbət etmələrini eşitməmiş, Rəsulun Nuranəyə narkotik vasitə verməsini də görməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası ƏN-nin MEM-i tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 3-16-16/2-7/31 1/2025 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət.Şahid1 aşkar edilmiş bir ədəd büküm" yazılar və imzalar olan zərfdə 1 ədəd kağız bükümdə təmiz çəkisi 0.62 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası ƏN-nin MEM-i tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 3-16-16/2- 7/312/2025 saylı rəyindən görünür ki. tədqiqata təqdim edilmiş üzərində “vət.Təqsirləndirilən şəxs aşkar edilmiş 11 (on bir) büküm kütlələr" yazılar və imzalar olan zərfdə 10 ədəd kağız, 1 ədəd şəffaf sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,80 qram, 0,37 qram, 0,47 qram, 0,56 qram, 0.53 qram, 0,46 qram, 0,54 qram, 0,72 qram, 0,59 qram, 0,50 qram, 4,70 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin marixuanaların ümumi çəkisi 10.24 qramdır. Təqdim olunmuş 10 ədəd kağız, 1 ədəd şəffaf sellofan bükümlərdə olan marixuanalar tərkiblərinə görə eynidirlər. Təqsirləndirilən şəxs və Şahid1 götürülmüş marixuanalar tərkiblərinə görə eynidir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası ƏN-nin MEM-i tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 3-16-16/2- 7/313/2025 saylı rəyindən görünür ki. tədqiqata təqdim edilmiş üzərində “vət.Təqsirləndirilən şəxs aşkar edilmiş 1 (bir) ədəd elektron tərəzi” yazılar və imzalar olan zərfdə 1 ədəd gümüşü rəngli elektron tərəzi üzərində cüzi miqdarda bitki mənşəli narkotik vasitə marixuananın hissəcikləri vardır, həmin hissəciklər cüzi miqdarda olduğu üçün çəkisi müəyyən olunmadı və onunla müqayisəli tədqiqat aparılmadı. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası SN-nin Respublika Narkoloji Mərkəzi X7 tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 1867 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan “Şəxsi axtarış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd “DVD” diskdən görünür ki, təhqiqatçı Səadət Qənbərov özünü təqdim edərək Şahid1 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirildiyini bildirir, sonra isə hüquq və vəzifələri barədə bildirişi Şahid1 təqdim edir. Sonra isə təhqiqatçı Şahid1 üzərində şəxsi axtarış keçirilməsi zərurəti yarandığını bildirib polis əməkdaşlarına və müdafiəçi X4 oğluna özlərini təqdim etməsini deyir, onlar da özlərini təqdim edirlər. Şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı Şahid1 üzərində qanunla qadağan olunmuş əşya və ya maddə varsa təqdim etməsini təklif edir. Şahid1 isə özü əynində olan qara rəngli qolsuz gödəkçəsinin sol yan cibindən bir ədəd “Redmi” markalı mobil telefonu, sağ yan cibindən şəxsiyyət vəsiqəsini, ev açarlarını və bir ədəd ağ rəngli kağız bükülünü çıxararaq təqdim edir. Ağ rəngli kağız bükülü bükülü açıldıqda içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsinin olması aşkar olunur. Sorğu zamanı Şahid1 üzərindən aşkar olunmuş bükümdəki maddənin narkotik vasitə olan “nəşə” olduğunu, həmin narkotik vasitəni tanışı Rəsuldan aldığını, narkotik vasitəyə görə Rəsula pul vermədiyini, sonuncunun əvvəllər də ona narkotik vasitə verdiyini bildirir. Şahid1 üzərində şəxsi axtarış aparılan zaman həmin narkotik vasitə olan marixuanaya bənzər maddədən başqa qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmur. Bundan sonra həmin maddə elektron tərəzi vasitəsilə çəkilərək çəkisinin 1,22 qram olması müəyyən edilir, ekspertizaya göndərilməsi üçün qablaşdırılır, möhürlənir və zərfin üzəri imzalanır. Şahid1 məxsus “Redmi” markalı mobil telefon, açarlar və şəxsiyyət vəsiqəsi götürülür. Sonda isə çəkiliş dayandırılır. Cinayət işinin materiallarında olan “Şəxsi axtarış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd “DVD” diskdən görünür ki, təhqiqatçı Səadət Qənbərov özünü təqdim edərək Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirildiyini bildirir, sonra isə hüquq və vəzifələri barədə bildirişi Təqsirləndirilən şəxs təqdim edir. Sonra isə təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi zərurəti yarandığını bildirib polis əməkdaşlarına və müdafiəçi X4 oğluna özlərini təqdim etməsini deyir, onlar da özlərini təqdim edirlər. Şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və ya maddə varsa təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs özü əynində olan ağ-qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd sellofan paketi, sol yan cibindən “Samsung J6” markalı mobil telefonu və 15 manat pulu çıxararaq təqdim edir. Sellofan paketin içərisinə baxıldıqda içərisində 10 ədəd ağ rəngli kağız bükümlərin, 1 ədəd sellofan bükümün və bir ədəd elektron tərəzinin olması aşkar olunur. 10 ədəd ağ rəngli kağız bükümlər və 1 ədəd sellofan bükülü açıldıqda içərilərində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütlələrinin olması aşkar olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümlərdəki maddələrin narkotik vasitə olan marixuana olduğunu, həmin narkotik vasitələri 200 manat pul ödəməklə Əsgər adlı İran vətəndaşından əldə etdiyini, həmin İran vətəndaşının narkotik vasitələri Bakı şəhəri, Binə qəsəbəsi ərazisində qoyaraq konumunu ona göndərdiyini, həmin ünvana gedərək narkotik vasitələri əldə etdiyini, əldə etdiyi narkotik vasitədən tanışı Nuranəyə pay verdiyini, elektron tərəzini isə narkotik vasitələrin çəkisini müəyyən etmək üçün üzərində saxladığını, saxlanılan zaman yanında olan Aqşinin onun üzərində narkotik vasitə saxlamasından məlumatının olmadığını bildirir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman həmin bükümlərdəki narkotik vasitəyə bənzər maddələrdən başqa qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmur. Bundan sonra həmin bükümlər elektron tərəzi vasitəsilə çəkilərək ümumi çəkisinin 12,58 qram olması müəyyən edilir, ekspertizaya göndərilməsi üçün qablaşdırılır, möhürlənir və zərfin üzəri imzalanır. Təqsirləndirilən şəxs məxsus “Samsung J6” markalı mobil telefon qablaşdırılaraq götürülür, 15 manat pul isə sonuncuya qaytarılır. Sonda isə çəkiliş dayandırılır. Cinayət işinin materiallarında olan “Elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və "xxxx" MMC-dən daxil olmuş bir ədəd kompakt diskdən görünür ki, həmin üzərində “nar” sözü yazılmış bir ədəd kompakt diski kompyuter dəstinin sistem blokuna daxil etdikdə diskin yaddaşında “Mushteri zenglerinin detallashmasi_MSİSDN_773045737” kimi qeyd olunmuş 80 KB və “Zenglerin mexsusluq tarixcheleri_MSİSDN_773045737 (1)” kimi qeyd olunmuş 55 KB həcmdə faylların olması aşkar olundu. “Zenglerin mexsusluq tarixcheleri_MSİSDN_773045737 (1)” kimi qeyd olunmuş fayla baxış keçirilərkən ***-***-**-** saylı mobil telefon nömrəsinin Təqsirləndirilən şəxs adına sənədləşdirildiyi müəyyən olundu. “Mushteri zenglerinin detallashmasi_MSİSDN_773045737” kimi qeyd olunmuş fayla baxış keçirilərkən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin sonuncu dəfə xx.xx.2025-ci il saat 15:56:10-da “UABS1815F/UABS1815 ESMİRA S/E/Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, S.Vurğun küç 22C/Sumgayit/” anten əhatə dairəsində olması müəyyən olundu. Qeyd olunan faylardakı zəng, eləcədə SMS tarixçələrinə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edəcək zənglər və ya SMS mətnləri aşkar olunmadı. Cinayət işinin materiallarından görünür ki, 16 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 14 fevral 2025-ci il tarixdən hesablanmaqla 3 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 216 (iki yüz on altı) manat müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan 5 may 2025-ci il tarixli sübutların qiymətləndirilmsi qərarından görünür ki, ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 9,69 qram və 0,57 qram olan narkotik vasitə olan qurudulmuş marixuana, bir ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman qeydə alınmış video görünütləri əks etdirən 1 ədəd DVD disk və Şahid1 üzərində şəxsi axtarış keçirərkən qeydə alınmış video görüntüləri əks etdirən 1 ədəd DVD diski maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi-yəni Esmira şadlıq sarayının yaxınlığından deyil, polis əməkdaşları tərəfindən yaşadığı mənzildən tutulması, saxlanılarkən üzərində heç bir narkotik vasitə olmaması barədə ifadəsi iş üzrə toplanmış sübutlarla təzkib olunduğundan, işin faktiki hallarına uyğun gəlmədiyindən özünü müdafiə məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirilməli və sübut növü kimi qəbul edilməməlidir. Belə ki, Təqsirləndirilən şəxs qeyd olunan ifadəsi özünün ibtidai araşdırma zamanı verdiyi etirafedici ifadələri, şahidlərin ifadələri, özünün və Şahid1 üzərində şəxsi axtarış aparılması barədə videgörüntüyə baxış protokolları və digər istintaq materialları ilə tam təzkib edildiyindən, işin faktiki hallarına uyğun gəlmədiyindən sübut kimi qəbul edilməməli, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi işin faktiki hallarına uyğun olduğundan və digər sübutlarla da tamamilə təsdiq olunduğundan sübut kimi qəbul edilməlidir. Həmçinin, məhkəmə Şahid2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini işin faktiki hallarına uyğun olmadığından sübut kimi qəbul etmir, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində narkotik vasitəni satış məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün əldə etməsi barədə ifadəsi həqiqəti əks etdirmir və cinayət məsuliyyətini yüngülləşdirmək məqsədi daşıyır. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni 11 fevral 2025-ci il tarixdə əldə etsə də, polis əməkdaşları tərəfindən saxlanılarkən ayrı-ayrı bükümlərdə olan 11 ədəd qurudulmuş marixuananı və bir ədəd üzərində narkotik vasitə olan qurudulmuş marixuananın izləri olan elektron tərəzini üzərində saxlamışdır. Odur ki, məhkəmə hesab edir ki, narkotik vasitə olan qurudulmuş marixuananın arı-ayrı bükümlərə bölünməsi, üzərində elektron tərəzinin olması, əldə etdiyi vaxtdan 3 gün ərzidə narkotik vasitəni yaşadığı ünvanda, başqa yerdə gizlədib saxlamaq imkanı olduğu halda üzərində saxlayıb daşıması məhz onun narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə əldə edib üzərində saxlamasını təsdiq edir. Həmçinin, təqsirləndirilən şəxsin məhkəmə baxışında vermiş olduğu ifadəsindən görünür ki, o ibtidai istintaqdakı ifadəsində göstərildiyi kimi, Əsgər adlı İran vətəndaşından bir necə dəfə narkotik vasitə olan marixuana əldə etmiş, əvəzində sonuncunun karta müəyyən məbləğdə pul atmış, axırıncı dəfə də tutulmamışdan 2 gün qabaq marixuana göndərmiş, bunun üçün Əsgərə 200 manat pul atmalı olmuşdur. Həmin narkotik vasitəni Binə qəsəbəsi ərazisindən götürmüş, narkotik vasitə 5 büküm olmuş, Nuranəyə də təmannasız narkotik maddə vermişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə onun satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı və yüngülləşdirici halları, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı barəsində həbs qətimkan tədbiri seçildiyi vaxtdan, yəni 14 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün — ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının 04 aprel 2025-ci il tarixli 1867 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannobiodlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyat alınması məsləhət görülür. Ona görə də onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 9,69 qram və 0,57 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, bir ədəd elektron tərəzi təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalı, iş üzrə digər maddi sübut olan 2 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 216 (iki yüz on altı) manat təqsirləndirilən şəxs Adulov Rəsul Əliflam oğlundan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaqda və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 14 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcbüri müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 9,69 qram və 0,57 qram qurudulmuş marixuana, hökm qanuni qvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd elektron tərəzi təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 216 (iki yüz on altı) manat dulov Rəsul Əliflam oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 10 saata görə 110 (yüz ond) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar