Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-413/2025 10.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şamaxı rayonu, Talışnuru kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, S.Rəhimov küçəsində yerləşən fərdi yaşayış evində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 234.2-ci maddəsi ilə verilən ittihama əsasən o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda 10 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,111 qram, 0,103 qram, 0,163 qram, 0,079 qram, 0,093 qram, 0,102 qram, 0,085 qram, 0,123 qram, 0,138 qram, 0,005 qram - ümumi təmiz çəkiləri 1,002 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazılanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 19 oktyabr 2024-cü il tarixdə, saat 01:25-də Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Azərbaycan prospekti, “Mərkəzi Poçt”un yaxınlığında keçirilən əməliyyat-axtarış tədbirlərin nəticəsində saxlanılaraq üzərinə şəxsi axtarış aparılan zaman həmin psixotrop maddə metamfetamin əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibində olan üzərinə “Vinston” sözləri yazılmış siqaret qulusunun içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisidir. 18 oktyabr 2025-ci il tarixdə axşam radələrində İran İslam Respublikası vətəndaşından votsap vasitəsilə 30 manata bir büküm psixotrop maddə olan metamfetamin sifariş vermişdir. Daha sonra həmin vətəndaş narkotik vasitəni qoyduğu ərazinin məkanını, yəni Bakı şəhəri 20 Yanvar metrosu yaxınlığında olan yeri ona göndərmişdir. Həmin yerə gələrək narkotik vasitəni siqaret qutusunun içərisində götürmüş, daha sonra isə Rəfiqəsi ilə görüşmək üçün Sumqayıt şəhərinə gəlmişdir. O, əvvəllər uzun müddət Sumqayıt şəhərində yaşamışdır və burda rəfiqəsi var. Sumqayıt şəhərində Mərkəzi poçtun Sumqayıt şəhər filialının inzibati inasının qarşısında olan zaman polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etmiş və onu narkotik vasitə ilə bağlı şübhəli şəxs kimi saxladıqlarını bildirmişlər. Polis əməkdaşları video çəkiliş aparmaqla üzərinə baxış keçirmişlər, baxışdan öncə ona üzərində hər hansı qanunsuz predmet varsa təqdim etməsi təklif edilmiş, o da əynində olan gödəkçənin cibindən psixotrop maddə metamfetaminin siqaret qutusunu çıxarıb təqdim etmişdir. Siqaret qutusu açılan zaman ordan 10 büküm aşkar edilmişdir. Həmin bükmlər çəkilmiş, daha sonra zərfə qoyulub qablaşdırılmış, həmin zərfin üzərini imzalamışdır. Daha sonra müvafiq sənədləşmə işinin aparılmasından ötrü onu Sumqayıt Şəhər Polis İdarəsinə aparmışlar. İdarədə ona vəkil təqdim edilmiş, vəkilin iştirakı ilə üzərindən aşkar edilmiş və qablaşdırılmış bükümlər onu saxlayan polis əməkdaşı tərəfindən təhqiqatçıya təqdim edilmişdir. Aşkar edilmiş bükmlərin olduğu siqaret qutusunu qoyulduğu yerdən götürərkən içərisində neçə büküm olmasını bilməmiş, siqaret qutusunun içərisində 10 büküm olmasını yalnız polis tərəfindən saxlanıldıqdan sonra bilmiş, metamfetamini özü ayrı-ayrı bükümlərə ayırmamış, götürdüyü yerə həmin formada qoyulmuşdur. Saxlanılarkən və daha sonra ona qarşı hər hansı təsir və ya təzyiq olmamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə istintaqının əvvəlində ifadəsində bildirmişdir ki, onun iki azyaşlı uşağı var, uşaqlar həm onun, həm də atasının himayəsindədirlər. O, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yaşayır, uşaqların atası isə Sabunçu rayonu, Pirşağı qəsəbəsində yaşayır. Uşaqlar Pirşağı qəsəbəsində yerləşən 112 nömrəli tam orta məktəbdə təhsil alır. Uşaqlar bəzən gəlib onunla da yaşayır. Lakin, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs azyaşlı uşaqlarının atalarının himayəsində olmasını bildirmişdir. Məhkəmə istintaqının sonunda isə Təqsirləndirilən şəxs uşaqlarının Pirşağı qəsəbəsində yerləşən 112 nömrəli tam orta məktəbdə təhsil almalarını və uşaqların öz himayəsində olmasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsili bilməsini və əməlindən peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması, həmçinin şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi zamanı qeydə alınmış video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və daşıması ilə bağlı əməliyyat məlumatı daxil olmuş və bununla bağlı əməliyyat qrupu yaradılmışdır. Həmin gün Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Azərbaycan prospekti ərazisində yerləşən “Mərkəzi Poçt” binasının yaxınlığında hərəkətdə olan zaman saxlanılmışdır. Özlərini təqdim edərək onun narkotik vasitələrin istifadəsi və daşıması ilə bağlı şübhəli şəxs kimi saxlanıldığı bildirmişlər, bundan sonra Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşya varsa, təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan gödəkçənin cibindən 01 ədəd siqaret qutusunu çıxarıb təqdim etmiş və içərisində 10 büküm psixotrop maddə olan metamfetamin olmasını bildirmişdir. Həmin bükümlər açılan zaman içərisində həqiqətən də psixotrop maddə olan metamfetaminə bənzər kütlənin olması müəyyən edilmişdir. Bükümlər elektron tərəzi vasitəsilə çəkildikdən sonra zərfə qoyulub qablaşdırılmış, həmin zərfin üzərini imzalamışdır. Daha sonra müvafiq sənədləşmə işinin aparılmasından ötrü onu Sumqayıt Şəhər Polis İdarəsinə aparmışlar. İdarədə ona vəkil təqdim edilmiş, vəkilin iştirakı ilə üzərindən aşkar edilmiş və qablaşdırılmış psixotrop maddə təhqiqatçıya təqdim edilmişdir. Bundan sonra həmin bükümlər müvafiq qaydada qablaşdırılmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən və daha sonra hər hansı etiraz etməmiş, törətdiyi əməli səmimi etiraf etmişdir. Həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı yalnız qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və daşıması ilə daxil olmuş, narkotik vasitələrin satışı ilə bağlı nə saxlanılmamışdan öncə, nə də sonra hər hansı əməliyyat məlumatı daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkilləri Şahid2, Şahid3 və Sumqayıt Şəhər Polis İdarəsinin İTŞnin operatoru Şahid4 məhkəmə iclasında onlardan öncə ifadə vermiş digər Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək göstərmişlər ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkçənin cibindən 01 ədəd siqaret qutusunu çıxarıb təqdim etmiş, həmin siqaret qutusu açılan zaman içərisində 10 ədəd psixotrop maddə olan metamfetaminə bənzər kütlələr aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxsu üzərindən aşkar olunmuş maddənin psixotrop maddə olan metamfetamin olmasını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı yalnız qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və daşıması ilə daxil olmuş, narkotik vasitələrin satışı ilə bağlı nə saxlanılmamışdan öncə, nə də sonra hər hansı əməliyyat məlumatı daxil olmamışdır. Cinayət işinin 19-cu vərəqəsində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 66-cı vərəqəsində olan şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 101-ci vərəqəsində olan Sumqayıt ŞPİ-nin 4-cü PB-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin 122-ci vərəqəsində olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin nəzərə alınması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilmiş və onun barəsində daha öncədən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi nəzərə alınmışdır. Cinayət işinin 139-cu vərəqəsində olan Sumqayıt ŞPİ-nin 4-cü PB-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq Sumqayıt ŞPİ-yə təhvil verilmişdir. Cinayət işinin 9-10-cu vərəqələrində olan “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılmasına” dair xx.xx.2024-cü il tarixli protokoldan və həmin tədbir keçirilərkən qeydə alınmış video görüntülərdən görünür ki, əməliyyat müvəkkilləri tərəfindən Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Azərbaycan prospekti ərazisində yerləşən “Mərkəzi Poçt” binasının yaxınlığında saxlanılmış və sonuncu bundan sonra əynində olan gödəkçənin sağ yan cibindən “Vinston” markalı siqaret qutusunu təqdim etmişdir. Həmin siqaret qutusu açıldıqda içərisində 5 ədəd sarı, 5 ədəd gümüşü rəngli, ümumilikdə 10 ədəd büküm aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərdə olan maddələrin psixotrop maddə olan metamfetamin olmasını, onu İran vətəndaşından şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin bükümlər ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş, 1-ci büküm 0,27 qram, 2-ci büküm 0,21 qram, 3-cü büküm 0,17 qram, 4-cü büküm 0,25 qram, 5-ci büküm 0,22 qram, 6-cı büküm 0,16 qram, 7-ci büküm 0,17 qram, 8ci büküm 0,15 qram, 9-cu büküm 0,21 qram, 10-cu büküm 0,08 qram, ümumi çəkisi isə 1,90 qram təşkil etdiyi müəyyən edilmişdir. Həmin bükümlər kağız zərfdə xüsusi qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin 27-28-ci vərəqələrində olan şəxsi axtarışın keçirilməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan və həmin zaman qeydə alınmış video görüntülərdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisinin və polis əməkdaşlarının işitrakı ilə Təqsirləndirilən şəxs daha öncədən təqdim etdiyi maddənin olduğu kağız zərf təhqiqatçıya təqdim edilmişdir. Təqsirləndirilən şəxs zərfdə olan maddənin onun üzərindən aşkar edildiyini, həmin maddələrin psixotrop maddə olan metamfetamin olmasını, onu İran vətəndaşından şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Cinayət işinin 38-39-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 6/4934 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün № 124 möhür əksi, “saxlanılan şəxs ...Sadıqova G ” və s. soyadlar, imzalar olan zərfdəki 10 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,111 qram, 0,103 qram, 0,163 qram, 0.079 qram, 0,093 qram, 0,102 qram, 0,085 qram, 0,123 qram, 0,138 qram, 0,005 qram; ümumi təmiz çəkiləri 1,002 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazılanmış psixotrop maddə olan metamfetamindir. 10 bükümdəki metamfetamin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Qeyd: Metamfetaminin təmiz çəkisi 1,002 qram olmuş, tədqiqata 0,1 qram sərf edilmiş, 0,902 qram qalıq qalmışdır. Cinayət işinin 37-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 110 (yüz on) manat müəyyən edilmişdir. Cinayət işinin 129-130-cu vərəqələrində olan xx.xx.2025-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalmış 0,902 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması, həmçinin şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi zamanı aparılan video görüntüləri özündə əks etdirən 02 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 132-133-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 266 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 99-cu vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 37-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq istifadəsi və üzərində gəzdirməsi barədə əməliyyat orqanına məlumatar daxil olmuşdur. Cinayət işinin 100-cü vərəqəsində olan Sumqayıt ŞPİ-nin CAŞ-nin xx.xx.2024-cü il tarixli əməliyyat tapşrığına cavabından görünür ki, Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə olan metamfetaminin götürülməsi faktı üzrə başlanmış cinayət işi üzrə bir sıra əməliyyat axtarış tədbirləri həyata keçirilmişdir. Metamfetaminin əldə edilmə mənbəyinin və Təqsirləndirilən şəxs narkotik tərkibli maddələrin alqı-satqısı ilə məşğul olub-olmamasının müəyyən edilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilməsinə, eləcə də Təqsirləndirilən şəxs yaşadığı ərazidə insanlarla bir sıra profilaktik söhbətlər aparılmasına baxmayaraq müsbət nəticə əldə edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, X4 ilə Təqsirləndirilən şəxs arasında lan nikah pozulmuş, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X6 anası Təqsirləndirilən şəxs yanında saxlanılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri üzrə Təhsil İdarəsi Akademik X.Yusifzadə adına 112 nömrəli tam orta məktəbin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, 112 nömrəli tam orta məktəbin 7a sinif şagirdi X5 və 8d sinif şagirdi X6 ata himayəsindədirlər. Şagirdlərin tədris nəaliyyətlərinin və dərsə davamiyyətlərinin izlənilməsi üçün ata nənəsi və əmisinin ailəsi məktəblə əlaqə saxlayır. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə məhkəmə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda ayrı-ayrılıqda hər birində təmiz çəkiləri - 0,111 qram, 0,103 qram, 0,163 qram, 0,079 qram, 0,093 qram, 0,102 qram, 0,085 qram, 0,123 qram, 0,138 qram, 0,005 qram ümumi təmiz çəkiləri 1,002 qram olan psixotrop maddə olan metamfetamini əldə edib özündə gəzdirib saxlamışdır. Həmin əməl isə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin tərkibini yaradır. Halbuki, istintaq orqanı təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham irəli sürmüşdür. Müəyyən edilmişdir ki, 20 oktyabr 2024-cü ildə fakta görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Bundan 03 aya yaxın müddət keçdikdən sonra, xx.xx.2025-ci il tarixdə heç bir əlavə sübut əldə edilmədən və iş üzrə yeni hal müəyyən edilmədən cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinə tövsif edilmiş və Təqsirləndirilən şəxs həmin maddə ilə ittiham elan edilmişdir. İstintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə ittiham elan edərkən, yalnız psixotrop maddənin 10 büküm olmasını əsas götürmüşüdür. Lakin, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədi ilə psixotrop maddə əldə etməsi və ya satması ilə bağlı heç bir sübut əldə edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs psixotrop maddəni satmaq niyyəti ilə əldə etməsini təsdiq edən sübut, ən əsası isə onun bu kimi fəaliyyətlə məşğul olub-olmamasına və ondan aşkar olunmuş narkotik vasitəni satmaq üçün hər-hansı şəxs (şəxslər) ilə razılıq əldə etməsini və ya danışıqlar aparmasına, narkotik vasitənin özü tərəfindən ayrı-ayrı bükümlərə bölünməsinə dəlalət edən hər hansı dəlil mövcud deyildir. Onun əvəzli, qazanc əldə etmək məqsədi ilə və ya digər şəxsi marağa görə narkotik vasitələrin yayılmasına yönəldilmiş hərəkət etməsinə dair hər hansı bir sübut yoxdur. İbtidai istintaq zamanı və məhkəmə prosesində ifadə vermiş şahidlər Sumqayıt ŞPİnin 4-cü PB-nin əməliyyat müvəkkilləri ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı yalnız qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və daşıması ilə daxil olmuş, narkotik vasitələrin satışı ilə bağlı nə saxlanılmamışdan öncə, nə də sonra hər hansı əməliyyat məlumatı daxil olmamışdır. Həmçinin cinayət işinin materiallarında olan Sumqayıt ŞPİ-nin CAŞ-nin xx.xx.2024cü il tarixli əməliyyat tapşrığına cavabında qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə olan metamfetaminin götürülməsi faktı üzrə başlanmış cinayət işi üzrə bir sıra əməliyyat axtarış tədbirləri həyata keçirilmişdir. Metamfetaminin əldə edilmə mənbəyinin və Təqsirləndirilən şəxs narkotik tərkibli maddələrin alqı-satqısı ilə məşğul olub-olmamasının müəyyən edilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilməsinə, eləcə də Təqsirləndirilən şəxs yaşadığı ərazidə insanlarla bir sıra profilaktik söhbətlər aparılmasına baxmayaraq müsbət nəticə əldə edilməmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş psixotrop maddənin satış məqsədi ilə əldə edilib gəzdirməsi barədə nəticəyə gəlmək üçün həmin narkotik vasitənin ayrı-ayrı bükülülərdə olması kifayət etmir. Belə məqsədin olmasını təsdiq edən başqa hallar, yəni başqa istehlakçının olması, təqsirləndirilən şəxsin onunla əvvəlcədən sövdələşməsi, narkotik vasitələrin hazırlanması və onların bölüşdürülməsi üçün avadanlığın olması ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı müəyyən edilməmişdir. Narkotik vasitənin ayrı-ayrı bükülülərdə olması yalnız satışla bağlı şübhə yarada bilər, həmin şübhələrin real olmasını isə konkret sübutlar əsasında müəyyən etmək olar. Müvafiq sübutlar olmadan yalnız şübhə əsasında şəxsə ittiham elan edilə bilməz. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi barədə protokollardan, həmin vaxt qeydə alınmış video görüntülərdən də görünür ki, şəxsi axtarış zamanı təhqiqatçı da Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması ilə bağlı şübhəli olmasını bildirmişdir. Həmçinin iş üzrə ibtidai istintaq zamanı təqsirləndirilən şəxs E.Q.Məmmədovun üzərindən aşkar edilmiş 01 ədəd “Samsung Galaxy J3” markalı mobil telefon aparatına baxış keçirilmiş, baxış zamanı mobil telefonda iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir sms, şəkil və ya video görüntü aşkar edilməmişdir. Göründüyü kimi ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs psixotrop maddələri satış məqsədi ilə əldə etməsi, üzərində saxlaması və daşıması ilə bağlı sübut əldə edilməsi üçün istintaq orqanı tərəfindən çoxsaylı cəhdlər edilərək araşdırmalar aparılsa da, yekunda bununla bağlı heç bir nəticə əldə edilməmişdir. Qeyd edilənlərdən əlavə işin digər halları ilə də, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə deyil, şəxsi istifadə məqsədi ilə üzərində saxlaması öz təsdiqini tapır. Belə ki, iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 266 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs kannabioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Qeyd edilən hallar da bir daha təsdiq edir ki, Təqsirləndirilən şəxs psixotrop maddələri mütamadi istifadə edən şəxsdir, narkomaniya xəstəliyindən əziyət çəkir, psixotrop maddələri satış məqsədi ilə deyil, şəxsi istifadəsi məqsədi ilə üzərində saxlamışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İndiki halda isə psixotrop maddələrnin xırda bükümlərdə olmasından əlavə başqa sübutlar mövcud deyil. Yuxarıda da qeyd edildyi kimi yalnız bu halın mövcud olması şəxsə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə ittiham elan edilməsi üçün kifayət edə bilməz. Təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyinin aşkar olunması, onun narkotik maddələrin istifadəçisi olması faktını bir daha möhkəmləndirir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 10 bükümdə olan psixotrop maddə metamfetaminin ümumi çəkisinin 1,002 qram olması da nəzərə alınmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə - özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması, şəxsi axtarış keçirilməsi və təqdim olunan əşyanın götürülmə zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və o, qeyd edilən maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsassən Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, ilk dəfə məhkum edilməsini və iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdiriən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 oktyabr 2024-cü il tarixdən 20 oktyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün, 15 yanvar 2025-ci il tarixdən 17 yanvar 2025-ci il tarixədək axtarışda olan şəxs kimi tutulduğu 02 (iki) gün, həmçinin 26 aprel 2025-ci il tarixdə axtarışda olan şəxs kimi saxlanıldığı 01 (bir) gün, ümumilikdə 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 10 sentyabr 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilərək məhkəmə iclas zalından həbsə alınmalı, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının çəkilməsinin Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən uşaqlarının on dörd yaşına çatana qədər təxirə salınıb-salınmaması məsələsini müzakirə edərək hesab edir ki, qeyd edilən normanın Təqsirləndirilən şəxs tətbiq edilməsi məqsədə müvafiq deyil. Belə ki, Təqsirləndirilən şəxs hazırda narkomaniya xəstəliyindən əziyət çəkir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı var, həmçinin azyaşlı uşaqlar məhkəmə qətnaməsi ilə rəsmi qaydada onun yanında saxlanılsa da uşaqlar faktiki olaraq atalarının himayəsindədirlər. Bu hal həm Təqsirləndirilən şəxs ilkin ifadələri, həm də Bakı şəhəri üzrə Təhsil İdarəsi Akademik X.Yusifzadə adına 112 nömrəli tam orta məktəbin xx.xx.2025-ci il tarixli məktubu ilə öz təsdiqini tapmışdır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs uşaqları faktiki olaraq atalarının himayəsində olduğu, baxımsız və ya himayəsiz olmadıqları üçün uşaqların hər hansı digər qohumun və yaxud qəyyumluq və himayəçilik orqanlarının himayəsinə verilməsinə də lüzum qalmamışdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 266 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs oğlu barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,902 qram çəkidə psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkil Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 25 saata görə 275 (iki yüz yetmiş beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67- 1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. İş üzrə xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikası Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 318.1, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 oktyabr 2024-cü il tarixdən 20 oktyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün, 15 yanvar 2025-ci il tarixdən 17 yanvar 2025-ci il tarixədək axtarışda olan şəxs kimi tutulduğu 02 (iki) gün, həmçinin 26 aprel 2025-ci il tarixdə axtarışda olan şəxs kimi saxlanıldığı 01 (bir) gün, ümumilikdə 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 10 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin o, məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut Sumqayıt Şəhər Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,902 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 25 saata görə 275 (iki yüz yetmiş beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-413/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-413/2025
10.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver