Məhkəmə qərarları › İş №1(060)-414/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-414/2021

29.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-414/2021 29.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1989-cu ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ayrı-ayrılıqda təmiz çəkiləri 0.262 qram və 0.345 qram ümumi təmiz çəkiləri 0.607 qram çəkidə narkotik vasitə olan heroin əldə edərək, üzərində daşıyaraq saxlamış, 13.03.2021-ci il tarixdə saat 20:31də Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 43-cü məhəllə ərazisində, Möhtəşəm şadlıq sarayının yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə gətirildikdən sonra üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarın, sağ yan cibindən 2 ədəd gümüşü siqaret kağızına bükülmüş, ayrı-ayrılıqda təmiz çəkiləri 0.262 qram və 0.345 qram ümumi təmiz çəkiləri 0.607 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, bir neçə ildir ki, narkotik vasitə olan heroin istifadə edir. Bir müddət əvvəl Bakı şəhərindən tanımadığı şəxsdən 20 manat məbləğində şəxsi istifadəsi üçün 2 büküm narkotik vasitə olan heroin almışdır. O, 13.03.2021-ci il tarixdə saat 20.30 radələrində Sumqayıt şəhəri, 43-cü məhəllə ərazisində yerləşən Möhtəşəm şadlıq sarayının yanı ilə gedərkən üç nəfər mülki geyimdə olan şəxs videoçəkiliş ilə ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz saxlanılması, gəzdirilməsində şübhəli olduğunu bildirmiş və polis bölməsinə getməyini, orada müdafiəçinin iştirakı ilə üzərinə videoçəkiliş vasitəsilə baxış keçiriləcəyini bildirmişlər. O, polis əməkdaşlarına etiraz bildirməyib onlarla birlikdə Sumqayıt ŞPİ-nin 1-ci polis bölməsinə getmişdir. Orada otaqlardan birində müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və onun üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın, narkotik vasitə və digər bu kimi maddələrin olub-olmaması barədə sual verilərkən o, buna etiraz etməyib, ona hüquq və vəzifələri barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər Regional Vəkil bürosunun vəkili Müdafiəçi1 təqdim edilmişdir. Həmin vaxt videoçəliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən siqaretin gümüşü kağızına bükülmüş 2 büküm içərisində narkotik vasitə heroin olan bükümlər aşkar olunmuşdur. Polis əməkdaşları həmin narkotik vasitə olan bükümləri tərəzidə çəkmiş və həmin vaxt tərəzinin ekranında birinci bükümün çəkisi 0.39 qram, ikincinin isə 0.46 qram olması görünmüşdür. Şəkillər çəkilib və üzərində aşkar olunmuş kütlələr zərfə qoyularaq DİN-nin 126 nömrəli möhürü ilə möhürlənmiş və ona həmin kütlənin Ədliyyə Nazirliyini Məhkəmə-kimyəvi ekspertizasına göndəriləcəyi izah olunmuşdur. Narkotik vasitə olan heroini Bakı şəhəri, 20 yanvar metrostansiyası yaxınlığında tanımadığı şəxsdən 20 manata şəxsi istidafəsi üçün almış, şəxsi istifadəsi üçün üzərində saxlamış, həmin şəxsin əlamətlərini dəqiq xatırlamır və eləcə də özü heç vaxt narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitədən asılı olduğunu, müalicə olunmaq istədiyini, narkotikdən asılı olduğuna görə narkotik almağa pul tapmağa görə ailəsini narahat etdiyini, bu vəziyyətə özünü gətirib çıxartdığından və törətdiyi əməldən peşman olduğunun nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Şahid2 ifadəsində göstərdi ki, 13.03.2021 il tarixdə Sumqayıt şəhər sakini Cavidan adlı şəxsin narkotik vasitələrin qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, 1-ci PBnin əməliyyat müvəkkili Şahid1, sürücü polis nəfəri Şahid3 ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin məlumat əsasında 13.03.2021-ci il tarixdə saat 20:20 radələrində əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri 43-cü məhəllə ərazisinə, Möhtəşəm şadlıq sarayının arxasına getmişlər. Təxminən saat 20:31 radələrində Cavidan adlı şəxsin əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin gəldiyini görmüşlər. Onlar həmin şəxsin özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək həmin şəxsin özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli bilindiyini, bu səbəbdən saxlanıldığını bildirmişlər. Sonra Təqsirləndirilən şəxs tərəflərindən üzərinə Sumqayıt ŞPİnin 1-ci Polis Bölməsində vəkilin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış aparılacağını izah edərək videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş davam etməklə Təqsirləndirilən şəxsla birlikdə Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə gəlmişlər. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs vəkil Müdafiəçi1 təqdim olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olubolmaması, əgər vardırsa həmin əşyaları təqdim etməsi təklif olunmuşdur. Həmin vaxtı Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən siqaretin gümüşü kağızına bükülmüş 2 büküm içərisində narkotik vasitə olan heroini çıxarıb onlara təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin maddənin nə olduğu soruşulduqda o, həmin maddənin narkotik vasitə olan heroin olduğunu demişdir. Həmin bükümlərin içərisinə baxarkən açıq qəhvəyi rəngli, narkotik vasitəyə bənzər kütlələr aşkar olunmuşdur. Onlar Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, həmin narkotik vasitəni Bakı şəhəri 20 yanvar metrostansiyası yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinə bənzər kütlə elektron tərəzidə çəkilib,qablaşdırılaraq möhürlənib və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunub, iştirakçılara ucadan oxunub, iştirakçılar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Məhkəmədə Şahid3 Şahid2 ifadəsinə uyğun ifadə verdi. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş 13.03.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də şahidlər Şahid2 və Şahid3 ifadələrində göstərdikləri bir daha təsdiq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14.03.2021-ci il tarixli, 6/1031 №-li məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N-125” dairəvi möhür əksi olan, “üzərində narkotik vasitəyə bənzər kütlə aşkar edilmiş şəxs Təqsirləndirilən şəxs” sözləri və imza qeyd edilmiş zərfdə olan 2 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,262 qram, 0,345 qram ümumi təmiz çəkisi 0,607 qram qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (heroinin təmiz çəkisi-0,607 qram, tədqiqata sərf edildi-0,1 qram, qalıq -0,507 qram). Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Məhkəmə-narkoloji ekspertizasının 28.04.2021-ci il tarixli, 1283 nömrəli rəyindən görünür ki, ekspert komissiyası belə nəticəyə gəlmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən, psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini və əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş 17.05.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsindəki polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınmalı, cəza çəkmə müddətinin başlanğıcı 29 iyun 2021-ci il tarixdən hesablanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 13 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, ibtidai istintaq orqanının 15 mart 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza müddətinə daxil edilməklə çıxılmalı və qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, qeydiyyatda olduğu ərazi üzrə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyata alınmalıdır Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,507 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 04 iyun 2021-ci il tarixli (iş № 1(060)-414/2021) qərarını icra edərək, 09 iyun 2021-ci il tarixli 562 saylı orderə əsasən vəkil Müdafiəçi2 onun vəkili təyin etmişdir. Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 5 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 29 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, qeydiyyatda olduğu ərazi üzrə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyata alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,507 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınıb tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 5 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar